• cümə, 19 Aprel, 11:36
  • Baku Bakı 13°C

“İşığa gedən yol” - Fotolar

23.09.16 19:33 3112
“İşığa gedən yol” - Fotolar
"İşığa gedən yol” təkcə Həsən bəy Zərdabi haqqında roman deyil, həm də XIX əsr və həm də XX əsrin ilk illəri ictimai, siyasi, mənəvi kontekstdə Azərbaycan həqiqətləri barədə tarixi-bədii bir əsərdir. Bu əsərdə tarixi həqiqətlərin heç biri təhrif olunmur. Müəllif XIX əsr Azərbaycanının tarixi həqiqətləri fonunda bir böyük şəxsiyyətin mükəmməl obrazını yaratmağa can atıb və buna kifayət qədər nail ola bilib”. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın "İşığa gedən yol” romanının təqdimat və imza mərasimində səslənən bu fikirlər milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və dövrünün mütəfəkkirlərinin ictimai fikir tariximizdəki xidmətlərinə işıq saldı.

Ədəbiyyatda hadisə
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq Sona Vəliyevanın müəllifi olduğu «İşığa gedən yol» romanı ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığına - işığa gedən bir ömür yoluna işıq salmağa çalışdığını qeyd etdi: "Həsən bəy Zərdabi haqqında müxtəlif əsərlər yazılıb. Bu əsər Zərdabinin doğulduğu gündən məzara getdiyi günə qədər ömür yolunu zərgər dəqiqliyi ilə araşdıraraq onu bədii şəkildə oxuculara təqdim edir. Yazıçı bu əsərlə Həsən bəy Zərdabiyə heykəl ucaldıb”. K.Tahirov qeyd etdi ki, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu kimi şəxsiyyətlər haqqında nə qədər çox kitablar yazılarsa insanlar da onları həmişə yad edər, böyüyən nəsil də bu şəxsiyyətləri yaxından tanıyar.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev böyük bir tarixi əsərin ərsəyə gəldiyini xatırladaraq ədəbi mühitin belə bir romana ehtiyacı olduğunu vurğuladı: «Bədii əsər yazmaq asan deyil. Bununla belə, bədii əsərlər çox yazılıb, amma Həsən bəy Zərdabinin 65 illik ömrünün hər anının qələmə alındığı sanballı bir əsər yox idi. Bu roman Azərbaycan mətbuatı və maarifçilik tarixində, milli ədəbiyyatımızda böyük rol oynayacaq”. Kitabın dilinin sadə və rəvan olduğunu qeyd edən V.Əliyev romanda söhbətin təkcə tarixi şəxsiyyətlərdən getmədiyini, həmçinin onların əhatə olunduğu mühitdən, ünsiyyətdə olduğu insanlardan, tarixi dövrün maarifçi insanlarından bəhs olunduğunu qeyd etdi: "Bu roman o tarixi dövrü öyrənənlər üçün gözəl bir mənbədir. Əsərdə ailə münasibətlərinə, şəxsiyyətlərin yaşadığı dövrə dəqiqliklə nəzər salınıb. Bu cür tarixi şəxsiyyətlərlə bağlı əsərlərin yazılışı davam etməlidir ki, biz onları yaxından tanıyaq”.
«Bu roman ona görə böyükdür ki, bütöv və zəngin bir həyatı ortaya qoydu. Belə bir əsər yazılmamışdı»- deyən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin sözlərinə görə, əgər söhbət milli mətbuatın yaradıcısından gedirsə, daha çox jurnalistlər bu şəxsiyyətə sahib çıxmalıdır. C.Məmmədli tarixi romanın ortaya çıxmasında müəllifin klassikaya məhəbbətini vurğuladı: «Əsərdə həmin tarixi dövr son dərəcə bədii göstərilir. Obyektə sevgi ilə yanaşmayanda bu səviyyədə alınmır». İndiyə qədər kitab haqqında müxtəlif lisenziyaların yazıldığını qeyd edən C.Məmmədli əsərin yazılmasını ədəbiyyatda hadisə adlandırdı: «Roman haqqında daha çox jurnalistlər yazdı. Bu kitab ədəbiyyatda hadisədir».
Tarixi əsərlərə ehtiyac
Romanın bədii məziyyətləri haqqında məqalə ilə çıxış etdiyini bildirən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov rəhbərlik etdiyi qurumun 2016-cı ildə «İşığa gedən yol» romanı ilə bağlı qərar qəbul etdiyini bildirdi. Belə ki, əsər birinci dərəcəli Ali Media mükafatına layiq görülüb: «Hər bir xalqın tarixində ayrı-ayrı şəxsiyyətlər mühüm rol oynayır. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi üçlüyü 20-ci əsrdə Azərbaycan tarixinin inkişafında mühüm rol oynayan şəxsiyyətlərdir. Xalqımız onun həyatında rol oynayan dahi şəxsiyyətlər haqqında geniş məlumata malik olmalıdırlar. Bu baxımdan, «İşığa gedən yol» romanı dəyərlidir». İndiyə qədər Həsən bəy Zərdabi haqqında müxtəlif monoqrafiyaların, məqalələrin və s. yazıldığını bildirən MŞ sədri milli mətbuatımızın banisi haqqında mükəmməl bir romanın olmadığını qeyd etdi: «Kitab Azərbaycan ədəbiyyatına töhfədir. Belə bir şəxsiyyət haqqında ilk dəfədir ki, belə əhatəli və mükəmməl əsər yazılıb. Tarixi roman yazmaq böyük əmək tələb edir. Sona Vəliyeva bu yükə çiyin verdi və ortaya dəyərli bir əsər qoydu. İndiyə kimi ədəbi aləmdə özünü şairə kimi təqdim edən Sona Vəliyevanın birdən-birə irihəcmli əsər yazması onun Azərbaycan tarixinə olan sevgisinin təzahürüdür. Bu əsər Azərbaycan jurnalistikasına və ədəbiyyatına əsl töhfədir».
AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov "Sona Vəliyeva şairədir, bədii təfəkkür sahibidir, eyni zamanda, jurnalistdir. Bu üç xüsusiyyət olmasa Zərdabi haqqında yazmaq olmazdı. Elə tarixi şəxsiyyətlər var ki, onların haqqında yazmaq asandır. Çünki haqlarında istinad olunası məqamlar çoxdur. Həsən bəy Zərdabi haqqında yazmaq isə çətindir. Çünki onun kimi şəxsiyyətlərin həyatında təzadlar daha çoxdur. Belə bir şəxsiyyət haqqında yazmaq həm də məsuliyyətlidir. Sona xanım bu məsuliyyəti dərk edərək əhatəli bir roman yazıb». Görkəmli jurnalistlər haqqında əsərlərin az olduğunu qeyd edən millət vəkili hesab edir ki, bu cür əsərlərin yazılması ilə cəmiyyətdə Həsən bəy Zərdabi kimi şəxsiyyətlərin səviyyəsinə yüksəlmək meyli yaratmaq mümkündür: «Belə tarixi əsərlər yazılmalıdır ki, gənc jurnalistlərimiz, ümumən cəmiyyət üçün nümunə olsun».
Yay aylarında «İşığa gedən yol» romanını mütaliə etdiyini və hələ də bu əsərin təəssüratları ilə yaşadığını bildirən millət vəkili, yazıçı-publisist Elmira Axundova bu romanın təkcə Zərdabi haqqında deyil, 19-21-ci əsrin Azərbaycanı haqqında olduğunu diqqətə çatdırdı: «Bu kitab Azərbaycan haqqındadır. Müəllif bu əsərdə 10-a yaxın tarixi şəxsiyyətdən bəhs edib. O dövrlərin mühiti, tarixi şəxsiyyətləri, ədəbi məclisləri haqqında oxucuya geniş məlumat verilir. Bu mənada kitab ensiklopediyadır». Əsərin müəyyən hissələrində müəllifin öz məhrəm fikirlərini, düşüncələrini Zərdabinin adından verdiyini bildirən, üstündən 150 il keçməsinə baxmayaraq, hələ də çox şeyin dəyişmədiyini təəssüflə qeyd edən millət vəkili «Böyük şəxsiyyətlər haqqında yazmağa hər kəsin haqqı yoxdur. Gərək yazan insanla həmin şəxsiyyət arasında mənəvi yüksəklik bərabər olsun. Bu mənada Sona xanımın həyat və fəaliyyəti ilə Zərdabinin arasında müəyyən paralellər var», - deyə millət vəkili qeyd etdi. O, romanın rus və ingilis dilində çap olunması təklifini irəli sürdü.

Cahilliklə ziyalılığın mübarizəsi
Hər bir kitabın təqdimatını kitabsevərlər üçün bayram kimi dəyərləndirən Xalq şairi Sabir Rüstəmxanlı ədəbi aləmdə nasir qadınların az olmasına diqqət çəkərək, birdən-birə bir qadın yazarın belə bir mükəmməl əsər yazmasına heyranlığını gizlətmədi: «Bizim nəsildə qadınların yazdığı belə bir əsər yoxdur. Müəllif Həsən bəy Zərdabinin doğulduğu gündən məzara getdiyi günə qədər həyat yolunu bütün detalları ilə təsvir edir. Tarixi şəxsiyyətlərin həmin dövrü bu romandan keçir». Bu cür tarixi şəxsiyyətlərin millətin həyatında mühüm rol oynadığını qeyd edən xalq şairi müəllifin bu əsərlə xalqımızın ana köklərindən birini millətə təqdim etdiyini qeyd etdi: «Bu əsərdə Azərbaycanın coğrafiyası var. Bu yollardan yüzlərlə tarixi şəxsiyyətlər keçib. Onların keçdiyi yolu, düşüncələrini, ünsiyyətlərini, dövrün abı-havasını qələmə almaq o qədər asan deyil». S.Vəliyevanın Həsən bəy Zərdabinin başladığı yolu davam etdirdiyini qeyd edən S.Rüstəmxanlı bu gün həmçinin yazıçının təsisçisi olduğu «Kaspi» qəzetinin milli mətbuatımızın inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı: «Bu gün milli mətbuatımız azdır. Gizli qüvvələrin, separatçı dairələrin, tərəflərin mətbuatı var. Belə bir vaxtda «Kaspi» qəzeti milli mətbuatımıza öz töhfəsini verməkdədir». Bu günə qədər çoxlu tarixi romanların yazıldığını qeyd edən S,Rüstəmxanlı həmin əsərlərin çoxunun tarixi koloritinin olmadığını, informasiyalar üzərində yazıldığını vurğuladı: «19-cu əsrdə yaşayan o şəxsiyyətlərin hər birinə heykəl qoyulmalıdır. Onlar nə qədər yazıblar, yanıblar, söyülüblər, ancaq axırda Azərbaycanın müstəqil dövlət olmasına nail olublar».
«Ədəbiyyat» qəzetinin baş redaktoru Azər Turan «İşığa gedən yolu»u bir Azərbaycan yazıçısının Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi töhfə kimi dəyərləndirdi: «Romanı oxuyanda heyrətləndim. Sona xanım bütün arxivləri araşdırıb, tədqiqatlar aparıb belə bir sanballı əsər yaza bilib». S.Vəliyevanın başladığı bu işi digər yazıçıların da davam etdirməsinin vacib olduğunu vurğulayan A.Turan görkəmli şəxsiyyətlər haqqında əsərlərin yazılmasına böyük ehtiyac olduğunu qeyd etdi: «Həmin əsərlər müəlliflərinin yolunu gözləyir».
Bu günə qədər Sona Vəliyevanı şairə kimi tanıdığını deyən akademik Teymur Kərimli «İşığa gedən yol» romanından sonra müəllifi istedadlı yazıçı və tarixçi kimi də kəşf etdiyini qeyd etdi: «Əsərin ilk səhifəsindən məlum olur ki, roman böyük tədqiqatların məhsuludur. Kitabdan yüzlərlə insanın adı keçir. Sona Vəliyeva romanla işıqlı yolu göstərir. Bu işıq keçmişdə qalmayıb, gələcəyə işıq salır. Ona görə də bu əsər müasirdir».
Romandakı hadisələrin ardıcıllığına və məzmunun dolğunluğuna diqqət çəkən yazıçı Yunus Oğuz kitabın axarlı olduğunu, bütün bölgələri, tarixi dövrlərin mükəmməl verildiyini qeyd etdi: «Əsərdə cahilliklə ziyalı olmağın mübarizəsi ustalıqla verilib».
Nəsrlə məşğul olan qadınların ədəbi aləmdə az olduğunu qeyd edən Əməkdar jurnalist Flora Xəlilzadə Sona Vəliyevanı tanınmış yazıçı Əzizə Cəfərzadənin davamçısı adlandırdı: «Romanın mütaliəsindən böyük zövq aldım. Çoxdan idi ki, belə bir mükəmməl əsər oxumamışdım».
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid əsərin 19-cu əsr Azərbaycan ziyalılarının yetişdiyi mühitdən bəhs etdiyini qeyd edərək romandakı bədiiliyi, sistemliliyi və məntiqi ardıcıllığı yüksək qiymətləndirdi: «Kitabda romançılıq üçün əhəmiyyətli məqamlar çoxdur. Hesab edirəm ki, bu roman əsasında gözəl bədii film çəkilə bilər».
Əsər haqqında mətbuatda «Tərəqqiyə gedən yol» adlı məqalə ilə çıxış etdiyini deyən yazıçı-publisist Akif Əli müəllifin ədəbi aləmə sanballı bir əsər bəxş etdiyini vurğuladı: «Kitabda faktlardan məharətlə istifadə olunub. Əsər boyu müəllifin tədqiqatçılıq qabiliyyəti meydana çıxıb. Hadisələr məntiqi ardıcıllıqla verilib. Həsən bəy Zərdabinin obrazı çox mükəmməl və istedadlı qələmlə yazılıb. Müəllif Həsən bəy Zərdabini bizə yenidən tanıdıb».
Tənqidçi Əsəd Cahangir romanın məziyyətlərindən söz açaraq «Bu, istedadlı bir yazıçının yazdığı tarixi roman deyil, tarixə bələd olan bir tədqiqatçının əsəridir” deyə qeyd etdi: "Bizim romançılıqda tarixi romançılığın yaranması həmişə çətin olub. Bu əsər təkcə haradan gəldiyimizi yox, həm də hara getdiyimizi və nələrə söykəndiyimizi göstərir”. Tənqidçi S.Vəliyevanı tarixi şəxsiyyət haqqında ilk tarixi roman yazdığını qeyd edərək müəllifin qadın yazar kimi Azərbaycanın fikir tarixində qalacağını qeyd etdi: «Məncə ən gözəl bədii əsər yazıçının Allahla, vicdanla olan söhbətidir. Sona Vəliyeva Allahı və vicdanı olan yazıçıdır”.

Mənəvi borc
«İşığa gedən yol» romanının təqdimatının tələbəlik həyatının keçdiyi, elm məbədi olan Milli Kitabxanada keçirilməsindən böyük fərəh duyduğunu qeyd edən yazıçı-publisist Sona Vəliyeva qonaqlara təşəkkür edərək niyə məhz Həsən bəy Zərdabi haqqında roman yazmasına aydınlıq gətirdi: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və onlara mənəvi borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq, vətəndaş, soydaş borcumuz var”. Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadığını qeyd edən S.Vəliyeva "Çünki o, ilahi missiyası olan adam idi. İdeyaları yazarlara tanrılar ötürür”,- deyə qeyd etdi.
Təqdimatda iştirak edən digər çıxışçılar da "İşığa gedən yol” kitabının tarixi və bədii əhəmiyyətindən danışaraq, əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin və tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu vurğuladılar. Romanın təkcə jurnalistlərin deyil, ali və orta məktəblərin şagirdləri, ümumən geniş oxucu kütləsi tərəfindən oxunması tövsiyə edildi.

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova














banner

Oxşar Xəbərlər