• çərşənbə axşamı, 23 aprel, 21:39
  • Baku Bakı 20°C

İstehsalın artdığı sektor

24.10.17 11:00 2993
İstehsalın artdığı sektor
Dünya Bankının (DB) analitikləri 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının 2,7 faiz artacağını proqnozlaşdırırlar. Trend-in məlumatına görə, bankın "Regional Economic Update" yenilənmiş hesabatında qeyd edilir ki, Azərbaycanın kənd təsərrüfatı sektoru yaxın iki ildə də inkişaf edəcək. 2018-2019-cu illər üçün bank, bu sektorda istehsalın artımını illik 2,8 faiz səviyyəsində proqnozlaşdırır. Hesabata əsasən, məhz kənd təsərrüfatı və istehsal sahəsindəki inkişaf sayəsində 2017-ci ilin ilk yarısında qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb. Kənd təsərrüfatı sektorundakı artım fonunda qeyri-neft ixracını da 11 faiz çoxaltmaq mümkün olub. Amma bank, sənaye sektorunda 2017-ci ildə 2,7, 2018-ci ildə isə 0,1 faiz azalma proqnozlaşdırır. DB analitiklərinə görə, 2019-cu ildə sənayedə artım yenidən bərpa olunacaq - 0.7%. Xidmət sektorunda isə əksinə, növbəti üç il ərzində tədricən artım gözlənilir: 2017-ci ildə 0,7 faizdən 2019-cu ildə 2,8 faizədək.
Bəs görəsən açıqlanan statistika nə dərəcədə reallığı əks etdirir?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirdi ki, ölkədə aparılan iqtisadi islahatların da əsas məqsədi bu sektorlarda dayanıqlı inkişafa nail olmaqdır: "İslahatların əsas məqsədi rəqəmlərdən daha çox, dayanıqlı tendensiya yarada biləcək əsasların yaradılmasıdır. Məhz bu istiqamətdə görülən tədbirlər və hətta qısa müddət ərzində istehsalın və ixracın artımı bu istiqamətdə böyük potensialın olmasını göstərdi. Hesab edirəm ki, kənd təsərrüfatı məhsulları istehsalı və ixracı üçün görülən tədbirlər bu sektorun daim genişlənməsinə və ixrac potensialını artırmasına imkan verəcək. Sənaye məhəllələrinin yaradılması və sənayenin strukturunda edilən dəyişiklər də ümumi dayanıqlı artım tendensiyalarının yaradılmasına imkan yaradacaq. Ölkədə makroiqtisadi sabitliyin yaranması, iqtisadi aktivliyin tarazlı şəkildə canlanması üçün planlaşdırılan tədbirlər isə xidmət sektorunun da tədrici canlanmasına şərait yaradır”.
İqtisadçı ekspert Rəşad Həsənovbildirdi ki, beynəlxalq maliyyə institutlarının proqnozları bəzən il ərzində bir neçə dəfə dəyişə bilir: "Əslində, Dünya Bankı 2017-ci il üçün iqtisadi artım proqnozlaşdırırdı. Lakin sonrakı dövrlərdə rəqəmlərə yenidən baxıldı və proqnozlar yeniləndi. Nəticədə Dünya Bankı 2017-ci il üçün neqativ dinamika proqnozlaşdırdı. Ona görə də bu göstəricilərdə davamlı olaraq dəyişikliklərin baş verməsi mümkündür. Yəni, göstəricilər arta və azala da bilər. Azərbaycanda kənd təsərrüfatı sahəsində hökumət demək olar ki, son iki il ərzində müəyyən islahatlara start verib. Xüsusilə təyinatlı - tütünçülük, pambıqçılıq, ipəkçilik və s. kimi sahələr üzrə müəyyən dövlət proqramları həyata keçirilir. Bu sahələr üzrə subsidiyaların mexanizmləri təkmilləşdirilir və tətbiq edilməsi məsələsi həll edilib. Hazırda üzərində işlərin davam etdirildiyi əsas məsələlərdən biri olan Kredit Zəmanət Fondunun yaradılması məsələsidir. Artıq daşınan əmlakın girov qoyulması məsələsinin həll edilməsi və belə bir fondun yaradılması sözügedən sahədə 2018-ci ildə müəyyən qədər kredit əlçatanlığını artırmaqla, bu sahəyə yönələn investisiyanın həcmini artırılmasına müsbət təsir göstərə bilər. Bundan başqa, aidiyyəti dövlət qurumları bu sahədə yaranan problemlərə daha həssas reaksiya verirlər. Belə olduğu təqdirdə, problemlərin qısa müddət ərzində aradan qaldırılması mümkün olur. İxracın təşviqi ilə bağlı məsələlər də getdikcə öz təsirini göstərməkdədir. Çünki ölkədə ixracın subsidiyalaşması bərpa olunmağa başlayıb və bu mexanizm çevik şəkildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir. Belə bir şəraitdə məhsulların həcminin artımı mümkündür. Həmçinin, bu istiqamətdə sahibkarları təşviq edən məqamlardan biri də rus rublunun möhkəmlənməsidir. Bu da Azərbaycan məhsullarının Rusiya bazarlarına çıxarılması prosesini təşviq edir və gəlir yüksək olur. Sahibkarlar kənd təsərrüfatına əlavə investisiya qoyuluşunda maraqlıdırlar. Ona görə də belə bir artımların olmağı mümkündür. Amma konkret rəqəmlər barəsində danışmaq çətindir. Dünya iqtisadiyyatında artım tempi 2-3,5 yaxud 2-4 faiz arasında baş verir. Açıqlanan rəqəm də qlobal iqtisadi artımın orta tempinə uyğun bir göstəricidir. Ona görə də bu göstərici heç də əlçatmaz deyil. Təbii ki, burada yan faktorlar - məsələn, təbii fəlakət kimi hallar məhsulların həcminə təsir göstərə bilər. Proqnozlaşdırılma aparılarkən isə bu ehtimallar nəzərə alınmır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər