• cümə axşamı, 25 aprel, 21:56
  • Baku Bakı 21°C

“İşığı sönməyə qoymayaq, qaranlıqlar onsuz da çoxdur”

04.02.20 16:40 6984
“İşığı sönməyə qoymayaq, qaranlıqlar onsuz da çoxdur”
Ədəbiyyat adamları KİV DF-nin "Kaspi”yə maliyyə yardımı ayırmamasına etiraz edirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Amma Azərbaycan və rus dillərində nəşr olunan "Kaspi” və "Kaspiy” qəzetlərinə maliyyə yardımı ayrılmayıb. Fondun bu qərarı ictimaiyyət arasında kəskin narazılıqla qarşılanıb. Ədəbiyyat adamları da Fondun bu ədalətsiz qərarı ilə bağlı fikirlərini bildiriblər.

Səlim Babullaoğlu, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair: "Kaspi” qəzetinə maliyyə yardımının ayrılmaması xəbərinə üzüldüm. Fikrimcə bu yanlışlıq tezliklə aradan qaldırılmalıdır. "Kaspi” öz adı, yeni dövrdəki tarixi, eyni zamanda varisi olduğu qəzetin tarixi ilə Azərbaycan mətbuatının, mətbuat mədəniyyətinin rəmzlərindən biridir. Belə bir ifadə var, deyirlər ki, mədəniyyətdə ardıcıllıq, ənənə mədəniyyət subyektinin özündən vacibdir. Ona görə, mən səlahiyyətli şəxslərin bu məsələni daha düzgün qiymətləndirmələrini və qərarlarına yenidən baxmalarını istəyirəm. Mən ədəbiyyatçıyam və "Kaspi” qəzetinin bütün əlavələrini, xüsusən "Ədəbiyyat” əlavəsini, eləcə də "Artkaspi.a”z saytını yüksək dəyərləndirirəm, onların daimi oxucusuyam. İnanıram ki, həm qəzetin bütün kollektivi, eyni zamanda "Ədəbiyyat” əlavəsinin əməkdaşları olan həmkarlarımız işsiz qalmayacaqlar, əvvəlki əzmlə dövlət, mədəniyyət naminə çalışacaqlar. İnanıram ki, jurnalistlərin böyük dostu, hörmətli Prezidentimiz İlham Əliyev cənabları özü bu məsələyə müdaxilə edəcək, problem də ən yaxın zamanda öz həllini tapacaq”.
Əjdər OL, AYB-nin Ədəbiyyat Fondunun direktoru, yazıçı: "Kaspi” qəzeti bizim çox qədim tarixi, ənənələri olan bir qəzetdir. Onun nəşrinin davam etdirməsi, bizim həm mətbuat tarixi baxımından, həm də apardığı fəaliyyətinin – ziyalılıq fəaliyyətinin, elmi, ədəbi, bədii, informasiya sahəsindəki fəaliyyətinin davamı kimi çox yaxşı və vacib olardı”.

Elnarə Akimova, filologiya elmləri doktoru, tənqidçi: "Bugünkü dövrdə yaxşı qəzetləri əldə saxlamaq əsas hünər istəyən işlərdən biridir. "Kaspi” qəzeti güclü ənənələri olan və bu günə qədər də həmin ənənələri saxlayan, daim dəyərli şəxsiyyətlərin yaradıcılığına diqqət ayıran, dövlətçilik təfəkkürünə son dərəcə sadiq qalan qəzetdir. Ona görə də, belə bir qəzetin bağlanması ədəbiyyatımız üçün də, mədəniyyətimiz üçün də, tariximiz üçün də yaxşı deyil. Ədəbiyyat sahəsində bu qədər boşluğun olduğu bir vaxtda, yeni bir boşluğun açılması heç də mütərəqqi hal sayılmır”.

Əlabbas Bağırov, yazıçı: "Ədəbi aləmdə tanınmağımda bu qəzetin də rolu və xidməti olub. Eyni zamanda orda, yəni redaksiyada bir-birindən dəyərli dostlarım çalışırlar. Dolanışığın və gün-güzəranın yaradıcı insanların istəkləri ilə uyğun gəlmədiyi bir vaxtda, maliyyə yardımının dayandırılması xəbəri məndə yalnız təəssüf və təəccüb hissi doğurdu. Heç olmasa bunu nəzərə almaq lazımdı ki, "Kaspi"ni kimlər, hansı kişilər bu xalqa əmanət qoyub gediblər!”

Şərif Ağayar, yazıçı: "Açığını deyim ki, mən qəzetlərdə daha çox ədəbiyyat və mədəniyyət yazılarını oxuyuram. Bircə "Kaspi"nin ədəbiyyat buraxılışı kifayət edir ki, qəzetin fəaliyyətini davam etdirməsini arzulayaq. Yaxşı bir hekayə, yaxşı bir şeir, yaxşı bir esse mənim üçün işıq deməkdir. İşığı isə sönməyə qoymayaq gərək, qaranlıqlar onsuz da çoxdur”.

Mübariz Örən, yazıçı: "Hər bir qəzetin, jurnalın bağlanmaq təhlükəsi ürək ağrıdır, xüsusən "Kaspi" kimi 3 əsrlik tarixi olan qəzetin. Ümid edək ki, bu çətinlik həllini tapacaq, qəzet öz yoluna davam edəcək”.

Əkbər Qoşalı, şair-publisist: "Üç əsrlik tarixi olan "Kaspi” qəzetinin maarifçi qəzet olmasını, jurnalistikada babalarımızın yolunu, ənənələrini davam etdirməsini, habelə yeni nəsil Azərbaycan yazarlarını davamlı və keyfiyyətli şəkildə təbliğ etməsini, düşünürəm ki, bütün oxucular minnətdarlıqla qeyd edirlər. Bütün başqa məziyyətləri bir kənara qoysaq, ən azından elə bircə bu səbəbdən qəzetin fəaliyyətinin davam etdirməsi hər birimiz üçün könül arzusudur, təmənnasıdır”.

Fərqanə Mehdiyeva, "Ulduz” jurnalının şöbə müdiri, şair: "Mən uzun illərdir ki, "Kaspi” qəzetinin oxucusuyam. "Kaspi” qəzeti 3 əsrdir ki, xalqa xidmət edir. Çox oxunaqlı qəzetdir, sevimli qəzetdir. Bir ədəbiyyat adamı kimi həmişə qapıları mənim də, digərlərinin də üzünə açıq olub. Qəzetin "Ədəbiyyat əlavəsi”ndə bir-birindən maraqlı ədəbiyyat nümunələri çap olunur. Bunlar hər birimiz üçün həddindən artıq lazımlı və gərəklidir. Çox istərdim ki, dövlət belə bir qəzetdən dəstəyini əsirgəməsin. Düşünürəm ki, bu, tək mənim fikrim deyil, insanlara işıq salan bir qəzetin fəaliyyətini davam etməsini hər kəs istəyir”.

Mirmehdi Ağaoğlu, yazıçı: "Kaspi" qəzeti mənim də dəfələrlə çap olunduğum mətbu orqandır. Hər zaman onun səhifələrində bir-birindən maraqlı ədəbi materiallar oxumuşam. Düşünürəm ki, ədəbi prosesin canlanmasında "Kaspi" qəzetinin, xüsusən də onun "Ədəbiyyat əlavəsi”nin, internet variantı olan "Artkaspi.az” saytının danılmaz rolu var. Hazırda "Kaspi" qəzetinin düşdüyü bu çətin məsələ onun həm oxucusu, həm də yazarı olaraq məni də narahat edir. İnanıram ki, bu məsələ həllini tapacaq, "Kaspi" fəaliyyətini davam etdirəcək, kimlərinsə maraqlarına qurban getməyəcək”.

Cavanşir Yusifli, tənqidçi, ədəbiyyatşünas: "Kaspi” qəzetinin biz desək də, deməsək də, böyük bir tarixi var, bu qəzetdə və bu adla işıq üzü görən elektron nəşrdə çox peşəkar, öz işini bilən səriştəli jurnalistlər çalışır. Qəzetin, xüsusi ilə ədəbi-mədəni siyasətinin davam etdirilməsi arzuolunandır. Fikrimcə, məsələ təkcə orda çalışan çoxsaylı jurnalistlərin işsiz qalmasında deyil, daha çox böyük tarixi olan qəzetin qapanması, ənənələrin qırılmasıdır. Hazırda qəzetdə çalışan jurnalist kollektivi onun keçmişdən üzü bəri gələn sağlam ənənələrini yeni şəraitdə düzgün qura biliblər. Bu adda jurnalistika ənənəsi olan, indi də peşəkar qəzetçilərin çalışdığı bir orqana maliyyə yardımını kəsmək, zənnimcə, düzgün deyil”.

Xanım Aydın


banner

Oxşar Xəbərlər