• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

İslamiada günlərində muzeylərimizə turist axını olub

25.05.17 11:30 2978
İslamiada günlərində muzeylərimizə turist axını olub
Azərbaycanın ard-arda mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzuna və tanınmasına xidmət edir. Məhz bu yarışların nəticəsidir ki, ölkəmizə gələn turistlərin də sayı artır. Turist sayının artması ölkəmizin beynəlxalq aləmdə daha çox tanınması deməkdir. Ölkəyə gələn hər bir əcnəbi isə ilk növbədə onun milli mətbəxi, mədəniyyəti, tarixi ilə tanış olmağa can atır. Bu işdə mədəniyyət ocaqlarımızın üzərinə böyük yük düşür. Belə ki, hər bir mədəniyyət ocağı gələn qonağı qarşılayıb, onlara Azərbaycan xalqının mənsub olduğu mədəni nümunələri olduğu şəkildə təqdim etməyi özünə borc bilir.Yad bir ölkəyə gələn hər bir əcnəbi ilk növbədə qonaq olduğu dövlətin tarixi haqqında məlumat əldə etmək istəyir və muzeylərə üz tutur. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Muzeylər hər bir xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan mədəniyyət ocaqlarıdır. Ölkəmizdə keçirilən son beynəlxalq yarışların fonunda muzeylərimizə olan turist axını ilə maraqlandıq. Aydın oldu ki, ötən IV islam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərdə muzeylərimizə daha çox turist müraciət edib. Onlar arasında iranlılar, ərəblər, türklər, eləcə də Avropa vətəndaşları üstünlük təşkil ediblər.
Xalça muzeyinin hər zaman əcnəbi qonağı olub
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Sadiqə Abdullayeva bizimlə söhbətində son bir neçə ayda muzeyə əcnəbilərin axının çox olduğunu bildirdi: "Xalça muzeyi yarandığı dövrdə dünyada sırf xalçaçılıq sənətinə həsr olunmuş yeganə muzeydir Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramıdır. Muzeyimiz sərgilər, beynəlxalq simpoziumlar və konfranslar keçirməklə, elmi-tədqiqat, mədəniyyət və təhsil mərkəzinə çevrilib. 50 illik fəaliyyəti ərzində muzey dünyanın bir çox ölkələrində 30-dan çox sərgi təşkil edib. Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Məhz bu səbəblərdəndir ki, muzeyimizdə kifayət qədər tamaşaçısı var. Çox şükür ki, turistlər kifayət qədər gəlir. Bilirsiniz ki, xarici vətəndaşların muzeyimizə üz tutmasında muzeyimizdə keçirilən beynəlxalq simpoziumlar da böyük yer tutur”.
S.Abdullayeva deyir ki, xalça muzeyində mayın 18-19-20-də açıq qapı günləri keçirilib: "3 gün ərzində muzeyimizə giriş pulsuz olub. Mayın 18-də yekun olaraq 2071 nəfər tamaşaçı gəldi. Muzeyimiz çox əlverişli məkanda yerləşir. Dənizkənarı Bulvarı ziyarət edən hər bir xarici vətəndaş şəhər gəzintisinə muzeyimizə qonaq gəlməklə yekun vurur. IV İslam Həmrəylik Oyunları ərzində də kifayət qədər xarici vətəndaş muzeyimizə təşrif buyurdu. Əslində, Xalça Muzeyinin hər zaman əcnəbi qonağı olub. Daha çox, muzeyimizdə Səudiyyə Ərəbistanı, Amerika, İngiltərə, Fransa, Rusiya vətəndaşları təşrif buyurub. Muzeyimizlə tanış olan əcnəbi vətəndaşlar buranı çox bəyənirlər, şəkillər çəkdirir, muzeyimizin möhtəşəm olduğunu deyirlər. Muzeyimiz həm xalçaları, həm də gözəlliyi ilə xarici vətəndaşları heyran edir. Hətta olub ki, muzeyimizə gələn hansısa xarici vətəndaş növbəti dəfə də Azərbaycana gələndə bizim muzeyi ziyarət edib. Onlar burada gördüklərini öz ölkələrində də danışırlar”.

Muzeyin sözçüsü deyir ki, buraya gələn xarici tamaşaçılar daha çox XVII əsrə məxsus Əjdaha xalçasına xüsusi maraq göstərirlər. Bu xalça 400 ildir ki, ömür sürür.Muzeyin mətbuat katibi son bir neçə ayda muzeyə gələn turistlərin sayının çoxalmasını ölkəmizdə keçirilən IV islam Həmrəylik Oyunları ilə əlaqələndirdi.
İslamiada zamanı Tarix Muzeyi xüsusi gücləndirilmiş rejimlə çalışıb
Milli Azərbaycan Tarixi Muzeyinin ekskursiyaçısı vəzifəsində çalışan Afət Kərimova ilə söhbətimiz zamanı öyrənirik ki, sözügedən muzey ötən illərə nisbətdə, bu il daha çox turist qəbul edib. Turistlər əsasən Azərbaycanın tarixi ilə yaxından tanış olmaq məqsədi ilə muzeyə təşrif buyurublar: "Nəinki IV İslam Həmrəyliyi Oyunları ərzində, ondan əvvəlki günlərdə də muzeyimizə çoxsaylı turistlər gəlib. Buraya gələn turistlər daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, İran, Ərəb ölkələri, Çin, Hindistan, Amerika, Avropa ölkələrinin vətəndaşları olublar. Onlar Azərbaycan tarixi ilə çox maraqlanırlar. Tarixlə bərabər, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə maraqlananlar da olur”.

Muzeyin digər işçiləri ilə söhbətdən aydın olur ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Tarix Muzeyi xüsusi gücləndirilmiş rejimlə çalışıb. Belə ki, həmin ərəfədə ölkəmizdə olan xarici qonaqlar əsasən bu muzeyə üz tutublar. Son günlər muzeyi ziyarət edən turistlərin sayının çoxaldığı üçün muzeydə əlavə bələdçi qrupu yaradılmış və təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Muzeydə reekspozisiya işləri görülüb və ekspozisiyada "Qarabağ atı” bölməsi yaradılıb.

Əminliklə demək olar ki, Şərqlə Qərbin vəhdətini özündə əks etdirən və memarlıq incilərimizdən olan ecazkar muzey binası xarici qonaqları valeh edib. Azərbaycanın zəngin tarixini özündə əks etdirən ekspozisiya zalları, xüsusilə də muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyi turistlərin xüsusi marağına səbəb olub.
Onları daha çox Azərbaycan teatr tarixi maraqlandırır
Danılmaz faktdır ki, Milli Mədəniyyətimizin inkişafında Teatr Muzeyinin də xidmətləri var. Muzeyinin elmi katibi Şəhla Məmmədova Azərbaycan teatr sənətinin ölkəmizin mədəniyyət tarixində özünəməxsus yer tutduğunu bilirdi: "Bir əsrdən artıq tarixi olan bu sənət öz tamaşaçılarını milli, rus və qərb dramaturgiyasının ən nadir nümunələri ilə tanış edib. Bəşəriyyətin inciləri sırasına daxil olmuş klassiklərimizin də əsərləri onun səhnəsində hər zaman yer alıb. Bu sırada poeziyamızın qüdrətli söz sənətkarlarından Nizaminin, Füzulinin, musiqi korifeylərimizdən Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini misal çəkə bilərik. Peşəkar teatrımız öz yaranışının ilkin mərhələsində dünya teatrlarına örnək ola biləcək sənətkarlar da yetişdirilib. Milli mədəniyyət və incəsənətimizin böyük bir qolunu təşkil edən Azərbaycan milli teatr tarixinə dair materiallar isə indi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Hazırda onun fondlarında 136.000-dən artıq eksponat toplanıb. O ki qaldı sualınıza, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları çox uğurla başa çatmışdır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi bu böyük tədbiri dəstəkləyərək, ona öz töhfəsini verib. Bu məqsədlə muzeydə "İslam Azərbaycan Teatr Mədəniyyəti Kontekstində" adlı sərgi təşkil olunmuşdu. Sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından Əzim Əzimzadənin, Bədurə Əfqanlının, Fyodor Qusakın, Mikayıl Abdullayevin, Ənvər Almaszadənin, Kazım Kazımzadənin, Toğrul Nərimanbəyovun, Elçin Aslanovun (E.Aslan-Muxtar) yuxarıda adları çəkilən sənətkarlarımızın əsərlərinə çəkdikləri dekorasiya və geyim eskizləri nümayiş olunmuşdu. Bu əsərlərdə millilik, şərqilik, islamilik təsvirlərdə, ornamentlərdə, geyimlərdə və sairədə təzahür edilmişdir. Bununla yanaşı, sərgidə Əzim Əzimzadənin xalqımızın adət və ənənələrində, rituallarında, meydan tamaşalarında teatr elementlərini əks etdirən bir neçə eskizi və Nəcəfqulu İsmayılovun XIX əsrin sonlarında köhnə Bakı tiplərini əks etdirən əsərləri də sərgilənmişdi”.

Şəhla xanım IV İslam Həmrəyliyi Oyunlarının 18 may Beynəlxalq Muzeylər Gününə təsadüf etdiyini deyir: "Həmin günlə əlaqədar Teatr Muzeyində Beynəlxalq Muzeylər Şurasının (İCOM) "Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə deyilməyənlərin səslənməsi” devizi altında "Gələcək üçün keçmiş haqqında” adlı sərgi keçirdik. Yerli seyrçilərlə birgə şəhərimizdə qonaq olan xarici vətəndaşlar da bu sərgi ilə yaxından tanış oldular”.
Söhbət zamanı aydın oldu ki, Teatr Muzeyinə dünyanın müxtəlif ölkələrindən xarici vətəndaşlar üz tutur. Onlar daha çox Azərbaycan teatr tarixi və bugünkü teatr prosesi ilə maraqlanırlar.
İstiqlal Muzeyinin 600 dən çox qonağı olub
Azərbaycan İstiqlal Muzeyinin Elmi kütləvi şöbəsinin müdiri Mirseyibli Sədi bizimlə söhbətində son bir neçə ildə muzeyə gələn turistlərin sayının artmasını müşahidə etdiyini bildirdi: "Mayın 11-dən İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Sülh oyunları” adlı tədbir-sərgi keçirilir. Sərgi mayın 25-ə kimi davam edəcək. Sərgidə 36-dan artıq sənət nümunəsi, İslam Oyunlarını əks etdirən görüntülər əks olunub. Bu müddət ərzində həm yerli, həm də xarici qonaqlar oldu. Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən, mayın 18-19-20-də açıq qapı günləri keçirildi. Bu günlərdə turistlərin muzeyə artımı olub. Statistikaya əsasən, 600-dən artıq yerli və xarici vətəndaşların muzeyi ziyarət etdiyini söyləmək mümkündür”.

Əcnəbi vətəndaşların daha çox hansı eksponatlara maraq göstərdiyini xəbər alırıq: "Ən dəyərli zallarımızdan biri də Qarabağ zalıdır. Həmin zalda Qarabağ həqiqətləri, Xocalı soyqırımı hadisələri əks etdirilir. Muzeyə gələn hər bir turist bu bölümlə tanış olur və onlar bu həqiqəti öyrənirlər. Turistlər gələndə daha çox tariximizlə maraqlanırlar. Müasir Azərbaycan zalı ümummilli lider Heydər Əliyevin həyatına həsr edilib. Bu bölmədə ziyarətçilər ulu öndərə və ona verilən hədiyyələrə maraq göstərirlər”.
M.Sədiyə yerli tamaşaçıların müraciəti barədə də sual verdik. "Yerli vətəndaşların marağı o dərəcədə də yüksək deyil. Ancaq hər gün müxtəlif kateqoriyadan olan bir neçə insan muzeyimizə baş çəkir”-deyə, bildirdi.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər