• cümə axşamı, 28 mart, 23:59
  • Baku Bakı 13°C

“İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir”

17.04.14 08:27 2035
“İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir”
Nazirlər Kabinetinin 2014-cü ilin 1-ci rübü üzrə sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantısında ölkə başçısı bir sıra maraqlı məsələlərə toxundu. Sosial-iqtisadi sferada görülən işlər, nəticələr, göstəricilər açıqlanmaqla yanaşı, prezident İlham Əliyev bəzi vacib göstərişlər verdi, təkliflər səsləndirdi. Bunların içərisində diqqət çəkəni yenə daxili istehsalla bağlı məqamlar oldu. “Biz Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq” deyən ölkə başçısının sözlərinə görə, onların arasında tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı xüsusi diqqəti çəkməlidir: “İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq. İlk növbədə, iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini yaratmaq üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcək. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq.
Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır. Son məlumata görə, artıq 9 milyon 500 min səviyyəsinə çatıb. Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edib. Əlbəttə bu, depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə deyərlər, təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər fərz etsək ki, Ermənistanda da Azərbaycandakı kimi əhali artır, onda tamamilə müflisləşmə baş verəcək və səfalət daha da böyük ölçülərlə ölçüləcək. Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik dinamikanı da nəzərə almalıdır”.
Kənd təsərrüfatına aid yeni sərəncam olacaq
İ.Əliyev bildirib ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni sərəncam imzalanacaq: “Əminəm ki, bu sərəncamın çox müsbət təsiri olacaq.
Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o qədər böyükdür ki, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq”.
Ölkə başçısı çıxışı əsnasında bildirib ki, əsas hədəflərdən biri də ərzaq təhlükəsizliyidir, bu istiqamətdə əhəmiyyətli işlər görülür. Təbii ki, ərzaq təhlükəsizliyi, ölkənin ərzağa olan tələbatının daxili istehsal hesabına təmin olunması Azərbaycan üçün əsas məsələlərdən biridir. Bu istiqamətdə müxtəlif tədbirlər reallaşdırılır, fərman və sərəncamlar verilir, lakin təəssüflə qeyd etməliyik ki, qidaya olan tələbatın yerli istehsal hesabına təmin edilməsi mümkün olmayıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100 % təmin edə bilməz. İdxalsız keçinmək mümkün olmadığı kimi, xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin bazarlarına nəzər salmaq kifayətdir. Ancaq Azərbaycan bu gün elə növ ərzaq məhsulları idxal edir ki, bunları özümüz də tam istehsal edə bilərik. Ərzaq təhlükəsizliyi əslində məhz, buna xidmət etməlidir.
İdxal artır, amma müqavimət də artır
2004-2013-cü illərdə kənd əhalisinin sayının təqribən 11 % artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 3,3 dəfə artması, bitkiçilikdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsinin yüksəlməsi, heyvandarlıq məhsulları istehsalının da 2004-cü ildə qeydə alınan 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək ümumi kənd təsərrüfatı məhsulları strukturunda 49,5 %-ə çatması, özümüzü heç də bu və ya digər növ ərzaq ilə tam təmin etdiyimizi göstərmir. Üstəlik, idxal da artır. 2013-cü ilə dair statistikaya əsasən, ötən il yeyinti məhsullarının idxalı 2012-ci illə müqayisədə 7,34 % artaraq ümumi idxalın 11 %-inə yaxınlaşıb. Ümumi idxalın 1/10 hissəsindən çoxunu ərzaq müəyyən edib. 2013-cü ildə ixrac olunan malların çeşidi 2 min ədəddən bir az yuxarı təşkil etdiyi halda idxal olunan mallar bir neçə dəfə çox artaraq 6 mini keçib. Demək idxalda çeşid də artır. Bir sözlə, “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən, 2015-ci ilə qədər özümüzü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını isə xaricə ixrac etməliyik. Bu gözləntilərə rəğmən əks mənzərə müşahidə olunsa da, müşahidəçilər hesab edirlər ki, son vaxtlar verilən bir neçə fərman, bu sahəyə göstərilən qayğı ümumilikdə vəziyyətin dəyişəcəyini gözləməyə əsas verir. Qeyd edilən fərmanlardan biri də prezident İlham Əliyevin martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmandır. Sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra proseduraların sayının və eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Fərmanın əsas məqsədi sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrinin minimumlaşdırılmasıdır. Ekspertlər bildirirlər ki, sərəncam ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacib və əhəmiyyətli bir sənəddir. Sənədin məqsədi sadəcə fermer təsərrüfatının dəstəklənməsi, onların bazara çıxış imkanlarının, yaxud nəqliyyat və digər infrastruktur imkanlarının genişləndirilməsi deyil, eyni zamanda bu məqsədlərlə yanaşı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə ərzağa olan tələbatın daxili istehsal hesabına ödənilməsi və xaricdən ərzaq məhsullarının və eləcə də kənd təsərrüfatı məhsullarının idxalının azaldılması əsas hədəflərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, sənəd sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılmasını nəzərdə tutur. Həmçinin fərmanda digər ciddi məqam tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur və müddətlərin, eləcə də elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılmasıdır. Fərmana əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərcləri də azaldılmalıdır. Eyni zamanda sənəd idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsini də özündə ehtiva edir. Ölkə prezidenti eyni zamanda kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlanmasını tapşırıb. Beləliklə, ərzaq təhlükəsizliyimizə yaranan təhlükə sovuşmaqdadır. Ən əsası, bu təhlükəni dəf etmək üçün maliyyə və iradə var.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər