İş vaxtı internetdən istifadə lazımdırmı?
Mütəxəssislər hesab edir ki, iş yerində
rəhbərliyin internetə çıxışa qadağa qoyması məsələnin həlli deyil
İşə başlamazdan əvvəl internetdə
"gəzişmək” bir növ vərdişə çevrilib. Şəxsi elektron poçtumuza baxır, reklam
sitatları ilə maraqlanır, onlayn mağazalara nəzər salır və düşünmədən sosial
şəbəkələrdə, instagram-da vurnuxuruq. Bu, hazırkı gündə istifadəçilər
tərəfindən kifayət qədər normal davranış hesab edilir. İnternetdə bu cür "xəlvəti”
davranmanın öz adı var: kiberloafinq (cyberloafing). Yəni, iş yerində və ya iş
vaxtı internetdə boş vaxt keçirmək.Sahibkarlar həmişə bu cür davranışa
qarşı fəal mübarizə aparırlar. Amma son araşdırmalar göstərir ki, bu mübarizə
tamamilə mənasızdır. Orta hesabla, bir işçi iş günündə iki saata yaxın
kiberloafinqə vaxt sərf edir. Ofis işçilərinin isə yalnız 35 faizi iş saatları
ərzində bir dəfə də olsun sosial şəbəkələrə baxmadan işini davam etdirə bilər.Nevada Universitetinin tədqiqatçıları belə vaxt "itkisi”nin ABŞ
iqtisadiyyatına ildə 85 milyard dollara başa gəldiyini hesablayıblar. Buna görə
bir çox sahibkarlar işçilərin iş saatında vaxt itirməmələri üçün münasib
olmayan saytlara girişi əngəlləyiblər.Ancaq mobil internet və smartfonların yayılması bu cür qadağaların
faydasız olduğunu sübut edib. Bundan əlavə, çoxsaylı tədqiqatlar kiberloafinqin
faydalı məşğuliyyət olduğunu ortaya çıxarıb. Belə ki, "Tətbiqi psixologiya”
jurnalında dərc edilən nəticələrə görə, 10-15 dəqiqəlik qısa fasilələr beyni
"yenidən qurmaq” və problemə başqa baxışla yanaşmağa imkan verir. Nəticədə iş
qabiliyyəti yüksəlir, məhsul satışı çoxalır.Psixoloqlar iddia edirlər ki, bəzən çətin bir problemi həll etmək
üçün insan idrakının bir addım geriyə çəkilməyə və yenidən güc yığmağa ehtiyacı
var. Üstəlik, yemək və kofe fasilələri kiberloafinqdən yayınma qədər effektli
deyil.Son eksperimentlərin nəticələri sübut edib ki, iş zamanı internetdən
xəlvəti istifadə aqressivliyi azaldır və stressə qarşı müqaviməti gücləndirir.
Cənubi Florida Universitetinin bu istiqamətdə apardığı tədqiqatlarda
həftədə iş yerində 20 saatdan çox işləyən 258 kişi və qadın iştirak edib.
Sorğuların nəticələrinə görə, əgər iş yerində aqressiv ab-hava hökm sürür,
işçilərə qarşı kobud davranılırsa, o zaman kiberloafinq onların xilasına
çevrilir və işçilər bu yolla gərginliklərini azaldırlar. Belədə, məhz bu üsul kollektivdə
münaqişələrin qarşısını alan buferə çevrilir. Tədqiqatlar göstərir ki, işçilər
zaman-zaman öz şəxsi profillərində yazışmaqla və internetdə digər axtarış
saytlarında vaxt keçirməklə işdən daha çox həzz alırlar. Hətta onların
ağıllarına işdən qovula biləcəkləri və özləri ilə müqayisədə internetdən az istifadə
edən həmkarlarının daha üstün sayılacaqları da gəlmir. Tədqiqatçılar bu cür
neqativ halların aradan qaldırılması və iş mühitində gərginliyin azaldılması
üçün rəhbərlərə kiber-məşğulluq üçün işçilərinə vaxt ayırmağı tövsiyə edirlər.
İndi alimlərin qarşısında başqa sual durur: kiberloafinqlə nə qədər
vaxt keçirməyi öyrənmək lazımdır ki, o, problemə çevrilməsin. Həmçinin sonra
yarana biləcək çətin vəziyyətdən qurtulmaq üçün hüdudu necə müəyyənləşdirməyin
yolları axtarılır. Hələlik bu sualların dəqiq cavabı yoxdur.Bununla yanaşı, tədqiqatçılar hesab edirlər ki, hər bir fəaliyyət
növünün öz "faydalı” istifadəsi olmalıdır. Sahibkarların vəzifəsi isə
işçilərinin internetdən istifadəyə hansı fasilələrlə ehtiyac duyduğunu adekvat
qiymətləndirməkdir. Onların belə "fasilələrə” ehtiyac duyması isə başqa bir
araşdırma nəticəsində meydana çıxıb: 97 faiz kişi, 85 faiz qadınlar sosial şəbəkələr
və şəxsi messengerdə məşğul olmağı normal hesab edirlər.Qeyd edək ki, oxşar davranış və münasibət bizim cəmiyyətdə də var.
Belə ki, müəyyən idarə və təşkilatlar, özəl şirkətlər var ki, işçilərinin internetə
çıxış imkanlarını bloklayıblar.Məsələyə mütəxəssislərin yanaşması da birmənalı deyil. O mənada ki,
iş yerlərində internetdən azad istifadəni iş keyfiyyətinin aşağı düşməsi kimi
dəyərləndirənlərlə yanaşı, işçilər üçün azad mühitin yaradılmasını
dəstəkləyənlər və bunu müasir dünyanın tələbi adlandıranlar da az deyil.
Texnobloqer Fərid Pərdəşünas hesab edir ki, işçilərin iş yerlərində müxtəlif saytlara və ya sosial
şəbəkələr girişi internetdən azad istifadə məsələsi ilə bağlıdır: "Bu, bur növ
internetdən istifadə üçün rəqəmsal dünyada onların azadlığı sayılır. İnsanlar
hazırda virtual və sosial həyatlarını internet üzərindən qurublar. Onlara iş
yerlərində qadağalar qoymaq, onların sosialda olan azadlıqlarına müdaxilə
kimidir. Həmin şirkətlər işçilərin başqa saytlara girişinə qadağa qoymaqla
onlara psixoloji təsir edirlər”.
Bloqerin fikrincə, qadağaları götürmək iş mühitinə daha yaxşı təsir
edər: "Təəssüf ki, Azərbaycanda bəzi banklar, böyük müəssisələr bunu asan
üsulla həll etməyə çalışırlar: internetə girişi birbaşa bloklayırlar. Bu da bir
şirkətin imici, işçilərinə verdiyi dəyər baxımından zərərlidir”. F.Pərdəçünas
hesab edir ki, əgər internetdən istifadə işə mane olursa bu, işçinin düzgün
seçilməməsi ilə bağlıdır. Belə ki, əgər işçi bütün gününü internetdə keçirir,
öz işini görmürsə, məsuliyyətini başa düşmürsə, onu məcbur etməklə heç nəyə
nail olmaq olmaz. Çünki o, robot deyil ki, başının üstündə durmaqla idarə
edəsən. Müasir idarəetmədə bunlar artıq aradan qalxıb. Konkret işçiyə iş
verilir və onu hansı vasitələrlə və nə qədər vaxta yerinə yetirməsinə şirkət
qarışmır”.
Bloqer təəssüflə bildirir ki, bizdə işçilərin iş vaxtı internetdən
istifadəsinin lazım olub-olmaması ilə bağlı sorğular keçirilmir: "Hələ bu
sahədə şirkətlər işçilərinin mənafeləri ilə maraqlanmırlar. Şirkət ancaq sosial
ödənişləri ödəyir - yalnız bu şəkildə işçiyə qarşılıq verir, daha onun sosial
durumu ilə maraqlanmır. Əgər bu tip sorğular keçirilsə, daha yaxşı olar. Müasir
startaplara və böyük şirkətlərə belə qadağalar gülünc görünür. Amma elə
şirkətlər də var ki, köhnə qaydalarla işləyir, internetdən istifadə qadağasını
tətbiq edirlər. Hazırda Azərbaycanda da belə qurumlar kifayət qədərdir”.
Psixoloq Elnur Rüstəmlinin fikrincə, internet resurslarından iş yerində səmərəsiz istifadə
edilməsi, sosial şəbəkələrdə zaman keçirilməsi iş keyfiyyətini aşağı salır.
Eyni zamanda, diqqətin yayınmasına gətirib çıxarır: "Tapşırılan işin vaxtında
yerinə yetirilməməsi həm rəhbər-işçi münasibətinə, həm ümumi işin gedişatına
pis təsir göstərir, həm də iş kollektivində münasibətlərin pisləşməsinə səbəb
olur. Bu istiqamətdə hüquqi baxımdan hər hansı bir qadağanın edilməsi, bilmirəm,
nə dərəcədə doğrudur. Söhbət özəl müəssisədən gedirsə, onlar bununla bağlı hər
hansı bir qərar vermək səlahiyyətindədir. Onlar bunu öz iş prosesi ilə
əlaqələndirə, bu qaydanı əmirləşdirə və bütün işçilərə də bununla bağlı məlumat
verə bilərlər. Burda bir problem yoxdur. O cümlədən dövlət müəssisələrinin də
öz iş qrafiki var və buna uyğun davranırlar”.
Psixoloqun fikrincə, bütün hallarda iş yerlərində mobil telefonun olması,
bilgisayar arxasında internetdən istifadəyə işçinin özünün məhdudiyyətlər qoyması
daha məqsədəuyğundur: "Xarici ölkələrin təcrübəsinə görə, işçilər mütəmadi
olaraq daim menecment, stressmenecment istiqamətində təlimlərə cəlb edilirlər.
Bu onların psixoloji dayanıqlılığını artırır, eyni zamanda kollektivdə işçilər
arasında münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxarır. O cümlədən, rəhbər-işçi
münasibətinin sağlamlaşmasına və iş vaxtından səmərəli istifadə edilməsinə
səbəb olur. Ona görə də bu proseslərdə inzibati tədbirlərdən daha çox,
təlimlərə üstünlük verilməsinin tərəfdarıyam. Əgər bir müəssisənin rəhbərliyi
tərəfindən internetə çıxışa konkret məhdudiyyət qoyulsa, inanmıram ki, bu,
məsələnin həlli olsun. Həmçinin düşünmürəm ki, bütün işçilər bu qaydaya əməl
etsinlər. Çünki əksəriyyətdə mobil telefon var və onlar bu cihazla internetə
daxil olacaqlar. Telefonların yığışdırılması isə insanların hüquq və azadlıqlarının
pozulmasıdır”.
E.Rüstəmli hesab edir ki, bu baxımdan ən yaxşı yol bilgiləndirmək,
maarifləndirmək və hər işçinin iş şəraitində özünü faydalı hiss etməsinə şərait
yaratmaqdır: "Bu gün Azərbaycan mühitində də inkişaf etmiş, zamanın
çağırışlarına cavab verən özəl və dövlət müəssisələri konkret olaraq işçilərinə
internetdən istifadəyə vaxtlar ayırır. Həftəsonu bərabər zaman keçirir, iş
müddətində kofe, çay, film saatı təşkil edirlər. Amma bu qayda kütləvi
yayılmayıb. Hesab edirəm ki, insan işlədiyi yerdən həm də məmnun qalmalıdır.
Məmnunluq üçünsə həm özü, həm də rəhbərlik çalışmalıdır. Əgər birgə fəaliyyət
olmasa, orda hansısa nəticənin olmasına inanmıram”.
Təranə Məhərrəmova