• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

İstehlakçılara ƏDV ödənişinin geri qaytarılması gecikir

24.09.19 19:42 1938
İstehlakçılara ƏDV ödənişinin geri qaytarılması gecikir
Vergi Məcəlləsinə görə, marketlərdən alış-veriş edərkən ödənilən məbləğin müəyyən hissəsi müştəriyə geri qaytarılırmı? Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış (neft və qaz məhsulları istisna almaqla) mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir. Vergi qanunvericiliyinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.
Əgər fikir veribsinizsə, böyük marketlərdən alış-veriş edən zaman verilən qəbzlərdə ümumi məbləğdən sonra ƏDV-nin nə qədər olduğu yazılır. Amma qeyd edilən ƏDV-nin müştəriyə qaytarılması hələ ki heç bir marketdə müşahidə edilməyib. Qeyd edək ki, ötən ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq edilməsi nəzərdə tutulurdu və əsas yeniliklərdən biri ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılması idi. Belə ki, ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqdı. Azərbaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 18 manat vergi hesablanır. Nəticədə ödənişi POS-terminalla edən müştərilər alğı-satqının 2,28%-i, yəni hər 100 manata görə, 2,28 manat, kassa çeki ilə edənlər isə 1,8%-i yəni 1,8 manat ödəniş alacaqlar. Vergilər Nazirliyindən bildirilib ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilər stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox "axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır. Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb.Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Başqa sözlə, bu qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verildi. "Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər” deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcəkdi. Amma uzun müddətdir ki, bu mövzuda bəzi qərarlar verilsə də, hələ ki icraatla bağlı bir addım atılmayıb. Maraqlıdır, prosesin icrası nə üçün gecikir, ümumiyyətlə, ƏDV-nin geri ödənişi necə həyata keçirilməlidir?
İqtisadçı Rəşad Həsənov dedi ki, 2018-ci ilin noyabrında Vergi Məcəlləsinə dəyişikliklər təşviqat xarakterli idi: "Bu həm nağd, həm də nağdsız ödənişlər üçün nəzərdə tutulmuşdu. Burada leqallaşmanın təşviq edilməsi, paralel olaraq da nağdsız dövriyyənin genişləndirilməsinə hədəflənmişdi. Qanun 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minsə də, təəssüf ki, mexanizmi hələ də hazır deyil. İlin əvvəlində Vergilər Nazirliyi açıqlama verdi və fevral ayının sonuna qədər mexanizmin hazır olacağını qeyd etdi. Artıq ilin sonuna yaxınlaşmağımıza baxmayaraq, prosesin həyata keçirilməsi ilə bağlı konkret bir mexanizm yoxdur və bu barədə cəmiyyətə heç bir məlumat verilmir. Lakin faktiki olaraq qanun yanvar ayının 1-dən qüvvəyə minib və qanunun tələbinə uyğun olaraq vətəndaşlara həmin gündən toplanmış qəbzlər üçün ƏDV-lərin geri verilməsi hüququ yaranıb. Burada bir neçə variant üzərində işlərin getməsi məqsədəuyğun hesab edilir. Məsələn, nağdsız ödənişlər həyata keçirilərkən birbaşa olaraq ödənişin edildiyi karta ƏDV-nin verilməsi geri qaytarılması daha məqsədəuyğun sayılır. Amma nağd dövriyyə ilə bağlı məsələdə hələ çıxış yolu tətbiq edilməyib. Çünki mağazaların bu məsələyə cəlb edilməsinin müəyyən qədər xaos yaradacağını və inzibatçılığı daha da ağırlaşdıracağını düşünürəm”.
Ekspert qeyd etdi ki, bundan əvvəlki dövrlərdə ƏDV-lərin geri qaytarılması ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi olub, bunlardan bəziləri "şoppinq festivalı” dövründə istifadə edilib: "Daha yaxşı olar ki, ölkəmizdə fəaliyyət göstərən maliyyə qurumları, banklar və Azərpoçtda bu xidmətlərin təşkil edilməsi mümkün olsun. Çünki bankların ölkənin ucqar regionlarında şöbələri yoxdur, Azərpoçt bu sahədə olan çatışmazlığı müəyyən qədər kompensasiya edə bilər”.
R.Həsənov bildirdi ki, hələlik qanunun icra mexanizmi hazır olmasa da vətəndaşlar istəyirlərsə, alış-veriş edən zaman onlara təqdim edilən qəbzləri saxlayıb, gələcəkdə ƏDV-lərini geri ala bilərlər: "Amma bir məsələni qeyd etmək lazımdır ki, qeyd edilən ƏDV faizi çox aşağıdır. 1000 manatlıq dövriyyə üçün 22 AZN nağdsız, 18 AZN isə nağd şəkildə ƏDV ödənişi nəzərdə tutulur. Bu da insanlarda həmin ödənişlərə marağını aşağı sala bilər. Digər tərəfdən, bu mexanizm hansısa formada vətəndaşların daha iri satış müəssisələrinə yönlənməyinə, alış-veriş etməyinə səbəb olur. Bu da öz növbəsində kiçik və orta sahibkarlığın zəifləməsinə təsir edə bilər”.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi ilə əlaqə saxlayıb mexanizmin icrasının nə üçün gecikdiyi öyrəndik. Ordan qeyd edildi ki, bu məsələdə 2 məqamı diqqətdə saxlamaq lazımdır. Birinci odur ki, bu cür ödənişləryeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsiləhəyata keçirilməlidir. Yəni indi tətbiq olunan nəzarət-kassa aparatları həmin tələbə cavab vermir. İkinci məqam odur ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və təsdiq olunduqdan sonra prosesə tam aydınlıq gətiriləcək.İlkin məlumata görə, ödənişlərin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Günel Azadə


banner

Oxşar Xəbərlər