AZE | RUS | ENG |


“İş axtarmaq özü bir işdir” – Uğur hekayəsi

“İş axtarmaq özü bir işdir” – Uğur hekayəsi
Namiq Məmmədov deyir ki, uğur əldə etmək üçün insanlığından, keyfiyyətindən, şəxsiyyətindən imtina etmək düzgün deyil

İnadkardır. Bir şeyi əldə etmək istəyirsə, var gücü ilə onun üçün çalışır. Özünü inkişaf etdirməkdə maraqlıdır, iddialıdır. Eyni zamanda, ünsiyyət bacarıqları yüksəkdir. Hesab edir ki, insanın bir dəyəri olmalıdır və uğur əldə etmək üçün heç vaxt dəyərlərindən imtina etməməlidir. Deyir ki, uğur əldə etmək üçün zamanından, əyləncədən, yuxundan imtina edə bilərsən, amma dəyərlərdən imtina etmək düzgün deyil. Müsahibimiz Karyera.biz şirkətinin və karyera.biz saytının rəhbəri Namiq Məmmədovun karyera yoluna nəzər salaq...
 
- Namiq bəy, karyera yoluna çıxanda ilk hədəfiniz nə idi?
- İlk hədəfim akademik karyera qurmaq idi. Bakı Dövlət Universitetinin tarix fakültəsini həm bakalavr, həm magistratutra pilləsi üzrə bitirmişəm. Aspiranturada da təhsil almışam. Amma akademik karyeranın həyatımı düşündüyüm kimi təmin etməyəcəyini gördüm və ondan imtina etdim. Müdafiənin qurtarmasına az bir zaman qalmış namizədlik işimi yarımçıq qoydum. Özəl sektora yönəldim, əvvəl ticarətlə məşğul olmağa çalışdım, sonra beynəlxalq neft şirkətlərinin birində çox yüksək maaşla fəhlə işi tapdım. Bakı Dövlət Universitetinin kafedra müdirinin aldığı məvacibin iki qat artığını alırdım. İlk iş günü mənə iş aləti kimi bir süpürgə, bir xəkəndaz, bir də qara torba verəndə anladım ki, əslində süpürgəçi işləyəcəyəm. İlk vaxtlar mənim üçün çox çətin idi. Akademik karyera, universitet, müəllimlər və birdən gəlib əlinə süpürgə götürüb işə başlayırsan. Gizlənə-gizlənə işləyirdim ki, heç kim görməsin. Sonra laqunda işlətməyi, qaynaq etməyi öyrəndim və məni mexaniki sahəyə keçirdilər. İşim əziyyətli olsa da, kefim kök idi, çünki maddi baxımdan çox rahat bir dövr idi. Bir ilə yaxın həmin şirkətdə işləyəndən sonra layihə başa çatdı və mən işdən çıxdım. Bu, mənim üçün yaxşı bir təcrübə idi. İndi işsiz qalsam, rahatca gedib qaynaqçı işləyə bilərəm.
 

- Necə oldu İnsan resursları sahəsində peşəkar fəaliyyətə başladınız?
- Bu sahədə ilk peşəkar fəaliyyətə Azərsun Holdinqdə başlamışam. Neft şirkətindəki layihə bitdikdən sonra qardaşımın yardımı ilə dolğun br CV (avtobioqrafiya) hazırladım. Son iş yerimlə bağlı CV-yə bir dəyişiklik etdim. Süpürgəçi əvəzinə supervayzer yazdım. Vəzifə öhdəlikləri əlavə etdim. Nəticədə çox cazibədar bir CV ortaya çıxdı. Məni müsahibəyə çağırdılar. Müsahibə təxminən 50 dəqiqəyə yaxın çəkdi. "Azərsun” Holdinqin İnsan resursları departamentinin o vaxtkı direkutoru Elçin Məmmədovla bir görüş oldu. Son iş yerimlə bağlı o işi ən yaxşı şəkildə necə görmək mümkün idisə, o cür təsvir etdim. Müsahibədən çıxıb evə gedənəcən mənə zəng vurub dedilər ki, "sənədlərini gətir, səni işə götürdük”. Sabahısı gün sənədlərimi aparıb, birisi gün "Azərsun”un İnsan resursları departamenrində kiçik mütəxəssis kimi işə başladım.
 
- Sonradan yalan danışmağınızın üstü açılmadı ki?
- Mənim fəhlə işlədiyim layihə tamamilə bağlandı və camaat iş axtarmağa başladı. Mən insan resurslarında işlədiyimdən ora müracəit edənlərin əksəriyyəti tanışlar idi. Başa düşdüm ki, bir gün yalanımın üstü açılacaq. Daha böyük rüsvayçılıq olmasın deyə, özüm İnsan resursları departamentinin direktorunun otağına getdim. Artıq 1,5 ay idi işləyirdim və bu müddət ərzində özümü göstərə bilmişdim deyə, direktora çox rahatlıqla yaxınlaşdım. Üzr istəyib yalan danışdığımı dedim. O da sağ olsun, anlayış göstərdi. Əgər mən insan resursları sahəsində bir yerdəyəmsə, Elçin Məmmədova minnətdaram. Ondan çox şey öyrəndim, öz üzərimdə işlədim və bir müddət sonra İşə qəbul şöbəsinin müdiri, daha sonra "Azərsun”un Regional insan resurslarının müdiri oldum. Dörd ilə yaxın "Azərsunda işlədim və sonra işdən çıxdım.

 
- Kifayət qədər yaxşı vəzifəyə təyin olunduğunuz halda "Azərsun”dan çıxmağınıza nə səbəb oldu?
- Çox iddialı idim və iddiamın bu şirkətdə təmin olunmayacağını gördüm. Buna görə yeni iş tapmadan oranı tərtk etdim. İş yoldaşlarım üçün mənim getməyim təəccüblü idi. Bəlkə də tələsik bir addım, tipik azərbaycanlı yanaşması idi. "Artıq çox şeyi bilirəm” havasıyla konsultasiya şirkəti qurmaq qərarı verdim. Peşiman da deyiləm. Daha sonra "Veysəloğlu”ndan dəvət gəldi, orada işlədim. Sonra Gədəbəy Mineral Sularında İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışdım.
 
- Hazırda Karyera.biz şirkətinə və saytına rəhbərlik edirsiniz. Bu barədə danışardınız...
- Karyera.biz insan resurslarına xidmət göstərən konsultasiya şirkətidir. Əvvəl karyera.biz saytını yaratdıq, sonra saytımız şirkətləşdi. Şirkət olaraq insan resursları sistemlərinin qurulması ilə bağlı xidmətlər göstərir, təlimlər veririk.
 
- Uzun müddət müxtəlif şirkətlərdə İnsan resursları departamentində işləmisiniz. Tanış, qohum-əqrəba yəqin iş üçün çox müraciət edib...

- Elədir. İş üçün müraciət edən və küsən xeyli dost, qohum var.

 
- Deyəsən, çoxunu geri çevirmisiniz…
- Xarakterim belədir. Yaxından tanıyanlar bilir ki, əgər adamın müraciət etdiyi işlə bağlı hər hansı keyfiyyəti, uyğunluğu yoxdursa ona rahat şəkildə "yox, sənlik deyil” deyə bilirəm. "Yox” deyə bilməyim sevdiyim xüsusiyyətlərimdəndir. Buna görə məndən ciddi şəkildə inciyirlər. Bu illər ərzində iş tapmaqda kömək etdiyim qohumlarım 3 nəfərdir. Cəmi 3 qohumum bu 10 il ərzində mənim vasitəmlə işlə təmin olunub. Onlar da mənim qohumum olduqlarına görə yox, işi bacardıqlarına görə...
 
- Namiq bəy, Azərbaycanda hansı sənət, ixtisas sahiblərinə daha çox ehtiyac var?

- Satışda, marketinqdə və maliyyədə hər zaman işini bilənlərə ehtiyac var.
 

- Yəqin siz də razılaşarsınız ki, ali məktəblərlə iş dünyası arasında böyük bir uçurum var…
- Ali təhsil müəssisələrimiz diplom verirlər. Universitetlərimizlə iş dünyası arasında körpü yoxdur. Təhsil ocaqları bazarın nəbzini tutmağı bacarmalı, onun ehtiyaclarını düzgün müəyyənləşdirməlidir. Təəssüf ki, bu iş yetərli deyil. Universitetlər kadr yetişdirə bilmir. Şirkətlərin çox ciddi kadr problemi var. Nə mühasib işi idarə edəcək səviyyədə olur, nə maliyyəçi, nə marketoloq… Dərsi köhnə kitablardan keçirlər. Ali məktəbələrdə iş dünyası haqqında təsəvvürlər çox aşağı səviyyədədir.
 
- İş axtaran gənclərimizdə əsasən nə çatmır?
- Nə istədiklərini bilmirlər. İş axtarırlar, amma "niyə bu işi axtarırsan?” kimi suala özləri cavab verə bilmirlər. Gənclərimiz yarımçıq ixtisas sahibidirlər, amma bir peşə sahibi deyillər. Əvvəla sevmədikləri ixtisasda oxuyurlar, sonra başqa yerlərdə iş axtarırlar. Bazarda təxminən 300 CV var. Siz bu gün mühasib vakansiyası üçün elan verin, sabah təxminən 300 CV gələcək. Birisi gün marketoloq vakansiyası üçün elan versəniz, eyni CV-lər ora da gələcək. Vəziyyət belədir. Adamlar özlərinə yol seçə bilmirlər. Ən böyük problem budur. İş axtarmağa dərd kimi baxırlar. Əslində iş axtarmaq bir işdir. İş axtarmaq işini nə dərəcədə keyfiyyətli görsən, sonda o qədər böyük mükafat əldə edəcəksən. Biz ay ərzində yaxşı işləyib mükafat olaraq maaş alırıqsa, iş axtaran da yaxşı axtarış etsə, əvəzində yaxşı işi mükafat olaraq tapacaq.
 
- İş axtaran gənclərimizə nə məsləhət görərdiniz?
- Birinci növbədə nə axtardıqlarını və nə üçün axtardıqlarını, axtardıqlarından nə qədər razı qalacaqlarını dəqiqləşdirsinlər. Çünki sevmədiyin işlə məşğul olub çox pul qazanmaq olar, amma xoşbəxt olmaq mümkün deyil. Sevdiyin işlə məşğul olub həm də pul qazana bilərsən. Buna görə nə axtardığını bilmək vacibdir. Nə axtardığını bilməsi üçün adamın qabiliyyəti, istəyi, arzusu tamamən üst-üstə düşməlidir. Bunu müəyyənləşdirəndən sonra özünü o peşəyə verməlidir. "Universitetdə bizə öyrətməyiblər” demək yaxşı bəhanə deyil, adamlar zəhmət çəkib öz üzərlərində işləməlidirlər. Reallıq budur. Kimə inad edib işləməyəcəklər ki? Nəticədə zərər çəkən özləri olacaq.
Bundan başqa, gənclərimiz CV hazırlaya bilmirlər. CV-də özləri haqqında lazımi məlumatları çatdırmaları kifayətdir. Bəzən universitetdən yenicə məzun olmuş gənc10-20 səhifəlik CV ilə şirkətlərə müraciət edir. Tələbəlik illərindəki bütün könüllülük fəaliyyətini yazırlar. Müraciət etdikləri işlə bağlı təcrübələri varsa, onu qeyd etmələri kifayətdir. Gənclərin CV-si bir səhifədən çox ola bilməz. Bir səhifədə öz məlumatlarını dolğun, yetərli, keyfiyyətli şəkildə yerləşdirməlidirlər. 

 
- Son ənənəvi sualımız: uğur sirriniz?   
- Yorulmuram, inadkaram. Bir şeyi əldə etmək istəyirəmsə, onun üçün çalışıram. Özümü inkişaf etdirməkdə maraqlıyam. İddialı adamam. Eyni zamanda ünsiyyət bacarıqlarım yüksəkdir.
Gənclərə tövsiyəm budur ki, ilk növdəbə dəyər sahibi olsunlar. Uğur əldə etmək hər şeydən imtina etmək demək deyil. Uğur əldə etmək üçün zamanından, əyləncədən, yuxundan imtina edə bilərsən, amma dəyərlərdən imtina etmək düzgün deyil. Uğur əldə etmək üçün insanlığından, keyfiyyətindən, şəxsiyyətindən imtina etməməlisən. Hər şeyi öyrənsinlər, öz işlərini isə çox öyrənsinlər. İlk növbədə dəyərləri olsun, dəyərlərinin başında da insanlıq dursun. İnsanlıq ən böyük dəyərdir.
 
Lalə MUSAQIZI

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.1549
TRY 1 Türk lirəsi 0.4771
KWD 1 Küveyt dinarı 5.6378
SEK 1 İsveç kronu 0.1959
EUR 1 Avro 1.8654
CHF 1 İsveçrə frankı 1.7413
USD 1 ABŞ dolları 1.7201