• cümə axşamı, 28 mart, 12:50
  • Baku Bakı 16°C

İşsizlər üçün sığorta fondu

16.05.17 11:00 1797
İşsizlər üçün sığorta fondu
"İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsiötən həftə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. "Report”un məlumatına görə,yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki,sənəd iki il ərzində Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdəhazırlanıb.Komitə sədrinin sözlərinə görə, qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması məsələsi də var: "Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması əslində çox yaxşı bir addım kimi qiymətləndirilə bilər. Bəs bu fond necə işləyəcək? Kimlər yararlana biləcək, kimlər yox?
"Xüsusi bir fond olmayacaq”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, xüsusi bir fond olmayacaq: "Ümumiyyətlə, işsizlik sığortası ilə bağlı qanun layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb parlamentə göndərilib. Əmək və sosial siyasət komitəsinin iclasında həmin qanun layihəsi müzakirə olunub. Bu, çox müsbət qanun layihəsidir. Dünya təcrübəsində də bu barədə geniş məlumatlar var. Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən, iqtisadi münasibətlər quran inkişaf etmiş ölkələrin əksəriyyətində belə bir qanun da var, fondlar da. Bizdə isə fond olmayacaq, çox güman ki, vəsaitlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Sosial Müdafiə Fonduna yığılacaq”.

M.Quliyevin sözlərinə görə, belə bir fondun yaradılmasının müsbət tərəfi ondan ibarətdir ki, əgər müəssisə ləğv olunursa, yaxud işçilərinin bir qismi ixtisara düşürsə, işsiz qalan şəxslər iş tapana qədər, ən çox isə 9 ay müddətində müavinət alır: "Bu müavinət isə onun orta aylıq əməkhaqqına, iş təcrübəsinə bağlı olur. Əgər iş təcrübəsi və orta aylıq əmək haqqı çoxdursa, müavinət də çox olacaq. Bu, birinci növbədə işçini sığortalayır, digər tərəfdən dövlət büdcəsinin yükünü azaldır. Eyni zamanda fondda yığılan vəsaitin bir hissəsi yeni peşələr öyrənilməsinə, kurslar açılmasına, ixtisas dəyişilməsinə və s. xərclənir”.
"Bu, əmək müqaviləsi ilə işləyənlərin sayını artıracaq”
Millət vəkili bildirdi ki, fondun yaradılması həm də əmək müqaviləsi ilə işləyənlərin sayını artıracaq: "Ola bilsin ki, işçi ilə işəgötürən arasında danışıqlar gedir və rəsmi əməkhaqqı az yazılır, bir hissəsini qeyri-formal alır. Əmək müfəttişliyi bunları vaxtaşırı araşdırır. İşçinin də öz düşüncələri olmalı, az-çox gələcəyi haqqında fikirləşməlidir. Əgər belə danışıqlara gedilirsə, maaşının bir hissəsini qeyri-rəsmi şəkildə alırsa, o vergi və sosial sığorta fonduna ödəmələrdən yayınır, gələcəkdə pensiyası da az olur. İşsiz qalanda alacağı müavinətin məbləği də az olur. Bu qanunun qəbul olunması məhz həmin neqativ halların qarşısının alınmasına bir kömək olacaq.O ki, qaldı əmək müqaviləsi ilə işləyən içilərin sayının az olmasına, bəli, Azərbaycanda 4,6 milyon işləyən insan var, onun milyon yarımı əmək müqaviləsi ilə işləyir. Qalanları özünü məşğulluq, kənd təsərrüfatı sektorunda, yaxud əmək müqaviləsi bağlamadan mülki müqavilə əsasında işləyirlər və s. Məqsəd isə ümumiyyətlə, əmək müqavilələrinin sayını artırmaqdır. Harada mümkündürsə, əmək müqaviləsi ilə işləməyi təmin etmək lazımdır. Bu, birinci növbədə leqallıq şəraiti yaradır, büdcəyə vergilərin və sosial sığortaların lazımı məbləğdə ödənilməsinə səbəb olur. Digər tərəfdən, işçinin özünün də gələcəkdə baş verə biləcək hər hansı hadisələrdən, o cümlədən, pensiya, sığorta, icbari tibbi sığorta kimi hallar yaranarsa, daha yüksək imkanlarla müdafiə olunmasına gətirib çıxarır”.

M.Quliyev qeyd etdi ki, qanun qəbul olunandan sonra bu ilin payızında, gələn ilin əvvəlinə fəaliyyətə başlaya bilər: "Qanun layihəsi Milli Məclisə təqdim olunub, komitədə birinci oxunuşdan keçib. Yəqin ki Məclisin növbəti iclaslarının biridə birinci oxunuşda plenar sessiyada baxılacaq”.
"İllik büdcəsi təxminən 80-82 milyon manat arası ola bilər”
ƏməkHüquqlarını Müdafiə Liqasının rəhbəriSahib Məmmədov deyir ki, dünya təcrübəsində işsizlikdən sığorta ilə bağlı belə fondların yaradılması var: "Belə bir layihə bizdə çoxdan var. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırlasa da, təəssüf ki ictimai dinləmə keçirtməyib. Ona görə bütün müddəalar barədə məlumatlı deyilik. Amma işsizlik hallarından sığorta ilə bağlı dünya təcrübəsində bir müddəa var. Bizdə DSMF-dən işsizliyə görə müavinət üçün təxminən 4-5 milyon arası vəsait ayrılıb, bu isə çox cüzi məbləğdir. Hansı ki, bütün işsizlərin ehtiyaclarını ödəmir. Ona görə belə bir fondun yaradılmasını düşünürlər. Təxmini hesablamalara görə, ilkin variantda fondun illik büdcəsi təxminən 80-82 milyon manat arası ola bilər. Bu, əvvəlki 5 milyona nisbətdə bir az əhəmiyyətli məbləğdir”.
"Hər işsiz bəhrələnə bilməyəcək”
S.Məmmədov deyir ki, burada bir neçə diqqət yetiriləcək məsələ var: "Birincisi, fondun yaradılması işçilərlə işəgötürənlərin yükünü artıracaq. Çünki vəsait işçidən və işəgötürəndən tutulacaq. İndi ümumi götürsək, onlardan 25 faiz tutulursa, onda 26 faiz tutulacaq. Həmin bir faiz də toplanıb 82 milyonu təşkil edəcək. İşəgötürənlər onsuz da sosial sığorta yükündən yayınmaq üçün qeyri-formal əmək bazarına daha çox üstünlük verirdilər. Bu, bir az da bu məsələni aktuallaşdıra bilər. İkinci bir məsələ odur ki sığorta fondundan işsiz hər kəs bəhrələnə bilməyəcək. Burada şərtlər var. Məsələn, kimsə mülki hüququ müqavilə ilə işləyibsə, sonra müqavilə başa çatıbsa, bu fonda iddia edə bilməyəcək.

Bu, yalnız əmək müqaviləsi ilə işləyən və əmək bazarını tərk etməyə məcbur olan şəxslər üçün nəzərdə tutulub. İşçi ixtisara düşdükdə, işəgötürənin təşəbbüsü ilə hansısa hallarda işdən çıxarıldıqda, əmək şəraiti şərtlərinin dəyişməsi ilə əlaqədar işçi əmək bazarını tərk etdikdə və s. hallarda iddia edə biləcək. Əgər həmin şəxsə məşğulluq mərkəzləri məşğulluğu təmin edəcək müvafiq iş təklif etmirlərsə, onlar bu müavinəti ala biləcəklər. Bu o deməkdir ki, hazırda qeyri-formal əmək bazarında olan təxminən milyon yarım insan, 500 min mülki hüquqi müqavilə ilə işləyən insanın heç biri bu pullara iddia edə bilməyəcəklər. Layihə barədə tam məlumatlı olmadığım üçün təxmini, dünya praktikasına uyğun olaraq şərh edirəm”.
"Bu kompleks yanaşma tələb edən məsələdir”
Müsahibimin sözlərinə görə, qeyri-formal əmək bazarının hüdudları məhdudlaşdırıldığı halda, qanun daha mükəmməl işləyə bilər: "Təəssüf ki bu istiqamətdə ciddi bir inkişaf yoxdur. Yaxınlarda ölkə başçısının tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi, kameralar quraşdırılması, "ASAN xidmət” vasitəsilə vizual müşahidələrin aparılması sistemi ilə bağlı fərmanı oldu. Bu, yalnız tikinti sektorunda olacaq və yalnız Bakı şəhərində həyata keçiriləcək. Pilot layihə olduğu üçün nə qədər effektli olacağını demək çətindir. Amma qeyri-formal əmək bazarının məhdudlaşdırılması ilə bağlı növbəti addımdır. Bu kompleks yanaşma tələb edən məsələdir. Bu qanunun qəbulu digər tədbirlərin də həyata keçirilməsinə rəvac verməlidir. Əgər olarsa, bu zaman müəyyən effekt ola bilər. İndiki halda, işsizliyə görə müavinət çox effektiv olmayan bir mexanizmdir”.

S.Məmmədov bildirdi ki, Məşğulluq Mərkəzi layiqli iş təklif etməlidir deyəndə, onu nəzərdə tutur ki, hər kəs öz ixtisasına, peşəsinə, qabiliyyətinə uyğun işlə təmin olunsun: "Hüquqşünasa ixtisasından kənar iş təklif edilirsə, bu, onun üçün layiqli məşğulluq sayılmır. Amma elə bir şəxs var ki, ixtisası və heç bir peşəsi yoxdursa, iş onun üçün layiqli məşğulluq sayıla bilər. İxtisasa uyğun məşğuliyyət təklif olunduqda, şəxs ondan dalbadal iki dəfə imtina etdikdə, artıq həmin şəxs sığorta fondundan pula iddia edə bilməyəcək. Burada nüanslar çoxdur”.
S.Məmmədov qeyd etdi ki, burada narahatlıq yaradan əsas məsələ fondun formalaşması üçün mənbədir: "İndi işçilərdən 3 faiz tutulurdusa, bundan sonra 3,5 faiz, işəgötürənlərdən 22 faiz əvəzinə 22,5 faiz vergi tutulacaq. Gələcəkdə Tibbi Sığorta məsələsi var. Bu da işçi və işəgötürənlərin üzərinə düşəcək”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər