• cümə axşamı, 28 mart, 22:11
  • Baku Bakı 13°C

İri mühərrikli avtomobillər vergiyə cəlb oluna bilər

14.04.17 09:30 1299
İri mühərrikli avtomobillər vergiyə cəlb oluna bilər
Hesablama Palatası ölkə ərazisində olan həcmi iri mühərrikli avtomobillərin vergiyə cəlb olunması və müəssisələrin balansında olan maşınların əmlak vergisi ödənişi ilə bağlı dəyişikliklərin edilməsini təklif edib. Təklifə görə, kiçik mühərrikli avtomobillərə vergi tətbiq olunmayacaq.
Qeyd edək ki, kiçik mühərrikli nəqliyyat vasitələri dedikdə, mühərrikinin həcmi 50 kub/sm-dən 1500 kub/sm-dək olan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə nəqliyyat vasitələrinə moped, motosiklet və kiçik həcmli bəzi avtomobillər aid edilir.
Eyni zamanda, təklifdə qeyd olunur ki, müəssisələrin balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektlərinə aid edilsin. Bundan başqa, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin əmlak vergisi vergitutma siyahısına daxil edilsin.
Bəs bu dəyişikliyin mahiyyəti nədən ibarətdir? İri mühərrikli avtomobillərin vergiyə cəlb olunmasında əsas məqsəd nədən ibarətdir? Bununla bağlı dünya təcrübəsi nə deyir? Müəssisələrin balansında olan maşınların əmlak vergisi ödənişinə cəlb edilməsi hansı məqsəd daşıyır?
«Digesta» firmasının direktoru, hüquqşünasƏrşad Hüseynov "Kaspi”yə açıqlamasında bildirdi ki, dünya təcrübəsində belə bir mexanizm var: "Saytlarda yazıldı ki, guya kiçik mühərrikli avtomobillər vergidən azad olunurlar. Amma hazırda hələ ki Azərbaycanda avtomobillərə görə heç bir əmlak vergisi yoxdur ki, kimlərsə azad da olunsun. Nə fiziki, nə də hüquqi şəxsin avtomobilindən əmlak vergisi tutulmur. İndi büdcəyə əlavə vəsait cəlb edilməsinə ehtiyac var. Vasitələrdən biri də dünya təcrübəsində tətbiq olunan avtomobil sahiblərindən tutulan əmlak vergisidir. Onu da Azərbaycana gətirmək istəyirlər. Hesablama Palatası ciddi təşkilatdır, yəqin ki, o təklif reallaşacaq. Mahiyyəti belədir ki, həm hüquqi, həm də fiziki şəxslərin avtomillərindən əmlak vergisi tutulacaq. Bircə əlillərə dövlət tərəfindən verilən avtomobillərə aid olmayacaq. O da məntiqlidir, dövlət əlilə avtomobil verib ondan da vergi tutmayacaq ki?”.
Ə.Hüseynovun sözlərinə görə, bu dəyişiklik maşın bazarına təsirsiz ötüşməyəcək: "Maşın bazarına təsiri olacaq. Əmlak vergisi bəzi ölkələrdə mühərrikin həcminə, bəzilərində isə avtomobillərin təsnifatına görə tətbiq olunur. Böyük ehtimalla, bu, Azərbaycanda mühərrikin həcminə görə tətbiq olunacaq. Bahalı avtomobillərdən daha çox vergi tutulacaq. Bu da bahalı avtomobillərə marağı bir az da azaldacaq. Ümumiyyətlə, verginin olması avtomobilə marağı azaldacaq”.
106.3 FM-də yayımlanan "Avtostop” verilişinin müəllifi və aparıcısı dj Tural Yusifov deyir ki, bu, dünya təcrübəsində var. Mahiyyəti isə ekologiyanı qorumaq və kiçik həcmli avtomobillərin satışını stimullaşdırmaqdır: "İri mühərrikli avtomobillərin vergiyə cəlb olunması yaxşıdır. Çünki birincisi, söhbət yanacaq sərfiyyatı və buna xərclənən əlavə puldan gedir. Əgər pulun çoxdursa və 5500 kub/sm avtomobil sürmək istəyirsənsə, çox vergi ödəməlisən. Bu zaman artıq insanlar kiçik mühərrikli avtomobillərə müraciət etməyə başlayırlar. Kiçik mühərrikli avtomobillərin ekologiyaya vurduğu ziyanla 5500 kub/sm mühərrikli avtomobillərin vurduğu ziyan arasında böyük fərq var. Dünyanın bir çox inkişaf etmiş ölkələrində iri mühərrikli avtomobillərə vergi yuxarı olur. Bu cür qaydalardan dolayı, Avropada adətən mühərrik həcmi 1600 kub/sm-dən yuxarı avtomobil almırlar. Birincisi, qənaət üçün, ikincisi isə, vergisinə görə. Mühərrik həcmi böyük olan avtomobillərin vergisi də çox olur”.
T.Yusifov bildirdi ki, verginin tətbiqi ilə bağlı konkret qaydalar müəyyənləşdirilmədiyi üçün ölkə ərazisindəki avtomobillərin neçə faizinin vergiyə cəlb olunması ilə bağlı fikir səsləndirmək də çətindir: "Əvvəllər bizdə texniki baxışdan keçmək üçün mühərrik həcmindən asılı olaraq yol vergisi varıydı. 1600 kub/sm-ə qədər başqa tariflə hesablanırdı, 2000-dən yuxarı başqa, 2500-dən də yuxarı ayrı. Sonra o yol vergisi ləğv olundu, yanacaq ticarəti ilə məşğul olan şəxslərə tətbiq edildi. Artıq mühərrik həcminə görə texniki baxışdan keçmə vergisi bizdə yoxdur. Yol vergisi adi sürücülərə yoxdur. Amma icbari sığortada bu var. Mühərrik həcmi 1600 kub/sm-dən 2000 kub/sm-ə qədər olan avtomobillərdə icbari sığorta 75 manatdır, 2000 kub/sm-dən 2500-ə qədər isə bu, 100 manatdır və s. Bu cür davam edir, mühərrik həcmi artdıqca, məbləğ də böyüyür”.
T.Yusifov deyir ki, müəssisələrin balansında olan avtonəqliyyat vasitələrinin əmlak vergisinin vergitutma obyektlərinə aid edilməsi müəssisələr üçün əlavə yük olacaq: "Mən bunun tərəfdarı deyiləm. Tutaq ki, bir daşıma şirkətinin 100 avtomobili var. Həmin şəxs ƏDV, mənfəət vergisi ödəyir, DSMF-yə, üstəgəl, muzdlu əməyin istifadəsinə görə də vergi verir. Şirkət və müəssisələrin çoxunun binası var və onsuz da onlar əmlak vergisi ödəyirlər. Bir də onun balansında olan 100-200 maşını əmlak vergisinə cəlb etmək bir az ədalətsizlik olar. Beynəlxalq və ölkə daxilində daşımalar edənlər var. Məncə, bu onların vergi yükünü artıracaq. Məsələn, iri şirkətlərin 200-dən çox maşını var. Bu zaman onlar həmin əmlakları öz adlarından çıxaracaqlar, icarə müqaviləsi əsasında bu xidməti etdirəcəklər. Bunun başqa yollarından istifadə edəcəklər”.
Aparıcı onu da qeyd etdi ki, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri əmlak vergisi vergitutma siyahısına daxil ediləcək. Bu isə o deməkdir ki, ölkə daxilindəki xarici vətəndaşa aid olan nəqliyyat vasitələrinə görə də əmlak vergisi ödəniləcək.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər