• cümə axşamı, 28 mart, 23:59
  • Baku Bakı 13°C

İşəgötürənin qəlbini “fəth etməyin” yolları

18.09.13 10:51 5566
İşəgötürənin qəlbini “fəth etməyin” yolları
İşə düzəlməyin ən vacib elementi gözəl CV yazmaqdan keçir. Təbii ki, CV-nin içərisində işəgötürəni qane edən səhih məlumatlar olmalıdır. Qeyd edək ki, Sovet dönəmində tərcümeyi-hal yazarkən sonda mütləq xaricdə qohumunun olmamasını və məhbus olmadığınızı göstərməli idiniz. Müstəqil Azərbaycanda işəgötürənlər nəyə fikir verirlər? CV-ni necə yazmaq, hansı qaydalara əməl etmək lazımdır ki, qısa, professional portretiniz olan CV ilə işəgötürənin “qəlbini” fəth edəsiniz. Bunu öyrənmək üçün mütəxəssislərlə danışdıq.
Əvvəlcə onu deyək ki, çoxlarımızın əsl mənasını bilmədiyimiz CV sözü ingilis sözlü olan “curriculum vitae”nin qısaldılmış formasıdır. Azərbaycanca tərcümeyi-hal deməkdir.
Fotosuz CV zibil qutusuna gedir
Mütəxəssislərin fikrincə, işinizin çox gözəl bilicisi ola bilərsiniz, amma yazdığınız CV yaxşı olmasa, sizdən daha az bilənlər sizin yerinizi tuta bilərlər. Çünki 1-2 səhifədə CV ilə işəgötürənə özünüz haqqında lazım olan məlumatları dəqiq, qısa və konkret ötürməlisiniz. Xarici, yaxud beynəlxalq şirkətə CV göndərərkən isə çalışın şirkətin tələb etdiyi dildən asılı olaraq ingilis, rus, yaxud digər dildə olsun.
CV-də şəkilin olması vacibdir. Şəklinizə baxarkən ətrafdakılara pozitiv enerji verməlisiniz. Yəni qaşqabaqlı durmağa ehtiyac yoxdur, gülümsəməyiniz məsləhətdir. Onu da qeyd edək ki, bəzi şirkətlər şəklini CV-yə əlavə etməyən namizədlərin CV-sinə baxmamış zibil qutusuna atırlar.
İşəgötürənlə 1 ildən az işləməyin mənfi tərəfi
Kompyuter biliklərinizi də vakansiyaya uyğun olmasa belə, göstərin. Çünki müasir dövrdə kompyuteri bilmədən işləmək demək olar ki, mümkünsüzdür. Buna görə də CV yazmazdan əvvəl ibtidai səviyyədə olsa belə, kompyuteri öyrənin ki, bunu CV-nizdə qeyd edə biləsiniz.
İşəgötürənlər həm də təcrübəsi olan işçilərin bir işdə neçə müddət qalıb işləməsinə də fikir verirlər. Əgər müddət 1 ildən azdırsa, bu, işəgötürəndə heç də yaxşı təəssürat oyatmır. Çünki sabahısı gün işçi həmin işəgötürənlə də 5-6 ay işləyib çıxa bilər. Bu isə işəgötürənlər üçün münasib deyil. Çünki işəgötürənlər uzun müddət onların şirkətində çalışıb qayda-qanunları mənimsəyənlərlə işləməyi sevirlər.
İş təcrübəsi olmayanlar isə yaxşı olar ki, müxtəlif kurslara gedərək dil, kompyuter biliklərinə, yaxud hansısa ixtisasa yiyələnsinlər ki, CV-ləri boş görünməsin.
İşdən mehribanlıqla ayrılın
Təhsil illərini, işlədiyiniz yerləri də sonuncudan başlayaraq sıralamaq vacibdir. Yəni sonuncu iş, yaxud təhsil aldığınız yeri əvvəldə göstərməlisiniz. Onu da deyək ki, CV-ni əllə yazmağı ağlınızdan belə keçirməyin. Çünki kompyuter əsrində bu, çox gülməli görünər.
Mütəxəssislər məsləhət görür ki, işdən çalışın ki, mehribanlıqla ayrılasınız. Çünki bəzi şirkətlər işə adam götürərkən namizədin işlədiyi əvvəlki şirkətə zəng edib həmin şəxs haqqında məlumat alırlar. Məlumatlar ürəkaçan olmasa, təbii ki, həmin namizəd kənarda qalır.
Namizədi nə bir addım geri atır?
Maymed MMC-nin direktor müavini, uzun müddət bu şirkətdə kadrlarla iş üzrə direktor işləyən Xəyyam Cavadov bizimlə söhbətində CV qəbul edərkən nələrə fikir verdiklərini danışdı. Bildirdi ki, CV-nin dolğun, tam yazılması həmin adamın işə verdiyi önəmlə ölçülür: “Bəzən görürsünüz ki, məlumatları yarımçıq yazırlar, yaxud yazdıqlarının içərisində yalan məlumatlar olur. Bu artıq işəgötürəndə həmin namizəd haqqında mənfi rəy oyadır. Digər göstəriciləri işə nə qədər uyğun olsa da, yalan məlumat artıq həmin namizədi bir addım geri atır. Ümumiyyətlə, şəxsi məlumatların dolğunluğu önəmlidir, namizədin adı, soyadından tutmuş yaşına, evli, subay, yaxud boşanmış olması, yaşadığı, qeydiyyatda olduğu ünvan barədə bütün məlumatlar CV-də yer almalıdır”.
“Facebook” səhifəni də əlavə etməli
X.Cavadov deyir ki, çağdaş dünyada yaşadığımız üçün şəxsi məlumatların içərisində müraciətçinin elektron ünvanı və sosial şəbəkələrdəki ünvanının qeyd olunması önəmlidir: “Bu həmin adamın yeni dünya ilə nə dərəcədə ayaqlaşa bildiyini göstərir. İkinci etapda isə namizədin təhsili ilə bağlı məlumatlardır dolğun göstərilməlidir, daha sonra isə onun hansı təlimlərdə, təkmilləşdirmə proqramlarında iştirakı qeyd olunmalıdır. Bu cür proqramlarda iştirakı onu göstərir ki, adam öz üzərində çalışır, özünü inkişaf etdirməkdən ötrü kurslara yazılır və s”. Müsahibimizin sözlərinə görə, namizədin dil və kompyuter kurslarını bitirməsi və sertifikatının olması hələ hər şey demək deyil: “Adam CV-də yazır ki, kompyuter və dil sertifikatı var, amma yoxladığın zaman görürsən ki, bunlarla bağlı elementar səviyyədə belə bilikləri yoxdur. Bu da onu göstərir ki, bu adam bir şeylər eləmək istəyir, çalışır, sadəcə diplom xatirinə edir. Amma öz üzərində qətiyyən çalışmır, tənbəldir, sadəcə, kağızlarının sayını artırmaq istəyir. Amma dərinliyə baxdıqda isə boş bir şeydir”.
Diqqət edilməli məqam
X.Cavadov CV əsasında işə çağırdıqları insanlara çox vaxt şəxsiyyət vəsiqələrini də gətirməyi tapşırdıqlarını dedi: “Amma bəzən görürsən ki, şəxsiyyət vəsiqələrini gətirmirlər. Bu da o deməkdir ki, həmin adam bu işə barmaqarası baxır, ya da bir neçə işi vardır ki, bunların içində bu iş Allah bilir neçənci səviyyədədir. Biz buna diqqət edirik”.
Cv-də fotoya fikir vermələrinə gəlincə, müsahibimiz dedi ki, bu, vakansiyadan asılıdır: “Amma əgər vakansiya ilə bağlı çox adam müraciət edibsə, bu zaman CV-nin foto ilə olmasına önəm veririrk. Əgər görsək ki, işlə bağlı müraciət edən azdır, bu zaman CV-dfə fotonun olmasına fikir verməmiş ola bilərik”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər