• cümə, 29 Mart, 16:05
  • Baku Bakı 14°C

İşə yeni başlayan şirkətlərin ilk ofisi... - Reportaj

24.06.17 10:30 7337
İşə yeni başlayan şirkətlərin ilk ofisi... - Reportaj
Adətən iş yerində nəinki yanındakı masada oturanlar, hətta qonşu otaqdakılar da səninlə eyni şirkətdə çalışanlar olur. Ola bilsin gördüyü iş fərqli olsun, amma hamı eyni şirkət üçün çalışır. Lakin bu tendensiyanın hakim olmadığı məkanlar da var. Bir stol arxasında başqa şirkətlərin işi görülür.Haqqında söhbət açacağımız məkan metronun "28 May” stansiyasının yaxınlığında yerləşən "Fabrika Coworking Center”dir.

Bu mərkəz haqqında saat hesabı ofis kirayə verən yer axtararkən dostlardan biri məlumat vermişdi. Bir neçə dəfə xidmətlərindən də yararlanmışdım. Məkanın abu-havası xoş olduğu üçün düşündüm ki, paylaşaq, xəbəri olmayanlar da məlumatlı olsunlar. Bu məqsədlə ofisə baş çəkib, ümumi mənzərəni oxucularımıza təqdim etmək qərarına gəldim.

Tədbir, təlim, seminar, futbol, sinema...

Mərkəzin administratoru Nərminə xanım girişdə nəinki bizi, elə gələn hər kəsi qarşılayır. O, bizimlə söhbətində bildirdi ki, səhər saatları olduğu üçün ofis tam dolu deyil, amma ofisdə söhbətləşə biləcəyimiz kifayət qədər adam varıydı. Söhbəti bir az sonraya saxlayaq və əvvəlcə mərkəzlə tanış olaq. Mərkəzdə 2 böyük zal, mətbəx və bir balaca otaq var.

Böyük zalın biri "Fabrika” adlandırılır. Bura böyük tədbirlər, təlimlər, seminarlar keçirmək üçün əlverişlidir. Şənbə və bazar günlər mərkəz "İntellekt Evi” kimi fəaliyyət göstərir, müxtəlif intellektual oyunlar keçirilir. Həmin otağın dizaynını tədbirə görə dəyişmək, əyləncə istiqamətli də etmək olur. Məsələn, burada "Fabrika Soccer” təşkil edilib və futbolu bir yerdə izləmək istəyənlər üçün lazım olan şərait yaradılıb. Hazırda həmin zalda "Fabrika sinema” da təşkil edilir. Zalın bir saatlıq qiyməti 17 manatdır.
Bir stol arxasında bir neçə şirkətin işçisi...

Digər böyük zal "İntellekt” adlanır. Buranı bir çox işlərin yeni başlandığı otaq da adlandıra bilərik. Digər iki otaqdan fərqli olaraq burada rəsmiyyətlə qeyri-rəsmiyyətin qarışığı olan bir mühit var. Bir tərəfdə iş görüşləri gedir, otağın bir hissəsindəki "İstirahət zonası”nda isə hətta divanda uzanaraq da işləmək olar. Kənardan adama elə gəlir ki, bir stol arxasında oturub çalışanlar eyni ofisin işçiləridir. Amma sonradan məlum olur ki, onlar əslində tamam ayrı şirkətlər üçün çalışırlar. Sadəcə, masa qonşularıdırlar. Mərkəzin iş saatı həftənin 5 günü səhər 10-00-dan 19-00 arasıdır. Bu otaqdan ofis kimi istifadə edənlər də həftənin 5 günü həmin saatlarda çalışmaq üçün aylıq bir nəfər üçün 111 manat ödəməlidirlər. İki nəfər üçün qiymət 200 manatdır. 3-4 nəfər olanda isə qiymət 300 manat olur.

Mərkəzin icraçı direktoru Tamerlan Məmmədov deyir ki, zal tam dolu olanda burada abı-hava tamam başqa cür olur: "Sakitlik qorunur, amma ümumi münasibət çox yaxşı olur. Əslində buradan istifadə edənlər bir-birlərinə yad olsalar da, əlaqə qururlar, xidmətlərindən yararlanırlar”.
"Bura mənim iş yerimdir”
Qızğın iş getdiyi üçün çalışanları narahat etməz istəməzdik, amma təəssüratlarını almasaq da olmazdı. İlqar Qədirovmühasibatlıq xidmətləri göstərdiyini, bir ilə yaxındır isə mərkəzin ofis xidmətindən yararlandığını dedi. Bildirdi ki, şəhərin mərkəzi hissəsində olması onun işini daha da asanlaşdırır: "Demək olar ki, iş günləri burda oluram. Bura mənim iş yerimdir. Evdə işləmək alınmır. Çünki iş görüşlərini evdə etmək olmur. Ayrıca ofis tutmaq da olar. Amma həm işim indi o qədər böyüməyib ki, xüsusi ofis götürüm, həm də burada kommunal və s. əlavə xərclər haqda da düşünmürəm. 111 manat ödəməklə bir ay ofisdən istifadə edirəm, görüşlərimi keçirirəm. Digər hansısa bir ofisi götürmək 450-500 manat xərc tələb edəcək. İşimi tam genişləndirsəm xüsusi ofisə ehtiyac olar. Yanımda bir-iki işçi var deyə xüsusi ofis götürməyə ehtiyac yoxdur”.

Gülnar Ağarzayeva isə bir aydır ki, "Uğur” işədüzəltmə mərkəzi yaradıb. Elə ofis olaraq da burada başlayıb: "Bir aydır ki, bu ofisdən istifadə edirəm. Artıq işlərimiz irəli gedir. Bizim digər işədüzəlmə mərkəzlərindən fərqimiz odur ki, insanlar yola vermirik, müraciət edənin qabiliyyətinə, vakansiyaya uyğun olub-olmamasına baxırıq. Qısa müddətdə iş tapa bilirəm. Bir aydır başlamışıq, artıq işləməyə başlayan müştərilərimiz var. Tək işləyirəm. Qiyməti də sərf edir. Bir nəfər üçün 111 manat ödəyirəm, internet, çay, kofe pulsuzdur”.
"Hər şeyi həll edirlər, biz ancaq iş görürük”

"GLB Travel” turizm şirkəti isə iki gündür burada çalışmağa başlayıb. Şirkətin rəhbəri Kənan Qasımov bildirdi ki, təzə başlayan şirkət üçün böyük maliyyə ayırıb ayrıca ofis götürmək risklidir. O cəhətdən ki şər deməsən, xeyir gəlməz, yəni için alınmamaq tərəfi də var: "İşə bir müddətdir ki başlamışıq. Amma bura iki gündür ki gəlmişik. Yeni işə başlayanda xüsusi ofis kirayələmək əlavə xərcdir. İşlər irəlilədikdən sonra xüsusi ofis haqda danışa bilərik. Hələ ki iki nəfər burada çalışırıq”.

Proqramçı Rüstəm Eynəliyev bir ildən çoxdur buranın sakinlərindəndir. Deyir ki, işdən başqa, ofisin problemləri haqda düşünməmək və daha geniş məkanda, çox insan olan yerdə işləmək maraqlı olduğu üçün buranı seçib: "Saytlar yığırıq, mobil tətbiqlər hazırlayırıq. Biz o mənada deyirəm ki, biz 3 nəfərik, sadəcə indi burada deyillər. 3 nəfərə başqa ofis də götürə bilərdik, amma balaca ofisdə adam sıxılır, burda isə yeni adamlar olur. Həm də xüsusi ofis götürəndə onun hər bir işinə də vaxt ayırmalı olursan, burda isə hər şeyi həll edirlər, biz ancaq iş görürük”.
"Görüş otağı”

Balaca otaq "Toplantı otağı” adlanır, "Görüş otağı” da deyirlər. Çünki bura iş görüşləri üçün nəzərdə tutulub. Amma otaq kurslar, danışıq klubları və s. bu tipli görüşləri təşkil etmək üçün də uyğundur. Lövhə, marker, televizor və digər lazım olan vəsaitlər var. Otaqdan bir saatlıq istifadə 9 manatdır. Otaqda 12 nəfər rahat əyləşə bilər.

T.Məmmədov bildirdi ki, bir çox yeni başlayan şirkətlərin ilk ofisi bura olub: "Adətən yeni işə başlayanlar bizim ofisdə yer götürürlər. Çünki alınıb-alınmamaq tərəfi var. Nəinki öz gənclərimiz, hətta xaricdən gəlib iş qurmaq istəyənlər də ilk olaraq burda başlayırlar, iş genişlənəndə ayrı ofisə keçirlər. Ukrayna, Fransa, Finlandiya, Norveç və s. ölkələri deyə bilərəm. "Lalafo.az” yaranarkən ilk olaraq burada işə başlamışdılar. Komandaları genişlənəndən sonra xüsusi böyük ofis götürdülər. Hazırda burda proqramçı, dizayner, iki işədüzəltmə mərkəzi, xaricdə təhsil, tikinti şirkəti və s. var. Yeni başlayanlar da var, öz ofisi olsa da, bura sərfəli olduğu üçün bizi seçənlər də”.

"Mərkəzin əsas qonaqları gənclərdir”

Bəs qiymətlərdə hansısa dəyişiklik gözlənilirmi? T.Məmmədov deyir ki, son vaxtlar xeyli endirim edilib, artıq ona görə də hələ ki qiymət düşümü gözlənilmir: "Əvvəl bizdə aylıq bir nəfərin ofisdən istifadəsi 150 manat idi. Manatın məzənnəsi düşəndən sonra dəyişdik. 111 manat oldu. Əvvəl görüş otağımızın 1,5 saatının qiyməti 25 manat idi. İndi bir saat 9 manatdır. Qiymət ucuzlaşandan gələnlərin sayı çoxalıb. Zəng vurub yazılmaq istəyənlər çox olur. Bəzən həmin vaxta yazılan olduğunu deyirik. Deyir ki, onları başqa vaxta keçirin, biz gələk (Gülür. A.A.)”.

T.Məmmədov onu da bildirdi ki, mərkəzin əsas qonaqları gənclərdir: "Digər yaş qruplarında olanlar da tədbir keçirərkən gəlirlər, amma davamlı burda çalışanlar gənclərdir. Çünki qiymət cəhətdən gənclərə sərfəlidir, həm də rahatlıqları üçün hər bir şəraiti yaradırıq. Kənardan elə görünə bilər ki, bu qədər adam bir yerdə çalışanda qarışıqlıq olar. Amma burda heç bir səs olmur, heç kim digərinə mane olmur. Buna biz də nəzarət edirik, çalışanlar özləri də. Mətbəxdən istifadə edə bilərlər. Su, çay, kofe, şirniyyat pulsuzdur. Mətbəxdə yemək üçün də yer var”.
Aygün Asimqızı



banner

Oxşar Xəbərlər