• çərşənbə axşamı, 19 mart, 14:44
  • Baku Bakı 8°C

İslam dünyası və Azərbaycan üçün mühüm sammit

23.05.17 12:30 1534
İslam dünyası və Azərbaycan üçün mühüm sammit
Ötən həftəsonu Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. "Birlikdə güclüyük” devizi altında ilk dəfədir təşkil edilən bu sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. O, bu görüşü Amerika-İslam dünyası əlaqələrində də mühüm mərhələ kimi xarakterizə edib. "İslam sülh və tolerantlıq dinidir”, - deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə həmişə əməkdaşlığa hazır olduğunu bildirib. Sammitdə iştirak edən ABŞ Prezidenti Donald Tramp da ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. O, bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Ər-Riyadda keçirilən sammitin əhəmiyyətini, Azərbaycan dövlət başçısının bu tədbirdə iştirakını "Kaspi”yə şərh edən millət vəkili, politoloq Rasim Musabəyovbildirib ki, bu tədbir İslam ölkələrinin bir yığıncağıdır, dünyanın superdövləti ABŞ-la dialoq imkanıdır. Onun fikrincə, Yaxın Şərq həssas regiondur, buradan bir çox təhlükələr yayılır, belə olan halda həm ABŞ-ın o regiona diqqəti, həm də region dövlətlərinin Amerika ilə dialoqu vacibdir: "Vaxtilə Barak Obama da prezident seçiləndən sonra Türkiyə və Misirə səfər etməklə müsəlman dünyasına çağırış etdi. Bu çağırışlar isə daha çox islahatlara, demokratik prinsiplərə xüsusi önəm vermək, Qərbin keçdiyi yola qovuşmaq mesajları idi. Lakin sonrakı proseslər göstərdi ki, demokratiya və islahatlar bu bölgədə tərəqqi əvəzinə xaosa, anarxiyaya, vətəndaş qarşıdurmasına, terrorizmin yayılmasına yol açdı. Donald Tramp isə Ər-Riyad sammitində daha praqmatik çağırış etdi. İlk növbədə təhlükəsizliyin təmin olunması məsələsini qabartdı, bu sahədə əməkdaşlığın vacibliyi vurğulandı. Bundan başqa, İslamın terrordan ayrılması üçün İslam ölkələrinin səylərinin vəhdət şəkildə artırılması da vacibdir. Bu tezis də olduqca dəqiqdir. Azərbaycanda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilməkdədir. Bundan başqa, sammitdə bizim üçün əhəmiyyət kəsb edən məsələ müsəlman ölkələrinin iştirak etdiyi beynəlxalq miqyaslı bir tədbirə Azərbaycanın da dəvət alması, ölkə başçısı İlham Əliyevin həmin tədbirdə iştirak etməsidir. Xatırlamaq yerinə düşər ki, Yaxın Şərq regionu, təhlükə mənbəyinə çevrilən ərazilər ilə Azərbaycan arasında o qədər də uzaq məsafə yoxdur. Misal üçün, İraq, Suriya, Fələstin kimi dövlətlər Azərbaycandan cəmi bir neçə yüz kilometr məsafədədirlər. Azərbaycanla həmin regionu yalnız İran və Türkiyə kimi dövlətlər ayırır. Bu baxımdan da Azərbaycan dövlət başçısının bu sammitdə iştirakını əhəmiyyətli sayıram”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, ilk dəfə keçirilən Ərəb-İslam-Amerika Sammitinin çox böyük əhəmiyyəti var. Politoloqun fikrincə, birincisi, bu, ABŞ Prezidenti D.Trampın xaricə ilk səfəridir və onun ilk səfərini Yaxın Şərqə etməsi İslam dünyası ilə münasibətləri prioritet istiqamətə çevirmək, həmçinin bu regionu diqqətdə saxlamaq istəyi ilə bağlıdır. A.Mirzəzadə qeyd edib ki, bu, Ağ Evin yaxın 4 il ərzində Yaxın Şərqlə bağlı bir çox addımlar atacağının mühüm göstəricisidir: "Əvvəlki prezident Barak Obamanın dövründə məhz Yaxın Şərq ABŞ-ın xarici siyasətdə ən ağrılı yeri idi. "Ərəb baharı” ssenarisi, Suriyada, Yəməndə, Liviyada baş verən hadisələr, İŞİD təhlükəsi ABŞ-ın Obama dövründə buraxdığı səhvlərin hansı ağır nəticələrə gətirib çıxardığının göstəricisidir. Donald Trampın isə ilk bəyanatlarında xarici ölkələrin siyasi rejimlərini dəyişmək fikrindən uzaq olduğu, hərbi əməliyyatlar keçirmək istəmədiyi barədə bəyanatlarını hər kəs xatırlayır. Eyni zamanda Yaxın Şərq dünya bazarına daha çox neft-qaz resursları çıxaran bölgədir. Bu ölkələrlə münasibətlər dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Bu baxımdan sammitin keçirilməsi yaxın gələcəkdə bölgə, İslam dünyası ilə bağlı məsələlərin hər zaman diqqətdə olacağını göstərir”.

A.Mirzəzadə bildirib ki, Azərbaycan üçün bu sammitin keçirilməsi ümumən əhəmiyyətlidir: "Azərbaycan Şərqin, İslam dünyasının bir hissəsidir və bu dünyada baş verənlər istər-istəməz bizim də dünya birliyindəki vəziyyətimizə təsir edir. Azərbaycan Prezidentinin bu sammitə dəvət edilməsi bizim üçün ikiqat əhəmiyyətlidir. Bununla da ölkənin mövqeyinin, nüfuzunun nəzərə alındığı bir daha aydın oldu, bu bölgə, ümumən dünya ilə bağlı məsələlərdə Azərbaycanın təsir imkanlarına qiymət verildi. Qeyd edim ki, sammitdə iştirak Azərbaycan-Yaxın Şərq, Azərbaycan-ABŞ münasibətlərinə də tamamilə yeni bir keyfiyyət gətirir. Cənab Prezidentimizin tədbirdə iştirakı, onun sammit iştirakçıları ilə görüşü, bu görüşlərdə ikitərəfli münasibətlərlə bağlı fikirlərin söylənilməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycanın bu tədbirdə iştirakı ölkənin günü-gündən artan siyasi, beynəlxalq nüfuzundan xəbər verir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər