• cümə, 19 Aprel, 22:34
  • Baku Bakı 24°C

“İsgəndər”in buynuzu - FOTOLAR

09.04.21 16:30 1499
“İsgəndər”in buynuzu - FOTOLAR
"Rusiya qeyri-qanuni əməllərinə aydınlıq gətirməlidir”
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən (OTRK) atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz "İsgəndər-M” OTRK-yə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra aprelin 2-də elan edib. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Bununla yanaşı, bir qrup azərbaycanlı jurnalist "İsgəndər-M”lə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Şuşa şəhərində Rusiyaya məxsus "İsgəndər-M” OTRK qalıqlarının aşkar edilməsinin Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olduğu xatırlanaraq, rus ordusunun təchizatında istifadə olunan, ixrac edilmək üçün nəzərdə tutulmayan raket kompleksindən Şuşaya necə atəş açılmasına aydınlıq gətirilməsi tələb olunub. Jurnalistlər ümid ediblər ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək.


Beynəlxalq konvensiyalara zidd addım

Mövzu ilə bağlı millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar zamanı döyüş meydanında tarix yazaraq düşmənə ağır zərbə vurub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı sarsıdıcı zərbələr alan Ermənistan ordusu, xüsusilə, bu ölkənin hərbi-siyasi rəhbərliyi ağır məğlubiyyətin acığını çıxmaq üçün müharibə cinayətləri törətməklə məşğul olub: "Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Tərtər və Xızı kimi döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı, mülki əhalimizi hədəf alaraq raket zərbələrinin endirilməsi, nəticədə dinc əhalinin amansızcasına qətlə yetirilməsi müharibə cinayətidir, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən növbəti terror aktıdır. Bu qanlı cinayətin törədilməsi zamanı qadağan olunmuş silahlardan istifadə edilməsi isə beynəlxalq konvensiyalara ziddir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə cinayətlər törətməsində əsas məqsədlərdən biri Azərbaycanda insanlar arasında qorxu yaratmaq idi. Ermənistanın hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməsi, əslində, düşmən ordunun və onun rəhbərliyinin acizliyindən xəbər verir. Bu mənada diqqəti Şuşa döyüşlərinə çəkmək istərdim. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixində yeni səhifədir. Xüsusi təyinatlı dəstələr Şuşa şəhərini yüngül silahlarla, heç bir ağır silah və artilleriyadan istifadə etmədən düşməndən azad edib. Bəs Ermənistan nə edib? Şuşada ağır artilleriya - top və tanklardan istifadə edib. Şuşa yaxınlığına "İsgəndər-M” raketinin atılması isə Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti cinayət əməlidir. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanda "İsgəndər” raketinin "E” versiyası olmalıdır. Ancaq biz buna ilkin mərhələdə tam əmin ola bilmərik ki, Ermənistan tərəfi "İsgəndər-M” raketlərini əldə etməyib. Çünki həm hərbi əməliyyatlardan əvvəlki dövrdə, həm də hərbi əməliyyatlar zamanı Ermənistana qanunsuz yollarla silahlar daşınıb. Odur ki, "İsgəndər-M” raketlərinin Şuşa ərazisinə atılması məhz Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin işi olması güman edilir”. Deputatın sözlərinə görə, bu barədə Rusiya tərəfinin açıqlaması qənaətbəxş deyil: "Rusiya tərəfinin məsələ ilə bağlı ilkin açıqlaması var. Orada qeyd edilir ki, Ermənistan ərazisində olan Rusiya hərbi bazalarından heç bir atəş açılmayıb. Bununla belə, Rusiya tərəfinin məlum açıqlaması heç də qənaətbəxş hesab edilmir. Şuşa ərazisinə "İsgəndər-M” raketinin atılması dünya mətbuatında kifayət qədər rezonans doğurub və birmənalı qarşılanmayıb. Müvafiq qurumlar tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılır. Güman edirik ki, Rusiya tərəfi məsələ ilə bağlı daha dolğun açıqlama verəcək”.


Müxtəlif bəhanələrlə qaçmağa çalışırlar

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Ermənistanı həm gizli, həm də açıq yollarla daim silahlandırıb. Onun sözlərinə görə, Vətən Müharibəsi vaxtı da Rusiyadan Qazaxıstan, Türkmənistan, İran hava sahəsi üzərindən Ermənistana qeyri-qanuni yüklərin - silahların daşındığına dair faktlar açıqlanıb: "Rusiya tərəfi özü də rəsmi səviyyədə etiraf edib ki, müharibə zamanı Ermənistana kifayət qədər dəstək veriblər. Eyni etiraf Ermənistan rəsmiləri tərəfindən də dəfələrlə səsləndirilib. Bu o deməkdir ki, Rusiya Ermənistana istənilən qədər hərbi dəstək göstərib, indi də bu dəstək davam etməkdədir. Rusiya Ermənistanın keçmiş rəhbərlərinə 200 milyon dollar vermişdi ki, hərbi texnika alsın. Bundan başqa, bu illər ərzində xeyli silah-sursat təmənnasız olaraq Azərbaycanla müharibə aparan, torpaqlarımızı işğal altında saxlayan Ermənistana verilib. Vətən Müharibəsinin gedişində, hətta sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar daşındığına dair məlumatlar var. Bu məsələlərə hər hansı aydınlıq gətirmirlər, müxtəlif bəhanələrlə qaçmağa çalışırlar. Ona görə də, biz tələb etməliyik ki, bütün bu məsələlərə aydınlıq gətirilsin”.


Baş verənlər təxribatların davamıdır

Siyasi şərhçi bildirib ki, Rusiyanın ittihamlar qarşısında susması aşkar olunanların təkzibedilməz sübut, fakt olduğunu bir daha nümayiş etdirir: "Biz bu dövləti qeyri-qanuni fəaliyyət üstündə yaxalamışıq. Şuşada tapılan "İsgəndər-M” raketinin qalıqları nümayiş etdirilib. Biz ortaya faktları qoymuşuq. Rusiya isə bu cür ciddi ittihamlara reaksiya vermir, susqunluq nümayiş etdirir. Rusiyanın Ermənistana silah verməsi prosesi bu gün də davam edir. Buna görə də biz Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik. Ermənistanla müharibədə qalib gəlmişik, bunu bacarmışıq, bundan sonra da bacararıq. Hazırda bizim əsas vəzifəmiz Rusiya hərbçilərinin5 ildən sonrabölgəni tərk etməsinə nail olmaqdır. Çünki Rusiya hərbçiləri bölgədə öhdələrinə düşən vəzifələrini yerinə yetirmirlər, təxribatçı əməllərə yol verirlər. Rusiya müdafiə nazirinin müavini rəsmi Bakının icazəsi olmadan Qarabağa gəlir, orada yeni modul tipli yerləşim yerləri açır. "İsgəndər-M” Operativ Taktiki Raket Kompleksi ilə bağlı baş verənlər də bu təxribatların davamıdır. Rusiya qeyri-qanuni əməllərinə aydınlıq gətirməlidir”.


Cənubi Qafqazda balansın qorunması üçün...

"Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli isə hesab edir ki, Cənubi Qafqazda balansın qorunmasını Rusiyada bəzi dairələr Ermənistanın silahlanmasında görürlər. Onun fikrincə, bunun acı nəticələrinə işğal altındakı ərazilərimizin azad olunması uğrunda apardığımız Vətən Müharibəsində şahid olmuşuq: "Ermənistan bütün beynəlxalq qanunlara və Haaqa konvensiyasının protokollarına zidd olaraq, taktiki raket komplekslərindən yaşayış məntəqələrimizə, mülki şəxslərə qarşı istifadə etdi. Onlar, 2000-ci ilin əvvəllərindən başlayaraq, Ermənistana Rusiyanın hərbi qurumları tərəfindən verilən həmin qadağan olunmuş silahlar idi. Bu silahların bəziləri Ermənistana pulsuz, yəni sadəcə olaraq, müəyyən razılaşmalar əsasında verilmişdi. "İsgəndər” raket kompleksi də bu silahlardan biridir. Bilirik ki, Ermənistanın iqtisadi vəziyyəti, maliyyə ehtiyatları bu raket kompleksinin alınmasına imkan vermir. Ermənistan hələ 2017-ci ildə "İsgəndər-E” raketinin alınması ilə bağlı açıqlama yaymışdı. Müharibə dövründə də belə bəyanatlar verilirdi ki, Ermənistanda yalnız "İsgəndər-E” raket kompleksi mövcuddur. Amma müharibədən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının apardıqları işlər zamanı Şuşada "İsgəndər-M” raketinin qalıqları aşkarlandı. Hesab edirəm ki, buna görə Ermənistan, xüsusilə təcavüzkar ölkəyə dağıdıcı silahlar verən Rusiyadakı müəyyən dairələr məsuliyyət daşıyır”.


Rusiyanın dünyadakı nüfuzuna böyük zərbə

Hərbi ekspert deyib ki, Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi barədə yayılan məlumatların, habelə bu prosesdə erməni əsilli Rusiya vətəndaşlarının iştirakı araşdırılmalıdır: "Rəsmi Moskvanın məsələyə münasibət bildirməməyi, bununla bağlı məlumatların yalnız mediada yayılması Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Rusiyanın aidiyyəti qurumları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyinin bu məsələyə qənaətbəxş münasibət bildirməsi və müvafiq araşdırmalar aparılması zəruridir. Ümumiyyətlə, Ermənistanın bölgədə gərginlik yaratmasının səbəbkarlarından biri də həmin ölkənin silahlanmasıdır. Əgər Ermənistana qanunsuz olaraq silah verilməsəydi, bu problemlər ortaya çıxmazdı. Müharibə dövründə Ali Baş Komandan, Prezident İlham Əliyev də bununla bağlı fikirlər söyləyib, öz müsahibələrində beynəlxalq təşkilatlara bu silahların Ermənistanda haradan olması barədə suallar ünvanlayıb. Bu gün də biz təcavüzkar ölkədə hansı taktiki raket komplekslərinin mövcudluğundan xəbərsizik. Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük Vətən Müharibəsi dövründə dinc azərbaycanlı əhalinin raket atəşinə tutulması kontekstində qiymətləndirilməlidir və silahlara nəzarət üzrə beynəlxalq təşkilatların bu məsələdə qəti mövqeyi olmalıdır. Hesab edirəm ki, həm "İsgəndər”, həm də "Elbrus” və "Toçka-U” taktiki raket kompleksləri, habelə reaktiv yaylım atəş sistemləri kimi dağıdıcı silahların işğalçı Ermənistana verilməsi Rusiyanın nəinki bölgədə, həm də dünyada nüfuzuna ciddi xələl gətirə bilər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər