• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

İsrail TANAP-a niyə qoşulmaq istəyir?

19.07.17 10:30 1542
İsrail TANAP-a niyə qoşulmaq istəyir?
2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisinə dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır. Türkiyə mətbuatının məlumatına görə, bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib.
Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub. Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isəTANAP kəmərinədək borunun tikintisi aparılacaq. Bəs İsrailin TANAP-a qoşulmasın Azərbaycan üçün önəmli tərəfləri nələrdir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban "Kaspi”yə açıqlamasında bildirdi ki, bu hələ ki İsrailin TANAP-a qoşulması demək deyil. İ.Şaban deyir ki, Türkiyə üzərindən Avropaya hazırda bir boru kəməri var. O da TANAP-dır: "Hansı ki mərhələ-mərhələ genişləndirilə bilər. Azərbaycan, o cümlədən, onun tərəfdaşı olan BP və BOTAŞ şirkətləri bu boru kəmərini tikərkən daim açıqlayıblar ki, buradan Azərbaycan qazı ilə yanaşı, başqa ölkələrin də qazının daşınmasında maraqlıdırlar. Məqsəd region ölkələrinin hər birinin faydalanmasına xidmət göstərməkdir. Cənub Qaz Dəhlizinin təqdimatı ediləndə qeyd olunur ki, bu kəmərdən gələcəkdə maksimum dərəcədə hər bir ölkənin faydalanması mümkün olacaq. Hamıya bəllidir ki, İsrail qazının Avropaya daşınmasının TANAP vasitəsilə həyata keçirilməsi ən optimal variantdır. Kapital xərcləri çəkilmədən, mövcud infrastrukturun imkanlarından istifadə etməklə bu iş həyata keçirilə bilər”.
İ.Şabanın sözlərinə görə, yaxın vaxtlarda İsrailin TANAP-a qoşulması real deyil: "2018-ci ildə o boru kəməri istifadəyə veriləcək, 2020-ci ildə Avropaya qaz nəqli gerçəkləşəcək. Yaxın müddət üçün o boru kəmərinin genişləndirilməsi müzakirə obyekti deyil. Təqribən ilk qaz Avropaya gedəndən bir neçə il sonra boru xəttinin genişləndirilməsi məsələsi gündəmə gələcək. İsrail qazının işlənməsi və bazara çıxarılması, oradan Türkiyəyə təxminən 500 kilometrlik sualtı boru kəmərinin çəkilməsi və üstəlik, quruda təqribən 450 kilometr quru hissəsinin inşa edilməsi üçün yeni infrastruktur yaradılmalıdır. Bunun özü də xeyli zaman tələb edir. Adi bir qaz yatağının reallaşması aşağısı 5-6 il vaxt aparır. Əgər 2018-ci ildə razılıq əldə edilsə, bunun 2023-cü ildən tez gerçəkləşməsi qeyri-realdır”.
Neft-qaz məsələləri üzrə mütəxəssisZəfər Vəliyev də bildirdi ki, İsrailin Aralıq dənizində şelf yataqlarında hasil olunan qazın Avropa müştəri bazarlarına çatdırılması bugünkü məsələ deyil: "Bu məsələ 2013-cü ildə gündəmə gəlmiş enerji layihələrindəndir. İsrailin Leviafan və Tamar qaz yataqlarında hasil ediləcək qaz həcmlərinin Avropa bazarlarına çatdırılması bu gün artıq öz aktuallığını qoruyub saxlayır. Bununla bağlı müxtəlif layihələr müzakirə obyektinə çevrilib. Həmin yataqlardan çıxarılacaq qaz həcmlərinin Kipr və Yunanıstan üzərindən İtaliya bazarına çıxarılması, eyni zamanda İsrail qaz yataqları ilə Türkiyənin qaz infrastrukturlarını birləşdirəcək boru kəmərlərinin çəkilməsi məsələsi artıq müzakirə obyektinə çevrilib.Bu yaxınlarda İsrail, Kipr və Yunanıstan hökumət başçılarının görüşü oldu. Avropa İttifaqının (Aİ) enerji məsələləri komissarının da iştirak etdiyi həmin görüşdə məsələlərin nə dərəcədə aktual olduğu bir daha sübut edildi. Çünki Avrpanın 2013-cü ildən sonra enerji siyasətinin əsası yaxın 10 ildə Rusiya boru qazının asılılığından azad olmaqdır. Rusiya Avropanın Şərq periferiyasında çox güclü mövqeyə malikdir. Avropanın şərqində olan ölkələrin böyük əksəriyyəti Rusiya boru kəməri qazından tam olaraq asılı vəziyyətdədir. Ona görə Aİ-nin özünün enerji təhlükəsizliyinin təmin olunması baxımından həm İsrailin, həm də Kiprin Aralıq dənizindəki şelf yataqlarından hasil olunan qazın Avropa bazarlarına çıxarılması hədəfə alınıb”.
Z.Vəliyev bildirdi ki, burada 3 layihədən söhbət gedir: "Onlardan biri Aİ-nin enerji məsələləri ilə bağlı prioritet saydığı Cənub Qaz Dəhlizi layihəsidir. Həmin layihə də hazırda icra səviyyəsindədir. İkincisi "Türk axını” layihəsidir. Üçüncü, İsrail, Kipr və Yunansıtanı birləşdirəcək Şərqi Aralıq Dənizi layihəsidir. Onların içərisində ən cəlbedici layihə məhz Cənub Qaz Dəhlizi vasitəsilə ixrac kəməridir. Kəmər də Aİ-nin qəbul etdiyi və Avropanın üçüncü enerji paketinin şərtlərinə uyğun bir layihədir.
Lakin Kipr və Yunanıstanı birləşdirəcək Şərqi Aralıq Dənizi layihəsi texniki məsələlər və eyni zamanda siyasi nöqteyi-nəzərdən ola bilsin ki, öz həllini tapmayan layihələrdən olsun. Çünki burada geosiyası məsələlər var. İsrailin Leviafan və Tamar yataqlarına Livan da iddia edir. Bu günə kimi Livanla İsrail arasında su sərhdələrinin müəyyən edilməsi ilə bağlı saziş yoxdur. Ona görə də Livan bir dövlət olaraq həmin kəmərin çəkilişinə etiraz edir. Üçüncü həll edilməmiş beynəlxalq məsələlərdən biri Kipr məsələsidir. Çünki Aralıq dənizinin dibi ilə çəkiləcək qaz kəməri Kipr iqtisadi zonasına daxil olub, oradan Yunanıstana yol almalıdır. Orada da Kiprin türk kəsimi üçün Türkiyə dövlətinin maraqları nəzərə alınmalıdır. O maraqlar indiyə kimi həllini tapmayıb. Ona görə də İsrail, Kipr və Yunanıstanı birləşdirəcək qaz kəməri çəkilişində mütləq Türkiyənin və Kiprin türk kəsimin maraqları nəzər alınmalıdır.Eyni zamanda bunun iqtisadi bir tərəfi də var. Çünki Leviafanla, Tamar yatağını birləşdirəcək qaz kəməri Avropadakı indiki qiymətlər fonunda elə də cəlbedici deyil. 2014-cü ildə qlobal neft bazarında neftin qiymətinin əlli faizdən çox ucuzlaşması adıçəkilən kəmərin rentabelliyini şübhə altına alır. Digər tərəfdən, burada texniki məsələlər də var. Çünki 2000 km uzunluğu olan Şərqi Aralıq Dənizi kəmərinin böyük bir hissəsi məhz Aralıq dənizinin dibi ilə çəkiləcək. Bu isə olduqca riskli bir proyektdir. Baxmayaraq ki Avropa, Yunanıstan, Kipr və İsrail ekspertləri iddia edirlər ki, Aralıq dənizinin dibi ilə indiyə kimi çəkilmiş bir neçə kəmər var. Düzdür, elə kəmərlər mövcuddur. Əlcəzairlə Liviyanın qaz yataqlarından hasil olunan qaz həcmləri məhz Aralıq dənizinin dibi ilə ötürülür. Burada da çox risklər mövcuddur”.
Ekspert deyir ki, İsrail hökuməti iki layihəyə üstünlük verir. Biri İsrail, Kipr, Yunanıstan və İtaliyanın cənub regionunu birəşdirən Şərqi Aralıq Dənizi Layihəsidir. İkinci layihə ondan ibarətdir ki, İsrailin Leviafan yatağından hasil ediləcək qaz Türkiyə üzərindən Avropanın cənubuna çıxarılacaq: "Amma bu layihə gerçəkləşəcəyi təqdirdə, Rusiyanın maraqları ilə toqquşur. Çünki Rusiya iddia edir ki, Ukrayna ilə bağlanmış tranzit sazişinin müddəti 2019-cu ildə başa çatır. Rusiya siyasi dairələri indidən iddia edirlər ki, 2019-cu ildən sonra Ukrayna üzərindən Rusiya qazının Avropa bazarlarına ixracını nəzərdə tutan Transbalkan layihəsindən imtina edəcək. Ona görə də o layihə zamanı da Rusiyanın maraqları nəzər alınmalıdır. Bütün dediyim məsələlər fonunda ən cəlbedici layihə Cənub Qaz Dəhlizidir. Bu layihəyə nə Yunanıstan, nə Türkiyə, nə Rusiya, nə də digər dövlətlərin etirazı var. Çünki bu layihə Aİ-nın üçüncü enerji paketinin bütün müddəalarına uyğundur.Digər layihələr, yəni İsrailin Leviafan və Tamar yataqları, Kiprin Afrodita qaz yatağından hasil ediləcək qaz həcmlərinin Avropa bazarlarına hansısa bir marşrutla çıxarılmaq məsələsi artıq geosiyasi xarakter daşıyır. Burada siyasi qarşıdurmalar mövcud olacaq. Çünki bu siyasi anlaşılmazlıq indiyə kimi öz həllini tapmayıb. Amma İsrailin Leviafan yatağından hasil ediləcək qazın Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması həm siyasi, həm də iqtisadi baxımdan ən uyğun layihədir. Bu məsələdə Kiprin yunan kəsimin razılığı mütləq olmalıdır. Çox ehtmal ki, Türkiyə, Yunanıstan, Böyük Britaniya və Avropa İttifaqı o məsələni həll edəcəklər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər