• şənbə, 20 Aprel, 18:27
  • Baku Bakı 24°C

İstər iqtisadi, istər siyasi sabitlik Azərbaycanın inkişafına ciddi təsir göstərir

11.09.13 08:38 2086
İstər iqtisadi, istər siyasi sabitlik Azərbaycanın inkişafına ciddi təsir göstərir
Azərbaycan dünyanın bir sıra reytinq cədvəllərində irəliləməkdə davam edir. Ölkəmizin Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatında 148 ölkə arasında 39-cu yerdə qərarlaşması da uğurlarımızdan biridir. Dünya İqtisadi Forumunun son hesabatında da, ötən il olduğu kimi, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Bu il Qazaxıstan 50-ci, Rusiya isə 64-cü yerdə qərarlaşıb. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradovla ölkəmizin sözügedən hesabatda yer tutması barədə söhbətləşdik.
- Bu indekslərin hesablanmasında məqsəd dünya ölkələrini müqayisə etmək, onların üstün və zəif cəhətlərini aşkar etmək, problemlərini və inkişaf prioritetlərini müəyyənləşdirməklə dövlətləri bərabər inkişafa stimullaşdırmaqdır. Ölkələrin, ümumilikdə isə cəmiyyətin sosial-iqtisadi inkişafın səviyyəsinin qiymətləndirilməsi və müqayisəsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də Ümumdünya İqtisadi Forumunun mütəxəssislərinin irəli sürdüyü qlobal rəqabətqabiliyyətlilik indeksidir. Bu indeks 2006-cı ildən fərqli iqtisadi inkişaf səviyyəsinə malik olan dünya ölkələrinin rəqabət qabiliyyətini düzgün xarakterizə edən 113 adda dəyişən göstərici əsasında hesablanır. Bunların üçdə ikisi kompaniya rəhbərləri ilə aparılan sorğular əsasında hesablanır. Bununla da tədqiq olunan müəssisələrdə biznes mühitinə təsir edən amillər araşdırılır. Göstəricilərin üçdə biri isə ümumi qəbul olunmuş mənbələrdən, yəni statistik məlumatlar və beynəlxalq təşkilatların müntəzəm həyata keçirdiyi tədqiqatın nəticəsində alınan məlumatlar əsasında hesablanır. Qlobal rəqabət qabiliyyətlilik indeksi 113 göstəricinin ümumiləşdirilməsinə əsaslanan 12 istiqamət üzrə hesablanır. Bunlara institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialı daxildir. Qeyd olunan 12 istiqamətdə yer alan 113 göstəricinin 50-sini bilavasitə elm, təhsil, informasiya, innovasiya, səhiyyə ilə bağlı göstəricilər təşkil edir. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu yerdə qərarlaşması ilk növbədə ölkəmizin dünyada nüfuzunun yüksəlməsi, dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi deməkdir.
- Reytinqdə irəliləməsi Azərbaycana iqtisadi baxımdan nə verə bilər?
- Azərbaycanın nüfuzunun yüksəlməsi bir çox iqtisadi və siyasi problemlərin həllinə təsir göstərə bilər. İlk növbədə isə ölkədə siyasi və iqtisadi sabitliyin olması xarici investorların ölkəmizə diqqətinin artmasına, eyni zamanda qeyri-neft sektoruna investisiya axınına təsir göstərəcək. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Azərbaycanda aparılan islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılıb, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, bir çox bazar institutları formalaşıb. Ölkədə iqtisadi inkişafla bağlı çoxlu sayda proqramlar qəbul olunub ki, bunlar da Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsirini göstərir.
- Ümumdünya İqtisadi Forumunun makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə də Azərbaycan 8-ci yerə daxil olub. Bu, Azərbaycan üçün nə deməkdir?
- Makroiqtisadi sabitlik subindeksinə görə ölkəmizin ilk onluğa daxil olması sevindirici haldır. Bu hesabatda hətta bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Azərbaycan son dünya maliyyə böhranından ən az ziyan çəkən ölkələr sırasında oldu. Qeyd etdiyim kimi, istər iqtisadi, istər siyasi sabitlik Azərbaycanın inkişafına ciddi təsir göstərir. Artıq bir necə ildir ki, Azərbaycan MDB ölkələri sırasında birinciliyi qoruyub saxlayır.
- Azərbaycanın rəqabətə davamlılıq reytinqində növbəti illərdə daha da irəliləməsi üçün hansı işlər görülməlidir?
- Rəqabətlilik göstəricisi deyəndə ilk öncə ağıla ölkənin məhsuldarlığının təmin edilməsinə yönəldilmiş siyasət, institutlar, resurslar şəbəkəsi gəlir. Ölkənin gələcək iqtisadi inkişafı baxımından xüsusi önəm kəsb edən ən vacib məqam ölkəyə yatırılmış investisiyadan əldə edilmiş gəlirlərin yenidən ölkə iqtisadiyyatına investisiya yatırılmasıdır. Bu da ölkənin bütövlükdə iqtisadi artımının ən vacib tərəfidir. Maliyyə bazarının inkişaf etdirilməsi, xüsusilə dövlətimizin xarici borcunun ümumdaxili məhsul nisbəti göstəriciləri baxımından Azərbaycan dünyanın ilk 20 ölkəsi sırasındadır. Bundan başqa, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin reallaşmasında böyük miqdarda vəsait tələb edilməsinə baxmayaraq, bu proses uğurla davam etdirilir. Bir məsələni də xüsusilə diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasətinin əsas məqsədi ölkə iqtisadiyyatının bütünlükdə modernləşdirilməsi və iqtisadiyyatın innovativ inkişaf trayektoriyasına çıxarılmasıdır.
Ümumiyyətlə, rəqabətqabiliyyətli iqtisadi inkişafın əsasını bilik və innovasiya fəaliyyəti təşkil edir. İqtisadiyyatda biliyin, insan kapitalının, informasiyanın, innovasiyaların rolunu artırmadan rəqabətqabiliyyətli iqtisadiyyatdan danışmaq mənasızdır. Bu baxımdan biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması ilk növbədə rəqabətqabiliyyətli iqtisadiyyata nail olmanı, rəqabətqabiliyyəli iqtisadiyyata nail olunma isə elmin, təhsilin, insan kapitalının, informasiyanın hərtərəfli inkişafını tələb edir. Bu gedişlə gələcəkdə rəqabət qabiliyyətli məhsul istehsalına zəmin yaradılacaq və qeyri-neft ixracının adambaşına beş dəfə artırılmasına nail olunacaq.
Lalə
banner

Oxşar Xəbərlər