İşini qəfil itirən şəxs nə etməlidir? - Gənclərə məsləhət
Abid Səmədov: "Bir insan uzun illərə dayanan təcrübəsi
olduğu halda, iş tapa bilmirsə, ilk növbədə problemi özündə axtarmalıdır”
Hər bir
kadr gözlənilmədən işini itirə bilər və belə hallarla üzləşənlər çox olur. Bu zaman
bir qisim kadr bir neçə gün ərzində yeni iş tapdıqları halda, bəziləri uzun
müddət işsiz qala bilərlər. Hətta bir il və daha çox iş tapa bilməyənlərə də
rast gəlirik. Bəs burda problemin səbəbi nədir? Kadr, qəfil işdən ayrılanda
işsiz qalmamaq üçün nələri bilməlidir?
İnsan Resursları (İR) üzrə mütəxəssis Abid Səmədovun sözlərinə görə, əmək bazarında olan hər bir
kadr, qəfil işsiz qalmaqla üzləşə bilər. Bu zaman uzun müddət işsiz qalmamaq
üçün isə hər kəs öz sektoru ilə bağlı geniş məlumatlı olmalıdır: "İstənilən
işçi daxil olduğu və ya daxil olmaq istədiyi sektor haqqında geniş məlumat
toplamalıdır ki, işlə bağlı seçimləri və alternativləri çox olsun. İnsanlar
maraqlandıqları sektorda fəaliyyət göstərən şirkət və qurumlardan xəbərdar
olmalıdırlar. Lakin eyni zamanda, onları araşdıranda, özlərinə "Mən başqa harda
işləyə bilərəm?” sualını verməlidirlər. Bu, onlara daha tez və daha rahat şəkildə
iş tapmaq imkanı yaradacaq”.
Abid Səmədov
iş tapmağa müsbət təsiri olan faktorlar arasında şəbəkələşmənin önəmli olduğunu
bildirdi: "Rahatlıqla iş tapmağın əsas yollarından biri də insanların öz əhatə
dairələrini genişləndirməyidir. Bunu şəbəkələşmə adlandırırıq. Düzdür, insanlar
fərdi müraciətlərlə də iş tapa bilərlər. Amma daha çox insanla tanış olub əlaqələr
yaratmaq və onlarla əməkdaşlıq qurmaq da yaxşı bir yoldur”.
Mütəxəssis
bildirdi ki, iş tapmaq üçün müasir dövrün yaratdığı imkanlardan da faydalanmaq
lazımdır: "Məsələn, "Facebook” və "LinkedIn” kimi internet portalları bu cəhətdən
faydalı platformalardır. Daha çox "LinkedIn” bu istiqamətdə köməyə çatır. İş
axtarışında olan insanlar həmin portallarda özləri, bacarıqları və təcrübələri
haqda elanlar paylaşa bilir və hansı sektorda çalışmaq istədiklərini qeyd edirlər.
Beləliklə, geniş bir kütləni məlumatlandırmış olurlar. Bir də görürsən ki, çox
keçməmiş, sizə cavab gəlir və müxtəlif təkliflər irəli sürülür”.
Mütəxəssisin
fikrincə, əgər bir insan uzun illərə dayanan təcrübəsi olduğu halda iş tapa
bilmirsə, ilk növbədə problemi özündə axtarmalıdır: "Burda da səbəb müxtəlif
ola bilər. Ola bilər ki, o adamın uzun bir təcrübəsi var, amma üzərində çox da
işləməyib. Digər tərəfdən isə bəzən görürsən ki, kadr həqiqətən istedadlı və təcrübəlidir,
öz üzərində işləyib, amma əmək bazarında üzdə deyil. Daha dəqiq desək, əmək bazarında
heç bir böyük şirkət bilmir ki, belə mütəxəssis var. Bu da həmin insanın özü
haqda geniş məlumat verməməyi və bunu portallar vasitəsilə yaymamağından irəli
gəlir. Yaxşı olar ki, o cür mütəxəssislər "LinkedIn” portalında öz hesablarını
yaratsınlar, təcrübələrini və tələblərini qeyd etsinlər. Ümumilikdə, düşünürəm
ki, çox təcrübəli və bacarıqlı insanın uzun müddət işsiz qalması mümkünsüzdür”.
İR mütəxəssisləri
işəgötürmə prosedurunda kadrların iş dəyişərkən nə qədər müddət işsiz
qalmalarına da fikir verirlər. Maraqlıdır, işə qəbulda kadrın nə qədər işsiz
qalması norma kimi qəbul edilə bilir? A.Səmədov bildirdi ki, burda konkret vaxt
aralığı yoxdur: "Bəzi kadrlar işlərini itirəndə, çox aktiv şəkildə iş
axtarırlar. Bir qisim isə deyir ki, bir-iki ay istirahət edim, sonra işlərə
baxaram. Ona görə, nə qədər işsiz qalmağın norma olması ilə bağlı dəqiq fikir
demək olmur. Elə kadr var ki, uzun illərin təcrübəsi var, işini qəfil itirib,
amma o demək deyil ki, təklif olunan hər işə də gedəcək. Onun işlə bağlı maaş,
vəzifə tələbləri olur və onu qarşılamayan işlərə razılıq vermir. Uzun müddət
gözləyir ki, özünə uyğun iş olanda getsin”.
Abid Səmədov
deyir ki, kadrlar hər bir an işlərini itirməyə maliyyə cəhətdən də hazır
olmalıdırlar: "İnsanlar həm də işsiz qalma ehtimallarını nəzərə alıb, maddi cəhətdən
müəyyən dərəcədə tədbirli olmalıdırlar. İşsiz olduğunuz halda yaşayışınızı təmin
edə bilmək istəyirsinizsə, heç olmasa üç aylıq bir müddət üçün hazırlıq görməyiniz
məsləhətlidir. Təbii ki, ailə qurmamış və tək yaşayan fərdlər
üçün bu, daha asandır. Amma ailə həyatı qurmuş fərdlər bu məsələyə daha da
ciddi yanaşmalıdırlar”.
Aynur Babayeva