• çərşənbə, 24 Aprel, 05:51
  • Baku Bakı 14°C

İslam yalnız yas mərasimləri, ölüyə Quran oxumaqdan ibarət deyil

06.02.14 10:49 1913
İslam yalnız yas mərasimləri, ölüyə Quran oxumaqdan ibarət deyil
Hacı Surxay Məmmədli: “Radikal dini cərəyanların fəallaşmasının əsas səbəblərindən biri də mömin insanlar arasında düzgün maariflənmənin aparılmamasıdır”
Son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə halları, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələr cəmiyyətin dindar təbəqəsinin narahatlığına səbəb oldu. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası (QŞ) yaranmış vəziyyətlə bağlı fətva verdi. Fətvada bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasından narahatlıq ifadə olundu. Bildirildi ki, müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adı ilə dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı yolverilməzdir.
QŞ həmin insanların çoxsaylı günahsız insanların məhvinə bais olmasını dinimizin mahiyyətinə zidd sayaraq vurğuladı ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir dini əsası yoxdur. Bəzi Azərbaycan vətəndaşlarının Suriyadakı savaşlara cəlb olunması, İslamda cihad, dinimizin düzgün təbliği və tədrisi, Qurani-Kərimin Azərbaycan dilində oxunması təklifi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını İçərişəhər Cümə Məscidinin axundu və icmanın sədri Hacı Surxay Məmmədli cavablandırır.
- Hacı, cihad adı ilə Suriyada döyüşməyə gedən azərbaycanlılar və onların ölümündən sonra şəhid adlandırılması ilə bağlı QMİ QŞ bir neçə gün qabaq fətva verib. Sözsüz ki, Siz də həmin fətva ilə tanışsınız. Ona görə də ilk öncə bu proseslərlə bağlı mövqeyinizi öyrənmək istərdik...

- Son vaxtlar cihad məsələsi yenidən gündəmə gəlib. Eləcə də Suriyada hökumət qüvvələrinə qarşı vuruşanlara qoşulan 100-ə yaxın azərbaycanlının həlak olması cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Həmin həlak olmuş insanların şəhid olması barədə isə yanlış rəy formalaşdırılıb. Buna Qafqaz Müsəlmanları İdarəsinin sədri, həmçinin Qazılar Şurası dərhal reaksiya verib, bəyanat yayıb. Bu bəyanatda deyildiyi kimi, reallıqda cihad anlayışı heç də Suriyada müxalifət qüvvələri ilə birlikdə savaşanların söylədiyi kimi deyil. Təəssüf ki, bir sıra radikal dini cərəyanların Azərbaycanda da uzantıları var. Bu baxımdan həm inzibati qurumlar, həm də Qafqaz Müsəlmanları İdarəsi bu məsələyə ciddi yanaşır. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük dərdi var. Belə olan halda, heç kim hansısa vətəndaşımızın gedib xarici ölkədə hökumət qüvvələrinə qarşı vuruşmasına haqq qazandırmır. Dini inancından, əqidəsindən asılı olmayaraq Azərbaycanda böyük əksəriyyət belə düşünür. Əfsuslar olsun ki, bəzən başqa bir ölkədə, özgə torpaqları uğrunda gedən savaşda, vətəndaş müharibəsində iştirak edən, burada həlak olanda şəhid sayılıb cənnətə düşəcəyini hesab edən insanlarımız da var. Əslində isə cənnət bizim Azərbaycanımızdadır. Azərbaycanın 20 faizdən artıq ərazisi işğal altındadır. Əgər onlar bu torpaqların, Vətən ərazilərinin düşmən tapdağından xilas edilməsi zamanı həlak olarlarsa, şəhidlik zirvəsinə ucalmış sayılırlar. Yalnız belə əməllərin Allah-təala yanında qədir və qiyməti olar. Cihad Allah yolunda vuruşmaqdır. Amma Suriyada, eləcə də bu kimi digər yerlərdə baş verən hadisələr həmin ölkələrin daxili işləridir. Orada vətəndaş müharibəsi gedir. Məqsəd də Suriya iqtidarını devirib yerində dini hökumət yaratmaqdır. Ona görə də bəzi vətəndaşların Suriyadakı savaşlarda iştirak etməsi heç bir məntiqə, təfəkkürə sığmır.
- Hazırda ölkəmizdə İslamın düzgün təbliği üçün hansı işlər görülür?

- Başda Şeyx həzrətləri olmaqla Qafqaz Müsəlmanları İdarəsi bu prosesə çoxdan start verib. Bizim də vəzifəmiz insanlar arasında təbliğat aparmaq, onları maarifləndirməklə başa salmaqdır. Ona görə də öz imkanlarımızdan istifadə edib İslamın, Qurani-Kərimin, şəhidlik zirvəsinin, cihadın əsl mahiyyətinin mömin qardaş və bacılarımıza çatdırılması istiqamətində iş aparırıq. İslamın fəlsəfəsini vətəndaşlarımıza izah edirik. Məscidlərdə xütbələrdə də bu məsələ daim diqqətdə saxlanılır. Namaz qılmaq üçün məscidə toplaşan möminlərimizi maraqlandıran bütün suallara ətraflı cavab verilir. Şeyx həzrətləri də bütün Axundlara tövsiyə edib ki, insanların maariflənməsi üçün onlarla mütəmadi söhbətlər aparılsın. Hamımıza aydındır ki, radikal dini cərəyanların fəallaşmasının əsas səbəblərindən biri də mömin insanlar arasında düzgün maariflənmənin aparılmamasıdır. Bunun üçün də bizlər üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.
- Məlumdur ki, bəzi Azərbaycan vətəndaşlarının yad təsirlər altına düşməsinə bir səbəb də xarici ölkələrdə dini təhsil almalarıdır. Bu mənada ölkəmizdə İslamın tədrisi hansı səviyyədədir?

- Azərbaycanda İslam çox yüksək səviyyədə təbliğ və tədris olunur. Buna misal kimi ilk növbədə bir sıra ali təhsil ocaqlarında İlahiyyat fakültələrinin olmasını göstərmək olar. Dini inancından asılı olmayaraq, hər bir kəs bu ali məktəblərdə təhsil ala bilər. Amma bəzən heç də hər bir kəsin ali təhsil almaq imkanı olmur. Bizim ölkədə müsəlmanların çoxluq təşkil etməsi nəzərə alınaraq məscidlərin nəzdində xüsusi kurslar da açılıb. Qurani-Kərim, şəriət, əxlaq və islam hüquqları bu kurslara cəlb olunanlara ətraflı izah olunur. Son 3 ildə biz bunun bəhrəsini görməkdəyik. Gənc axundlarımızın yetişməsi, dini inanclı insanlar arasında öz savadına və biliyinə görə nüfuz qazanması buna bariz nümunədir. Halbuki 15-20 il bundan əvvəl din deyiləndə qaraguruhçu qoca kişilər təsəvvürlərdə canlanırdı. Bunlardan başqa, Azərbaycanda ayrıca İslam Universitetinin olması da əhəmiyyətli hadisədir. Cəmiyyətimizdə kifayət qədər nüfuzlu, savadlı din xadimləri var ki, o universitetdə dərs deyirlər. Bütün bunlar imkan verəcək ki, gələcəkdə daha kamil din xadimləri, İslam dininin fəlsəfəsini dərindən bilən dindarlar yetişsin.
- Görülən işlərə rəğmən, bəzən indi də İslam deyəndə insanların təsəvvüründə hüzn, yas mərasimləri, yalnız ölü üçün Quran oxuyan molla və sair bu kimi dar çərçivə canlanır. Sizcə, insanları belə stereotiplərdən necə uzaqlaşdırmaq olar?

- Allah-təala Qurani-şərifdə buyurub ki, İslam dini humanist, mütərəqqi və ictimai dindir. Məncə bu, İslamın mahiyyətini tam mənada ifadə edir. İslam sadəcə yas mərasimindən, ölüyə Quran oxumaqdan ibarət deyil. Bu düşüncə tərzi ilə insanları maarifləndirmək olmaz. Hazırda məscidlərimiz böyük bir auditoriyanı əhatə edir. Əgər biz istəyiriksə, İslamın düzgün təbliğatını aparaq, o zaman bu auditoriyalardan səmərəli istifadə edilməlidir. Təkcə İçərişəhər Cümə Məscidində hər cümə 700-ə yaxın insan toplaşır. Onlar arasında cəmiyyətin müxtəlif üzvləri, o cümlədən qoca, yaşlı, cavan qardaş və bacılar var. Bu insanlar cümə namazında bir araya gəlir və biz gündəmdə olan məsələləri müzakirə edirik. İslamda qadın hüququ, vətənpərvərlik, milli-mənəvi dəyərlərin anlaşılması və sair məsələləri xütbələrimizdə gündəmə gətiririk. Yəni ali dini təhsillə yanaşı, bu kimi addımlarla da dediyiniz stereotipləri sındırmağa çalışırıq. Biz istəyirik ki, İslam deyəndə, sadəcə hüzn mərasimi, ölülər deyil, daha çox oxumaq, elmlənmək, təlimlər keçmək, bilgilənmək, elmi təfəkkürə sahib olmaq anlaşılsın. Vətəndaşlarımız bilsinlər ki, İslamın başında dayanan insani keyfiyyətlər və vətənpərvərlikdir. Demək istəyirəm ki, proses başlayıb və gedir. Amma daha böyük nəticə əldə etmək üçün vaxt, illər lazımdır. Onu da yaddan çıxarmaq olmaz ki, 70 illik sovetlər birliyi dövründə Azərbaycanda İslamın gözdən salınması, ateizmin dərin kök salması istiqamətində iş aparılıb. İnsanlarımız İslamı ancaq yas mərasimlərində, ölülərinə Quran oxumaq lazım olanda yada salıblar. İndi isə bu, belə deyil. Azərbaycan müstəqillik qazanandan sonra bütün dinlərin, eləcə də İslamın düzgün təbliği üçün bütün zəruri addımlar atılıb. Tolerantlıq mühitində hər kəs etiqad etdiyi din barədə ətraflı bilgilər ala bilər.
- Parlamentin spikeri Oktay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunmasını təklif edib. Bu təklif cəmiyyətdə müxtəlif müzakirələrə yol açıb. Tanınmış din xadimi kimi, Sizin sözügedən təklifə münasibətiniz necədir?

- Spiker Oktay Əsədovun fikirləri ilə mən də televiziya vasitəsilə tanış oldum. Təbii ki, Qurani-Kərim yas mərasimlərində oxunarkən ətrafdakıların da onu başa düşməsi vacibdir. Düzdür, Quranı ərəbcədən oxumaq daha böyük savabdır. Bu müqəddəs kitabda elə surə və ayələr var ki, onları doğma dilimizə tərcümə etmək, insanlara izah etmək yaxşıdır. Məsələn, “Yasin” surəsi oxunarkən gözəl olar ki, insanlara oxunan ayələrin mənası izah edilsin. Başa salınsın ki, Allah-təala yaratdığı bəndələrinə nə buyurur. Bu mənada hər bir insanın öz dinini dərindən bilməsi vacibdir. Lakin elə ayə və surələr var ki, onlar lakonikdir. Onun savab və dəyərini azaltmamaq üçün yalnız ərəb dilində oxunmalıdır. Ərəb dilində elə hərflər var ki, o, təhrif olunmamalıdır, onun özünün tələffüz qaydaları var. Bu, öz yerində. Amma mən də cənab spikerin sözünə qoşuluram. Qurani-Kərim oxunmalı, təbliğ olunmalı, insanlara mənası izah edilməlidir. Çünki ərəbcə oxuyanda ətrafdakıların 99,9 faizi başa düşmür ki, burada söhbət nədən gedir. Yenə təkrar edirəm ki, Qurani-Kərimi orijinaldan diqqətlə oxumaq savabdır, ancaq oxunanların ətrafdakılar tərəfindən başa düşülməsi də zəruridir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər