• şənbə, 20 Aprel, 08:24
  • Baku Bakı 14°C

“İslam dinini parçalayıb insanları üz-üzə qoymaq cəhdi milli maraqlarımıza ziddir”

07.03.14 08:48 1702
“İslam dinini parçalayıb insanları üz-üzə qoymaq cəhdi milli maraqlarımıza ziddir”
Musa Qasımlı: “Görünməyən, sakit axan, milli maraqlarımıza zidd olan dini cərəyanların yayılmasının əleyhinəyəm”
Türkiyədə hökumətlə Gülən camaatı arasında yaşanan gərginlikdə Azərbaycanın və bu ölkənin bir sıra tanınmış simalarının adının ən yüksək səviyyədə hallanması qısa müddət ərzində yerli medianın diqqətini məsələyə yönəldib. Hazırda müxtəlif kütləvi informasiya vasitələrində məsələnin bu və ya digər aspektləri geniş müzakirə edilməkdədir. KİV daha çox nurçuluğun Azərbaycan dövlətçiliyi üçün yarada biləcəyi təhlükələri götür-qoy etməkdədir. Dini cərəyanlara münasibət, nurçuluğun və vəhhabiliyin Azərbaycan dövlətçiliyinə təhlükəsi, saf, dini inanclı insanlardan istifadə edilməsi, dövlətin qabaqlayıcı tədbirləri və sairlə bağlı “Kaspi”nin suallarını millət vəkili, professor Musa Qasımlı cavablandırır.
- Son dövrlər Türkiyə hökuməti ilə Gülən camaatı arasında yaşanan gərginlik, eləcə dini təsir altında bəzi vətəndaşlarımızın Suriyada döyüşə yollanması dini cərəyanlarla bağlı məsələni aktuallaşdırıb. Sizin bu məsələlərə münasibətiniz necədir?
- Fətulla Gülən ilə Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan arasında gedən mübarizənin məqsədləri tam aydındır. Bu mübarizə ölkədə nüfuz, mövqelər və hakimiyyət üzərində gedir. Bizim bu məsələlərə qatılmağa hüququmuz yoxdur. Həmin mübarizə Türkiyənin daxili işidir. Biz Türkiyəni vahid, tam görürük, siyasi partiyalar və dini cərəyanlar baxımından ona yanaşmırıq. Hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaşın dini inancını sərbəst ifadə etməsi və ya seçməsi Konstitusiyamızla və qanunlarımızla tənzimlənir. Lakin ölkəmizdən bir sıra gənclərin Suriyada döyüşməyə getmələrinə dair mətbuatda çoxlu geniş məlumatların yayılması bizi düşündürməlidir. Hətta bəzi gənclərin İstanbul yaxınlığındakı bəzi düşərgələrdə təlim keçərək Suriyaya göndərilməsi barədə də fikirlər səsləndirilib. Həmin gənclər Azərbaycandakı hansı qruplar tərəfindən təşkil edilir, necə göndərilir, bunu söyləyə bilmərəm. Çünki heç bir faktım yoxdur. Amma hesab edirəm ki, azərbaycanlıların Suriyada hər hansı tərəfdən döyüşdə iştirak etmələri doğru deyil. Çünki bizim öz problemimiz var. Bu da Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsidir. Biz işğala son qoymaq barədə düşünməliyik.
- Dini cərəyanların, o cümlədən nurçuluğun və ya vəhhabiliyin geniş yayılması Azərbaycan dövlətçiliyi üçün təhlükə yarada bilərmi?
- Mən bundan bir neçə il əvvəlki müsahibələrimdə, Milli Məclisdəki çıxışlarımda demişəm ki, bəzi qüvvələrin Azərbaycanda İslam dinini parçalayıb vətəndaşlarımızı üz-üzə qoymaq cəhdi milli maraqlarımıza ziddir və dövlət-milli maraqlarımızı ciddi təhdid edir. Buna görə də Azərbaycanda xaricdən gətirilib yayılan hər hansı dini cərəyanın fəaliyyətini təhlükəli hesab edirəm. Bir anlıq düşünün: Azərbaycandan olan kiçik yaşlı uşaqların bir qismi İranda, bir qismi Səudiyyə Ərəbistanında, digər bir qismi Suriyada, tamam başqa bir qismi İraqda və digər ölkələrdə din təhsili alırlar, Vətənə qayıdıb ölkəmizdəki məscidlərdə yerləşirlər. Bunun nəticəsi nə olur? Hər şeydən əvvəl, xarici ölkələrdə uzun müddət təhsil alan bu uşaqlar fikrimcə, artıq bizim deyillər, həmin dövlətlərin xüsusi xidmət orqanlarının nəzarəti altına düşə bilərlər. Belə təsir altında olan gənclər Azərbaycana qayıdıb buradakı məscidlərdə yer alırlar. Müxtəlif dini cərəyanlara xidmət edən bu adamlar günün birində cümə namazından sonra küçəyə çıxıb bir-birinə qarşı duranda Azərbaycanda nələr baş verə bilər? Ona görə də qəti fikirdəyəm ki, azərbaycanlı uşaqların xarici ölkələrdə dini təhsil alma məsələsi ciddi şəkildə qanunla tənzimlənməlidir. Xaricdə təhsil alıb, sonra Azərbaycandakı məscidlərdə yerləşmək istəyən şəxs ilk öncə Bakı İslam Universitetini yaxşı bitirməli, sonra isə ixtisasını artırmaq üçün yetkinlik yaşına çatdıqdan, ictimai-siyasi-dini proseslərdən baş açdıqdan sonra xarici ölkələrə əlavə dini təhsil almağa gedə bilər. Bunun üçün Bakı İslam Universiteti daha da gücləndirilməlidir. Görünməyən, sakit axan, bizim milli maraqlarımıza zidd olan dini cərəyanların yayılmasının əleyhinəyəm. Fikrimcə, bizdə ənənəvi, formalaşmış din var və ona riayət edilməsi hamıya faydalı olardı. Doğrudur, Azərbaycan hüquqi dövlətdir, burada yaşayan insanların din, etiqad və vicdan azadlığı var, din dövlətdən ayrıdır, din xadimlərinin fəaliyyəti üçün ölkədə gözəl şərait var. Azərbaycan müsəlman ölkəsi, aancaq dünyəvi dövlətdir. Dindarlar onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə etməməli, dövlətin işinə qarışmamalı, hətta nəyi isə öyrətməyə cəhd etməməlidirlər. Bu baxımdan dini cərəyanların çərçivəni aşan fəaliyyətlərini milli təhlükəsizliyim üçün ən təhlükəli hallardan biri hesab edirəm.
- Bəzən sadə, öz vətəninə, dövlətinə sədaqətli insanlar da yalnız mənəvi ehtiyacdan, imandan irəli gələn inamla müxtəlif təriqətlərə qoşulurlar. Ancaq həmin təriqətlərin başında dayananlar onları konkret məqsəd və məramlara yönəldirlər. Siz bu məsələləri necə qiymətləndirirsiniz?
- Hər hansı bir şəxsi hər hansı təriqətə, yaxud da dini axınlara kimlərsə cəlb edirsə, o məsələdə konkret məqsədlərin güdüldüyü şəksizdir. Həmin məqsəd təkcə mənəvi tellərlə bağlı deyil, onun arxasında heç şübhəsiz, müəyyən siyasi maraqlar dayanır. Mən mühafizəkar deyiləm. Ancaq tarixi təcrübə göstərir ki, dünyanın heç bir ölkəsində dini cərəyanlar, dini təşkilatlar nəzarətdən kənar olmurlar. Xarici qüvvələrin təsiri altında bəzi gənclərin müəyyən yönümlərə meyl etməsini ziyanlı hesab edirəm. Hətta vəziyyət o həddə gəlib çata bilər ki, müəyyən beynəlxalq təşkilatlar həmin cərəyanların fəaliyyətinə, o cümlədən döyüşmək üçün Suriyaya göndərdikləri şəxslərə görə ölkəmizə terror və s. damğalar vura bilərlər. Bundan da dövlətimiz və millətimiz ziyan çəkər.
- Hazırda Azərbaycanda dini cərəyanların yayılma səviyyəsi təhlükə həddindədirmi?
- Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda dini cərəyanların yayılması və qanunazidd fəaliyyətləri artıq dözülməz həddə gəlib çatıb və bunun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsində fayda var. Ən təhlükəli məsələlərdən biri Azərbaycanda məlum olmayan, qeyri-ənənəvi dini ədəbiyyatın ana dilimizə tərcümə edilməsi, nəşri və yayılmasıdır. Bir azərbaycanlı olaraq, kimsə dünyanın hansısa xarici ölkəsində istənilən dini ədəbiyyatın belə asanlıqla çap edildiyini görübmü? Harada görünüb ki, necə və hansı yolla qazanıldığı məlum olmayan və əslində haram yollarla qazanılan pullarla ayrı-ayrı şəxslər məscidlər tiksinlər. Nə üçün həmin şəxslər bu pulu yol tikintisinə, su borularının çəkilməsinə, məktəb tikintisinə deyil, məhz məscid tikintisinə yönəldirlər? Burada uzağa gedən məqsədlər hansılardır? Bu məsələdə qanunlarımız qəti olaraq işləməlidir. Dini cərəyanların fəaliyyəti mütləq qanunlar çərçivəsində tənzimlənməli, öz həllini tapmalıdır. Əks təqdirdə bu, fəlakətli nəticələrə gətirib çıxara bilər. Nəzərdən qaçırmayaq ki, bu gün dünyada İslamın vahid mərkəzi yoxdur, Xəlifəlik yüz ilə yaxındır ləğv edilib. Bizim dövlətimizin ən mükəmməl və digər ölkələrə nümunə olacaq din siyasəti var. O siyasəti müvafiq qurumlar dəqiq yerinə yetirməlidirlər.
- Dövlət bu cür halların aradan qaldırılması üçün konkret hansı addımlar atmalıdır?
- Bir qədər əvvəl söylədiyim kimi, ilk növbədə bu məsələ qanun çərçivəsində həll edilməlidir. Digər tərəfdən, mənim fikrimcə, Azərbaycanda təhsil sistemində aparılan islahatlar genişləndirilməli və dərinləşdirilməli, əhali arasında maarifləndirmə proqramları həyata keçirilməlidir. Maarifləndirmə işində qeyri- hökumət təşkilatları böyük rol oynaya bilər. Bakı İslam Universitetinin fəaliyyətinə diqqət artırılmalı, Qafqaz Müsəlmanları İdarəsi işini gücləndirməli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə qanunlarımızın icrasına ciddi nəzarət etməlidir. Yas məclislərinə diqqət yetirin. Bəzi mollalar yalnız İslam tarixindən danışır və Xomeynidən sitatlar gətirirlər. Sanki İslam elə Xomeyni ilə başlayır. İslamın mənəvi tərəflərindən demək olar ki, söhbət açılmır. Halbuki həmin mənəvi amillər insanları daha da saflaşdıra, qonum-qonşuya sevgi və hörmətini artıra, dövlətə, Vətənə bağlılığını gücləndirə bilər. Bu, ölkəmizdə din xadimlərinin hazırlanması və yerləşdirilməsi sahəsində böyük boşluğun olduğunu göstərir. Bir neçə il əvvəl Milli Məclisdə söylədiyim fikirdə qalıram ki, bu məsələlər qanunlarımız çərçivəsində ciddi surətdə tənzimlənməlidir. Dini etiqad azadlığı bizim aramızda ayrı-seçkiliyə, ayrılığa gətirib çıxarmamalı, qanunlarımız ətrafında birləşməyə yardım etməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər