• cümə, 29 Mart, 00:53
  • Baku Bakı 7°C

İstanbuldakı terrorun xarici kəşfiyyat dəstəyi olmadan həyata keçirilməsi qeyri-mümkündür

30.06.16 10:36 2977
İstanbuldakı terrorun xarici kəşfiyyat dəstəyi olmadan həyata keçirilməsi qeyri-mümkündür
Türkiyənin İstanbul şəhərindəki "Atatürk” beynəlxalq hava limanında güclü partlayış baş verib. Hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu - kamikadzenin özünü partlatması nəticəsində ciddi tələfat var. Terror aktından sonra hadisə yerində terrorçuya məxsus "Kalaşnikov” markalı avtomat aşkar olunub. Türkiyə mətbuatının məlumatına görə, artıq partlayışı həyata keçirən 3 terrorçu kamikadzenin milliyyəti məlum olsa da, yayım qadağası olduğu üçün hələlik onların adları açıqlanmır. Lakin onlardan birinin Suriya vətəndaşı olduğu bildirilir. "Atatürk” beynəlxalq hava limanında törədilən terror hadisəsi, onun səbəbləri və hədəfi, Türkiyə iqtisadiyyatına vurduğu ziyan və sair barədə "Kaspi”nin suallarını Türkiyə TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, siyasi şərhçi Toğrul İsmayıl cavablandırır.
- Toğrul bəy, "Atatürk” beynəlxalq hava limanında törədilən terrorun hədəfi və məqsədi nədir?
- Terrorun metodu və üsulu dəyişsə də, məqsədi dəyişməz olaraq qalır. Bu məqsəd siyasi hədəflərə şiddətlə, güc yolu ilə çatmaqdır. Dolayısı ilə burada əsas məqsəd Türkiyədəki iqtisadi hədəflərə zərbə endirərək, bu ölkəni müstəqil siyasətdən çəkindirmək, geri addım atmağa məcbur etməkdir. Hədəf də təsadüfi seçilməyib. Dünyanın ən yaxşı qorunan, turist və yolçu axınının mərkəzi sayılan İstanbul beynəlxalq hava limanı. Buradan milyonlarla insan gəlib gedir. Əlbəttə ki, tam turist mövsümü zamanında bu cür hədəfə vurulması Türkiyənin iqtisadi təməllərini çökəltmək, ümumilikdə ölkə iqtisadiyyatına zərbə vurmaq məqsədi daşıyır.
- Türkiyə mediasında və ictimai-siyasi xadimlərin açıqlamalarında belə bir fikir yürüdülür ki, terrorçuların zamanında zərərsizləşdirilməməsinə, terror aktının qarşısının alınmamasına bir səbəb də təhlükəsizlik tədbirlərinin zəif olmasıdır. Bu kimi fikirləri bölüşürsünüzmü?
- Hər bir terror hadisəsi təhlükəsizlik tədbirlərindəki hər hansı zəifliyi ortaya çıxara bilər. Amma bu cür uzun zaman kəsiyində planlaşdırılan, ən xırda detallara qədər düşünülmüş terror aktını dünyanın ən güclü dövlətinin təhlükəsizlik qüvvələri də önləyə bilməzlər. Çünki İstanbuldakı hava limanında terror aktının törədilməsi üçün hədəf uzun zaman seçilib. Bu hadisənin törədilməsində yüzdə yüz "sızıntı” var. Bu "sızıntı”nın da xarici kəşfiyyat dəstəyi olmadan həyata keçirilməsi qeyri-mümkündür. Təhlükəsizlik tədbirləri baxımından nə qədər mükəmməl sistem qurulsa da, bütün terror hadisələrinin qarşısını almaq çox çətindir. Türk polisi İstanbul hava limanında ciddi bir faciəni önlədi. Anında müdaxilə edərək, terroristlərin aeroportun içərisinə girməsini əngəllədi. Lakin təəssüf ki, partlayışları əngəlləmək mümkün olmadı. Hesab edirəm ki, terrorçuları idarə edənlərin əsas planı daha böyük bir faciəni yaşatmaq idi. Ancaq türk polisi buna əngəl ola bildi. Belə olmasaydı, terrorçular Türkiyənin beynəlxalq hava limanını bir növ iflic vəziyyətinə gətirə bilərdilər və onların hədəfi də bu idi. Bunun qarşısının alınmasında polisin çevikliyi, xalqın oyanıq olması xüsusi rol oynadı. Bəlkə də kimsə deyə bilər ki, əgər türk polisi doğrudan da bu qədər çevik və operativdirsə, o zaman nədən Türkiyədə terror aktlarının törədilməsi davamlı hal alıb? Əslində terror aktlarını təşkil edənlərin də məqsədi budur ki, bütün dünya Türkiyəni qeyri-sabit, davamlı terror aktlarının törədildiyi, insanlar, xüsusən də turistlər üçün təhlükəli, qərarsız, güvənsiz, zəif bir məkan kimi tanısınlar. Beynəlxalq terrorizm bir ölkəni bu hala gətirib çıxarmaq istəyirsə, onu Türkiyənin təkbaşına zərərsizləşdirməsi imkansızdır. Çünki yalnız Türkiyənin daxili və xarici kəşfiyyatının gücü ilə buna nail olmaq qeyri-mümkündür. Beynəlxalq terrorizmin qarşısının alınması üçün digər dövlətlərin əlində olan kəşfiyyat məlumatlarının da paylaşılması gərəkdir. Türkiyədəki terror hadisələrindən sonra dövlət başçılarının, rəsmi şəxslərin sadəcə türk xalqına başsağlığı verməsi, acınızı bölüşürük, hər zaman yanınızdayıq deməsi, yetərli deyil. Beynəlxalq terrorizmə, xüsusən də İŞİD kimi simasız, İslam libasına bürünən, dini pərdə altında fəaliyyət göstərən terror təşkilatına qarşı birlikdə mübarizə aparılmalıdır. Dünya dövlətləri bu istiqamətdə birgə çalışmalar ortaya qoymalıdırlar. Hazırda Türkiyə xüsusi xidmət orqanları terrorizmə qarşı öz imkan və bacarıqları çərçivəsində maksimum səviyyədə mübarizə aparır. İstanbuldakı son terror aktının törədilməsində türk xüsusi xidmət orqanlarının zəif olmasını əsas gətirənlər onu da unutmamalıdırlar ki, Türkiyənin Suriya ilə 900 kilometrlik bir sərhədi var. Suriya daxilində hazırda müharibə gedir, sadə dillə desək, terror təşkilatları bu ölkədə "at oynadır”. Həmin terrorçuların hamısının Türkiyə daxilinə sızıntısının qarşısını almaq çox çətin məsələdir. Bu yaxınlarda həmin sərhəddən Türkiyə ərazisinə daxil olmaq istəyən "canlı bomba”ların bir neçəsini türk xüsusi xidmət orqanları zərərsizləşdiriblər. Bunun kimi onlarla fakt mövcuddur. Bütün bunları bir kənara qoyub, yalnız bir hadisəyə görə türk polisinin, kəşfiyyatının zəifliyini iddia etmək, məncə, düzgün yanaşma deyil.
- İyunun 27-də Türkiyə və İsrail öz aralarında münasibətləri yaxşılaşdırmaq üçün saziş imzalayıblar. Bu sazişin imzalandığı gün Türkiyə Prezidenti R.T.Ərdoğan "Su-24” qırıcısının vurulmasına görə, rusiyalı həmkarı Vladimir Putinə barışıq məktubu göndərib. Dünən gecə isə İstanbul beynəlxalq hava limanında terror aktı törədilib. Terror hadisəsindən öncə atılan addımları əsas götürsək, yaşanan faciəni Türkiyənin diplomatik həmləsinin bədəli kimi qiymətləndirmək olarmı?
- İstanbuldakı terror aktının bu münasibətlərlə hər hansı əlaqəsinin olub-olmamasını kimlərsə istisna etməyə bilər. Lakin şəxsən mən düşünmürəm ki, İstanbul aeroportuna hücumda əsas hədəf bu münasibətlərdir. Çünki, terror aktı bir və ya iki günün içində hazırlanıb həyata keçirilməyib, spontan xarakter daşımayıb. Bu, olduqca dəqiq şəkildə, öncədən planlaşdırılmış halda və sistemli şəkildə həyata keçirilmiş terrordur. Ancaq terrorun siyasi və iqtisadi hədəflərinin olduğunu da göz önünə gətirərsək, sizin sualınızda qeyd etdiyiniz məqamı da göz önündə tutmaq gərəkdir. Kim və ya hansı güc bu terroru təşkil edibsə, bununla Türkiyənin regional güc olma yolundakı irəliləyişini əngəlləməyə çalışıb.
- Hadisə yerində "Kalaşnikov” tipli silahın tapılmasını əsas götürən bəzi ekspertlər iddia edirlər ki, terror aktını Rusiya-Türkiyə yaxınlaşmasından narahat olan Qərb təşkil edib. "Kalaşnikov” silahı dedikdə Rusiya ağıla gəldiyindən, terrorun da guya onların dəstəyi ilə həyata keçirildiyi görüntüsü yaradılıb. Belə mülahizələr nə dərəcədə əsaslıdır?
- "Kalaşnikov” avtomatı hazırda dünyadakı terrorçu qruplaşmaların istifadə etdiyi ən ucuz və ən "mükəmməl” ölüm silahıdır. Bu silahı terrorçular daha asanlıqla əldə edə bilirlər və daşınması da onlar üçün rahatdır. "Kalaşnikov” avtomatı dünyada ən çox satılan silahlardan biridir. Terror aktının törədildiyi yerdən "Kalaşnikov” avtomatının tapılmasında hansısa gücün kiməsə mesaj göndərməsini istisna etməmək lazımdır. Ancaq bununla bərabər, bir məsələ də diqqətdə saxlanılmalıdır. Bir qədər əvvəl qeyd etdiyim kimi Suriyada, eləcə də İraqda müharibə gedir. Vaxtilə hər iki dövlət Rusiya ilə müttəfiq olublar. Hər iki dövlətin gizli anbarlarındakı silah-sursatlar da Rusiya istehsalıdır. Həmin silahların da bu ölkələrdə əldə edilməsi olduqca asandır. Bu baxımdan birbaşa olaraq söyləmək olmaz ki, "Kalaşnikov” avtomatı ilə silahlanan terrorçu sifarişini Qərbdən alıb, məhz Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün belə bir hadisə törədib. Belə düşüncə İstanbul aeroportundakı terror hadisəsini bəsitləşdirmək anlamına gəlir.
- Bəzi insanlar ümumiyyətlə Türkiyədə silsilə terror aktlarının törədilməsinə səbəb kimi ölkədəki hakim partiyanın, prezidentin yürütdüyü yanlış xarici siyasi kursu əsas gətirirlər. Türkiyədəki müxalifət partiya üzvləri arasında da belə fikirdə olanlar var. Bu barədə sizin fikriniz nədən ibarətdir?
- Müxalifətin hakim partiyanı, iqtidarı haqlı tənqid etməsi normaldır. Eləcə də ölkə vətəndaşlarının siyasi hakimiyyət barədə tənqidi fikirlər söyləməsində qeyri-adi nə isə yoxdur. Ancaq xüsusilə qeyd etmək istərdim ki, İstanbuldakı son terror olayından sonra Türkiyə parlamentindəki müxalifət təmsilçiləri, hətta HDP belə, beynəlxalq hava limanındakı silahlı hücumu, onu törədənləri qınayıblar. Əsl reallıqda da terrora münasibətdə iqtidar-müxalifət ayrı-seçkiliyi, fərqli yanaşma olmaz və Türkiyədə də olmadı. Amma bununla belə, ölkə daxilində nə üçün terror aktı baş verdi kimi fikir mübadiləsi, dartışmalar olmalıdır. Çünki belə polemikalar, ortaya qoyulan suallara cavablar axtarılmadan mükəmməl bir qoruma sistemi ortaya çıxmaz. Ümumən isə Türkiyədə terrora qarşı həm cəmiyyət olaraq, həm də iqtidar-müxalifət olaraq ortaq mübarizə var. Bu da olduqca vacib məsələlərdən biridir.
- Hazırda Türkiyədə vəziyyət necədir? Terror hadisəsindən sonra dövlət səviyyəsində daha hansı işlər görülür?
- Operativ qərargah qurulduğu və bu çərçivədə işlər görüldüyünü deyə bilərəm. Amma konkret detallara varmaq üçün məlumatsızam. Hamı hansı səviyyədə bu barədə məlumat ala bilirsə, biz də həmin informasiyalarla tanış oluruq. Media rəsmi mənbələrə istinadən anbaan müxtəlif məlumatlar çatdırır. Bildiyim qədər, terrordan sonra bütün istiqamətlərə uçuşlar səhər saat 8-ə qədər dayandırıldı. Amma hazırda aeroport gündəlik iş rejimində fəaliyyətini davam etdirməkdədir. Bu isə o deməkdir ki, təhlükəsizlik sistemi tamamən təmin edilib. Türk polisi və güvənlik gücləri İstanbulda bir neçə yerdə əməliyyatlar aparıb. Terror hadisəsindən dolayı göz altına alınanlar var. Hələlik bildiklərimiz bundan ibarətdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər