“İşdən başqa hobbim yoxdur”
Sovet estradasının
ulduzu Alla Puqaçova bu günlərdə ad gününü qeyd edib. Primadonnanın uzun fasilələrdən
sonra verdiyi müsahibələr isə istənilən media orqanının əsil bayramına
çevrilir. "Komsomolskaya pravda” bu baxımdan özünü şanslı sayır.
Öz mahnımı axtarırdım
- Sizin haqqınızda çoxlu şayiələr gəzir.
- Qoy gəzsin.
- Deyirlər…
- Bilirəm
nə deyirlər. Təəssüf ki, şayiələrə heç nə ilə haqq qazandıra bilmərəm.
- Bəs buna necə yanaşırsınız: qapınızın girişində
daim qızlar dayanır.
- Əgər
onların durmağa yerləri olsaydı, bəlkə girişdə oturmazdılar.
- Öz populyarlığınızı necə izah edirsiniz?
- Nəyi nəzərdə
tutursunuz?
- Deyirlər Fransada konsertiniz baş tutmayıb?
- Əgər
bu doğrudursa, torpaq ayağımın altından qaçsın. Görürsünüz ki, mən torpağın
üstündə durmuşam.
- Sizə elə gəlmirmi, əgər hədsiz sərbəstliyinizdən, dəyişilməməyinizdən imtina etsəydiniz, pərəstişkarlarınız
daha çox olardı?
- Bəlkə
başqaları daha çox sıxılır deyə, mən həddən artıq sərbəst görünürəm? Mən
utancaq olanda və ətəyim uzun, telim qısa olanda sürəkli alqışlarınızla harada
idiniz?
- Bu doğrudurmu, sizin əcdadınız Yemelyan Puqaçova
gedib çıxır?
- Ola
bilər... Onun qaynar qanını öz damarlarımda hiss edirəm.
- Fonoqrama ilə oxumağa necə baxırsınız?
- Bu
mövzuda söhbətlərə pis yanaşıram: insanın başından parikini, ağzından protez
dişini çıxartmırlar ki...
- Siz də həmişə fonoqrama ilə oxuyursunuz?
-
Konsertlərdə həmişə canlı oxuyuram.
- Sizcə, bunun anlamı nədir, nakam məhəbbət?
- Mən bunu
başqaları üçün oxuyuram.
- Siz uğura uzun-uzadı, illərlə yol gəlmisiniz.
- İncəsənətdə
qısa yol olmur.
- Bu illər nə ilə yadda qaldı?
- Mən öz
mahnımı axtarırdım.
- Öz mahnım – nə deməkdir?
-
Yaşadığım, düşündüyüm, hiss etdiyim… Paltarı başqa çiyinə geyinmək olar,
mahnını yox. Bunu başa düşməmək öz siması olmamaq kimidir. Bu da bir çox
ifaçıların bədbəxtliyidir. Baxın, Edita Pyexa yalnız öz mahnılarını oxuyur. Ona
görə ikinci Pyexa ola bilməz. Pisdir, ya yaxşıdır - necə varsa elədir.
- Siz öz mahnılarınızı harada axtarırdınız?
-
Axtarış üçün həmişə yer və ya künc tapmaq mümkündür. Mən Sibirdə, yeməkxanalarda,
ayaqüstü konsert zalına çevrilən yerlərdə oxuyurdum. Və mənə deyirdilər: «Necə
də gözəl oxuyursan. Elə oxu ki, ayaqlarımız oynasın».
- Siz o vaxtdan bu məsləhəti xatırlayırsınız? Bu qədər
ehtiras, intəhasızlıq sizdə haradandır?
-
Estradada mənim iştahasızlığım istedadım çərçivəsindədir. Əgər mən yanmıramsa, demək
pis oxuyuram. Baxın, Ruslanovaya – o, ehtirasdır. Onu çox sevirəm. Rus mahnılarını
çox xoşlayıram, bu mahnılarla böyümüşəm. Mən rus xorları ilə zənginləşmişəm.
- Bununla yanaşı fikirlər də var ki, siz Qərb nümunələrini
təkrarlayırsınız.
- Ancaq
Qərbdə deyirlər ki, mən onlara mahnı mədəniyyətini öz vətənimdən gətirirəm.
- Siz yalnız sovet bəstəkarlarının mahnılarını
oxuyursunuz?
- Hə…
Mən - qadınam
- Sizin mahnılarınız necə yaranır?
- Bu,
uzun sürən doğuşlardır. Elə mahnılarım var ki, mən onların üzərində uzun illər
işləyirəm, ancaq heç cür üzə çıxara bilmirəm. Mahnı üzərində işləməyi özünə
doğmalaşdırmalısan. Məsələn, Rezniklə, Paulsla görüşən kimi dərhal işləməyə
başlayırıq. Bunun üçün xüsusi təyin edilən vaxt yoxdur. Hərdən də bizə elə gəlir
ki, istirahət edirik, sonra məlum olur ki, biz işləyirik. Etiraf etməyə də
utanıram, hətta, mənim işdən başqa hobbim yoxdur.
- Siz hər şeydən çox məhəbbət haqqında oxuyursunuz.
- Mən –
qadınam.
- Məhz bu şərait sizin ünvanınıza bir çox qınaqları
yönəldib: hesab edirlər ki, qadın başqa cür olmalıdır.
- Biz
qadınlar eyni olsaydıq, kişilər nə edərdi? Dünyada nələr baş verərdi? Bəzən məni
saman altından su yeridən qadınlarla müqayisə edirlər. Çətin ki, onlar kosmosa uça,
traktor sürə və kişiləri idarə edə bilərlər. İncəsənət reallığı əks etdirməyə
bilməz.
- Ancaq həqiqət dəyişir...
- Məni təkcə
televiziyadan tanıyanlar bilirlər ki, qəhrəmanlarım da dəyişir. Əvvəlcə onlar
ekssentrik qadınlar, tragikomik, dramatik obrazlar idi. Sənin yanından ötüb keçənləri
saxlamaq üçün hansısa şok lazımdır. «Müğənnilərin monoloqu» proqramının qəhrəmanları
lirik, romantikdir. Əgər mən əvvəllər insanın insana məhəbbəti haqqında
oxuyurdumsa, indi isə insanlığın insanlığa məhəbbəti haqqında oxumaq istəyirəm.
- Bu sevgiyə mane olan nədir?
-
Soyuqqanlılıq... Bilirsinizmi, nə zaman ki, insan qəlbi düz olur, onda ürək də
düz döyünür və insan heç nəyə heyfsilənmir.
Çünki o hər şeyə biganədir. İndi tez-tez şikayətlənirlər ki, salondakı
insanlar ağlamır. Xoşbəxtəm ki, mən oxuyanda ağlayırlar.
- Sizcə, hansı keyfiyyətlər insanları bir-birinə
düşmən edir?
-
Hamının öz xeyrini axtarması, hiyləgərlik, paxıllıq, incəsənətdə qabiliyyətsizlik.
Bütün bunlar bir yerdə… Belə bir söz var, hamısını birləşdirsək – ürəksizlik.
Bu, laqeydlik və özünü sevməkdir, amansızlıq və müharibədir. Hər şeydən əvvəl mənim
varlığım ürəksizliyə qarşı üsyan edir.
- «Puqaçov üsyanı»? Əgər siz bütün bunları bir neçə
sətirdə ifadə etsəydiniz, mahnıda necə alınardı?
- Mən hələ
də dəyişirəm, nədənsə uzaqlaşır, nəyəsə yaxınlaşıram. Ancaq ifadə edə bilmirəm.
Mənim belə mahnım var: «Yaşa, yan və sönmə!», «Təkcə mövcud olma, həm də yaşa».
- Sizə oxumağı kim öyrədib?
- Anam.
O, oxuyurdu, yaxşı səsi var idi. Ancaq müharibədən sonra təhsil almaq onun üçün
gec idi. Ona görə də qızını – məni oxutdurdu. «Qoy oxusun, arzularımı onda
tapacağam» dedi. Anam Zinaida Arxipovna cəbhəçi idi. Sonradan o, 13 il evdə
oturdu, uşaqlarını böyütdü. Atam Boris Mixayloviç də cəbhəçi idi. Onun yumor
hissi, həm də qəlb genişliyi mənə də keçib.
Təmiz hava axtarışı
- Mənə elə gəlir ki, səhnədən kənarda siz öz
ampluanızın ağır yükünü daşıyırsınız...
-
Vısotski də belə idi. Yadınızdadırmı, personajları ondan qidalanırdı. Bu, şəxsiyyətdir.
Bu isə sadəcə, ampluadır. Demək, mənim üçün hər şey irəlidədir.
- Siz daha çox kimlərin xoşuna gəlmək istəyirsiniz?
- Ən
gülməli arzudur – hamının xoşuna gəlmək.
- Siz hərdən tamaşaçılarınızı bezdirirsiniz?
- Yox,
heç vaxt… əgər bilsəm ki, zalda məni qəbul etməyənlər var, onlar üçün oxuyuram.
Onların qəlbinə yol tapmağa çalışıram. Həmişə də öz-özümə «sanki axırıncı dəfə
oxuyursan kimi oxu» deyirəm. Yoxsa, bütün bunlar nəyə lazımdır?
- Amma siz axı çox şeylərə nail olmusunuz?
- Ona
görə ki, mənə bircə dəqiqə də dayanmaq olmaz. Yeni şeylər axtarmaq, irəli, yenə
də irəli getmək lazımdır. Özündən daim narazılıq – bu, mənim xüsusiyyətimdir.
- Konsertlərin birində səhnəyə çıxan qızlar «Milyon
qızıl gül»ü təsvir etməli idilər. Amma əsasən daha çox güllərin gövdələrini
göstərdilər. Bunu siz düşünmüşdünüz? Ümumiyyətlə, necə fikirləşirsiniz, sizə
rejissor lazımdır?
- Mən
düşünməmişdim. Rejissor isə lazımdır. Mahnını tamaşa kimi təqdim etməlisən.
Bunu müğənni özü bacarmaz. Əlbəttə, elə adam lazımdır ki, bunu düşünə bilsin və
sən ona etibar edəsən. Gözəl rejissorlar var. Onlardan biri də mənim evimdə
yaşayır. Ancaq o, mənim konsertimdə heç vaxt iştirak etməyib.
- Bəs bəstəkarlar sizə necə yanaşırlar?
- Yaxşı
olar ki, bunu onların özündən soruşasınız.
- Məsələn, Tuxmanov haqqında nə deyərdiniz?
-
Münasibətim yaxşıdır, ola bilər ki, nə vaxtsa biz onunla görüşək.
- Kinoda çəkilmək istərdiniz?
- Hə...
Lyubov Orlovanın kinodakı dövrünü arzulayıram.
- Onilliklərdən çox məşhurluq – böyük müddətdir.
Bunu necə izah edərsiniz?
- Dəblə
deyil, əlbəttə. Müğənni dəbi tapmalı, diktə etməli və diqqəti özünə yönəltməlidir.
Əgər dözməsən, dəbin dairəsinə düşməsən o sənə kömək etməyəcək. Bunun üçün özünə
əminlik və sona qədər işləmək lazımdır.
- Ən böyük dostunuz kimdir?
- Anam.
- Qızınızın necə böyüməsini istərdiniz?
- Deyə
biləydim ki, «Mən onun üçün hər şey elədim». Qoy o, yaşadığı illərə görə
utanmasın. Bir də həmişə ona dayaq olan arxası olsun.
- Özünüz kimin çiyinlərinə söykənirsiniz?
- Hələ
ki, mənim çiyinlərimə söykənirlər.
- Tamaşaçı ilə hansı görüş sizin üçün xüsusilə
yaddaqalandır?
- Bir dəfə
səhnəyə yaşlı bir qadın çıxıb «Sağ ol, qızım» - dedi və sonra tüklü yaylığını
çiynimə salaraq «Sən bizi isidirsən, qoy sənə də isti olsun» - dedi.Bir dəfə
də Donetskdə qastrolda olarkən bir qadın yaxınlaşdı. "Kar və lalların işlədiyi
fabrikdə sizin oxumağınızı çox istəyirlər. Mən onlara tərcümə edəcəyəm” deyə
xahiş etdi. Mən gedib oxudum. Qulağı eşitməyən, danışmayan insanlar üçün düz
sexin ortasında oxudum. Onlar tərcümədən imtina etdilər. Onlar məni ürəkləri ilə
başa düşürdülər. Mən onda bildim ki, insanı başa düşmək üçün həmişə göz və
qulaq lazım deyil.
- Daha sonra necə oldu?
- Sonra
necə oldu? Sonra necə oldu? Bəlkə məndə ondan sonra yaradıcı böhran başladı.
- Alla Barisovna, siz nə danışırsınız? Bu
yaxınlarda sizin konsertinizdə oldum. Siz hələ uğurun zirvəsindəsiniz.
- Bunu
sizə necə izah edim? Başımın üstündə tavan tikmişəm. Amma məlum olub ki, tavana
qədər hələ çardaq da var. Çardaqda isə hava yoxdur, həm də tozludur. Mən aşağı
düşüb sakitcə yaşaya bilərəm. Ancaq damı istəyirəm. Yenidənmi özümə tavan
qurmalıyam? Əgər gücüm çatmırsa, onda necə? Fikirləşirəm, bəlkə həyatımda bir dəfə
ağıllı olub liftlə aşağı düşüb yanğın pilləkənlərini tapım – axı onlar da dama
aparır... Yuxarı belə qalxmaq lazımdır? Burada da sənə sığortalanmaq lazımdır.
Əgər sürünsən Bulqakovun personajlarına çevrilərsən.
- Bəs damda nə var?
- Orada
təmiz hava var. Mən daim yaradıcılığım üçün təmiz havanın axtarışındayam. Özümü
həmişə qapının ağzında havaya ehtiyacı olan solğun, havası çatışmayan insanlar
kimi hiss edirəm. Bunun üçün havaya can atıram. Təmiz havaya. Bilirəm ki, təmiz
hava daha yuxarıdadır...
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova