• şənbə, 20 Aprel, 00:28
  • Baku Bakı 15°C

İşğala məruz qalanla işğalçı eyni iqtisadi məkanda ola bilməzlər

22.10.16 10:01 1451
İşğala məruz qalanla işğalçı eyni iqtisadi məkanda ola bilməzlər
"Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov bir neçə gün bundan öncə Azərbaycan prezidenti İlham Əliyevdən "Sputnik Azərbaycan” və "RİA Novosti” üçün geniş müsahibə götürüb. Həmin müsahibədə dövlət başçısı İ.Əliyev bir sıra məsələlərə, o cümlədən ölkəmizin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü məsələsinə də aydınlıq gətirib. Həmin müsahibədə D.Kiselyov dünyada iki tendensiya arasında mübarizənin getdiyini diqqətə çatdıraraq deyib ki, bunlardan biri destruktiv "parçala və hökm sür”, digəri ölkələri birləşdirərək bir-birini tamamlayan dinc konstruksiyalar yaratmağa səy göstərən konstruksiyadır. O, belə konstruksiyalardan biri kimi Avrasiya İqtisadi Birliyinin (AİB) adını çəkib və Azərbaycanın bu quruma qoşulmaq istəyinin olub-olmamasını soruşub. Prezident İ.Əliyev cavab olaraq deyib ki, bu mövzu barədə söhbətlər çoxdandır, həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin siyasi elitalarında gedir. Dövlət başçısı bildirib ki, prinsipcə bu gün Azərbaycan olduğu yerdə özünü kifayət qədər inamlı hiss edir. O, bunun bariz göstəricisi kimi, Azərbaycanın 25 illik inkişafının nəticəsini, xüsusən də iqtisadi-siyasi sahədəki inkişafı qeyd edib: "Son 13 il ərzində biz ÜDM-in həcmini 3 dəfə artıra bilmişik. 2003-cü ildəki 49 faizlik yoxsulluq səviyyəsini bu il 5 faizə endirmişik. Bizim böyük valyuta ehtiyatlarımız var. Hətta, neft qiymətlərinin düşdüyü bir dövrdə Neft Fondumuzun valyuta ehtiyatları artır. Çünki biz qənaətlə xərcləyirik və artıq neftdən qazanmırıq. Ona görə, bizi həm siyasi, həm də iqtisadi vəziyyətimiz qane edir. Lakin bir məsələ də var ki, dünya dəyişir. Yeni təhlükələr, yeni çağırışlar ortaya çıxır, biz görürük ki, "hər şey yanır”, yeni qeyri-sabitlik ocaqları, potensial risk mənbələri yaranır, bu şərtlərdə əlbəttə ki, ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı əlaqədən çox şey asılıdır. Bu gün AİB üzvü olan ölkələrlə iqtisadi, həm də siyasi əməkdaşlığımızın formatı kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün, əlbəttə motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və digər xarakterli ola bilər. Hazırda bu istiqamətdə işləyirik”.

Dövlət başçısı İ.Əliyev AİB üzvü olan ölkələrdən Azərbaycan üçün ən prioritet tərəfdaşın qonşu Rusiya olduğunu da diqqətə çatdırıb. Deyib ki, bu ölkə ilə Azərbaycanın digər AİB dövlətləri ilə müqayisədə ən böyük ticarət dövriyyəsi var. Prezidentin sözlərinə görə, hər iki ölkə arasında qarşılıqlı münasibətlər və qarşılıqlı etimad səviyyəsi də ən yüksəkdir: "Rusiya ilə siyasi, sosial-iqtisadi planda heç bir problem yoxdur. Prezident Putinin avqustda Bakıya son səfəri bunu bir daha təsdiq etdi. Biz münasibətlərdə, düzəldilməsinə ehtiyac olan nəsə bir mövzu tapmadıq. Azərbaycanla Rusiya arasında azad ticarət zonası barədə müqavilə var. Yəni məhdudiyyət yoxdur. Lakin indi əlavə motivasiya axtarışı gedir. Biz maraqla Avrasiya məkanında proseslərin necə getdiyini müşahidə edirik, çünki orada da hər şey rəvan deyil. Orada da müəyyən mənada çətinliklər var. Ona görə də biz hər şeyi təhlil etməliyik, biz inteqrasiya etməliyik. Azərbaycanın siyasi üslubu şikayət etməmək, öz problemlərini özü həll etməkdir. Belə demək olarsa, xarici bazara yalnız pozitivi çıxarmaq istəyirik. Ona görə də, hansı tendensiyanın olacağına hələ baxmaq lazımdır və əlbəttə ki, əgər birlik cəlbedici olarsa, ora çoxları can atacaq. Ona görə də, heç nəyi istisna etmək olmaz, lakin hazırkı dövrü mən, məhz belə xarakterizə edərdim”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bu mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən deyib ki, Azərbaycanın dövlət maraqları hər şeydən öndədir. O, prezident İ.Əliyevin dəfələrlə qeyd etdiyi bir fikri xatırladaraq, vurğulayıb ki, əgər Azərbaycanın maraqlarına hörmətlə yanaşılarsa, ədalət öz yerini taparsa, rəsmi Bakı bu kimi məsələlərə yenidən baxa bilər: "Məsələ bu cür qoyulub. Bizim heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Azərbaycanla qonşu olan bütün dövlətlərlə bərabərhüquqlu iqtisadi əməkdaşlıqda maraqlıyıq. Prezident İlham Əliyev bütün çıxışlarında məsələni belə qabardıb ki, Azərbaycanda bu kimi hallar, yəni ölkəmizin Avrasiya İqtisadi Birliyinə və sair quruma üzv olması yalnız ərazi bütövlüyümüzün təmin olunmasından, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapandan sonra mümkündür. Əgər qonşumuz olan bir ölkə blok şəklində, yaxud ayrılıqda bərabərhüquqlu şəkildə iqtisadi əməkdaşlıq etmək istəyirsə, Azərbaycanın maraqlarına xələl gətirilmirsə, ölkəmiz bunda maraqlıdır. Bu prinsiplər çərçivəsində Avrasiya İqtisadi Birliyi ilə də əməkdaşlıq etmək, orada təmsil olunmaq məsələsinə baxmaq mümkündür. Lakin bu qurumda işğalçı, pozucu siyasət yürüdən, qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan kimi dövlət varsa, işğalçı ilə eyni yerdə təmsil olunmaq qeyri mümkündür. Azərbaycanın milli və dövlətçilik maraqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşmayan, eyni zamanda bərabərhüquqlu əməkdaşlıq əlaqələrində maraqlı olmayan bir dövlətlə eyni qurumda təmsil oluna bilmərik. Bu baxımdan, Azərbaycan prezidentinin məlum müsahibəsində konkret şərtlərlə fikirlər açıq şəkildə ifadə olunub. Bildirilib ki, işğalçı Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməlidir, heç bir halda Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti olmamalıdır. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli və dövlətçilik maraqlarımıza hörmətlə yanaşdığı halda, gələcəkdə sadəcə Avrasiya İqtisadi Birliyi çərçivəsində deyil, qonşu dövlət kimi Ermənistanın özü ilə də münasibətlərin qurulması mümkündür”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluda hesab edir ki, prezident İ.Əliyev Rusiyanın "Sputnik” agentliyinə müsahibəsində ümumən Azərbaycanın AİB-ə üzvlüyünü istisna etməyib. O, bəzilərinin bu fikirləri əsas götürərək, artıq məsələnin həll olunması qənaətinə gəldiyini və yaxın müddətdə Azərbaycanın bu quruma üzv olacağı kimi anladığını dilə gətirib. Qeyd edib ki, reallıqda məsələ bu cür deyil: "Prezident İlham Əliyev birinci cümləsindən sonra iki önəmli amilə toxunub. Birinci amil odur ki, Azərbaycanın bu quruma üzv olması üçün Avrasiya İqtisadi Birliyi Azərbaycan üçün cəlbedici olmalıdır. İkinciamil budur ki, Azərbaycan indiki durumundan narazı deyil və yeni ittifaqlar haqqında hələ düşünmür. Bu iki amildən daha güclü - üçüncü amil isə budur ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Ermənistan qoşunları işğal etdikləri torpaqları boşaltmayana qədər Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü mümkün deyil. İşğala məruz qalanla işğalçı eyni iqtisadi məkanda ola bilməzlər. Bunu ölkə rəsmilərimiz dəfələrlə qeyd ediblər. Belə olmasaydı, Azərbaycan Ermənistanı bütün regional layihələrdən məhrum etməzdi. Əks arqument kimi kimsə Müstəqil Dövlətlər Birliyində Azərbaycan və Ermənistanın təmsil olunmasını misal gətirə bilər. Lakin belə şəxslər yaddan çıxarmamalıdır ki, MDB amorf bir qurumdur, işləmir. Avrasiya İqtisadi Birliyi isə iqtisadi təşkilatdır və üzv ölkələr arasında iqtisadi əməkdaşlığı, getdikcə bu əməkdaşlığın daha da gücləndirilməsini, hətta Avropa İttifaqına bərabər quruma çevrilməyi nəzərdə tutur. Belə bir qurumda isə Azərbaycanın işğalçı Ermənistanla bir yerdə olması qeyri-mümkündür”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər