• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

İşğalçıya “İsgəndər”in verilməsi danışıqlara mənfi təsir göstərəcək

30.09.16 11:58 1239
İşğalçıya “İsgəndər”in verilməsi danışıqlara mənfi təsir göstərəcək
Rusiyanın Ermənistana "İsgəndər” raketlərini verməsi hələ də müzakirə mövzusudur və bu məsələ təbii olaraq, ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Çünki Ermənistan tərəfi bu cür təhlükəli silahları əldə etməyi böyük üstünlük hesab edir. Onların fikrincə, bundan sonra Azərbaycana qarşı istənilən addımı ata biləcəklər. Bu haqda fikirlərini bölüşən politoloqlar isə əksini düşünürlər.
Politoloq Natiq Miri "Kaspi”yə açıqlamasında dedi ki, "İsgəndər” raketlərinin Ermənistana verilməsi Dağlıq Qarabağ danışıqları kontekstində Rusiya tərəfindən atılan səhv bir addımdır. Ən azı, Azərbaycanla strateji tərəfdaşlıq kontekstində belə hərəkət edilməməli idi. Ələlxüsus da, danışıqların intensivləşdiyi, Rusiyanın özünün təqdim etdiyi planlar çərçivəsində münaqişənin çözümünə çalışıldığı bir ərəfədə: "Ermənistanın Azərbaycanın istənilən hissəsini vura biləcək raketlə təmin olunması ölkəmiz tərəfindən qəbul olunacaq məsələ deyil. Bu raketlərin Ermənistana verilməsi təsadüfi hadisə sayılmamalıdır. Bunun arxasında Rusiyanın çox ciddi geosiyasi maraqları durur. Bu məqsədlərdən biri Ermənistanda mövcud olan antirusiya ovqatının aradan qaldırılmasıdır. Ermənistan toplumu rahatladılır ki, Azərbaycan tərəfindən heç bir təhlükə olmayacaq. Bununla, strateji müttəfiq olan Rusiyaya inam yenidən bərpa edilmiş olur. Həmçinin Azərbaycanın səsləndirdiyi müharibə təhdidləri aradan qalxmış sayılır. Azərbaycan hər zaman deyir ki, nəticə olmasa, Ermənistan işğal etdiyi torpaqları tərk etməsə, torpaqlarımızı müharibə yolu ilə işğaldan azad etmək haqqımız var. Məncə, bu cür bəyanatları zərərsizləşdirmək üçün Ermənistana sözügedən raketlər verildi. Çünki bunun başqa izahı yoxdur. Rusiyanın özü "İsgəndər” raketləri ilə tam təmin olunmadan onların Ermənistana verilməsi anlaşılan deyil. Bunun adını Azərbaycanla Ermənistan arasında hərbi balansı qorumaq qoysalar da, bu, NATO-ya qarşı atılmış bir addım da ola bilər. Çünki raketləri açıq adla Ermənistana yerləşdirmək asan məsələ deyil. Şərqi Avropanın ərazilərində raket əleyhinə sistemlər yerləşdirilir. Rusiya bəyan etmişdi ki, buna adekvat cavab verəcək. Bunlardan biri Ermənistanda yerləşdirilmiş "İsgəndər” raketləri ola bilər”

N.Mirinin fikrincə, Rusiyanın bu davranışı nə Dağlıq Qarabağ probleminin həllinə, nə də ümumilikdə Qərb-Rusiya qarşıdurmasının aradan qaldırılmasına xidmət etmədi və zaman seçimi yanlış oldu. Bu məqamda isə Azərbaycan Rusiyadan izahat istəməlidir: "Ölkəmiz başqa tədbirlər görür. "İsgəndər” raketlərini zərərsizləşdirmək üçün həmin gücdə yeni raketlər alınması ilə bağlı Belarusla saziş imzalayıb. Ola bilsin, bu ilin sonuna doğru raketin təchizatı təmin olunacaq. Ayrıca, Azərbaycan Türkiyədən də yeni T-300 raketləri almağa başlayıb. Bu, onu göstərir ki, artıq regionda, xüsusilə də Dağlıq Qarabağ cəbhəsində müharibə ehtimalı əvvəlki illərlə müqayisədə daha da artır. Əslində, bu məqam Rusiyanın və digər həmsədr ölkələrin marağına xidmət etmir. Ona görə ki, yeni bir savaş ağuşuna təkcə Azərbaycan və Ermənistanı almayacaq. Bu yanğın bütün regional dövlətləri, gücləri öz əhatəsinə alacaq. Hətta, Suriyadan daha betər qlobal savaşa çevrilə bilər. Ona görə də Rusiyanın bu addımı çox yanlış qərar idi. O, Dağlıq Qarabağ yönündə sülh danışıqlarına əngəl yaradacaq işə qol qoydu. İndi Rusiya ortalığa danışıqlar yönündə çox ciddi davranışlar qoymalıdır. Əks təqdirdə, onun səmimiyyəti şübhə altına düşəcək. Həmsədr dövlətlər Qarabağ probleminin həlli məsələsində həlledici geosiyasi faktoru Rusiyanın öhdəsinə buraxmışdılar. Bu, Rusiya üçün böyük önəm daşıyır. Cənubi Qafqazda imkanlarını saxlamağa yardım edir. Ancaq Rusiya bundan doğru nəticə çıxarmadı. Daha da irəli getmək üçün istifadə etdi. Bu da, onun həmsədr dövlət kimi neytrallığına xələl gətirdi. Bundan sonra Rusiyanın planlarına, təkliflərinə, xoşməramlı niyyətinə belə şübhə ilə yanaşmalı olacağıq. Rusiya bu imtahandan çıxmaq üçün müsbət addımlar atmalıdır. Yoxsa vasitəçi kimi hərəkətlərinə kölgə düşür”.

Bu fonda ABŞ-la Ermənistan arasında münasibətlərin korlana biləcəyi ehtimalından danışan politoloq işğalçının özünü NATO-ya hədəf etdiyini dedi: "İstənilən NATO-Rusiya savaşı çərçivəsində bu raket sistemlərinin zərərsizləşdirilməsi planlaşdırılacaq ki, hədəfə Ermənistandakı baza gələcək. Bu cür raketlərin yerləşdirilməsi ilə Ermənistanın NATO-ya yaxınlaşmaq səmimiyyəti ləkələndi. Ermənistan bu məsələlərdə gözardı edilməməlidir. Əgər ABŞ beynəlxalq hüququn tətbiq olunmasını tələb etsə, BMT-nin 4 qətnaməsinin icrasını istəsə, yer Ermənistanın ayaqları altından qaçacaq. Bu raketlərin Ermənistana yerləşdirilməsi ona heç nə qazandırmadı. Azərbaycan üçün də heç bir təhlükə törətmir”.

Politoloq Qabil Hüseynli də düşünür ki, raketlərin Ermənistana verilməsi danışıqlar prosesinə mənfi təsir etdi. Onu tamamilə dayandırmasa da, böyük əngəl yaratdı. Çünki gündəmdə xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin görüşü vardı. İndi həmin görüşlər haqda heç nə danışılmır və elə təsəvvür yaranır ki, görüşlər baş tutmaya da bilər: "Ermənistan həmin raketlərlə təmtəraqlı parad keçirdi. Ardınca yenə bizim torpaqlarda hərbi təlimlər baş tutdu. Ona görə də Azərbaycan çox ciddi cavab tədbirləri görməyə başlayıb. Müxtəlif ölkələrdən silah alınacaq, ordumuz əsla zəifləməyəcək. Amma bu, danışıqlar prosesini xeyli geriyə atmaq deməkdir. Bunun da təqsirkarı birinci növbədə, Kremldir. Daha sonra isə işğalçı ölkə. Təəssüf edirəm ki, Rusiya bölgədə sülh yaratmaq əvəzinə, onu barıt çəlləyinə çevirdi. Azərbaycan sadəcə olaraq, işğal altında olan torpaqlarını azad etmək istəyir. Bu, onun haqqıdır”.

Q.Hüseynli də ABŞ-ın raketlərin Ermənistana verilməsindən çox narazı qaldığını bildirdi: "Rusiyanın bu raketləri Ermənistana verməsi Beynəlxalq Konvensiyanı pozmaq deməkdir. Rusiyalı analitiklər də bu işi iki istiqamətdə yozurlar. Yəni onlar da silahların təkcə Azərbaycana qarşı yerləşdirildiyini düşünmürlər”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər