AZE | RUS | ENG |


“İstənilən uğurun əsas sirri özünə inamdır” – Uğur hekayəsi

“İstənilən uğurun əsas sirri özünə inamdır” – Uğur hekayəsi
Gülnar Qədirzadə: “Mənim ailə quracağım insan mütləq məndən güclü olmalıdır”


Ona görə, istənilən uğurun əsas sirri özünə inamdır. Deyir ki həm öz gücünüzə, həm özünüzə, həm də etdiyiniz fəaliyyətin doğruluğuna inanmalısınız. İnam olandan sonra heç bir qüvvənin insanın qarşısını ala bilməyəcəyini düşünür. Müsahibimiz La Brosse şirkətinin Biznesin inkişafı üzrə meneceri Gülnar Qədirzadədir.
 
 
- Slavyan Universitetini qırmızı diplom və Fəxri məzun adı ilə bitirmisiniz. Oxumaq sizin üçün nədir?

- İstər orta məktəbdə, istərsə də ali məktəbdə çox nümunəvi tələbə olmuşam. Anam hər zaman uşaqlıq illərimdən danışanda deyir ki, dərsdən gələndən sonra ev tapşırıqlarımı yazmadan eməyimi yeməzmişəm. Tək təhsil almaq deyil, mütaliə baxımından da oxumaq hər zaman həyatımın bir hissəsi olub. Mən özümü "kitab qurdu” hesab edirəm və mütaliə gündəlik rutinimin ayrılmaz hissəsidir. Hətta özümə gündəlik limit qoymuşam. Hər gün 100 səhifə oxumalıyam. Oxumasam, o günümü itirilmiş hesab edirəm.
Sırf təhsilə gəldikdə isə, məncə, təhsil diplomu əlimizə aldığımız gün bitmir, əksinə başlayır. Diploma qədər olan hissə bizim əldə etdiyimiz nəzəriyyədir. Ondan sonrakı mərhələ nəzəri bilikləri təcrübədə yaşatmaqdır. Əsas və önəmli olan budur. Öyrəndiyimiz nəzəriyyəni təcrübəyə çevirib cəmiyyətə, insanlara və onların həyatını asanlaşdırmağa xidmət edə biliriksə, özümüzü faydalı təhsil almış hesab edə bilərik. Amma bizim biliklərimiz, sadəcə, nəzəriyyədən ibarətdirsə və bu nəzəriyyəni heç kimlə bölüşmürüksə, məncə, o təhsil yoxmuş kimi hesab olunmalıdır.
 


- Ölkədə magistratura təhsili dəb halını alıb. Deyəsən, sizin magistraturada təhsil almaq kimi fikriniz yoxdur...
- Tək magistratura deyil, bakalavr pilləsində də təhsil almağa bizim cəmiyyətdə dəb kimi baxırlar. İstəyən də, istəməyən də ali təhsil ardınca qaçır. Günümüzdə bu, sanki artıq məcburiyyətə çevrilib. Valideynlər bununla həm uşaqlara, həm də özlərinə işgəncə verirlər. Uşaqlar arzulamadıqları ixtisaslara qəbul olur, əzabla və nifrətlə oranı bitirir və sevmədikləri işlə məşğul olurlar. Əslində məşğul ola da bilmirlər, çünki bu iş onların seçimi yox, cəmiyyətin diktə etdiyi məcburi ali təhsilin nəticəsidir.
Magistratura da həmçinin, artıq tendensiya halını alıb. Bəlkə də bu fikrimə görə çoxları məni qınayacaq, amma Azərbaycanda magistratura pilləsində oxumağı vaxt itkisi hesab edirəm. Əgər nə vaxtsa magistraturada oxumaq istəsəm, seçimim mütləq Avropa ölkələrindən biri olacaq.
 


- İlk işiniz dəblə bağlı olub. Necə oldu ki, Fashion industry-də işə başladınız?
- Tələbə vaxtı Azərbaycanda Crocus qrupun bəzi mağazalarında fashion dizayner kimi çalışmışam. İşim çox maraqlı və zövqverici və bir o qədər də məsuliyyətli idi. Günün nəbzinə uyğun olaraq müxtəlif kolleksiyaları onlayn olaraq nəzərdən keçirir və yeni mövsümün sifarişlərini hazırlayırdım. Şəhərdə "havalı” qızların əynində, məhz mənim sifariş etdiyim, uyğunlaşdırdığım geyimləri görəndə uçmağa qanadım olmurdu. Bu, məndə özümə əminlik hissi yaradırdı. 
Ümumiyyətlə, uşaqlıqdan bu sahəyə həvəsim olub. Anam həmişə deyir ki, hələ danışa bilməyən vaxtlarımda belə, dəb jurnallarını qarşıma qoyub o tərəf, bu tərəfə vərəqləyirmişəm. Məncə, hər bir qızda dəb ikonası yaşayır. Sadəcə, kimisi onu bir müddət sonra qatlayıb bir kənara qoyur, kimisi daha da inkişaf etdirir. Mən orta məktəb, universitet vaxtlarımda bir şərfə onlarla dizayn verir, bir çantadan bir neçə görüntü yarada bilirdim.
Universiteti bitirdikdən sonra öz ixtisasım üzrə çalışmağa qərar versəm də, moda sahəsi mənim üçün bağlanmış kitab deyildi. Filologiyanı rus dili və ədəbiyyat üzrə bitirdiyimdən dil kurslarında rus dilini tədris etməyə başladım. Universiteti 11 ildir ki, bitirmişəm, tədris sahəsindən sonra müxtəlif sahələrdə çalışsam da, hobbi kimi həmişə fərdi dərslər vermişəm. İndi də rus dili öyrətdiyim tələbələrim var. Öyrətmək həmişə gözəldir, ən azı, öyrənmək qədər zövqvericidir. Öyrədəndə özümü xoşbəxt və faydalı hiss edirəm. Çünki mənimsədiyim bilikləri kiminləsə paylaşıram və elmsizliyin və cəhalətin yaratdığı zülmətdə bir işıq yaratmış oluram.
 
- Hazırda La Brossedə Biznesin inkişafı üzrə menecersiniz. İşiniz nədən ibarətdir?
- La Brosse İtaliya istehsalı olan estetik avadanlıqların və cihazların satışı ilə məşğul olan şirkətdir.  Əməkdaşlıq etdiyimiz ölkələr əsasən Avropa ölkələri – Almaniya, İtaliya, İspaniyadır. Mənim işim şirkətin beynəlxalq münasibətlərinə nəzarət etməkdən ibarətdir. Əməkdaşlıq etdiyimiz şirkətlərlə əlaqələrin qurulması, onların ölkəmizdə tanınması, təqdimatlarının təşkil edilməsinə məsul şəxsəm.
 
 

- Həm də Qədim Qala Nəşriyyat Evnin baş redaktorusunuz. Bu da kifayət qədər məsuliyyətli işdir. İki işi birdən çatdırırsınız?
- İki işin öhdəsindən eyni anda gəlməyin asan olduğunu desəm, yalan olar. Üzərimdə böyük məsuliyyət və ağır yük var. Hərdən elə stresli anlarım olur ki, qapını bağlayıb işıqları söndürüb ağlamaq istəyirəm. Amma əsla vəziyyətimdən şikayət etmirəm. Üzərimdəki yük artdıqca özümə əminliyim artır. Çünki hər işin öhdəsindən gəldikdən sonra özümə sübut etmiş oluram ki, bunun da öhdəsindən gəldim, demək, bunu da bacarıram, bunu da edə bilirəm. İşlərim çoxdur, amma vaxtı düzgün idarə edə bildiyimdən öhdəsindən gəlirəm.
Özüm üçün gündəlik qoyduğum qaydalar da var. Əvvəl idmanla məşğul olurdum, indi işlər çox olduğundan çatdıra bilmirəm. Buna görə də hər gün 10 km piyada  gəzməliyəm. Dediyim kimi, mütləq 100 səhifə oxumalıyam. Vaxt bölgüsü çox önəmlidir. Düzdür, zamanın idarə olunması ilə bağlı təlimlərdə bəzi təlimçilər qeyd edirlər ki, dostlardan, əyləncədən, insanı sosiallaşdıran hər şeydən vaxt itkisinin qarşısını almaq üçün uzaqlaşmaq lazımdır. Mən bu fikirlə əsla razı deyiləm. Dostlarımız həyatımızın bir hissəsidir. Həmişə deyirəm ki, dönüb arxaya baxanda qazandığım ən dəyərli şeyin dostlarım olduğunu görürəm. Onların hər birindən məndə bir parça var. Mən hər şeyi onlardan öyrənmişəm; kimisindən bağışlamağı, kimisindən xeyirxahlığı, kimisindən güclü qadın olmağı... Onlar məni heç vaxt yıxılmağa qoymayıblar. İki dəfə yıxılmışamsa, üç dəfə qaldırıblar. İnsan heç vaxt özünü dostlarından təcrid etməməlidir. Hər şey normasında gözəldir. Təbii ki, mən də günümün çox hissəsini dostlarımla keçirmirəm, amma onlara vaxt ayırmaq mənim üçün mühümdür. Çünki mənim ən böyük motivatorum məhz onlardır.
 
- Sizcə, bir xanım nə vaxt ailə qurmalıdır? Qarşısına həqiqi yarı çıxandan, yoxsa karyerası ilə bağlı arzularını gerçəkləşdirib ayaqları üstə dayanmağı bacarandan sonra?

- Həmişə erkən evliliyə, "vaxt keçir” deyib tələsik qurulan ailələrə qarşı olmuşam. Təbii ki, qadın öz ayaqları üstə durmağı bacarmalıdır. Çünki hər bir gənc qadın gələcəyin anasıdır. Cəmiyyətə bəxş edəcəyi övladı tərbiyə etmək məsuliyyəti həmin ananın üzərindədir. Gənc qızlar mütləq şəkildə təhsillərini, düşüncələrini, fikirlərini inkişaf etdirməlidirlər və ana olmağa tam hazır olandan sonra ailə qurmaq barədə fikirləşməlidirlər. Mən heç vaxt özümü feminist hesab etməmişəm. Nə qədər deyilsə də ki, qadınla kişi bərabərdir, mən həmişə kişilərin bizdən bir pillə yuxarıda olduğunu dərk etmişəm və heç vaxt onlarla qadınları bərabər görməmişəm. Bütün güclü qadınların özündən güclü bir kişiyə ehtiyacı var, sadəcə, belə kişilər çox az olduğuna görə qadınlar feminizm, matriarxat, qadın və kişi haqlarının bərabərliyi kimi mövzularla uğraşırlar. Düşünürəm ki, mənim ailə quracağım insan mütləq məndən güclü biri olmalıdır. Təbii ki, qadın güclü olmalıdır, amma pəhləvan yox. Çünki gələcək cəmiyyəti formalaşdırır. Amma hər bir güclü qadının arxasında güclü bir kişi dayanmalıdır.
 
- Gülnar xanım, gözəl ailə kimi, effektiv komandanı da qurmaq o qədər də asan deyil. Effektiv komandanın qurulması ilə bağlı seminarlar verirsiniz. Effektiv komanda işini qurmaq üçün nələr lazımdır?

- Komanda işi xüsusi bir elmdir. Effektiv komanda üçün vacib olan şərtlərdən biri komandanın tərkibində olan insanların dəyərlərinin, fikirlərinin, dünyagörüşlərinin üst-üstə düşməsidir. Belə deyək, onlar bir-birini qəbul etməyi, bir-birinin fikrini həzm etməyi, ümumi bir məqsəd ətrafında toplaşmağı bacarmalıdırlar. Bu,  mütləqdir. Onların hədəfi eyni olmalıdır. Komanda işində eqo, şəxsi mənfəət bir kənara qoyulmalıdır. Hər kəsin fokuslandığı bir nöqtə olmalı və hər kəs bu hədəf üçün çalışmalıdır. Komanda daxilində informasiya çox rahatlıqla ötürülməlidir. Komanda işi çox əmək tələb edə bilər, amma bu, faktdır ki, komanda şəklində görülən iş daha effektiv olur, işə daha az vaxt gedir və nəticə daha yüksək olur.


 
- Azərbaycandakı rəhbərlər effektiv komanda işini qura bilirlər?
- Bilirsiniz, bu sahədə çox önəmli iki açar söz var : Lider və Boss anlayışları. Bu iki anlayışın arasında çox incə bir qırmızı xətt var və lider həmin xətti adlayanda dərhal boss, boss adlayanda isə lider olur.
Təəssüf ki, Azərbaycanda, bilmirəm, düşüncə tərzimizlə əlaqəlidir, ya nədir, hər kəs boss olmağa lider olmaqdan daha çox iddialıdır. Çünki boss məsuliyyəti başqalarının üzərinə qoyur, işin icrası ilə bağlı əmrlər verir, onu proses yox, nəticə maraqlıdır. Boss sadəcə, tələb edir.
Əgər siz əsl lidersinizsə, liderlik qabiliyyətiniz varsa, komandanı irəli apara, komandaya güc, stimul verə bilirsinizsə, təbii ki, komandanın işi effektiv olur. Yox, əgər bossunuzsa, tabeliyinizdə olan işçilərdə yalnız qorxu hissi yarada bilirsinizsə, burada effektiv komanda işindən söhbət gedə bilməz.
Azərbaycanda vəziyyət bir az fərqlidir. İnkişaf etmiş ölkələrdə təhsil alıb qayıdan gənclərimizin çox yüksək liderlik bacarıqları var. Onlar beynəlxalq layihələri lider kimi idarə edir və yüksək nəticələr əldə edirlər. Köhnə prinsiplərə sadiq qalan rəhbərlərimiz isə, dediyim kimi, daha çox boss olmaq arzusundadırlar.
 
 

- Sonuncu ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Məncə, istənilən uğurun əsas sirri özünə inamdır. Həm öz gücünüzə, həm özünüzə, həm də etdiyiniz fəaliyyətin doğruluğuna inanmalısınız. İnam olandan sonra, məncə, heç bir qüvvə insanın qarşısını ala bilməz. Bu gün yaşadığımız hər bir şey nə vaxtsa reallaşmasına inandığımız xəyallardır. İnsan mütləq şəkildə pozitivliyini qoruyub saxlamalı, neqativə köklənməməlidir. Mənim də uğursuzluqlarım olub, amma mən uğursuzluqlarıma fokuslanmamışam. Əksinə, bugünkü uğurlarımı uğursuzluqlarıma borcluyam. Hər bir uğursuzluq qarşınızda böyük imkanlar açır. Çünki siz həmin uğursuzluqdan böyük bir dərs çıxara və ya hər şeyi yarıda qoyub yolun yarısından geri dönə bilərsiniz. İstənilən vəziyyətdə bu, sizin seçiminizdir. Sonda çox sevdiyim türk yazar Ahmet Şerif İzgörenin "Avcunuzdaki Kelebek” adlı kitabından bir hekayəni sizinlə paylaşacam. "Biri var imiş, biri yoxmuş, iki bacı var imiş. Bu qızlar çox ağıllı qızlar imiş. Məktəbdə öyrədilənlər qızlara bəs etmir və bir gün anaları onları dağda yaşayan bilgə adamın yanına aparmaq qərarına gəlir. Qızlar bilgə adama çoxlu suallar vermiş, adam isə qızların bütün suallarını cavablandırmışdı. Qızlar məmnun olmuş və analarından bir müddət bilgə adamın yanında qalmaq üçün icazə istəmişlər. Durmadan bilgə adama suallar verib doğru cavablar almaqdan bezən qızlar bir gün hiylə işlətmək qərarına gəlirlər. Qızlardan biri bir kəpənək tutur və ovcunda gizlədir. Bacısı ilə razılığa gəlirlər ki, bilgə adamdan kəpənəyin ölü və ya diri olduğunu soruşsunlar. Adam ölü cavab verərsə, kəpənəyi buraxacaq, diri cavab verərsə ovcunu sıxıb öldürəcək və beləliklə, bilgə adam suala yanlış cavab vermiş olacaqdı. Qızlar sevincək bilgə adamın yanına gəlirlər. Bacılardan biri qapalı ovcunu adama uzadıb ovcundakı kəpənəyin ölü və ya diri olduğunu soruşur. Bilgə adam qızın gözlərinə diqqətlə baxıb "sənin əllərində, qızım” deyir...”.
Hər şey sizin əllərinizdədir. Həyatda hər birimizin yerinə yetirməli olduğumuz bir missiya var. Heç nə səbəbsiz baş vermir. Hər şeyin mütləq bir səbəbi və nəticəsi vardır. Önəmli olan doğru vaxtda doğru yerdə olmaqdır.
 
Lalə MUSAQIZI  
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202