• cümə axşamı, 18 aprel, 07:13
  • Baku Bakı 12°C

İstedadlarımızı qiymətləndirə bilirikmi? - Polemika

16.12.14 11:48 1785
İstedadlarımızı qiymətləndirə bilirikmi? - Polemika
“Eurovision” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” yarşımasındakı möhtəşəm ifası sosial şəbəkələrdə ajiotaj yaratdı. Bu məsələdən sonra ölkəmizdə istedadlarımızı qiymətləndirə bilməməklə bağlı müəyyən müzakirələr edildi.
Bəs gənclərimiz nə düşünür? Biz istedadlarımızı qiymətləndirə bilirikmi?
“Bizdə istedaddan çox, şəxsi keyfiyyətlər qiymətləndirilir”
Tural İsmayılov, fəal gənc
Tural düşünür ki, istedad hər insanda mövcud olan xüsusiyyətdir. Lakin onu hər kəs üzə çıxarmağı bacarmır: “Antik fəlsəfədə insan yaranışdan təbii olan istedadlara malik canlı hesab olunurdu. Siserona görə insan ilk doğuş anındakı reflekslərində öz istedadını gizlədir. Orta əsr düşüncəsində sxolastik xristian filosoflara görə Tanrı insanı yaradanda ona istedad bəxş edir. Buna bənzər fikirləri biz şərq fəlsəfəsində də, xüsusən sufizmin mötədil qanadında görə bilirik. Dostoyevski yazırdı ki, hər insan istedadlıdır, amma potensiallı deyil, Viktor Hüqo isə istedadsız insanı yararsız hesab etməsə də, istedadı insanın yaşama meyarı hesab edirdi. İnsan istedadına ən yaxşı yanaşmanı freydizm irəli sürür. Freydə görə əsl istedad insan beyninin şüurdan kənar hissəsində gizlənir və istedadını dəyərləndirən insan məhz qabiliyyətli insandır. İstedadlı insanları mən 3 qrupa bölürəm : 1) istedadının fərqində olmayan həvəssizlər, 2) İstedadının fərqində olan aktiv insanlar 3) İstedadının fərqində olub, qiymətləndirə bilməyənlər. Birinci qrup insanları istər təvazökar adlandırsınlar, istərsə də bacarıqsız, bu insanlar kifayət qədər istedada malik olsalar da, ətrafın təkidlərinə rəğmən də öz cövhərlərini dərk etmirlər. İkinci qrup insanlar istedadlı və cəmiyyəti irəli daşıyanlardır. Sonuncu qrup insanlar isə, istedadlıdır, bunu bilir, lakin toplumdan gözləntiləri həddindən böyük olduğu üçün, istedadına uyğun sahəyə yönəlmir”. Həmsöhbətimizin sözlərinə görə, bizim cəmiyyətdə insanlar öz istedadlarına biganə yanaşırlar : “Biz istedada qiymət verməyi bacarırıq, çünki bizim xalqın estetik zövqü və intuitiv duyumu güclüdür. Sadəcə bu gün doğru istiqamət olmadığından, mütaliənin zəifliyindən istedaddan çox istedadın subyektini, insanı qiymətləndiririk. Tutaq ki bir nəfər yaxşı rəssamdır, istedadlıdır, ancaq çox insan ilk öncə onun fırçasından çıxan tabloya yox, şəxsi keyfiyyətlərinə və haqqında olan dedi-qodulara diqqət edəcək. Bu yaxınlarda Elnur Hüseynov Türkiyədə ifasıyla yüksək alqış qazandı, lakin müzakirələrdə insanların onun istedadına etinasız yanaşdığı söyləndi. Bu fikirlərlə razı deyiləm. Çünki Elnurun istedadına güvənin əsas göstəricisi Azərbaycanın ilk dəfə qatıldığı “Eurovision” musiqi yarışmasına onu göndərməsi idi. Elnur özü etiraf etdi ki, televiziyalardan uzaq dururdu. Təbii ki, əsas informasiya qaynağı olan televiziyadan uzaq qaldığı üçün bəlkə də Elnurun səsi, istedadı unuduldu. Elnurun da öz arqumentləri vardı, verilişlərdən uzaq durmağa. İstənilən halda, biz düşünməyi və mütaliəni təkmilləşdirsək istedadı qiymətləndirməyi bacararıq”.
