• çərşənbə, 24 Aprel, 14:24
  • Baku Bakı 27°C

İslam aləminə Ukrayna “töhfəsi”

29.11.13 10:30 2530
İslam aləminə Ukrayna “töhfəsi”
Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az

Avropa İttifaqına sıx inteqrasiya yolunda ilk addımdan imtina etməklə Ukrayna regionda, eləcə də dünyada güc balansının dəyişməsi mənzərəsinə çatışmayan son ştrixi əlavə etdi. Onun bu addımı beynəlxalq münasibətlər sisteminin, eləcə də Qərbin hərbi-siyasi məkanda tətbiq etdiyi güc və vasitəsinin yeni konfiqurasiyasını yaratdı. Beləcə, sanki beynəlxalq aləmdə tədricən hər şey öz yerini tutur. Dostlar - hələ seçim etməmiş düşmənlərdir.
ABŞ-ın ən böyük düşməni olan Sovet İttifaqı hazırda mahiyyət və struktur atributlarının fərqli olduğu və heç də rəqibindən zəif olmayan Avrasiya İttifaqı ilə əvəzlənməkdədir. Zənnimcə, 2013-cü il noyabrın 21-də Ukrayna hökuməti ölkənin gələcək inkişaf prioritetini müəyyənləşdirən yekun qərarı verməklə bu tarixi prosesi sürətləndirdi. Rəsmi Kiyev gözlənildiyi kimi (mən bu qərarın qəbuluna şübhə etmirdim) yeni, daha keyfiyyətli həyat uğrunda mübarizədə yaxın müttəfiq olaraq Rusiyanı seçdi. Təbii ki, belə bir qərarın qəbulu ilk növbədə Ukraynaya bəzi keçmiş hökumət başçılarının ölkəni yuvarladıqları daşlı-kəsəkli dərədən çıxmaq şansı verir. Söhbət Yuşenkoyadək ölkəni idarə etmiş Kravçuk kimilərdən gedir. Şəxsən o, 1991-ci il dekabrın 22-də digər respublikalarla ilkin razılıq əldə edilməmiş, ittifaq əmlakını bölüşdürməmiş, imperiya ərazilərində və onun hüdudlarından kənarda xidmət edən minlərlə hərbçinin taleyi nəzərə alınmamış SSRİ-nin buraxılması ilə bağlı sənədə imza atan üç nəfərdən biri olub. Açığını desək, xəlvəti icra olunmuş bu iş alçaqcasına görülmüş işi xatırladır. Cənab “narıncı” Yuşenko isə provokator kimi adı tarixə düşmüş Yuliya Timoşenko ilə birgə hakimiyyəti dövründə ölkə daxilində fitnə-fəsad yaradaraq, cəmiyyəti “özümüzünkülər” və “yadlar” adı altında bir-birinə düşmən olan iki cəbhəyə parçaladı. Özü də ukraynalılarla ruslar arasındakı tarixi dostluq və hətta qohumluq əlaqələrini zədələmək məqsədilə utanmadan həyasızcasına ən sərt və iyrənc vasitələrə əl atmaqdan belə çəkinmədi.
Lakin əcnəbilərin məsləhəti ilə istifadə edilən narıncı pərdə sonadək tab gətirə bilmədi. Nəticədə əli hər şeydən üzülmüş, nüfuzu sarsılmış Yuşenko A. S. Puşkinin “Balıqçı və balıq” nağılındakı qoca qarı kimi uçuq təknəsindəki həyatına qayıdan yeni nağıl qəhrəmanına bənzədi.
Uzun illərdən sonra da olsa, nəhayət ki, əksər ukraynalıların sağlam düşüncəsi siyasi-iqtisadi hərc-mərcliyə (ifadəmə görə üzr istəyirəm) qalib gəldi: Ukrayna sonda 75 milyon əhalisi olan ölkənin gələcəyini faktiki olaraq müəyyənləşdirdi. Mən deyərdim ki, həyati əhəmiyyətli seçim edildi. Xalqın qəlbində uzunəsrlik qonşusu olan Rusiya və slavyan olaraq eyni köklərə sahib rusların qardaş köməyilə mövcud olan bütün mürəkkəb problemləri həll etmək ümidi yarandı. Bu qərar hazırkı dərin iqtisadi, maliyyə və nə qədər ağrılı olsa da deməliyəm ki, mənəvi böhrandan çıxış yolu ola biləcək.
Baş verənlər Avropa İttifaqında kifayət qədər əsəb pozğunluğu yaratdı. Necə deyərlər, bu, müttəfiqlər üçün əsl şok oldu. Rusiyanın müqaviməti Avropa ilə yanaşı, ABŞ-ı da qıcıqlandırdı. Ukrayna ilə Rusiya Federasiyasının siyasi-iqtisadi yaxınlaşması Avrasiya İttifaqı ideyasının gerçəkləşməsinə hər vasitə ilə mane olmağa cəhd göstərən Avropa siyasətçilərinin bütün ümidlərini puç etdi. Bu məqamda ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun postunu tərk edərkən əsəbi halda bəyan etdiyi fikri xatırlamaq yerinə düşərdi: “Biz Avrasiya İttifaqının qurulmasına yol verməyəcəyik. Bu təşkilatın gələcəyi yoxdur, ona mane olmaq bizim əsas məsələmizə çevrilməlidir”. Bu gün ABŞ Yanukoviçi hətta Ukraynanın Amerikadakı bank hesablarını bağlayacağı ilə təhdid edərək heç nəyə yaramayan bu mənasız sənədi imzalamağı tələb edir. Axı dostluğa namizəd hesab etdiyin bir şəxsə qarşı necə belə təhqiramiz davranmaq olar?! Bu cür qərəzli mövqeyi nəzərə alaraq deyə bilərik ki, ABŞ və Avropa Avrasiya İttifaqını öz iqtisadi maraqları və siyasi ambisiyaları üçün əsl təhlükə hesab edirlər. Bu reallıqdır, qaçılmaz siyasi, hərbi, iqtisadi durumdur. Prosesin qarşısını almaq üçün mövcud qüvvələr balansı kifayət deyil. Dünyaya hökmranlıq iddiası çox şey tələb edir.
Unutmayaq ki, bir vaxtlar Avropa kimi ABŞ da şübhəli məqsədlərlə məsuliyyətsizcəsinə Şərqə doğru irəliləmək siyasətini əsas tutdu. Həmin dövr keçmiş sosialist düşərgəsi ölkələrindəki vəziyyət qətiyyən nəzərə alınmadı. İşlər o həddə çatdı ki, Şərqi Avropa dövlətləri hətta NATO və Avropa İttifaqına üzv qəbul edildi. Özü də həmin siyasi gedişlər Varşava hərbi-siyasi ittifaqının ləğvi - NATO-nun mübarizə apardığı “düşmən” döyüş meydanını tərk etdiyi vaxtda həyata keçirildi. 23 il ərzində Avropa İttifaqına daxil olan ölkələr bu günə kimi Avropa məkanında arzusunda olduqları xoşbəxtlik paylarını ala bilmədilər. Əksinə bu dövrdə onların iqtisadiyyatına, mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə dəyib. Fakt göz qarşısındadır – hazırda nə siyasi dividendləri var, nə də Avropanın söz verdiyi müstəqillik və azadlıqları. Nəticədə isə başqa sahələr xeyli “inkişaf edib”: ölkədə gey və lezbiyanların sayı gündən-günə artır, vətəndaş cəmiyyətinin sərbəst şəkildə özünü idarə etmək imkanı məhdudlaşdırılır. Bu təşkilatın Avropa Şurasının yeni üzvləri son vaxtlar heç ziyafətlərə və şam yeməklərinə də dəvət edilmirlər. Onların fikri heç bir məsələdə nəzərə alınmır. Hər şey Avropanın başda Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya olmaqla əsas yeddi-səkkiz ölkəsi tərəfindən həll edilir. Yerdə qalanların fikri isə kimsəyə maraqlı deyil.
Müharibə alovuna bürünmüş, əhalinin yeməyə çörək tapmadığı regionlardan gələn miqrantların sayı, işsizliyin və cinayətlərin səviyyəsi getdikcə yüksəlir. Qərb demokratiyasının al-qırmızı şüarı isə getdikcə qara rəngə bürünür. Ortada yaradıcı bir nümunə, bir layihə yoxdur! Bu illər ərzində Qərb nə kimsəyə yardım əli uzadıb, nə də ki, kiminsə bir problemini həll edib. Necə deyərlər, nə diriyə haydır, nə ölüyə vay. Mövcud münaqişələrin aradan qalxması üçün barmağını belə tərpətməsə də, onlarla vətəndaş müharibəsinin başlanmasına təkan verib. Ən acınacaqlısı isə bütün bunların bizim gözümüz önündə baş verməsidir. Kütləvi informasiya vastələri hər gün yüzlərlə ölüm faktı barəsində məlumat yayır. İnsan həyatı o qədər ucuzlaşıb ki, artıq ölümə insan faciəsi kimi baxa bilmirik. Oxuduğumuz, eşitdiyimiz xəbərlərdə bizi həlak olanların acı taleyi deyil, ölənlərin sayı maraqlandırır. Məhvedici gücə malik Avropa demokratiyasının hiss olunduğu İraq, Liviya, Suriya, Əfqanıstan və onlarla bu kimi ölkələrdə ölüm həyatın ayrılmaz hissəsinə çevrilib. Qəribədir ki, baş verənlərə şahidlik etməklə yanaşı, aramızdakı insanların bəziləri hətta bu avrokabusun carçısına çevrilir, ətrafdakıları həmin məkrli siyasətə qoşulmağa səsləyir.
Mənim baş verəcəkləri öncədən hiss etmək qabiliyyətim var. İntuisiyam məni heç vaxt yanıltmayıb. Hazırda hisslərim mənə deyir ki, bir müddətdən sonra Ukrayna kimi Azərbaycanın da Avrasiya İttifaqına, eləcə də onun əsas hissəsi sayılan Gömrük Birliyinə inteqrasiya yoluna qədəm qoyacağı istisna deyil. Təbii ki, bu, mənim hadisələrə öz baxış bucağımdır. Dediklərimi isbatlayacaq yüzlərlə dəlil və fakt mövcuddur. Qərb və Avropa bizimlə heç zaman ailənin əsas üzvləri kimi davranmayıb. Elə indinin özündə də cəmiyyətin və dövlətin tam şəkildə idarə edilməsi sistemində yetərincə inkişaf etmədiyimizi vaxtaşırı xatırlatmaqla bizə qarşı təzyiqləri davam etdirir.
2013-cü noyabrın 21-də Bundestaqın deputatlarından biri Ukraynanın Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməsini şərh edərkən bildirdi: “Avropanın rəhbərliyi və nəzarəti olmadan Ukrayna inkişaf edə bilməz”. Olduqca qəribə, hətta mən deyərdim ki, cılız məntiqdir. Həm idarə etdikləri Avropa İttifaqına dəvət edir, həm də eyni vaxtda “qonağ”ın qarşısına həbsdə olan Ukrayna vətəndaşının – Qərbin məşhur əlaltısı Yuliya Timoşenkonun azadlığa buraxılması üçün konstitusiya dəyişiklik etmək kimi həqarətli, təhqiredici şərtlər qoyurlar. Ukrayna tərəfinin Avropa İttifaqının bu cür alçaldıcı şərtini parlament qarşısına çıxarması çox gülüncdür.
Nəisə... Olanlar keçmişdə qaldı. Amma bu xoşagəlməz “qoxu” vicdanlı ukraynalıların beynini və ürəyini hələ çox bulandıracaq.
Bizə gəlincə, 23 ildir Ermənistanla müharibə şəraitində olan Azərbaycan dəstək və yardım, təcavüzkarın mühakimə olunması əvəzinə Avropa İttifaqından saysız-hesabsız məzəmmət və qınaq görür. Necə deyərlər, yanan da mən, yaman da mən. Vəziyyət o həddə çatıb ki, Avropa Parlamenti, Baş Assambleya qarşısında hüquqlarımızı müdafiə etmək isbata heç bir ehtiyacı olmayan bir məsələni sübut etmək məcburiyyətində qalmışıq. Buna baxmayaraq, bu günədək torpaqlarımızı işğal etmiş Ermənistanın təqsirkar olduğunu xatırladacaq nə bir sənəd qəbul edilib, nə də ciddi bir addım atılıb. Minlərlə soydaşımız öz tarixi yurd-yuvalarından didərgin salındığı halda Avropa hələ də Azərbaycanın işğalçı siyasətin qurbanı olduğunu etiraf etmək istəmir.
Axı Avropa bizim üçün nə yaxşılıq edib? Mənim ağlıma heç nə gəlmir. Amma biz... Şəxsən biz Avropanın enerji təhlükəsizliyinə kimi bir çox məsələlərdə əlimizdən gələni də, gəlməyəni də etmişik. Qərb həyat tərzinin həvəskarları Avropanın Yaxın Şərqdə sülhün bərqərar olmasında kiçik də olsa, əgər hansı bir rol oynayıbsa, buyurub misal çəkə bilərlər. Qoy desinlər görək, İraq, Liviya, Suriya, Əfqanıstanda, NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etdiyi üçün hərbi gücə məruz qalan Yuqoslaviyada demokratiyanın hansı forması hökm sürür. Və yaxud da izah etsinlər görək, Əfqanıstan ərazisində narkomafiyaya qarşı Qərb hansı demokratik üsullardan istifadə edir. Axı onlar özləri etiraf edirlər ki, məhz Qərbin göstərişi ilə Əfqanıstandan Avropaya daşınan narkotikin miqdarı 2000 dəfə artıb. Bütün bunlar Qərbin “xeyirxah” əməllərinin cüzi hissəsidir. Bəlkə Azərbaycan siyasətçilərinin və siyasətşünaslarının bəziləri Qərbə qarşı ona görə bu qədər sadiqdirlər?!
İndi isə bir qədər pravoslav Ukraynanın islam aləminə bəxş etdiyi dəyərli “töhfə”dən danışaq. SSRİ-nin süqutundan sonra güclü düşmənin olmaması NATO hərbi-siyasi blokunun üzvlərini çaşdırdı. İclaslardan birində məlum oldu ki, düşmənin yoxluğu NATO çərçivəsində Qərbin hərbi qüvvələrinin səfərbər edilməsində bir sıra çətinliklər törədəcək.
Bu zaman həm özününkülərə, həm də özgələrinə qarşı ürəyi kinlə dolu olan Böyük Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer həmkarlarını sakitləşdirərək dedi: “İndi bizim ortaq düşmənimiz islamdır”. O gün, bu gündür Qərb dünyası islama və müsəlmanlara qarşı müharibə elan etdi. Hadisələrin sonrakı gedişatı isə hamımıza yaxşı bəllidir...
Kimsə inkar edə bilməz ki, amerikalıların “Şər imperiyası” adlandırdıqları SSRİ-nin yerini tutmuş Rusiya Federasiyası Ukraynanın Avropa İttifaqından üz çevirməklə bağlı verdiyi tarixi qərarı sayəsində özünün NATO hərbi-siyasi alyansı ilə birlikdə Qərbin ən böyük düşməninə çevrildi. Belə olduğu təqdirdə islam faktoru beynəlxalq münasibətlərdə öz aktuallığını itirərək, ikinci plana keçir. İndi NATO-nun bütün nifrəti, kin-küdurəti və hərbi qüvvəsi Avrasiya İttifaqının, ilk növbədə onun nüvəsi olan Rusiyanın zərərsizləşdirilməsinə yönəldiləcək.
Odur ki, Ukraynanın Qərb dünyasına verdiyi “dərs” və islam aləminə bəxş etdiyi bu “töhfə” xüsusi diqqət və yüksək qiymət tələb edir!
banner

Oxşar Xəbərlər