• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

İşçilərə məzuniyyət hansı əsaslarla və necə verilir? - Hüquqşünas məsləhəti

21.07.14 08:56 4229
İşçilərə məzuniyyət hansı əsaslarla və necə verilir? - Hüquqşünas məsləhəti
İşçinin məzuniyyətlə bağlı hüquqları əmək qanunvericiliyi ilə tənzimlənir. Bütün işçilərin qanunla müəyyən edilmiş məzuniyətlərdən istifadə etmək hüququ var. Qanunvericilikdə məzuniyyətin 4 növü müəyyən edilib:
- Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Hər bir işçiyə il ərzində 21 təqvim günündən az olmayaraq haqqı ödənilən əsas məzuniyyət verilməlidir. Əsas məzuniyyətin müddəti işin xüsusiyyətindən və işçinin tutduğu vəzifədən asılı olaraq 30 təqvim günü müddətində də müəyyən edilir. Əməyin xarakterindən və əmək stajından asılı olaraq işçiyə əlavə məzuniyyət verilir. Belə ki, 5 ildən 10 ilə qədər iş stajı olan işçilərə 2 təqvim günü, 10 ildən 15 ilə qədər iş stajı olan işçilərə 4 təqvim günü, 15 ildən çox iş stajı olan işçilərə isə 6 təqvim günü əlavə məzuniyyət verilməlidir. Həmçinin əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü, eyni yaşda 3 və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməlidir. Qanunvericiliyə əsasən bu qaydalar uşağını təkbaşına böyüdən kişilərə də şamil edilir.
- Sosial məzuniyyət qadınlara doğuşdan qabaq 70 gün, doğuşdan sonra isə 56 gün haqqı ödənilmək şərti ilə verilir. Uşağa qulluq etmək istəyən valideyn uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. İşçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
- Elmi yaradıcılıqla məşğul olan və təhsilini davam etdirən işçilərə də haqqı ödənilən yaradıcılıq və təhsil məzuniyyətləri verilə bilər. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə hər tədris ilində 1-ci və 2-ci kurslarda 30 təqvim günü, yuxarı kurslarda isə 40 təqvim günü haqqı ödənilən məzuniyyət verilir. Digər təhsil müəssisələrində oxuyan və ya elmi yaradıclıqla məşğul olan işçilərə verilən məzuniyyətlərin müddəti qanunvericiliklə tənzimlənir.
- Ödənişsiz məzuniyyət yaranmış zərurətlə əlaqədar işçinin xahişinə və işəgötürənlə qarşılıqlı razılığına əsasən 6 aydan çox olmayan müddətə verilə bilər. Qanunvericilikdə ödənişsiz məzuniyyətin verilmə əsasları və müddətləri müəyyən edilmişdir. Lakin işçi ilə işəgötürən arasında qarşılıqlı razılıqla bu müddətlər artırıla bilər.
İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə nəzərdə tutulmuş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilə bilərlər.
banner

Oxşar Xəbərlər