“İstedadlarımızı qiymətləndirə bilmirik”
Sonarə Quliyeva, marketoloq
Sonarə hesab edir ki, istedadlarımız layiqincə qiymətləndirilmir. Onun sözlərinə görə, bizim cəmiyyətdə əgər müğənnisənsə və toy üslubunda mahnı oxuya bilmirsənsə, deməli istedadın zəifdir: “Hesab edirəm ki, Elnur Hüseynovun nümunəsində Azərbaycan gənclərinin hər hansı xarici ölkələrdəki belə çıxışları onlar üçün uğura açılan qapıdır. Bu işin hər nə qədər pərdə arxası hadisələrini bilməsək də, ən azından görünən nümunədə bizim cəmiyyətdə nadir hallarda istedada qiymət verilir. Bu gün ifa sənətində əsas olan ilk növbədə toylarda müğənnilərə ödənilən pullardır. Əgər sən toy üslubunda mahnı oxuya bilmirsənsə deməli istedad cəhətdən zəifsən. Ya da çox istedadsızsan. Cəmiyyətimizdə xüsusi ilə incəsənət sahəsində xüsusi bir tendensiya müşahidə olunur. Bir vaxtlar öz istedadları hesabına sənətdə yüksəlmiş, uğur qazanmış sənət adamlarımız bu gün həmin gənclərin qarşısında böyük bir maneəyə çevrilib. Bu gün irəli getmək istəyən sadəcə öz istedadı hesabına əsrlərdən bəri dünyanı heyrətə gətirmək, musiqini inkişaf etdirib, təkmilləşdirib, dünya arenasına çıxarmaq istəyən gənclərə dəstək yox, onların yolunda həqiqi mənada aşılmaz bir dağa çevriliblər. Fikrimi belə kəskin bildirsəm də lakin qeyd etməliyəm ki, belə istedadlara həqiqətən qiymət verən incəsənət adamlarımız yox deyil, lakin çox da deyil”. Belə gənclərin qiymətini zamanında, onların incə ruhlarını incitmədən, sənətdə küsdürmədən bilmək və qiymətləndirmək daha yaxşı olardı. Acı da olsa gerçəklik budur ki, bundan sonra Elnuru aeroportda qarşılayacağıq, o bizdəndir, Azərbaycanlıdır deyəcəyik. İndimi anladıq onun bizdən olduğunu? Heç kim demir ki, Elnur bundan bir neçə il öncəsinə qədər də bizim fəxrimiz olub”.
“İstedadlarımız özləri özlərinə dəyər vermir”
Rövşən Abdürrəhmanlı, jurnalist
Rövşən düşünür ki, ölkəmizdə kifayət qədər istedadlı gənc var və onlar da layiqincə qiymətləndirilirlər. Burada əsas problem istedadlarımızın özlərinin özlərinə qiymət verməməsidir: “Ölkəmizdə istedadlı insanlara qiymət verilir. Düzdür, bəzən elə adamlar olur ki, kiminsə qabiliyyətinə ağız əyirlər. Amma həmin adamın özünün istedadını, kimliyini araşdırsaq özünün heç nəyə sahiblənmədiyini görərik. Ən əsası isə istedadlarımızın özlərinin özlərinə dəyər verməsidir. Əgər onlar öz dəyərlərini anlasalar və öz üzərilərində işləsələr hər kəs onlara dəyər verəcək, hörmət edəcək və qiymətləndirəcək”. Həmsöhbətimiz cəmiyyətdə yayılan kütlə psixologiyasından şikayətləndi. Onun sözlərinə görə, bəzən insanlar həmin insanın istedadına bələd olmadan kütləyə qoşulub ya pisləyir, ya da tərifləyirlər: “Bizim cəmiyyətdə kütlə psixologiyası çox geniş yayılıb. Məsələn, beş nəfər oturub istedadsızın birini tərifləsə digər 5 nəfər də onlara qoşulacaq və bu pilləvari şəkildə davam edəcək. Elnurun istedadı onsuz da bizə “Eurovision” musiqi yarışmasından bələd idi. O zamandan onun səsinə, ifasına heyran qalmışdım. Türkiyədə ifası və çıxışı isə məni bir azərbaycanlı kimi fərəhləndirdi. Amma bu o demək deyil ki, biz Elnura qiymət verə bilmədik. Əgər ölkəmizdə tanına bilmədisə, bu onun günahıdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər