• cümə, 29 Mart, 02:51
  • Baku Bakı 7°C

İşğalçı ölkənin diplomatik nokautu - Fotolar

04.10.19 17:59 4649
İşğalçı ölkənin diplomatik nokautu - Fotolar
Prezident İlham Əliyev oktyabrın 2-də Rusiya dövlət başçısı Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib. Oktyabrın 3-də Soçidə prezidentlərin görüşü olub. V.Putin ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq, ticari-iqtisadi əlaqələrin möhkəmləndiyini, ötən il əmtəə dövriyyəsinin həcminin 2,5 milyard dollara çatdığını, bu istiqamətdə yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb.Prezident İlham Əliyev beynəlxalq siyasi diskussiya klubu sayılan "Valday klubu”nun işində iştirak etməkdən məmnunluq duyduğunu vurğulayaraq, bu klubu müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkan kimi dəyərləndirib. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin olmasını xatırladan dövlət başçısı İlham Əliyev qeyd edib ki, prezidentlərin mütəmadi görüşü bu əlaqələrin inkişafına təkan verir. Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan və Rusiya prezidentləri təkbətək söhbət ediblər.Elə həmin gün Prezident İlham Əliyev Soçidə Rusiyanın "Rossiya” və "Birinci” televiziya kanallarının müxbirlərinin suallarını cavablandırıb.
Bununla yanaşı, oktyabrın 3-də Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Əvvəlcə Prezident V.Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər. Ardınca Azərbaycan Prezidenti İ.Əliyev sessiyada çıxış edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb: "Son vaxtlar Ermənistanın Baş Naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır.Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın, çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilib. Dağlıq Qarabağ xalqı anlamı mövcud deyil. Dağlıq Qarabağın əhalisi var ki, onlar da münaqişəyə qədər bərabər hüquqlara malik Azərbaycan və Ermənistan əhalisindən ibarət olub. Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur. Ermənistanın Azərbaycan qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən münaqişə zonasından uzaqda olan Qazaxın dinc sakini vurulub. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı qız uşağı daxil olmaqla, Azərbaycanın altı dinc sakini öldürülüb”.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olmasına da diqqət çəkib: "Mən Ermənistan Baş Nazirinin, təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ - Azərbaycandır və nida işarəsi”.

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirləri "Kaspi” qəzetinə şərh edən millət vəkili, politoloq Hikmət Babaoğlu ilk öncə bildirib ki, Prezident İ.Əliyevin Soçidə təşkil olunan "Valday” diskussiya klubunda iştirak və çıxış etməsi olduqca maraqla qarşılanıb, mühüm siyasi ismarıclarla yadda qalıb. Politoloqun sözlərinə görə, budəfəki tədbirdə dünyanın 40-a qədər ölkəsindən çoxsaylı dövlət xadimləri, nüfuzlu şəxslər və media nümayəndələri iştirak ediblər və belə mühüm bir platformada Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər ölkəmiz barədə həqiqətlərin bir daha yeni rakursdan dünyaya çatdırılması idi: "Prezident İlham Əliyev ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyana və onun sərsəm bəyanatlarına qətiyyətli və tutarlı cavab verdi. Bu, işğalçı ölkənin başı üstündə ildırım kimi çaxdı. Nəzərə almaq lazımdır ki, işğalçı ölkəyə məhz Rusiya Federasiyasından, "Valday” diskussiya klubu kimi nüfuzlu platformanın tribunasından cavab verilməsinin özü olduqca ciddi bir ismarıcdır. Prezident İlham Əliyev "Qarabağ xalqı” kimi təxribatçı ifadələrə də cavab verərək qeyd etdi ki, bu, kökündən yanlış ifadədir, yalnız Qarabağ əhalisi var və bu, azərbaycanlı ilə erməni icmasından ibarətdir. Münaqişə başlayanda bu nisbət 75-in 25-ə azərbaycanlıların lehinə olub. Prezident bir daha bəyan etdi ki, problem BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki yekun aktının prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə, politoloq bildirib ki, hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində ölkələrimiz arasındakı əlaqələr qarşılıqlı maraqlar kontekstində mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Prezidentinin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur. Azərbaycan Prezidenti iki ölkə arasında mövcud olan əlaqələrdən danışarkən bildirdi ki, Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin gələcək perspektivləri baxımından olduqca önəmlidir”.


Millət vəkili, siyasi şərhçi Sahib Alıyev də bildirib ki, Paşinyanın sayıqlamalarına Soçidə Prezident İ.Əliyev tərəfindən tutarlı cavab verilib. O, N.Paşinyanın Ermənistan ordusunun işğal etdiyi Xankəndidəki sayıqlamasının cəfəngiyat olduğunu xatırladıb. Qeyd edib ki, əslində onun məqsədi özünü Qarabağ klanından daha radikal göstərməklə, daxili auditoriyanın rəğbətini qazanmaq idi: "Biri var 2050-ci ildə Ermənistanı dünyanın az qala lider ölkəsinə çevirmək barədə nağıl danışıb populistlik edəsən, biri də var ki, Azərbaycan torpaqlarını öz adına çıxasan. Təbii ki, birinci nağıldan fərqli olaraq, onun Qarabağ haqqında sayıqlaması cavabsız qala bilməzdi və qalmadı da. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin, digər ölkələrin prezidentlərinin, yüksək səviyyəli rəsmilərinin və tanınmış beyin mərkəzlərinin analitiklərinin iştirak etdikləri "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Paşinyana layiqli cavab verdi. Bu cavab Ermənistan baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, onun həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orada olsa idi belə, etiraz etməyə söz tapmayacaqdı. Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və bu cavab işğalçı ölkənin diplomatik nokautu deməkdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər