• şənbə, 11 May, 07:43
  • Baku Bakı 12°C

İşsizliyin aradan qaldırılması üçün yeni addım

04.11.17 12:00 1398
İşsizliyin aradan qaldırılması üçün yeni addım
Müəssisə və təşkilat rəhbərlərinin gənc kadrlara marağını artırmaq üçün layihə başladılır. Artıq iş yerini itirən şəxslərin də yeni iş tapmaları problem olmayacaq. "Kaspi” xezerxeber.az-a istinadən bildirir ki, bu, "İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi ilə mümkün olacaq.
Hesablamalara görə, yeni mexanizm il ərzində Sığorta Fonduna 90 milyona yaxın vəsait qazandıracaq. Vəsait müxtəlif sahələr üzrə xərclənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanovunsözlərinə görə, işəgötürən təhsilini yeni bitirən gənci ən azı 2 il ərzində işlə təmin etməlidir. Bundan başqa, əmək bazarına daxil olmaqda çətinlik çəkən sığorta olunanların da yeni işlə təmin olunması həyata keçiriləcək. Fond hesabına görüləcək tədbirlər sırasında peşə hazırlığı və əlavə təhsil, peşə yönümünə dair məsləhət xidməti, ayrılan qrantla əmək yarmarkasının təşkili və s. var. Bağlanan və müflis olan müəssisələr nəzərə alınaraq fondun vəsaitinin 35 milyona yaxını işsizlik sığortasına ayrılıb.
"İşsizlikdən sığorta haqqında” qanun gələn il yanvar ayının 1-dən qüvvəyə minəcək. İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş alacaqlar. Bu layihədə əsas məqsəd işsizləri yeni iş axtarmağa sövq etməkdən ibarətdir.
Yeni layihənin gənc kadrların iş tapmağına və işsizliyin aradan qalxmasına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, professor Fikrət Yusifov bildirib ki, sözügedən layihənin reallaşması nəticəsində təqribən 8000-8500 ailənin bu proqrama cəlb edilməsi mümkün olacaq: "İşsizlikdən sığorta haqqında” qanun cari ilin 30 iyun tarixində qəbul edilib və bu qanun 2018-ci ilin əvvəlindən qüvvəyə minəcək. Bununla bağlı ölkə prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericilik bazasında zəruri dəyişikliklər aparıldıqdan sonra növbəti il üçün İşsizlikdən sığorta fondunun büdcəsi tərtib edilərək müvafiq qaydada dövlət büdcəsinin layihəsi ilə birlikdə parlamentə təqdim olunub. Həmin layihədə ilkin hesablamalara görə, 2018-ci il ərzində təqribən 89 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Bu vəsaitin təqribən 36 milyon manatının özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur. Bu isə onu göstərir ki, bu layihənin reallaşdırılması yolu ilə təqribən hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb edilməsi mümkün olacaq”.
Müsahibimiz qeyd edir ki, bu layihə ali təhsil alıb iş təcrübəsi kifayət qədər olmayan gənclər arasında işsizlik probleminin həllinə öz töhfəsini verəcək: "İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi nəticəsində gənc mütəxəssislərin işə götürülməsi sahəsində müəyyən güzəşt mexanizmlərinin tətbiqi mümkün olacaq. Bu da öz növbəsində ali təhsil alıb iş təcrübəsi kifayət qədər olmayan gənclər arasında işsizlik probleminin həllinə öz töhfəsini verəcək”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovbu layihənin heç bir istehsalat təcrübəsi olmayan gənclərin işə qəbulunu stimullaşdıracağını deyir: "Ümumiyyətlə bir çox ölkələrdə ayrı-ayrı kateqoriyalı şəxslərin işə götürülməsi üçün dövlətin yaratdığı xüsusi fondlar var. Məsələn, bu, əlillərin, gənclərin, qadınların işə götürülməsi ilə bağlı ola bilər. Və həmin fondlar işsizlərin sayının azalması istiqamətində bir sıra tədbirlər görürlər. Bunlardan biri də işəgötürənləri stimullaşdıracaq təkliflərin irəli sürülməsidir. Bizdə "İşsizlikdən sığorta haqqında” qanununa əsasən İşsizlikdən sığorta fondu yaradılıb. Həmin fondda isə təxminən 90 milyona yaxın vəsait toplanacaq. Çox güman ki, həmin pulun müəyyən bir qismi gənclərin işlə təmin olunması istiqamətində xərclənəcək. Yəni işə götürən universiteti yeni bitirmiş, heç bir iş təcrübəsi olmayan gəncə yüksək əmək haqqı vermək istəmir. Bu zaman həmin fond gəncə veriləcək maaşın yarısını ödəyir. Təbii ki, bu çox yaxşı təşəbbüsdür. Məncə, həmin layihə təhsilini yeni başa vurmuş, heç bir istehsalat təcrübəsi olmayan gənclərin işə qəbulunu stimullaşdıracaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər