“İstəyərəm ki, hamı zəhmətə alışsın” - Gör-götür
20 ildir
jurnalistika, son 5 ildə isə televiziya sahəsindədir. Müqayisə edəndə
televiziyanın daha çox vaxt aldığını deyir. Hətta buna görə evdə daha az vaxt
keçirir. İşlərin çoxluğu, vaxtın qalmamasından danışanda zarafatla balaca vaxtı
oğlu Cavidin "atam bizə gəlib” fikrini xatırlatdı... Müsahibimiz APA TV-nin baş
direktoru Vüqar Hüseynovdur.
- Politologiya üzrə təhsil almısınız. Bəs
jurnalistika ilə yollarınız necə kəsişib?
-
1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi
nəzəriyyələr fakültəsinə qəbul oldum. Yüksək bal toplasam da, bu təhsil ocağını
sıralamada 9-cu yazmışdım. Həmin il bu fakültəyə 105 nəfər qəbul olmuşdu,
onlardan yalnız bir neçə nəfər bu fakültəni birinci sırada yazmışdı.
Politologiya ixtisası həmin il ölkəmizdə ikinci ildir tədris olunurdu, dərslik
çatışmırdı, mühazirələr köhnə materiallar idi. İnternet dövrü olmadığı üçün
əlavə materiallar tapmaq indiki qədər asan deyildi. O çətinliklərə rəğmən,
bacardığımız qədər yaxşı təhsil almağa çalışırdıq. Çox aktiv tələbəliyimiz
olub. İnstitutu bitirəndən sonra ixtisas üzrə iş tapmaq çətin idi. İnstitut
vaxtı bəzi tələbələr mətbuatda çalışırdılar, biz onlara həsəd aparırdıq.
Deyirdik ki, institutu bitirməyib, diplomu yoxdur, necə işləyir? Bitirəndən
sonra bizim heyətin böyük hissəsi mətbuata gəldi. Çünki mətbuatda kadrlara,
xüsusilə siyasət yazarlarına ehtiyac varıydı. Sonra zamanla biz də bu işə
başladıq. 20 il ərzində təxminən 10-a yaxın mətbu orqanında çalışmışam. Sonra
APA İnformasiya Agentliyinə gəldim, baş redaktor oldum. Asta-asta irəlilədim,
bir də gördüm artıq müəyyən bir yerə çatmışam. Onu da deyim ki, biz
jurnalistikaya analitika, təhlil üzərindən gəldik. Xəbər jurnalisti də olduq,
amma yazılarımın əksəriyyəti təhlil xarakterli olub.
- 20 illik karyeranızın ilk dövrlərində xeyli iş
yeri dəyişsəniz də, artıq 10 ildən çoxdur ki, "APA Holding”dəsiniz. Sizi bu
qədər vaxt eyni iş yerində saxlayan nədir?
- Noyabr
ayında APA-nın təsis edilməsinin 13 ili tamam olacaq. Ondan öncə də 3 il "Xalq
Cəbhəsi” qəzetində Vüsalə xanım və Nurşən Quliyevlə bir yerdə çalışmışıq.
Agentlik yaranandan sonra bura gəldik. Uzun illərdir burada qalmağımın
səbəbindən danışanda çox adam o hissi başa düşmür. Amma belə deyək də, valideyn
uşağı müəyyən yaşa çatandan sonra necə ona bağlanırsa, ayrıla bilmirsə, bu da
elədir. Bura bizim körpə övladımız kimidir. Biz o vaxt bu agentliyi yaradarkən
bu gününü görə, buralara qədər irəliləyəcəyimizi bilmirdik. Amma zamanla
agentlik böyüdü, müxtəlif bölmələr yarandı, APA-nın bünövrəsində şaxələnərək
holdinqə çevrildi. Burada işlərimiz normal şəkildə gedir, müəyyən hədəflərə
nail olmuşuq, daim də bunun üçün çalışırıq. İnsan yerində saymadıqca, hədəfə
doğru addım-addım irəlilədikcə davam etmək istəyir. 5-ci ildir ki, APA TV-nin
baş direktoru olaraq çalışıram. Televiziya maraqlı və çətin sahədir. Çox
mehriban, şən və məsuliyyətli kollektivimiz var. Səmimiyyət var, amma iş
məsuliyyəti öz yerində qalır, işdə güzəşt yoxdur. Televiziyanın yeganə
çatışmayan cəhəti vaxtdır.
- Vaxt azlığı, gərgin iş rejimindən dolayı bu
sahədən uzaqlaşanlar az olmur. Heç mətbuatdan getməyi düşünmüsünüzmü?
- Bizim
nəsildən olan jurnalistlərin əksəriyyətinin fikrindən keçən bir şeydir ki,
artıq kifayətdir, mətbuatdan uzaqlaşmaq lazımdır. Mətbuatda kifayət qədər
çalışmışıq, yaş, ailə məsuliyyəti öz sözünü deyir. Mənim yoldaşım Fatma xanım
beynəlxalq jurnalistikanı bitirib, müxtəlif mətbuat orqanlarında, nəşriyyat
sahəsində çalışdı. 3 il bizimlə APA TV-də işlədi. İşdəkilərə deyirdim ki, o
adam bura istəyərək deyil, mən istəyirəm deyə gəlir. Çünki hamıdan çox ona
əziyyət verəcəyimi, iş tapşıracağımı bilir. İşinin öhdəsindən həmişə
artıqlaması ilə gəlib, amma məndə hər kəsə qarşı bir tənqidi yanaşma var. Daha
yaxşısını istəyə-istəyə 3 il bir yerdə işlədik, axırda qaçdı. Tamam başqa bir
sektora dəvət aldı və getdi.
- Ata-ana jurnalist. Birdən övladlar da bu
istiqamətə meyillənsə?
-
Övladlarımın bu istiqamətə yönəlmələrini istəməmişəm. Böyük qızımın özünün
seçim etmək dövrü yaxınlaşır, anası və mən dəfələrlə israrla etiraz etsək də,
jurnalist olacağını deyir. Əslində, jurnalistikanı seçmək səbəbini ciddi
şəkildə əsaslandıra bilmir, amma deyir ki, yaxşı sənət deyilsə, siz niyə bunu
seçmisiniz, niyə burda qalırsınız? Yaxşı qələmi də var, amma bu sahəni
seçməyini istəmərəm. Sonrasını zaman göstərəcək.
- İş üçün müraciət edənlər yəqin ki, çox olur. Gənclərdə
jurnalistikaya maraq necədir?
-
Jurnalistika dinamik sahə olduğu üçün maraq var, amma hələ tam biz istəyən kimi
kütləvi şəkildə mediaya gəliş yoxdur. Belə deyək də, əvvəl təcrübə üçün
gələnlər arasında 10 nəfərdən 3-ü qalıb bu sənəti öyrənmək istədiyini
bildirirdi. O, 3 nəfərin də içərisindən birində müəyyən işartılar olurdu ki,
üzərində işlənilsə, jurnalist ola bilər. Bu tendensiya bizim nəsil
jurnalistlərin bu sahədə irəliləyişdən əlini üzməsinə gətirib çıxarmışdı. Amma
son bir-iki ildə Bakı Dövlət Universiteti və Slavyan Universitetinin
jurnalistika fakültələrini bitirib gələnlər içərisində çox istedadlı uşaqlar
gördüm. Onu da deyim ki, digər televiziyalardan fərqli olaraq mənim işə qəbulla
bağlı tələbim fərqlidir. Mənə görə, jurnalistin səsi də olmalı, montajı da
bacarmalı, "Stund up” da etməli, istənilən vaxt efirə də çıxmalıdır. Universal
jurnalist istəyirəm, yeri gələndə özü hər işini görə bilsin. Bu cür kadrları
isə tapmaq çətindir. Bəzən isə çox yaxşı kadrlar gəlir, vakansiya olmadığı üçün
adam təəssüflənir.
- Kollektivinizdə gənclər çoxdur. Gənclərlə işləmək
çətin deyil?
-
Gənclərlə işləməyin çətinlikləri və üstünlükləri var. Üstünlüyü odur ki, onlara
öz təcrübəni danışa bilərsən, maraqla dinləyəcəklər. Hətta olmayan şeyləri,
başqasından eşitdiklərini də danışa bilərsən (Gülür). Amma mənimlə eyni vaxtda
jurnalistikaya gələn adama necə deyə bilərəm ki, 5 dəfə dağ aşmışdıq? Çünki
bir-birimizi çox gözəl tanıyırıq. Qəribə bir məsələ var. Nədənsə, gənclər
özlərini inkişaf etdirməyə maraqlı, dinamik deyillər. Bunu da internetə, sosial
şəbəkələrə bağlayıram. Gənclərlə işləməyin çətinliyinə gəldikdə, artıq onları
müəyyən qədər tanıyıram. Kimin hansı potensiala malik olduğunu müəyyənləşdirə
bilmişəm. Hansısa mövzu ortaya çıxanda işdə onu kimin daha yaxşı
hazırlayacağını təxmin edə bilirəm. Bəzən rəhbər heyətlə bu mövzuda müzakirəmiz
düşür ki, filan mövzunu niyə filankəsə tapşırırsan? Deyirəm ki, mən onun bu
işin öhdəsindən digərlərindən daha yaxşı gələcəyini bilirəm. Əksər hallarda bu
seçim özünü doğruldur. Ümumilikdə isə gənclərdən gözləntilərimiz çoxdur. Bir
adam ki, jurnalistikanı bitirib bu sahəyə gəlirsə, deməli, jurnalistikanın
hansısa istiqamətində bacarığı var və onu üzə çıxarmaq lazımdır. Bu vəzifə də
rəhbər heyətin üzərinə düşür. Əgər bunu edə biliriksə, deməli, biz də nə isə
bacarırıq. Yoxsa, məsuliyyətdən qaçıb, "gənclər heç nə bacarmırlar” deyiriksə,
deməli, yaxşı jurnalistlərin yetişməməsində günahın 70 faizi bizdədir.
- Gənclərin özlərini inkişaf etdirmələrindən şikayət
edirsiniz. Sizin də yaşınız gənclərinkindən elə də çox sayılmaz. Bəs siz öz
inkişafınız üçün nə edirsiniz?
-
Əvvəla, gənclərin mütaliəsi yoxdur. Jurnalistə lazım olan bir nömrəli məsələ
mütaliədir. Bizdə qəribə bir şey var idi, populyar ədəbiyyatı, hansısa imzaları
oxumaq... Amma mən hər şeyi oxumağın tərəfdarıyam. Mənə gələk... 6-7 il əvvəl
səhhətimlə bağlı bir problemlə üzləşmişdim. Bu problemin işin gərginliyi ilə
bağlı olduğunu, gərgin iş rejimindən uzaqlaşmağı məsləhət bildilər. Çox yaxın
bir adam dedi ki, özünə həqiqətən sevəcəyin, səni işdən, hətta dünyadan
ayıracaq hobbi kimi məşğuliyyət tap. Dedi ki, kimi musiqi alətində ifa edir,
kimi taxta yonur, kimi də rəsm çəkir. Mən uşaqlıqdan akvarium balıqlarını çox
sevmişəm. Bakının bu dəqiqə ən yüksək nəticə əldə etmiş akvariumçularından
biriyəm, bunu heç kəs bilmir. Yaxud hazırda soxulcan gübrəsi deyilən müasir
gübrə növü peyda olub. İndi vaxt olan kimi o haqda, bitkilərə qulluq barədə
oxuyuram. 6-cı sinfin botanikasından başlamışam, internetin imkanlarından
istifadə edərək daha çox məlumat alıram. Müxtəlif gül növləri yetişdirməyə, ən
azı, böyütməyə çalışıram, balıq tuturam. Bunlar hamısı öz yerində, daim
nələrisə öyrənmək lazımdır. Bu, ağaca qulluq etmək, bitkiləri, heyvanları sevmək,
musiqi alətində ifa etmək, rəqs öyrənmək ola bilər. Amma bunlar da özünü tam
inkişaf etdirmək demək deyil. Daim mütaliə etmək vacibdir. İstər bədii, istər
texniki ədəbiyyat. Müasir texnologiyaların sayəsində istənilən bir şeyi axtarıb
öyrənə bilərik. Gənclərə tövsiyə edərdim ki, kitabı kitabdan oxusunlar, onun
gözəlliyi başqadır. 26 ildir Bakıdayam, hələ Mərkəzi Nəbatat Bağında
olmamışdım. "Lider” televiziyasında çalışan dostum Elnur Niftəliyev ora gedəndə
fotolar çəkib "Facebook” səhifəsində paylaşmışdı. Bakının mərkəzində cənnətin
bir guşəsi olduğunu gördüm, uşaqları götürüb getdik, ora vuruldum. Boş vaxt
olanda gedib orada heç olmasa bir saat oturub kitab oxuyuram. Bir də optimist
olmağa çalışmaq lazımdır. Çətinliklər hamının həyatında olur. Bəzən bizim
uşaqların da hansısa çətinlikləri olur. "Hər şey yaxşı olacaq” tipli süni
şəkildə ürək-dirək vermirəm, reallıqdan misal çəkirəm. Əvvəlki illərimizdən
danışıram, deyirəm ki, 90-cı illərin sonlarında, jurnalistikaya ilk
addımlarımızı atdığımız dövrlərdə bəzən aylarla maaş almadan işləmişik. İndi
fikirləşirəm ki, necə işləmişik, niyə işləmişik? O çətinlikləri görmüşük.
Düşünürəm ki, insanı bu dolaşıqlıqdan özünü inkişaf etdirmək çıxaracaq. Empati
hissini cəmiyyət olaraq inkişaf etdirməliyik. Hər kəs özünü qarşısındakının yerinə
qoymağı bacarmalıdır, bu zaman problemləri daha tez anlamaq və həll etmək olur.
Biz irəli gedirik, bunu danmaq olmaz, amma gənclər özlərini inkişaf etdirməyə
daha çox həvəsli olsalar, daha sürətlə irəliləyə bilərik. İstəyirəm ki, inkişaf
o qədər yüksək olsun ki, gənclər bizə yol göstərsinlər, biz onlardan
görüb-götürək.
- Sizin elə çox yaşınız yoxdur, amma hey gənclər
deyə xitab edirsiniz...
- 41 yaş
əslində elə də çox deyil, təcrübə cəhətdən yanaşaraq gənclər deyirəm. Bizim
məktəb, tələbəlik illərimiz, mediada ilk addımlarımızı atdığımız dövr çox ağır
illər idi. Çətin dövrdən çıxmaq üçün insan daha güclü olmalıdır. Çətinliklər
insana həm də müəyyən təcrübə qazandırır. Məsələn, yataqxanada qalıb təhsil
alanla, öz evindən dərsə gedənlərin çətinliyi başqa olur. Yataqxanada qalan hər
işini özü görməklə yanaşı, həm də oxuyur. Biz həyatın çətinliklərini dəf
edə-edə zəhmətə alışmışıq. Mən istəyərəm ki, hamı zəhmətə alışsın. "Gənclər”
xitabına gəldikdə, artıq övladlarım da böyüyüb, onlara tez-tez məsləhət verirəm
deyə, bir az "gənc-gənc” deməyə başlamışam. Amma özümüz də gəncik, heç nə
dəyişməyib, balıq da tuturuq, futbola da baxırıq (Gülür).
Aygün
Asimqızı