• çərşənbə axşamı, 19 mart, 07:31
  • Baku Bakı 8°C

İslahatlar ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edib

11.07.20 18:00 646
İslahatlar ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illər ərzində möhtəşəm nailiyyətlər qazanıb. Bu nailiyyətlər Birləşmiş Millətlər Təşkilatının sənədlərində də əksini tapır. Azərbaycanın BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması da məhz bu reallığın ifadəsidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
F.Yıldırım bildirib ki, BMT-nin hesabatından göründüyü kimi, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Çox təqdirəlayiq haldır ki, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün deyə bilərik ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda "Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.
"Şübhəsiz ki, hesabatda əksini tapan məqamların əsasında dayanan əsas amillərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardır. Belə ki, dövlət başçısının həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. 2019-cu ildə reallaşdırılan böyük sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsində mühüm rol oynadı. Prezident də çıxışlarında 2019-cu ili islahatlar ili kimi səciyyələndirib. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunur”, - deyə Fatma Yıldırım vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə dünya ölkələrini birləşdirəcək mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Bu amil Azərbaycan vətəndaşları olaraq hər birimiz üçün qürurvericidir.
banner

Oxşar Xəbərlər