• çərşənbə axşamı, 19 mart, 15:31
  • Baku Bakı 8°C

“İşıqların rəqs, küləyin eşq elan etdiyi şəhər” - Fotolar

20.04.17 11:00 7265
“İşıqların rəqs, küləyin eşq elan etdiyi şəhər” - Fotolar
Türkiyənin "Hürriyyət” qəzetində yazar Saffet Emre TonğuçBakıya səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Paytaxtımızı qarış-qarış gəzən jurnalistin yazdıqları böyük marağa səbəb olub. Türkiyə mətbuatında maraqla qarşılanan S.E.Tonğucun reportajını tərcümə edərək, olduğu kimi sizlərə təqdim edirik.
Bakının mənası küləklər şəhəri deməkdir. Sovetlər dövründən sonra müstəqillik qazanan Azərbaycan öz sərhədləri daxilində neft və qaz sayəsində inkişaf etməkdə olan dövlətlər sırasındadır. Biz də Azərbaycanın paytaxtı Bakıya qonaq olduq.

Modern və çox iddialı memarlıq üslubuna malik olan binalar şəhərin bütün siluetini dəyişdirir. Bakının mərkəzində və yaxın çevrəsində tarixi binalara uyğunlaşmaq məqsədi ilə bütün binalar bir-birinə bənzəyir. Ən böyük, ən uzun, ən görkəmli məntiqi ilə hazırlanan yerlər Bakıya xüsusi bir gözəllik qatır. Gecələri ayrı bir gözəlliyə bürünən paytaxt Bakının həqiqi tarixi bu binaların gecə işıqlandırılması zamanı daha aydın nəzərə çarpır. Burada geniş bulvarın, parkın, hündür binaların işıqlarla rəqsinə heyran qalacaqsınız. Bakını üç ana hissəyə ayırmaq mümkündür: İçərişəhər (köhnə Bakı), Sovetlər Birliyi zamanı Bakının görüntüsü və Yeni şəhər.
İçərişəhər
Yerli xalq tərəfindən "Köhnə şəhər” olaraq adlandırılan İçərişəhər Şərqin ən köhnə məskənlərindən biridir. Qazıntılara əsasən, paleolit dövründən etibarən məskunlaşmış bir məkan olaraq göstərilir. Şirvanşahlar sarayı və Qız Qalası ilə birlikdə UNESCO tərəfindən dünya mirasları sırasına salınıb.
Bakılılar dənizin kənarında olan qalaya Qız Qalası deyirlər. Köhnə bir Zərdüşt məkanı olduğu düşünülən bu qala dəniz ətrafında yerləşir. Müdafiə qalası kimi nəzərdə tutulan Qız Qalası 12-ci yüzillikdə inşa edilib. Hündürlüyü 32 metr, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış,2000-ci ildəUNESCO-nun Ümumdünya mədəni irsisiyahısına salınmışdır. 8 mərtəbəli qüllənin hər mərtəbəsi yonulmuş daşlardan hazırlanıb. Qalanın altından Şirvanşahlar sarayına bir keçid olduğu da deyilir. Tarixi haqqında bir çox hekayənin danışıldığı qalanın hazırlanması şumerlərə qədər gedib çıxsa da, ancaq burada çox maraqlı bir məqam da var. Qız Qalasının üstdən görünüşü ərəb dilində Allahın 94-cü adı – "El Bakı” kimi görünür. Bu da şəhərin müstəqilliyinin göstəricisidir.
Dövlət Bayrağı Meydanı
2010-cu ildə yaradılan Dövlət Bayrağı Meydanında Azərbaycan xalqının birlik və bütünlüyünü təmsil edən bayrağın hündürlüyü 162 metrə çatır. Bu, ən hündür bayraq rekordunu qıraraq Ginnesin Rekordlar Kitabına da daxil olub. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
Kristal Hall
Xəzər dənizi ətrafında hazırlanan Kristal Hall möhtəşəm görkəmi ilə çoxfunksiyalı, qapalı bir məkandır. Burada 25 minə yaxın insan yerləşə bilər. Kristal Hall-dan gecələr göy üzünə doğru yüksələn lazer işıqları möhtəşəm bir görüntü yaradır. Eyni zamanda, sarayın üzərindəki işıqlandırma da bu binanı böyük bir kristala çevirir. Qeyd edim ki, bu binada beynəlxalq musiqi yarışması olan "Eurovision” mahnı müsabiqəsi keçirilib.
Şəhidlər Xiyabanı
Burada1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə şəhid olan azərbaycanlı və türkiyəli əsgərlər,1990-cı ilin20 Yanvar hadisələri zamanıAzərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlılar dəfn olunub. Bu yerə Şəhidlər Xiyabanı adını veriblər. Siz burada 1130 türk əsgərinin adlarını 1999-cu ildə açılan anıtın üzərində görə bilərsiniz. Hazırda rəsmi qarşılanmalarda Şəhidlər Xiyabanını ziyarət etmək protokol qaydalarına daxil edilib. Xiyabana daha rahat gələ bilmək üçün sahildən buraya funikulyor inşa olunub. Şəhidlər Xiyabanının yanında adına Şəhidlər Məscidi deyilən məscid tikilib. Azərbaycan torpaqlarını müdafiə edərkən şəhid olan türk əsgərlərinin xatirəsini yaşatmaq üçün Türk Diyanət Vəqfi tərəfindən inşa edilib.
Nizami küçəsi
Bu küçə Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin adını daşıyır. Avtomobillərə qapalı olan bu ərazi 3,5 km-lik bir ərazidir. Küçə boyunca haradasa bütün türk və dünya markalarına rast gəlməyiniz mümkündür. Buranı məşhur brendlərin bərqərar olduğu bir yer ediblər. Bu küçə ciddi bir sosial yaşam mərkəzidir. Belə ki, böyük alış-veriş mərkəzləri və mağazalar, restoran və kafelər, istirahət parkları ilə İçərişəhərin bayırında bir Avropa küçəsi yaradıblar. Buranın işıqlandırma sistemi elə qurulub ki, gecənin düşdüyü heç hiss olunmur.
Bakı Bulvarı
Sahil boyunca uzanan Bakı Bulvarı 1909-cu ildə açılıb. Ötən yüz ilin əvvəllərində burada varlı neft tacirləri yaşayırmış. Bu bölgə daha sonra Dənizkənarı Milli Park olaraq adlandırıldı və qorunma altına alındı. Xəzər kənarında yerləşən bu bulvar böyüklüyünə görə Parisdəki Sena çayı kənarında yerləşən parkdan sonra dünyada ikinci yeri tutur. Hətta dünyada ən böyük park adını qazanmaq üçün bu park yenə də uzadılır.
Alov Qüllələri
Yeni Bakıda bir yanda şüşə qüllələri ilə möhtəşəm hündür binalar var. Digər yanda isə plastik və modern memarlıq abidələri. Dünyanın ən böyük otel zəncirləri də şəhərdə öz yerini alıb. Şəhər mərkəzindəki Alov Qüllələri Bakının yeni simasıdır. 190 metr yüksəkliyi olan bu kompleks ofislər və otel olaraq istifadə edilən üç qüllədən ibarətdir. Bakının ən yüksək binası hesab olunan bu qüllələrin inşasına 2007-ci ildə başlanılıb və 2013-cü ildə tamamlanıb. Ən önəmli özəlliyi isə 10 min LED lampa ilə örtülmüş xarici qatında Azərbaycan bayrağı, rəqs edən alovlar və bu kimi müxtəlif işıq oyunları ilə Bakı gecələrinə möhtəşəm görüntü qatmasıdır.
Yerləşmə və qidalanma
Sonuncu dəfə Bakıya gələndə, bu qüllələrdəki Fairmont otelində qaldım. Otelin otaqlarında özünü sanki Bakını bir helikopterlə gəzirsənmiş kimi hiss edirsən. Otaqların bir tərəfi şüşədən ibarətdir. Bakının işıqları yatağınıza qədər gəlir. Bu qüllələrdə yerləşən otaqlar çox genişdir və burada hər bir şərait var. Sahildəki Four Season Hotel də yeni bir binadır. Ancaq keçmişin memarlıq üslubunda tikilib. Hilton kimi çox sayda başqa beş ulduzlu otellər də bu bölgədə yerləşir. Rus mətbəxi üçün "Mari Vanna”, uzaq Şərq mətbəxi üçün "Çinar”, modern Azərbaycan mətbəxi üçün "Sahil”, tarixi azəri mətbəxi üçün isə "Naxçıvan” restoranlarını yoxladım. "Paris Bistro”nun soğan şorbası çox ləzzətli idi. "Rooms” sevdiyim yerlərdən biri oldu. "Manqal”ın kabablarına isə bayıldım.
Tərcümə etdi: Xəyalə Rəis


banner

Oxşar Xəbərlər