AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«İstedadlı gənclərimizi görəndə çox sevinirəm» - Mən gənc olarkən

«İstedadlı gənclərimizi görəndə çox sevinirəm» - Mən gənc olarkən

Gənclik qəzeti
17 Mart 2014, 08:22 8394
“Mən gənc olarkən” rubrikasının çox dəyərli qonağı var – Südabə Həsənova. Onun keçdiyi həyat yolu hər bir gənc üçün parlaq nümunə sayıla bilər. Zəngin bioqrafiyasının yalnız bəzi mühüm məqamlarını xatırlatmağımız yetər ki, onun həyat yolu haqqında təsəvvürümüz canlansın. O, 1987-ci ilin aprel ayında Ədliyyə nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuş, 1995-1998-ci illərdə Ədliyyə Naziri vəzifəsini icra etmişdir.

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci il yanvarın 10-dan Ədliyyə naziri təyin edilmişdir. Həmin ilin dekabrından Prezident yanında Məhkəmə-Hüquq Şurasının sədri olmuşdur. Südabə xanı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanmış hüquqi dövlət quruculuğu prosesində fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının və onun işçi qrupunun , hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə, korrupsiyaya qarşı mübarizə və digər dövlət komissiyalarının üzvü olmuşdur.

2000-ci ilin aprelindən Ali Məhkəmənin sədri olmuş, 2005-ci ildən isə Konstitusiya Məhkəməsinin hakimidir.

Ədliyyə və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Şöhrət» ordeni ilə təltif edilmişdir.

Südabə xanımla Konstitusiya Məhkəməsində görüşdük.

Hakimin otağı...

Səmimi olduğu qədər gülərüz, elə bir o qədər də mehriban xanımdır. Söhbətə bir vaxtlar təhsil aldığı fəhlə-gənclər məktəbindən başladıq: “Dərs başlayandan 20 gün sonra məktəbin direktoru Məmməd Məmmədovla birgə rəsmi şəxslər sinfə daxil oldular. Bizim sinifdə oxuyanlar mütləq haradasa işləyən şəxslər idilər. Yoxlama gördü ki, burada yaşlıların içərisində cavan uşaqlar var. Biləndəki heç bir yerdə işləmirik bizi sinifdən çıxardılar, biz də 9-10 gənc məktəbli kitablarımız qoltuğumuzda vurub rayon partiya komitəsinə şikayətə getdik. Qısa vaxtda hamımızı işə düzəltdilər. Oğlanlarımızı fəhlə, poçtalyon, qızlarımızı isə müxtəlif idarələrə göndərdilər. Mənim də qismətimə məhkəmə düşdü. Sonralar bildim ki, o bizi məktəbdən çıxaran şəxslər Naxçıvan MR Maarif Nazirliyinin əməkdaşları olublar. Mən indi də o günləri xatırlayanda onlara minnətdarlıq hissləri ilə rəhmət diləyirəm”.

Həmin dövrlərə qayıdan həmsöhbətimiz hakim olacağını ağlının ucundan belə keçirmədiyini deyir: “Məni çağırıb dedilər ki, məhkəmədə işləyəcəksən. O zaman hələ 16 yaşım tamam olmamışdı. Demişdilər, gedərsən hakimin yanına. Mən isə rus dilində təhsil aldığım üçün o zaman hakimin nə olduğunu bilmirdim və o sözü həkim kimi başa düşmüşəm. Yolda düşünürdüm ki, görəsən bunlar məni nə üçün həkim yanına göndərirlər? Elə qapıdan içəri girəndə bir də gördüm yazılıb – hakimin otağı. Onda aydın oldu ki, mən hər şeyi düzgün başa düşməmişəm. Daha sonra mənim “məhkəmə iclas katibi” kimi əmrim verildi. O vaxtdan məndə hüquq elminə böyük həvəs və rəğbət oyandı”.

Hətta gəlin paltarı da tikmişəm

Südabə Həsənova bu hadisədən sonra hesab edib ki, məhkəmə ən nüfuzlu orqanlardan biridir, çünki haqqı tapdalananlar həmişə üzünü məhkəməyə tutur. Həmin andan qarşısına birmənalı şəkildə məqsəd qoyub ki, hüquqşünas olacaq: “Valideynlərim hüquqşünas olmağıma qarşı idilər. Evdə hamı mənə deyirdi ki, sənin üçün ən yaxşı peşə müəllimlikdir. Deyirdilər qadın üçün müəllimlikdən gözəl sənət yoxdur. Ancaq mən qarşıma məqsəd qoyduğuma görə niyyətimdən vaz keçmədim. Atama dedim ki, Hüquq fakültəsini bitirsəm də, yenə müəllimə işləyə bilərəm. Beləcə, hüquqşünas ixtisasına yiyələndim, universiteti əla qiymətlərlə başa vurdum”.

Südabə xanım daha çox tarix və ədəbiyyat fənlərini sevdiyini və onları tədris edən müəlliflərini hörmətlə xatırladığın deyir: “Mən şeirə, sənətə olan həvəsi ədəbiyyat müəllimim Fərəməz müəllimdən götürmüşəm. Şeiri çox adam əzbərləyib deyə bilər, ancaq mən onu pafosla deyirdim. Məndən sonra həmin məktəbdə bacılarım oxudu. Səkkiz illik məktəbi qurtarıb getdikdən sonra bacım deyirdi ki, Fərəməz müəllim həmişə məni sənin adınla səsləyir”.

Südabə xanım dördüncü kursda oxuyarkən Sovet İttifaq miqyasında Leninin anadan olmasının 100 illiyi ilə bağlı ictimai elmlər üzrə tələbə elmi işləri müsabiqəsində əldə etdiyi uğurdan danışdı: “O zaman mən “V.İ.Lenin və Azərbaycanda qadın azadlığı” problemi mövzusunda elmi iş yazıb təhvil verdim. Respublikadan 10 nəfər tələbə qalib çıxmışdı. Onlardan ikisi hüquq fakültəsinin payına düşürdü. Mən ikinci, hazırda Bakı Şəhər Məhkəməsi Rəyasət Heyətinin üzvü işləyən, məndən iki kurs aşağı oxuyan İlham Həsənov isə üçüncü yerə çıxmışdı. Ulyanovsk şəhərində keçirilən yekun konfransda hamımıza tələbə elmi işləri üzrə laureat diplomları və hədiyyələr verildi. Mənim hədiyyəm Leninin dördüncü nəşr əsərlərinin bütöv külliyyatı idi. Lakin mənə orada zərfdə onun qəbzi verildi, kitablar isə bir qədər sonra fakültəyə göndərilmişdi. Bu münasibətlə də Məmməd müəllim mənə “Çox sağ ol, qızım. Hələ indiyə qədər bizim fakültəyə belə mükafat gətirən olmamışdı” demişdi. Bu barədə Universitet qəzetlərində böyük yazılar dərc edildi”.

Onun tələbəlik illəri də kifayyət qədər aktiv keçib: “Mən komsomol komitəsinin büro üzvü və tələbə elmi cəmiyyətinə seçildim və bütün ictimai işlərdə fəal idim. Həmin ərəfələr mənim üçün işləyə-işləyə oxumaq çox ağır idi, çünki işdən gəlib sonra dərsə gedirdim. O zamanlar anam yeməyimi hazırlayana kimi evin arxasına keçib kitab oxuyurdum ki, vaxt itirməyim. Özünü tərifləmək olmasın uşaqlıqdan qoçaq olmuşam. Yeddi-səkkizinci sinifdə oxuyarkən təndirə çörək də yapmışam, atama həyət işlərini görməkdə, gül-çiçək əkib becərməkdə həmişə kömək etmişəm”.

Bir vacib nüansı da xatırlatmaq yerinə düşər: gənc yaşlarından xalasından tikiş sənətinin sirlərini öyrənən Südabə xanım tələbə vaxtı geyindiyi paltarlarını da özünün tikdiyini deyir: “Tətildə rayona gedəndə şəhərdən parçalar, kantlar, cürbəcür lentlər alıb aparırdım, bacılarıma gözəl paltarlar tikirdim. Rayona gedən günün səhəri bacılarım bərli-bəzəkli təzə paltar geyinəndə qonşularımız bilirdi ki, mən gəlmişəm. Bir dəfə qonşu qızının toyunda dedi ki, mənim gəlinlik paltarımı sən tik, mən də bacardığımı etdim. Söhbət düşəndə deyirəm ki, mən hətta gəlin paltarı da tikmişəm. Mənim tikdiyim əl işini rayon pionerlər evinə asıb altından ad və soy adımı yazmışdılar”.

Südabə xanım Bakı Dövlət Universitetində keçən tələbəlik illərini ömrünün ən gözəl çağları kimi xatırlayır: “Universitetdə rus poeziya gecələri keçirilirdi. Orada Maksim Qorkinin “Burevestnik” şerini mənə tapşırmışdılar. Müəlliməm rus dilini bilməyən qrup yoldaşım Kərimə demişdi ki, Südabə şer deyəndən sonra sən ona gül təqdim edərsən. Dedi ki, əgər sən Südabəyə gül verməsən, mən rus dilindən sənə qiymət yazmayacam”.

Hər zaman şən əhval ruhiyyəli olan həmsöhbətimiz tələbəlik illərində qrup yoldaşları ilə zarafat etməyi də xoşlayıb: “Tələbə vaxtı qrup yoldaşlarıma deyirdim ki, mənim nənəm Qori Müəllimlər Seminariyasını qurtarıb, rus dilini ondan öyrənmişəm. Halbuki, yazıq nənəm savadsız qadın idi” (gülür).

İndiki gənclik çox aktivdir və onların dünyagörüşü genişdir

Bakıya gəlib 2 il əmisigilin evində qaldıqdan sonra yataqxanaya köçür. Yataqxanadakı qızlarla mehriban tələbəlikliləri keçirib.

Övladlarının təhsilli olduğunu deyən Südabə xanımın bir qızı, bir oğlu var, oğlunun daha yaxşı oxuduğunu deyir: “İndi uşaqlarının ikisi də hüquqşünasdır. Oğlum məktəbdə də əlaçı idi. Onun valideynlər iclasına gedəndə hər zaman özümü xoşbəxt hiss edir, qürur hissi keçirirdim. Müəllimi deyirdi ki, Əli bütün sinfi ardınca aparır. Qızım haqqında bunları deyə bilmərəm. Onun da əsas səbəbi o idi ki, həmin ərəfədə uşaqlarla məşğul olmağa mənim vaxtım yox idi. Bizim cavanlıq vaxtımızda vəziyyət indiki kimi deyildi ki, hər uşağa bir müəllim tutaq. Hamı öz işini özü görürdü. Uşaqlar balaca olanda onları nənəm saxlayırdı. Qızım tətildə rayona gedirdi deyə rus dilini çox zəif bilirdi. Rus sektoruna gedəndə də axsamağa başladı”.

Bugünkü gənclərin daha çox inkişaf etdiyini, dünyaya inteqrasiyasını gördükdə sevindiyini bildirir: “Gənclərin fəaliyyətini izləyirəm. Onlar indi özlərinə qeyri-hökumət təşkilatları, özəl qurumlar yaradıb, liderlik edirlər. Aktiv, istedadlı gəncləri görəndə çox sevinirəm. Onlara tövsiyəm odur ki, hansı işdən yapışırlarsa, ondan möhkəm tutsunlar. İndiki gənclərin əksəri hər sahədə az-az işləyirlər. Mən bunu qəbul edə bilmirəm. Hər bir işin öz çətinliyi olur. Gərək çətinlikdən üz döndərib asan işə qaçmayasan. Çətinliyə sinə gərmək lazımdır ki, sonra onun bəhrəsini görəsən. Mənim son texnologiyadan elə də başım çıxmır, amma birinci sinfə gedən nəvəm telefonumu söküb təzədən yığır. Əlbəttə ki, belə olan halda gənclərin dünyagörüşü də dəyişir”.

Qəhrəmanımız özünün mənfi cəhətini xarici dil bilməməkdə görür və buna görə də zəmanəni qınayır: “Xarici dildən attestatıma qiymət qoyulmayıb. Çünki normal şəkildə xarici dildən dərs keçməmişik. Müəllimimiz olmayıb. Gənclərə tövsiyə edərdim ki, bacardıqca xarici dillər öyrənsinlər. Bu onların üstünlüyüdür. Öyrənsinlər, tənbəllik etməsinlər. Öyrənmək heç vaxt gec deyil”.

Müsahibimiz özümü xoşbəxt hesab etdiyini deyir: “Hardasa özümü xoşbəxt insan sanıram, çünki məni başa düşən gözəl ailəm, övladlarım və respublika ictimaiyyəti arasında öz yerim var. Təvazökarlıqdan uzaq olsa da bunu mən necə deyərlər elin dili ilə dedim. Respublikanın elə bölgəsi yoxdur ki, oradan mənə minnətdarlıq, təşəkkür və bayram təbrikləri gəlməsin. Mənim həyatda qazandıqlarım məhz budur…”

Xəyalə Rəis Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">