• çərşənbə, 24 Aprel, 11:17
  • Baku Bakı 13°C

İstedadalara ocaq “Kaspi”

09.12.16 17:31 3343
İstedadalara ocaq “Kaspi”
Tarixə boylananda, keçmişə baxanda, hər nə qədər şərəfli günlərin, çağların doğmaca anları sinəqabardan, gözyaşardan fərəh doğurursa, bir o qədər də, ağrılı, təəssüflü dönəmlər yaddaşa yadlaşmadan, ürəyin dərinliyində qalır, sızlayır, unudulmur. Şərəfli, fərəhli olan odur ki, Azərbaycanda bəzi ədəbi mətbu orqanlar dünyadakı analoji nəşrlərlə eyni vaxtda doğulub, çağdan, əsrdən geri qalmamışıq bəzən. Fəqət görülən bəzi işlər çiçəklənən, pərvazlanan vaxtında yarımçıq qalıb, ənənəsi, məktəbi tam formalaşmamış, ətrafında nəsil-nəsil adamlar yetişməmiş tarix səhnəsindəki dövrünü başa vurmalı olub. İllərdir ki, ədəbi mühitdə məhz 100 illərin ədəbi nəşrlərinin ənənəsinin olmaması duyulur. Bəzən haçansa dərc edilmiş ədəbi qəzet və jurnalların çap olunduğu dövrə baxırsan, görürsən ki, ömrü çox qısadır – bir il, iki il...
Nə xoş ki, "Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsi 6 ildir dərc olunur, 305 nömrəsi işıq üzü görüb. Bu illər ərzində neçə-neçə ədəbi yazılar, məqalələr, tərcümələr, şeirlər, hekayələr, romanlardan parçalar, tədqiqatlar, elmi əsərlər və s. "Kaspi”nin Ədəbiyyat Əlavəsinin səhifələrində yer alıb. Qəzetin hər şənbə günü dərc olunan ədəbiyyat əlavəsinin ciddi, ədəbiyyatsevərlər insanlardan ibarət auditoriyası formalaşıb. Yüzlərlə ədəbi imzanın əsərləri "Kaspi”nin ədəbiyyat əlavəsində işıq üzü görüb... Yuxarıda dediyim təqdiredici fikirlər bir subyekt kimi ancaq mənim beynimdən, sinəmdən qopan sözlər deyil – "Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsinin sevilməsi həssas ziyalılar, universitet müəllimləri, elmi və ədəbi mühitin dəyərli şəxsiyyətləri tərəfindən etiraf olunub, dilə gətirilib.
Hələ hərbi xidmətdə olarkən qəzetə tərcümələr, təhlil yazıları göndərərdim və mətnlərim çap olunardı. Hərbi xidməti başa vurandan sonra isə qəzetin əvvəlki baş redaktoru Natiq Məmmədli məni işə dəvət elədi. Artıq 6 ildir ki, "Kaspi” qəzetində çalışıram. 4 il qəzetin Ədəbiyyat Əlavəsinin müxbiri, son 2 ildə isə ədəbiyyat üzrə redaktoruyam. Bunları ona görə deməyə ehtiyac duydum ki, qəzet müəllif kimi formalaşmağımda ciddi rol oynayıb, bu mühit içərisində çox şey öyrənmişəm. Qəzetin rəhbərliyi, baş redaktoru yaradıcı adamın sıxılmayacağı, bezməyəcəyi, təlqinlərdən uzaq, iradə asudəliyi ilə işləyə biləcəyin, rahat mühit yaradıb.
Bu günlərdə redaktoru olduğum bir kitabla bağlı qəzetin 5 illik arxivi ilə işlədim, o nəşrlə bağlı o illər ərzindəki bütün səhifələri vərəqləməli oldum. Görülən böyük işlərə nəzər salmaq imkanım yarandı. Bir gün içində bütün səhifələri vərəqləmək, orada əsl ədəbiyyatla bağlı materialları görmək, onların hər birinin bu gün də, sabah da yaşayacağını duymaq qəribə hiss idi. Adam düşünəndə ki, 300 sayı dərc olunan Ədəbiyyat Əlavəsinin 250-dən çox nömrəsində sənin hər gün ünsiyyətdə olduğun iş yoldaşlarının, həmkarlarının və sənin də izin var, doğurdan, da insan yaşadığı, bölüşdüyü ömürdən həzz alır.
"Biz imzaları yox, əsərləri dərc edirik” – "Kaspi” qəzetinin Ədəbiyyat Əlavəsinin devizi bu sanballı, istedadı qiymətləndirən fikirdir. Böyük məsuliyyət tələb edən, istedadsızları redaktorların düşməninə çevirən bu cümlə sabahlarda da neçə-neçə həqiqi sözə təşnə olanlara mayak olacaq. O cümlənin, həmin fikrin ətrafına başından bəlalar əskilməyən, xalq, millət və mənəviyyat yolunda yazıb-yaradan saysız-sanasız ədiblər toplaşacaq. Zəiflər, ortabablar üçün o cümlə əksi eybəcərləşdirən, istedadlar üçünsə simanı bir az da aydın göstərən güzgü olacaq. Qəzetimizə BÖYÜK GƏLƏCƏK arzulayıram...
Fərid Hüseyn
banner

Oxşar Xəbərlər