• çərşənbə axşamı, 16 aprel, 09:37
  • Baku Bakı 14°C

“İşçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq” - Gör-götür

27.02.20 15:03 4488
“İşçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq” - Gör-götür
Fərid Məmmədov: "İşçinin iş görmək üçün rəhbərin ağzından tapşırıq gözləməyini sevmirəm”


Birinci kursda oxuyanda nazirlikdə işə başlayır, xeyli müddət də orda çalışır. Ancaq bir müddət sonra özəl sektora keçmək qərarı verir. Ətrafdakılar onun bu fikrinə "hazırı qoyub, nisyənin arxasınca getmək” kimi baxsa da, "Mən hiss etdiyim və ölçüb-biçdiyim qərarın arxasınca getdiyimi bilirdim” deyən müsahibimiz "Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovdur.

- 1992-ci ilinaprelayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamısınız. Bu, tələbəlik həyatınızın ilk dövrlərinə düşür. Bir tələbənin o vaxt nazirlikdə işə düzəlməsi necə oldu?
- Mən təhsil etibarilə iqtisadçıyam və Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsini bitirmişəm. Birinci kursda oxuyurdum, o vaxt mövcud olan Material Ehtiyatları Nazirliyinin hesablama mərkəzinin mühasibat şöbəsinə işçi axtarıldığını eşitdim. Müraciət etdim, yoxladılar və qəbul etdilər.
- Hazırda birinci kursda təhsil alan bir çox tələbəyə desək ki, nazirlik işçi axtarır, "tələbələri götürməzlər” kimi düşünüb müraciət etməzlər. Qəbul ediləcəyinizdən əmin idiniz?
- Əlbəttə ki əmin deyildim, amma işləmək arzum çox böyük idi və mən özümə inanırdım. İşləmək üçün sənədimi təqdim etdiyim ilk yer nazirlik deyildi. Ondan əvvəl çox yerə müraciət etmişdim. Bəzən təcrübəm olmadığı üçün götürmürdülər, bəzən isə iş vaxtı məsələsində razılaşmırdıq. Söhbət 1992-ci ildən gedir, o dövrdə də qurumların, şirkətlərin işlə bağlı rejimləri də standart olmaya bilirdi. Bu səbəbdən, iş saatının 6-da deyil, 8-də də bitə biləcəyini deyirdilər. Mən isə dərsə getdiyim üçün işlərə müraciət etdiyimdə, bildirirdim ki, 6-da mütləq işdən çıxmalıyam ki, dərsə çatım.
- Nə vaxta qədər nazirlikdə çalışdınız?
- Mən axşam növbəsində oxuduğum üçün təhsili yarımçıq qoyub hərbi xidmətə getməli oldum. 2 ildən sonra hərbi xidməti başa vurub qayıtdım və yenə də Material Ehtiyatları Nazirliyində iqtisadçı-mühasib kimi çalışmağa davam etdim. Nazirlikdə işləmək kifayət qədər maraqlı olsa da, enerji dolu gənc idim və özümü daha dinamik bir işdə sınamaq qərarına gəldim.

- Adətən, dövlət strukturunda işləyən adamlar bu cür işlərin müəyyən üstün tərəflərini fikirləşib uzaqlaşmırlar. Özəl sektorun nazını çəkməkdənsə, dövlət işində qalmağı seçirlər. Sizin bu qərarı verməyiniz necə oldu?
- Mən bir az aktiv adamam və oturaq iş məni sıxırdı. Müstəqil Azərbaycanın ilk illəri idi və hesab edirdim ki, biznes üçün yaxşı imkanlar var. Əlbəttə ki, o bir günün qərarı deyildi, ciddi addım idi. Çox düşündüm. Hamı nağdını qoyub, nisyənin arxasınca getmək kimi baxırdı, amma mən hiss etdiyim və ölçüb-biçdiyim qərarın arxasınca gedirdim.


- Keçidi necə etdiniz?
- Koreya avtomobil istehsalçılarından olan "Daewoo” şirkətində satış mütəxəssisi kimi işə başladım. Həmin avtomobillər bizim bazarda yeni idi və onları tanıtmalıydıq. Uğurlu nəticələr göstərdik, qısa müddətdə istədiyimizə nail olduq.

- Bəs öz işinizi qurmağınız necə oldu?
- Bunun üçün müəyyən təcrübə qazanmaq lazım idi. Mən "Daewoo”dan sonra Böyük Britaniyanın sərgi və konfransların təşkili ilə məşğul iri sərgi operatoru - "ITE Group” şirkətinə keçdim. Artıq o dövrdə "ITE Group Plc” şirkəti inkişaf edən bazarlarda uğurlu sərgilər təşkil edirdi. Mən sərgilərin təşkili üzrə fəaliyyət sahəsini tədqiq etdikdən sonra belə qənaətə gəldim ki, bu fəaliyyət növü həm maraqlı, həm də kifayət qədər perspektivli biznesdir və ona görə həmin dövrdə Azərbaycanda özü üçün tərəfdaş axtaran "ITE Group Plc.” şirkəti mənə iş təklif edən zaman, böyük məmnuniyyətlə razılıq verdim. Məndən əvvəl də onların Azərbaycanda əməkdaşları var idi, amma o qədər də aktiv deyildilər, uğurlu nəticələr göstərə bilmirdilər. Şirkət gördü ki, fəalam, söz verdiyim hədəfləri vaxtında yerinə yetirməyə çalışıram. Şirkətdə çalışdıqdan 2 il sonra dedilər ki, biz səni işçimiz yox, partnyorumuz kimi görmək istəyirik. Beləliklə, "İteca Caspian” MMC yarandı. Mən artıq 20 ildən çoxdur ki, bu biznesdəyəm və 20 ildir ki, "Iteca Caspian” şirkətinə başçılıq edirəm. 2014-cü ildə isə "Caspian Event OrganisersLLC”ni yaratdıq.
- Bir müsahibənizdə qeyd etmisiniz ki, şirkətə işlə bağlı müraciət edən şəxslərlə, son müsahibədə özünüz də iştirak etməyə çalışırsınız. Bunu niyə edirsiniz?
- Sizi inandırıram ki, Azərbaycanda bu bizneslə məşğul olmağa başladığımız dövrdə mən tək idim. Əlbəttə ki, "ITE Group Plc” şirkətinin xarici şöbələri sərgilərə xarici şirkətləri cəlb etməkdə mənə kömək edirdi, lakin məhz Bakıda mən tək idim. Ona görə işin bütün mərhələlərini yaxşı bilirəm. Bu işi bacarmaq üçün insanda enerji olmalıdır və mən onu hiss etməliyəm. O mənada ki, kadrın biliyi bir qədər az ola bilər, ancaq hiss etməliyəm ki, o, öyrənmək istəyir. Bir də ki səmimi olmasına fikir verirəm, mövqeyini bilməyə çalışıram. Ona görə, uzun illərdir ki, mən bu prinsiplə işçi götürürəm.
Kollektivimiz artıq formalaşıb və indi heyətimizdə 60 nəfərdən çox əməkdaş işləyir. Qeyd etmək istəyirəm ki, əməkdaşlarımız arasında kollektivçilik ruhu çox yüksəkdir. Onlar əsil peşəkardırlar və bu biznes sahəsinin xüsusiyyətini nəzərə alsaq, Azərbaycanda bu cür insanları sözün əsl mənasında barmaqla saymaq olar.
- Bəs iş prosesində kadrdan gözləntiniz nə olur?
- İşçi müəyyən təşəbbüslərlə çıxış etməlidir. İşçinin iş görmək üçün rəhbərin ağzından tapşırıq gözləməyini sevmirəm.
- İş rejimi ilə bağlı qaydalar necədir?
- Nizam-intizamsız nə isə qurmaq çətindir. Ancaq nizam-intizam ciddi çərçivədə olmamalıdır. İş vaxtı ilə bağlı bizdə seçim var. İstəyirsən, 8-də gəl, 5-də çıx, ya 9-da gəl, 6-da get, ya da 10-da gəl 7-də işini bitir. Əsas odur ki, işini görsün. Təbii ki biz işin monitorinqini aparırıq. Bizim iş elədir ki, təhvil verməklə bağlı çox sərt son tarix müddəti olur. Böyük sərgi üçün vaxt təyin olunur, elan verilir və həmin gün əskiklik olmaması üçün hər bir işçi məsuliyyətlə çalışmalıdır.
Düzdür, sərgilərimiz ərəfəsində biz gec saatlara qədər, həftə sonları da işləyirik. Lakin çox nadir şirkətik ki, işçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq. Niyə işdə qalıb? Səbəbini bilmək istəyirik. İş yükü çoxdur, yoxsa ləng işləyib? Səbəbini araşdırıb işçinin təkliflərini alırıq. Çatdıra bilmədiyini görürüksə, mümkündürsə, müddəti uzada bilərik, yaxud əlavə resurs veririk.

Həftə sonu sərgimiz varsa, işçilərimiz işləyirlər. Əgər şənbə günü işləyibsə, həftə içi bir gün seçib istirahət götürməlidir. Həftə sonu işləyən şəxs növbəti həftəni davamlı işləyəndə, soruşuram ki, niyə istirahətə çıxmır? İşçi həftə sonu dincəlmirsə, ondan normal iş gözləmək olmaz.
- Necə rəhbər olmağa çalışırsınız?
- Balansı qorumağa çalışıram. İlk gündən kollektivimizdə etimad və səmimiyyət ab-havası hökm sürür. Kabinetimin qapıları əməkdaşların üzünə həmişə açıqdır və hər bir işçi öz təklifini və ya problemini bildirmək, yaxud sadəcə məsləhət almaq üçün mənim yanıma gələ bilər. Bundan əlavə, biz iş yerindən kənarda da münasibət saxlayır və asudə vaxtımızı bir yerdə keçiririk.

- Sərgi mövzusuna gələk. Şirkətlərimiz sərgilərdə iştirak etməyə nə dərəcədə maraqlıdırlar?
- 1994-95-ci illərlə bu günü müqayisə etsək, çox dəyişiklik var. O vaxt zəng vurub şirkətlərə sərgiyə qatılmağı təklif edəndə, bunun üçün müəyyən məbləğ ödəməli olduqlarını bildirəndə, qəbul etmirdilər. Sovet vaxtı ümumi bir sərgi var idi, insanlar bir ay pulsuz orda məhsullarını nümayiş etdirirdilər. Belə dövrdən çıxmış şirkətlərə deyəndə ki, 3-4 gün sərgidə iştirak üçün müəyyən məbləğ ödəyəcəksən, qəbul edə bilmirdilər. Bu səbəbdən, telefon danışıqları, üzbəüz görüşlər çox vaxt aparırdı. İş adamlarına təklifimizi, sərgidə iştirakın onlara nə verəcəyini izah edirdim.

Sərgi bir alətdir. Siz ondan düzgün istifadə edirsinizsə, fayda götürəcəksiniz. Siz onu almısınız, amma istifadə etməyi bacarmırsınızsa, bunu lazımsız hesab edəcəksiniz. Sərgi sizə lazım olan insanları müəyyən zamanda və bəlli məkanda toplayır. Bir il ərzində şəbəkə qura bilməyəcəyiniz qədər insanları 3 gün ərzində sizinlə görüşdürür. Ondan düzgün istifadə edən, hazırlaşan, əminəm ki faydalanacaq. Stenddə dayanıb başınızı aşağı salsanız, telefonda vaxt keçirsəniz, heç kim sizə yalvarmayacaq ki, gəl, sənin xidmətinə baxım. Sənin əməkdaşın stendində telefonuyla məşğul olanda, rəqib şirkət fəal olub yaxşı ünsiyyət qurur və böyük xeyir götürür.


- İnsanların yanaşmasından da danışaq. Çünki sərgilərə getməyi faydasız hesab edənlər hələ də var. Sərgi iştirakçıya nə verir?
- Biz əsasən biznes yönümlü sərgilər təşkil edirik. Digər qruplar üçün də sərgilər olur, amma bu, çox azdır. Ona görə, bizim sərgilərə gələn mütəxəssislər niyə gəldiklərini, necə faydalanacaqlarını bilirlər. O adamlar vaxtlarını boşuna sərf etməzlər. "Nə faydası var?” deyənlər indi çox azdır və deyim ki, belə insanlar dünyanın hər yerində var. Əvvəllər sərgiyə suvenir toplamaq üçün gedənlər var idi, indi bu da minimuma enir. Sərgi keçirilən məkanın şəhərdən uzaqda olması bu cəhətdən öz təsirini göstərdi. Bakı Ekspo Mərkəzi tikiləndə, bir az narahat idik, dedik ki, uzaqdır, ziyarətçilərimiz azala bilər. Lakin bu narahatlıq reallaşmadı. Sərgilərin ziyarətçilərinin sayı artır və onların 80% peşəkar ziyarətçilər təşkil edir. Bu, çox gözəl nəticədir.

İnternet aktuallaşmağa başlayanda, bildirilirdi ki, sərgilərə ehtiyac olmayacaq, hər kəs işini onlayn edəcək. O qorxu bizdə var idi, amma nəticə əksini göstərdi. Onlayn imkanlar canlı görüşləri, ünsiyyətləri qıtlaşdırıb. Artıq insanların belə görüşlərə ehtiyacı var. Bir sahədə çalışan insanlar harada bir araya gələ bilərlər? Əlbəttə ki, sərgi və konfranslarda.

Ancaq sərgi və konfransların insanlar üçün maraqlı olması cəhətdən bizim üzərimizə məsuliyyət düşür. Biz sərgilərin kontenti üzərində işləməliyik. Bundan əvvəl sadəcə bir meydança olurdu, şirkətlər və qurumlar öz məhsullarını göstərirdilər. İndi bu, yetərli deyil. Sərginin ətrafında çox maraqlı proqram olmalıdır. Biz hazırda buna xüsusi diqqət edirik.

- Təhsil və karyera sərgilərinə daha çox gənclər gedirlər. Sərgidən çıxanda, bir çoxu ancaq təqaüdlü təhsil imkanı təqdim olunduğunu, iş cəhətdən real heç nə olmadığını bildirirlər. Gənclər bu cür sərgilərdən necə faydalana bilərlər?
- Sərgiyə gedən şəxs ilk olaraq "Sərgiyə niyə gedirəm?” sualını özünə verməlidir. Yəni hədəf dəqiq olmalıdır. Mən "Daewoo” şirkətinə işə necə düzəlmişdim? Deməli, bir sərgiyə qatılmışdım, orda bir neçə şirkətin nümayəndəsi ilə görüşdüm, biri də o şirkətin təmsilçisi idi. Stendə yaxınlaşıb söhbət etdim, avtomobillərə marağım olduğunu dedim, satışda işləmək istədiyimi bildirdim. Üstəlik, avtomobillərlə bağlı nöqtələrə toxundum ki, qarşı tərəfi maraqlandırım. Gördülər ki, məlumatlı və həvəsliyəm, əlaqəmi götürdülər və mənə iş təklif etdilər.

Bir də başqa tərəfdən baxaq. Gənc təhsil sərgisinə gedir və xaricdə təqaüdlü təhsil imkanı istəyir. Amma birinci fikirləşmək lazımdır ki, o təqaüdü mənə niyə verməlidirlər, bunun üçün nə etmişəm? Karyera ilə bağlı sərgilərdən danışsaq, şirkətlər onlara yaxınlaşan gənclərə blank verirlər ki, doldurub onlara göndərsinlər. Gənclər deyirlər ki, biz iş istəyirik, bu deyir ki, blankı doldurub göndər və s. Sərgidə heç kimə yerində iş təklif etmirlər. İştirak edən şirkət sərgiyə çıxırsa, çox kadrla görüşmək istəyir, seçimi çoxalır. Ondan sonra kimisə dəvət edirlər, kimisə yox. Bu da normal haldır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər