• cümə, 19 Aprel, 02:27
  • Baku Bakı 18°C

«İstəyirəm elmə gənc ruhlu insanlar gəlsin»

25.02.14 09:28 2420
«İstəyirəm elmə gənc ruhlu insanlar gəlsin»
Qəzetimizin bu sayında yaşının az olmasına baxmayaraq Azərbaycanda tarix elminə öz töhvəsini verən gənc alimlə söhbətləşdik. Həmsöhbətimiz AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblıdır. 1980-ci ildə Neftçala rayonunda anadan olan S.Talıblı 1997-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə daxil olub. 2001-ci ildən isə həmin universitetdə magistr dərəcəsi üzrə təhsil almağa başlayıb. 2010-cu ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən bu günə kimi AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi, hazırda isə böyük elmi işçi vəzifəsində çalışır. Türk, fars, rus, ingilis və ərəb dillərini bilir.
- Sübhan bəy, alim olmağa necə qərar verdiniz?
- Uşaqlıqdan tarix, siyasət, diplomatiya məni cəlb edirdi. Şərq dillərini müəyyən mənada bildiyim üçün Şərq siyasəti ilə xüsusilə maraqlanırdım. Universitetdə oxuduğum illərdə isə fikrimi qətiləşdirdim, bir araşdırma ortaya qoymaq qərarına gəldim. Mən də digər alimlər kimi, elmdə, xüsusilə siyasət məsələlərilə bağlı öz sözümü deməyi qarşıma məqsəd qoydum. Magistraturaya daxil olduqdan sonra isə aspiranturada da təhsil almağa qərar verdim.
- Orta məktəbdə necə şagird olmusunuz?
- Orta məktəbdə o qədər yaxşı oxumamışam. Orta səviyyəli şagird idim. Bununla yanaşı, çox dəcəl idim. Müəllimlərim mənə həmişə “qaynama” deyirdilər. Orta məktəbi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında oxuduğum üçün İranlı müəllimlərim çox idi. Mən onlardan Şərq sahəsi ilə bağlı çox şey öyrəndim. O müəllimlərimin sayəsində məndə Şərq siyasətini öyrənməyə maraq oyandı.
-Valideynləriniz bu yolda sizə dəstək olublarmı?
- Ailəm hər zaman tarixlə maraqlanırdı. Evimizdə bununla bağlı müzakirələr gedirdi. Ailədə gördüklərim məndə də tarix elminə böyük maraq oyatdı. Bundan sonra ən böyük dəstəkçim ailəm oldu. Demək olar ki, onların sayəsində mən bu yerə gəlib çıxmışam. Xüsusilə, babam mənə çox kömək edib, arxa-dayaq olub. Atam isə həm maddi, həm də mənəvi cəhətdən dayaq olub. Hətta elə anlarım olub ki, elmdən uzaqlaşmaq istəmişəm, atam daim arxamda dayanaraq məni bu fikirdən yayındırıb.
-Gənclər arasında elmə maraq göstərənlərin sayı azdır. Sizcə, bunun səbəbi nədir?
- Düşünürəm ki, gənclərin elmə maraq göstərməməsinin səbəbi alimlərin əməkhaqlarının az olmasıdır. Bundan əlavə, elmdə qalmaq böyük qüdrət, səbr, zaman tələb edir. Gənclərin əksəriyyəti isə buna ərinirlər. Düşünürəm ki, gəncləri bu sahəyə cəlb etmək üçün onlara tədqiqatlarının aparılmasında sərbəstlik verilməli, ezamiyyət problemləri həll edilməli və maddi dəstək olunmalıdır. Çünki, bütün ömrünü buna sərf edən gənc müəyyən problemlərlə üzləşir. Onların mənzil məsələləri, aldıqları məvacib gəncləri bu sahədən uzaqlaşdırır. Mən istəyərdim ki, xaricdə olduğu kimi, Azərbaycanda da elmə gənc ruhlu insanlar gəlsin, qısqanclıq aradan qalxsın, Avropada olduğu kimi, yaşlı nəsil gənc alimlərə dəstək olsun. Əvvəllər bu sahədə məktəb var idi. Yaxşı olar ki, bu gün də hər alim öz laboratoriyasında gənc alim yetişdirsin, özlərindən sonra gələn nəsillərə yol göstərsinlər.
- Fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunub. Bu, gənclərdə nə kimi stimul yaradır?
- Mən və təmsil etdiyimiz institut, eləcə də AMEA-nın elmi gəncliyi Prezident İlham Əliyevin bu mükafatı təsis etməsini alqışlayırıq. Bu mükafat gəncləri daha da ruhlandırır, onların yaradıcılıq və elmi fəaliyyətini istiqamətləndirir. Azərbaycanın gənc alimi olaraq inanıram ki, yaxın zamanlarda Prezident tərəfindən dünyaya nümunə olacaq bir addım - “Gənc Alimlər Evi” tikiləcək, “Elm Tv”si adlı telekanal fəaliyyətə başlayacaq. Mən və Azərbaycan alimləri bunu ümidlə gözləyirik.
- Biznesmen yox, alim olduğunuza görə heç peşman olduğunuz vaxtlar olub?
- Deməzdim peşman olmamışam. Bəzən bu sıxıntıları görəndə elmdən getmək istəmişəm. Lakin elmə marağım, sənətimə sevgim və ailəmin dəstəyi məni bu fikirdən daşındırıb.
Aygün Əziz
banner

Oxşar Xəbərlər