AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İrəvanda Azərbaycan bayrağı ucaldı

İrəvanda Azərbaycan bayrağı ucaldı

İdman
07 Dekabr 2012, 17:18 1981
Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası dünya çempionatının keçirildiyi Ermənistanın paytaxtı İrəvandan vətənə dekabrın 8-də qayıdacaq.

Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

O, bildirib ki, yığmamız sabah İrəvandan Gürcüstanın paytaxtı Tiflisə çarter reysi ilə uçacaq. Sonra isə komandamız Tiflisdən Bakıya gələcək. Nümayəndə heyətimizi paytaxtımıza gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında saat 16:45-də enəcək. Abiyev İrəvandan 1 bürünc medalla qayıdan komandamız üçün qarşılanma mərasiminin təşkil olunacağını da əlavə edib.

Qeyd edək ki, düşmən ölkədə Azərbaycanı 9 boksçu təmsil edib. Onlardan yalnız Pərviz Bağırov (64 kq) medal qazanıb. Bürünc medala sahib olan Bağırovun şərəfinə bu gün İrəvanda Azərbaycan bayrağı ucaldılıb. ABF rəsmisi Ermənistan tərəfindən nümayəndə heyətimizin təhlükəsizliyinə nə mükafatlandırma mərasimi, nə də ümumiyyətlə, yarış boyunca heç bir problem yaradılmadığını açıqlayıb: “Mən onlara demişdim ki, özünüzlə bayraq götürün. Bayrağımızın qaldırılmasına imkan verməsələr, mükafatlandırma mərasiminə idmançımız çiyninə bayraq ataraq çıxsın. Amma indicə danışmışam, heç bir problem olmayıb. Təhlükəsizliklərindən də şikayətlənmirlər. Hər gün oteldən yarış məkanına və geriyə mühafizəçilərin nəzarəti altında gedib-gəliblər”.

Yığmamızın çıxışını da dəyərləndirən Abiyev nəticəni normal sayıb. Onun fikrincə, yerli publika və hakimlərin böyük təzyiqi altında medal qazanmağın özü müsbət nailiyyətdir: “Pərviz Bağırov və Orxan Mayıllı ¼ finalda, Tural Əhmədov 1/8 finalda, Saqi Salehli (69 kq) və Rauf Rəhimov (81 kq) 1/16 finalda, Nəsrəddin Məmmədov (56 kq) isə 1/32 finalda uduzublar. Məmmədov ilk görüşdə erməni boksçuya uduzub. Bu, yerli azarkeşlərin təzyiqi altında baş verib. Rəhimov medal qazanmağa qadir idi. Amma onu hakimlər ciddi əsas olmadan ilk görüşdəcə diskvalifikasiya ediblər. Qalan boksçularımız ən azı bir döyüşlərini qələbə ilə başa vurublar. Bağırovu da hakimlər sıxıblar. Onu İrəvan rinqində finala buraxmazdılar. Dünya çempionatı Azərbaycanda keçirilsəydi, bir yox, bir neçə medal qazanardıq”.