İşgüzar görüşə gedərkən nələri bilməliyik? - Gənclərə məsləhət
İşgüzar
görüş hər kəsin həyatında vacib olan görüşlərdən biridir. İşə qəbul olunmaq
üçün özünü təqdimetmə böyük önəm kəsb edir. Bəzən həyəcanlı, stressli oluruq,
bu da bizim işimizə təsir edir. İşgüzar görüşə gedərkən bu sahədə müəyyən
təcrübəsi olan, işin mütəxəssisləri ilə məsləhətləşmək lazımdır. Bu dəfə
gənclərin belə məqamlarda necə davranmalı olduğunu, özünü təqdimetmənin nə
dərəcədə əhəmiyyət kəsb etdiyini öyrənməyə çalışdıq. Bunun üçün də suallarımızı
mütəxəssisisə ünvanladıq.İşgüzar
görüşə gedən gənclər əsasən nələri bilməli, hansı nüanslara fikir verməlidirlər?
"ANC
GROUP” LLC-nin İnsan Resursları Departamentinin mütəxəssisi Aysel Hüseynova
deyir ki, işgüzar görüş iş həyatına yeni addım atan gənclər üçün xüsusi
əhəmiyyət daşıyır: "Belə görüşlərə getməzdən əvvəl, seçdiyiniz işi
istəyib-istəmədiyinizi bilməniz önəmlidir. Ünvan dəqiq olaraq araşdırılmalı və
şirkət haqqında məlumat əldə edilməlidir. Yəni şirkətin missiyasını, vizyonunu,
dəyərlərini öyrənmək lazımdır. İş görüşməsi zamanı ilkin təəssürat çox
önəmlidir. Günlük həyat tərzinizin nə olduğundan asılı olmayaraq, görüşə
gedərkən bu məsələyə xüsusi önəm verdiyinizi əks etdirən geyimlər seçməlisiniz.
Belə görüşlər zamanı insan resursları əməkdaşı yer göstərmədən öncə əyləşməyin.
Cavabını bilmədiyiniz sual versələr belə, həmin an "bilmirəm” deməyin, zaman
qazanmaq üçün "bir az həyəcanlıyam” deyib, düşünmək üçün zaman qazanın. Ən
əsası, özünüz kimi olun, istədikləri kimi deyil. Gülümsəməyi unutmayın”.
Bəs işgüzar
görüşdə özünü təqdimetmə necə olmalıdır? Müsahibimiz deyir ki,
tərcümeyi-halınızda xüsusi əhəmiyyət kəsb edən məqamlara toxunmaq, verilən
suallara açıq və aydın şəkildə cavab vermək lazımdır: "Görüşün ilk 30
saniyəsində görünüşünüz, üslubunuz qarşınızdakı insan tərəfindən mənfi və ya
müsbət dəyərləndiriləcəkdir. Buna görə də, görüşün başlanğıcından etibarən
pozitiv olmalısınız və özünəinamınız yerində olmalıdır. Özünüzü gərgin hiss etsəniz
belə, gülümsəyin. Müsahibə götürən məsul şəxs sizin bu iş üçün doğru insan
olub-olmadığınızı bilmək istədiyi kimi, eyni zamanda, siz də bu vəzifə üçün
doğru insan olub-olmadığınızı bilmək istəyərsiniz. Belə görüş əslində iş,
şirkət mədəniyyəti və daha bir çox məsələ ilə bağlı məlumat almaq üçün
fürsətdir. Düzgün təqdim etməmə işə götürməyə mane ola bilər. Müsahibə zamanı
uzun müddət səssiz qalmaq, çəkingənlik səbəbi ilə ifadə etmək istədiklərinizi
deyə bilməmək, özünüzü doğru təqdim etmək baxımından sizə maneə ola bilər. Görüş
zamanı duruşunuzu, göz kontaktınızı, danışıq tərzinizi, bədən dilinizi çox
professional şəkildə idarə etməlisiniz”.
A.Hüseynova
gənclərin işgüzar görüşlərdə nələri yanlış etdiklərindən, görüşməyə gedən zaman
həyəcanı dəf etmək və özünəinamı bərpa etmək üçün nələri etməli olduqlarından
da danışdı. Bildirdi ki, işgüzar görüşlər zamanı bəzən yaxşı CV olduğu halda
belə, gənclər uğur qazana bilmirlər: "Bunun səbəblərinə görüşə gecikmək, geyimə
diqqət etməmək, müsahibəyə hazır olmamaq, telefonu söndürməmək, CV-ni unutmaq,
bir öncəki iş yeri haqqında neqativ fikirlər söyləmək və s. kimi nümunələr
göstərə bilərik. İstər ilk işgüzar görüş olsun, istər onuncu, hər kəs
müsahibədə həyəcanlanır. Önəmli olan həyəcanlanmamaq deyil, həyəcanı doğru
idarə edə bilməkdir. Stresslə mübarizə aparmağın başlıca yollarından biri
pozitiv düşünməkdir. Gedəcəyiniz yerdə həyəcanlanırsanızsa, öncədən yaxın
dostlarınızdan biri ilə məşq edin. Müsahibə zamanı sakit, təsirli çıxış nümayiş
etdirin. Hər görüşdən sonra sizə verilən sualları və bu suallara verdiyiniz
cavabları qeyd edin. Daha sonrakı işgüzar görüşlərdə bu sualların cavablarını
inkişaf etdirməyə çalışın”.
Günel Azadə