Ağdam həm sənaye, həm də
kənd təsərrüfatı cəhətdən ölkə iqtisadiyyatında xüsusi paya malik olub
Dəzgah avadanlıqları, konserv, yağ-pendir, pambıq, mexanikləşdirilmiş
çörək zavodları, xalça fabriki, ət kombinatları və s. sahələrin inkişaf etdiyi,
adı və dadı ilə nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur olan şərablara sahib
Ağdam rayonu. Qeyd etdiklərimiz, sadəcə cüzi bir hissədir. Amma bu belə,
rayonun necə bir iqtisadiyyata malik olduğu haqqında fikir demək üçün əsas
verir.
Bir tərəfdə sənaye şəhəri,
digər tərəfdə kənd təsərrüfatı rayonu
Ancaq 1993-cü ildə Ağdam şəhəri və rayonun 123 kəndindən 89-u işğal
altına düşür. 27 il ərzində işğal altında olan torpaqlarımızdakı bu imkanlardan
istifadə edə bilmədik. Nəhayət ki, 27 ildən sonra Ağdam da işğaldan azad
olundu. Amma düşmən əlində olan torpaqlarda bütün infrastruktur dağıdılıb. Yəni
hər bir şey yenidən qurulmalıdır ki, ölkə iqtisadiyyatına öz töhfəsini versin.
Bəs bu proses necə olacaq? Əvvəllər rayonun iqtisadi inkişafına töhfə verən
hansı sahələri yenidən dirçəltmək mümkün olacaq? Ağdamı Milli Məclisdə
təmsil edən millət vəkillərindən biri Bəxtiyar Əliyev deyir ki, bu
ərazi həm sənaye, həm də kənd təsərrüfatı cəhətdən böyük potensiala malik idi:
"Ağdam şəhər statusunu hələ 1828-ci ildə almışdı və çox sürətlə inkişaf edirdi.
İşğala qədər burada 160 minə yaxın əhali yaşayırdı. Ağdam bir tərəfdən sənaye
şəhəri, digər tərəfdən kənd təsərrüfatı təyinatlı rayon idi. Belə ki, Ağdamda
bir neçə böyük sənaye müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə
müxtəlif təyinatlı məhsullar istehsal olunurdu. Bunlar arasında Ağdam şərab
zavodları xüsusi yer tuturdu. Hansı ki, əsası 19-cu əsrin birinci yarısında
qoyulmuşdu. Sovet dövründə Ağdam şərabları SSRİ-də çox məşhur idi. Həm də bu
səbəbdən Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı Ağdamda da böyük işlər
görülmüşdü və rayonun büdcəsində və gəlirlərində üzümçülüyün xüsusi yeri var
idi. Eyni zamanda konserv zavodları, yağ-pendir zavodu, xalçaçılıq fabriki
mövcud idi. Pambıqçılıqla bağlı zavod, pambığın toplanması və emalı ilə məşğul
idi. Müxtəlif avadanlıqlar istehsal edən bir sıra sənaye zavodları da fəaliyyət
göstərirdi. Ağdamda məşhur atçılıq zavodu yaradılmışdı və məşhur Qarabağ atları
məhz Ağdamda yetişdirilirdi”.
B.Əliyev deyir ki, Ağdamın 27 il işğal altında olması ölkə büdcəsi
üçün böyük itkidir və bunlar ciddi şəkildə hesablandıqdan sonra dəyən maddi
zərərlə bağlı rəqəmlər səsləndirmək olar: "Ağdamın ərazisi 1150 kvadrat
kilometr idi. Təkcə sovet dönəmində Ağdamın 20-dən artıq Sosialist əməyi
qəhrəmanı var idi. Bu onu göstərir ki, Ağdamda necə böyük iqtisadi tərəqqi və
inkişaf var idi. Eyni zamanda, qeyd etdiyim zavod və fabriklərin gəlirləri
ölçüyəgəlməz məsələdir. Bütün bu müddət ərzində Ağdam şəhəri və 123 kəndinin
89-u və şəhərin özü işğal altında idi deyə, tamamilə dağıdılmışdı. Burda həm
dövlətə, həm rayona, həm də vətəndaşlara böyük maddi ziyan vurulub. Dövlət
başçısının tapşırığına əsasən, beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə
bütün bu dəymiş ziyanlar hesablanacaq. Üstəlik, işğalda olduğu müddətin özü də
rayon üçün böyük itkidir. Bu müddət ərzində nələr qazanıla bilərdi? Əlbəttə ki,
bütün bu amillərin beynəlxalq metodologiyaları var, hesablanacaq və bunun üçün
yaradılmış xüsusi dövlət komissiyaları bu məsələləri araşdırıb beynəlxalq
qurumlar qarşısında qaldıracaq. Amma bu barədə dəqiq rəqəmlər səsləndirməkdə
çətinlik çəkirik, çünki həcm həddən artıq böyükdür və eyni zamanda bunlar tam
dəqiqliklə və elmi əsaslarla hesablanmalıdır. Ermənistan dövləti vurduğu ziyanı
təzminat olaraq ödəməlidir”.
"Uzun müddət gözləməyimizə
ehtiyac qalmayacaq”
B.Əliyev bildirdi ki, Ağdamın işğalda olmayan hissəsi işğaldan azad
edilən hissəsinin bərpasında böyük təkan olacaq: "Ağdamın təxminən 23 faizə
qədəri işğal altında deyildi. O hissədə işğala qədər yerli əhali 25 min idisə,
bu gün orda 95 min nəfər yaşayır, çünki həmin ərazidə dövlət başçısının
sərəncamına uyğun olaraq 18 yeni qəsəbə tikildi və məcburi köçkün olan
ağdamlıların bir hissəsinin həmin o 18 qəsəbəyə qayıtması ilə əhalinin sayı
orda 95 minə çatdırıldı. Həmin ərazidə insanlarımız həm kənd təsərrüfatı ilə
məşğul idi, həm də emal sənayesi ilə. Xalçaçılıq da Ağdamda önəmli sahələrdən
olub, belə bir fabrik və kiçik emal sexləri Ağdamda açılıb. Bu gün Ağdamın Quzanlı
qəsəbəsində olimpiya kompleksi, muğam mərkəzi tikilib, böyük infrastruktur
qurulub. Başlanğıc üçün Ağdamın işğal altında olmayan hissəsi böyük təkandır.
Ağdam rayonu bu fəaliyyətlər əsasında özünün yerli büdcəsinin müəyyən hissəsini
formalaşdırır. Ümidvaram ki, qısa bir zamanda, bu potensiala söykənərək,
Ağdamda böyük işlər görüləcək”.
B.Əliyev qeyd etdi ki, Ağdamda iqtisadi inkişafı uzun müddət
gözləməyimizə ehtiyac qalmayacaq: "Bütün ərazilər minalardan təmizləndikcə,
mərhələ-mərhələ istifadəyə veriləcək və orda əvvəlki fabrik və zavodların
hamısı qurulacaq. Kənd təsərrüfatı təyinatlı torpaqlardan isə çox sürətlə
istifadə olunacaq. Çünki Ağdam iki çayın arasında yerləşir, Qarqar və Xaçın.
Xaçın çayının da üzərində vaxtilə böyük su anbarı tikilib. Suqovuşan su anbarı
da düşmən tapdağından azad edilib. Ordan da kanal gəlirdi. Ağdamın ərazisinin
böyük bir hissəsi suvarılan, bərəkətli torpaqlardır. Ümidvaram ki, Ağdam qısa
müddət ərzində bərpa ediləcək və yüksək texnologiyalara əsaslanan sənaye
müəssisələri işə salınacaq. Çünki vaxtilə bunlar olub. İstər Azərbaycanda,
istərsə də xarici ölkələrdə Ağdamın kifayət qədər elm adamları var və onların
da imkanlarından istifadə edərək Ağdamda yenidən çox yüksək texnologiyalara
söykənən müəssisələrin elmi fəaliyyəti də, şübhəsiz ki, təmin ediləcək”.
Strateji coğrafi mövqe
Tədqiqatçı, Ağdamla bağlı
kitabların müəllifi Vüqar Tofiqli deyir ki, Ağdam həm
əhalisinin sayı, həm də yüksək iqtisadi potensialı ilə işğal altında olan digər
rayonlardan fərqlənirdi: "İşğaldan öncə Ağdam Qarabağın iqtisadi mərkəzi hesab
edilirdi. Həmin ərazidəki regional satış, təchizat və s. bazaların böyük
əksəriyyəti Ağdamda yerləşirdi. Bu da regional ticarətdə önəmli faktor hesab
olunur. Ağdam həm də sənaye mərkəzi idi. İki böyük zavod burda fəaliyyət
göstərirdi. Bu da ərazinin iqtisadi çəkisini artırırdı. Yəni demək istəyirəm
ki, Ağdamın Qarabağdakı iqtisadi çəkisi çox yüksək səviyyəyə gəlib çıxmışdı. Bu
iqtisadi çəki isə kökdən - Ağdamın şəhər, yaşayış məntəqəsi kimi salınması
dövründən, xüsusilə də Qarabağ xanlığının təşəkkül tapdığı illərdən gəlirdi”.
V.Tofiqli bildirdi ki, Ağdamın yerləşdiyi coğrafi mövqe də iqtisadi
inkişafına təkan verib: "Müəyyən ticarət əlaqələrinin genişlənməsi, inkişaf
etməsi cəhətdən rayonun yerləşdiyi ərazinin mövqeyi də önəmlidir. İstər İran,
istər Rusiya, istər də Türkiyə tərəfdən bu mövqeyi qiymətləndirsək, strateji
coğrafi mövqe idi. Təxminən orta bir ərazidə yerləşirdi. Hər üç ölkə ilə
əlçatanlığı var idi. Şuşa strateji baxımdan yüksəklikdə yerləşdiyindən və
müəyyən mənada qış aylarında ora gedib-gəlmədə problemlər olduğundan, hələ
xanlıq dövründən başlayaraq Ağdamın iqtisadi inkişafına daha çox diqqət
yetirilirdi. Artıq həmin dövrdə Ağdam bazarı formalaşmışdı, xanlıq dövründən
sonrakı proseslərdə, müəyyən karvansaraylar inşa edilmişdi, bəy evləri var idi.
Yəni artıq bir yaşayış məntəqəsi kimi formalaşmışdı. 1828-ci ildə artıq şəhər
statusunu alandan sonra, Ağdamın iqtisadiyyatı yüksək sürətlə inkişaf etməyə
başladı. Həmin dövrdə başlayan inkişaf prosesi ötən əsrin 80-ci illərində artıq
pik səviyyəsinə gəlib çatmışdı. Elə səviyyəyə gəlib çatmışdı ki, Ağdamda
dünyanın hər bir naz-neməti satılırdı. Bu proseslər elə tənzimlənmişdi ki, hər
şey rahatlıqla, dürüstlüklə və halallıqla həyata keçirilirdi”.
V.Tofiqlinin sözlərinə görə, bu iqtisadi inkişafı dəstəkləyən amillərdən
biri də Ağdam ətrafında yaradılan nəqliyyat infrastrukturu idi: "Dağ magistral
yol xəttinin, Yevlax-Ağdam yolunun çəkilməsi, sonra Yevlaxdan Ağdama gedən
dəmiryol xəttinin inşa edilməsi, Ağdamda Novruzluda aeroportun tikilib
istifadəyə verilməsi, yəni bu nəqliyyat infrastrukturunun qurulması, həm də
ticarət və iqtisadiyyat əlaqələrinin daha da genişlənməsinə, bir növ imkan,
şərait yaratmışdı. İşğaldan azad olunandan sonra da bu məsələnin önəmi bizə
məlumdur və bu istiqamətdə işlərə başlanıb. Cənab Prezident bir neçə gün öncəki
sərəncamı ilə Ağdama dəmiryol xəttinin bərpası üçün beş milyon manat vəsait
ayırdı. Nəqliyyat işinin təşkili ilə bağlı infrastruktur layihələrinə start
verilib”.
V.Tofiqli deyir ki, Ağdam işğal altında olmasaydı, bu gün regionda
azad iqtisadi zona kimi inkişaf edə bilərdi: "Ağdama kifayət qədər maddi ziyan
dəyib. Əgər Ağdam 30 ilə yaxın müddət ərzində işğal altında olmasayadı, bu gün
regionda azad iqtisadi zona kimi çox yüksək inkişaf etmiş rayona və şəhərə
çevrilərdi. Düşünürəm ki, bundan sonrakı bərpa prosesində layihələr Ağdamın regionun iqtisadi mərkəzi
olması istiqamətində nəzərdə tutulacaq. Ağdamın əvvəlkindən daha yüksək
səviyyəyə gəlib çatacağına inanıram. Atılan addımlar mənə bunu deməyə əsas
verir”.
V.Tofiqli qeyd etdi ki, işğal altında olan torpaqlara dəyən zərərin
qiymətləndirilməsi işi artıq indiyə qədər həll olunmalı idi. Bu zaman hansısa
rəqəmlər səsləndirmək mümkün olardı: "Son 20 ildə Azərbaycanın inkişaf
səviyyəsi onu yardım alan ölkədən donor ölkəyə çevirib. İqtisadi potensialımız
yüksək səviyyədə inkişaf edib. Hər bir sahədə inkişaf göz qabağındadır, bunu
inkar etmək olmaz. Bu müddət ərzində bizim çatışmayan və çox axsayan
istiqamətlərimizdən biri də ölkəmizə dəymiş maddi-mədəni ziyanın hesablanması
və siyahıya alınmasıdır. O cümlədən, iqtisadi proseslərə dəymiş ziyanın
ölçülərinin hesablanması və bunun təqdimatı prosesi icra edilməyib. Bununla
bağlı Nazirlər Kabineti yanında işçi qrupu da yaradılıb, həmin qrupun
saxlanmasına əlavə maliyyə vəsaiti də ayrılıb. Son 10 ildə müəyyən təşəbbüslər
olsa da, nə işçi qrupu konkret olaraq bu istiqamətdə ortalığa bir fakt qoya
bilib, nə də digər proseslərdə dövlət səviyyəsində elə də ciddi addım
atılmayıb. Yəni biz vaxtında həmin hesablama və leqallaşdırma məsələlərini və yaxud
da digər əmlak məsələlərini ortalığa qoyub konkretləşdirməli idik ki, torpaq
işğaldan azad ediləndə, ermənilərdən tələb edəcəyimiz təzminatın həcmini
təxminən bilək. Bu sahədə indiyə kimi müəyyən ləngimələrimiz olub. İndi bu
prosesi təcili və sürətli şəkildə icra etməliyik ki, bundan sonra bu
qalibiyyətlərin arasında səhvə yol verməyək”. Aygün