• cümə axşamı, 25 aprel, 19:32
  • Baku Bakı 21°C

“İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”

17.08.17 18:07 520
“İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Park İnn otelində "İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, tədbirin təşkilatçılarına və konfransın keçirilməsinə dəstək verən qurumların rəhbərliyinə dərin təşəkkürünü bildirərək islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə islam Həmrəyliyinin rolunu xüsusilə diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Azərbaycanda mövcud olan dini icmaların hər biri üçün dövlət tərəfindən eyni şərait yaradıldığını, dövlətin bir çox hallarda dini qurumlara maddi və mənəvi dəstək olmasının da müsbət qarşılandığını qeyd edib.
İslamda həmrəylik məfhumunun mahiyyətinə elmi yanaşma sərgiləyən Bilik Fondunun aparat rəhbəri professor İsaxan Vəliyev ölkə Prezidenti İlham Əliyevin fikirlərinə istinad edərək, müasir dünyamızda islam həmrəyliyinin üç istiqamətdə təşəkkül tapmasının zəruriliyini vurğulayıb: islam daxilindəki həmahəngliyin bərqərar edilməsi; bütün islam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulması; islam dini ilə digər dinlər arasında harmoniyanın yaranması. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdarlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə, islam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir.
İ.Vəliyev daha sonra islam daxilindəki həmahəngliyin bərqərar edilməsini hüquqi müstəviyə çıxararaq, konkret misallarla Azərbaycanda bu həmahəngliyin konstitusion-hüquqi əsaslarının mövcudluğunu diqqətə çatdırıb. O daha sonra islamda həmrəyliyə xələl gətirə biləcək meyillərin qarşısını almaq üçün ölkə qanunvericiliyində mütəmadi dəyişikliklərin aparılmasından söhbət açıb, "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov və digərləri çıxış edərək, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
banner

Oxşar Xəbərlər