• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

“İsa Qəmbər Müsavat Partiyasına şəxsi mülkiyyəti kimi baxır”

20.11.13 08:53 1075
“İsa Qəmbər Müsavat Partiyasına şəxsi mülkiyyəti kimi baxır”
Bir neçə gün öncə Müsavat Gənclər Təşkilatının yeni sədri müəyyən olunub. Bu posta səsvermə yolu ilə Əhliman Abbas seçilib. Lakin onun rəqibi Rüfət Hacıbəyli seçkinin obyektiv keçirilmədiyini bəyan edib. O, mətbuata seçki prosesində tərəfdarlarına qarşı təzyiq olduğunu və Ə.Abbasın arxasında böyük qüvvələrin dayandığını açıqlayıb. Məsələ o həddə çatıb ki, partiya rəhbərləri açıqlama vermək məcburiyyətində qalıblar. Onlar seçkinin normal keçirildiyini, səsvermənin artıq baş tutduğunu desələr də, bu açıqlamalar odun üstünə su səpmək üçün kifayət etməyib. Qeyd edək ki, R.Hacıbəyli və tərəfdarları məsələni sosial şəbəkələrdə aktiv müzakirəyə çıxarıblar və bu yolla nəyəsə nail olacaqlarına ümid edirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, bu kimi halların yaşanmasına bir neçə məsələ səbəb ola bilər. Əsas səbəb isə orada normal münasibətin olmaması, bir çoxunun həddini bilməməsidir: “İsa Qəmbər Müsavat Partiyasına öz şəxsi mülkiyyəti kimi baxır. Özəlləşdirilmiş firma və ya ticarət obyekti formasında baxdığını desək, daha dəqiq olar. Onlar artıq bununla neçənci dəfədir ki, seçki keçirirlər, sonra isə həmin nəticələri tanımırlar. Bu ondan xəbər verir ki, o partiya düzgün idarə olunmur”.
Müsahibimiz onu da qeyd etdi ki, həmin qurumda heç normal iş münasibətləri yoxdur. Müxalifətdəki nəinki gəclərin, yaşlı üzvlərin də bir-birinə nə etimadı, nə inamı, nə də ki güvəni var: “Orada kim hansı havanı çalırsa, ətrafdakılar da ona uyğun züy tuturlar. Bu onu göstərir ki, özlərinin düz-əməlli partiyası və lideri olmadığı kimi, gənclərin də konkret liderləri yoxdur. Ümumiyyətlə, o düşərgədəki gənclərin sayı çox azdır. Xatırladım ki, YAP Gənclər Təşkilatının 250 mindən çox üzvü var. Müsavat partiyasında isə heç bizim üzvlərimizin bir faizi sayında gənc yoxdur.”.
Müsavat partiyası rəhbərliyinin hətta belə az sayda üzvlərini nə saxlaya, nə də idarə edə bilmədiyini deyən S.Orucov bu kimi hallara mənfi münasibət bəslədiyini vurğuladı: “Maraqlıdır ki, partiya sədri olaraq özlərini “demokrat” adlandırır və guya ətraflarına «demokratik» gəncləri topladıqlarını bəyan edirlər. Halbuki, bir dənə gənclər təşkilatının seçkisini keçirə bilmirlər. Belə bir qurumun hakimiyyətə iddialı olmağına isə ancaq gülmək olar”.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərovanın sözlərinə görə, bu gün dünyada bir çox cəmiyyətlər, dövlətlər demokratiyadan danışır. Amma diqqət etdikdə, onların demokratiya adı altında başqa dövlətlərə təcavüz etdikləri görünür. Həmin ölkələr insan haqlarını pozur və münaqişələrə yol açırlar: “Biz bu məsələni Azərbaycan kontekstinə gətirsək, deyə bilərəm ki, bizdə də daha çox radikal müxalifət demokratiyadan danışır. Lakin onların demokratiya tarixində bu günə qədər heç bir töhfələrinin olmaması hamıya bəllidir. 20 il öncə onların hakimiyyətə gəlib hərc-mərclik dövrünü xalqımıza yaşatmalarını xatırlatmaq yerinə düşər. Bu gün eyni hərc-mərcliyi, xaotik dövrü özləri və onlara qoşulan gənclər yaşayırlar. Təbii ki, Azərbaycan gəncliyi olaraq bu kimi halların qəti əleyhinəyik”.
AGAT sədri bildirdi ki, Azərbaycan artıq demokratiya yolundadır. Amma radikal müxalifətin daxili strukturlarında olan xaotik proseslər heç də demokratiyanın göstəricisi deyil. Bunlar yalnız anarxiyanın sübutudur: “Düşünürəm ki, müsavatçı gənclər daha xeyirxah işlərlə məşğul olmalıdırlar. Məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq arenalarda çıxış edib həqiqətlərimizi dünyaya çatdırmaqda bizə yardımçı olsunlar. Onsuz da, müxalifətçilər ancaq seçkidən-seçkiyə fəaliyyət göstərirlər. Sərbəst toplaşmaq azadlığı demokratiyanın göstəricisidir. Lakin ondan dövlətçiliyə qarşı, hakimiyyətə gəlmək üçün istifadə etmək yolverilməzdir. Azərbaycan gəncləri cəmiyyətimizə, dövlətimizə xeyirli olmaq uğrunda çalışmalıdırlar”.
Gördüyünüz kimi, radikalların öndə gedənləri kimi gəncləri də kürsü üçün dava edirlər. Onlardan soruşan lazımdır ki, siz eyni amala xidmət edirsinizsə, sədr kimi məsləkdaşınızın adının adicə kağız üzərində qeyd olunması niyə söz-söhbətin bu həddə çatmasına səbəb olur? Cavab birdir: Beyinlərində yalnız hakimiyyət istəyi olduğuna görə kreslo üçün dalaşmağa öyrəncəli olublar. Xəmirləri belə yoğurulub. Yəqin burada deyiblər, “mərifəti kimdən öyrəndin-gözü çıxmış böyük qardaşımdan”. Və ya balıq başdan iylənər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər