AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İş axtaranlara dil maneəsi

İş axtaranlara dil maneəsi

İqtisadiyyat
13 Fevral 2013, 11:12 2172
Əvvəllər kimisə işə götürərkən rus və ingilis dilini bilməsi tələb olunurdusa, bu gün artıq bəzi işəgötürənlər üçüncü xarici dil də tələb edirlər. Nə qədər dil bilsən, o qədər yararlısan deyirlər. Bəlkə elə bu səbəbdəndir ki, bir çox müdirlər, rəhbərlər işçisinin “hərtərəfli adam” olmasını istəyirlər. Bunda heç bir qəbahət yoxdur. Amma qəbahət onda olur ki, Azərbaycanda iş quran hər hansı xarici şirkət ofis daxilində əsas ünsiyyət və yazı dili kimi xarici dildən istifadə edir. Çox zaman şirkətin mənsub olduğu ölkənin dili əsas “ana dili”nə çevrilir. Yəni kargüzarlıq işləri də o dildə aparılır. Hətta bəzən o dili bilməyən xadimə, çilingər belə işə alınmır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bu halları qəti qanun pozuntusu hesab edir. Onun fikrincə, Azərbaycanda iş yerlərində dövlət dili tətbiq olunmalıdır. Amma spesifik iş yerləri, xüsusi sahələr ola bilər ki, bu da istisnadır: “Nazirlər Kabinetinin qərarı ilə hansı iş yerlərində hansı dillərin tələb olunması konkret göstərilsəydi daha yaxşı olardı. Təbii ki, söhbət tərcümə xidməti mərkəzlərində dil bilməyənin işə götürülməsindən getmir. Məsələn, neft platformasında hansısa bir işi yerinə yetirmək üçün dil tələbi qoymaq qanunsuzdur. Alman dili tərcüməçisi işinə o dili bilməyəni götürmək olmaz. Amma alman şirkətində çalışmaq üçün adi işçilərdən, sürücü və başqa işləri yerinə yetirənlərdən və s. dil tələb olunmamalıdır”. S.Məmmədov hesab edir ki, bu məsələdə hərc-mərclik var. Ona görə də normativ tənzimlənməsinə ehtiyac duyulur: “Əcnəbi dillərin Azərbaycan Respublikasında, iş yerlərində tətbiqi ilə bağlı ayrıca bir normativ sənəd olmalıdır. Heç olmasa kargüzarlıq işləri, maliyyə sənədləri Azərbaycan dilində aparılmalıdır. Xarici şirkətlər əmək qanunvericiliyini pozurlar. Özlərinin işi asan olsun deyə, dil bilən şəxsləri işə cəlb edirlər və işlərini öz dillərində aparırlar. Əvvəl ingilis dili daha populyar idisə, indi əlavə dillər də tələb edirlər. Bu, qanunsuzluqdur”.

İqtisadçı-ekspert Vüqar Bayramlı işəgötürmədə özəl sektorun azad olduğunu diqqətə çatdırdı: “Özəl biznesdə işə götürməklə bağlı məsələlər onların öz səlahiyyətlərinə daxildir. Yəni, hansı tələblərin qoyulmasına, hansı ixtisasın və dillərin tələb olunmasına özəl biznes özü qərar verir. Özəl biznes bir neçə dil tələb edirsə, bu, qanuna zidd deyil. Qanunvericilik buna imkan verir. Dövlət qurumlarında da bir neçə dilin tələb edilməsi başadüşüləndir”.

Ekspert istər özəl, istər dövlət müəssisələrində iş axtaranlardan bir neçə dil tələb olunmasını arzuolunan hal hesab etmir. Çünki bu, praktik olaraq gənclərin iş tapmasını xeyli məhdudlaşdırır: “Qanunvericilik bu məsələdə qadağa qoymur. Hüquqi baxımdan problem ondan ibarət ola bilər ki, birmənalı şəkildə işçi bazarında diskriminasiyanın yaranmasına gətirib çıxara bilər. Azərbaycan qanunvericiliyi bu cür diskriminasiyaları qadağan edir”.

V.Bayramlının fikrincə, bu məsələ ən çox bir dil bilən, yaxud heç bir dil xarici dili bilməyən, lakin işində peşəkar olanlar üçün problem yaradır: “Özəl biznes bununla bağlı qərarı özü verir. Kənardan qeyri-peşəkarı deyil, peşəkarı götürməyi tələb etmək düzgün hesab olunmur, bu, onların öz işidir”.

Millət vəkili Vahid Əhmədov bizimlə söhbətində söylədi ki, Azərbaycan müstəqil ölkədir və bu ölkədə insanların işlə təmin olunması üçün bu dili bilmələri yetərli ola bilər. O, son zamanlar işçilərdən üçüncü dili bilmələrinin ciddi surətdə tələb olunması hallarını pislədi: “Təbii ki, müəyyən ixtisasları çıxmaq şərtilə, bu hal qanun pozuntusudur. Kimisə işə götürərkən onun çox dil bilməsinə deyil, , ixtisasının uyğun gəlməsinə və işinin peşəkarı olmasına fikir vermək lazımdır”.

Ümumiyyətlə, son zamanlar hansı dilləri öyrənməyə marağın artdığını öyrənmək üçün “Kaspi Təhsil Mərkəzi” ilə əlaqə saxladıq. Onlar müraciət edənlərin yenə də daha çox ingilis dilini, daha sonra isə rus dilini öyrənmək istəyənlər olduğunu söylədilər. Təhsil mərkəzinə bu iki dildən sonra daha çox alman dilini öyrənmək üçün müraciət edirlər.

Şəfa Tapdıq