• cümə axşamı, 25 aprel, 16:11
  • Baku Bakı 23°C

İslamiada ilə bağlı Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb

28.04.17 12:55 813
İslamiada ilə bağlı Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.
Qurumdan "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.
Müşavirədə çıxış edən nazir bildirib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyidə üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.
R.Quluzadə Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib. Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.
Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.
Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.
Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və radiotezliklər ayrılıb.
İnternet provayderlərin rəhbərləri isə məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün "Delta telecom” MMM və "Azərtelekom” MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.
banner

Oxşar Xəbərlər