• çərşənbə, 24 Aprel, 21:36
  • Baku Bakı 23°C

İrəvan Dövlət Dram Teatrı “İrəvanda xal qalmadı” dedi

15.02.16 10:37 2171
İrəvan Dövlət Dram Teatrı “İrəvanda xal qalmadı”  dedi
Noyabrın 9-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayət Orucovun “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim etdi.
Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa tarixən Azərbaycan şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin ötən əsrin 80-ci illərində milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Bəlli hadisə üzərində qurulan əsərdə cərəyan edən hadisələr torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan tanınmış azərbaycanlı yazıçı Sultan Oğuzun ətrafında baş verir. O, Zori Balayan əleyhinə kitab yazır. Elə bu hadisə üzərində də intriqalar başlayır. Ermənilər Sultan Oğuza dövlət mükafatının verilməsinin qarşısını almaq üçün hər bir vasitəyə əl atırlar. Təltif zamanı bir azərbaycanlı qətlə yetirilir. Buna etiraz olaraq Sultan Oğuz ona verilən dövlət mükafatından imtina edir və mübarizəsini başqa vasitə ilə davam etdirmək üçün öz yolunu seçir.
Əslində Sultan Oğuz obrazı müəllifin, yəni Hidayətin prototipi kimi də qəbul edə bilərik. Axı o da Qərbi Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ədəbiyyat və incəsənətin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə Ermənistan SSRİ Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülsə də, vətənpərvər və təəssübkeş ziyalı 1989-cu ildə nankor ermənilərin Azərbaycan xalqına qarşı növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq bu fəxri addan imtina etmiş və bununla da torpağına, elinə, vətəninə sədaqətini bir daha sübut etmişdir. Yəqin ki, bunu ədəbiyyata yaxın olanlar daha yaxşı bilir. Keçək əsas məsələyə, yəni tamaşanın özünə.
Gənc rejissor Nicat Mirzəzadənin quruluş verdiyi “İrəvanda xal qalmadı” tamaşası xristian aləmində böyüdülən uşaqların cəmiyyətdəki mövqeyi ilə başladı. Belə ki, tamaşa Ermənistanda doğulan hər bir uşağın qulağına ilk olaraq “Türk sənin düşmənindir” söylənməsi səhnəsi ilə başlayır. Və beləliklə hadisələr cərəyan edir.
Rejissor hadisələri pərakəndə şəkildə hazırlasa da baş rolun ifaçısı aktyor Əjdər Zeynalovun, qəhrəmanın öz təbirincə desək fəhlə Sultanın üzərinə böyük yük düşür. Aktyorun hadisələri dolğun və inandırıcı şəkildə tamaşaçıya çatdırması bizi heyran etməyə bilməzdi. Əjdər Zeynalov bir növ səhnədə gənc aktyorlara ustad dərsi keçirdi. Nə xoş İrəvan Teatrına ki, onların Əjdər Zeynalov kimi yüksək peşəkarlığa malik bir aktyoru var. Demək olar ki, tamaşa boyu gözüm aktyorun ifasında idi. Aktyor obraza elə daxil olmuşdu ki, sanki özünü unutmuşdu.
Tamaşada Sultan Oğuzun nakam sevgisi olan Firəngiz rolunun ifaçısı Könül Əbilova da rolunu məharətlə canlandırırdı. Sultan Oğuzla Firəngizin birgə paylaşdığı səhnələr, Könül Əbilova - Əjdər Zeynalova tandemi tamaşaya xüsusi rəng qatırdı. Demək olar ki, bu cütlük rejissorun ən ideal seçimlərindən idi. Könül Əbilova cəsarətli oyunu ilə diqqət çəkir, rolu çox təbii canlandırır, bəzən obrazda olduğunu belə tamaşaçıya unutdururdu. Nədənsə hərdən Sultan bəylə Firəngizlə arasındakı yaş fərqi məni çaşdırırdı. Axı nə üçün rejissor yaşlı aktyorla cavan qızı qrup yoldaşı kimi təqdim etsin, deyə özlüyümdə sual edirdim. Tamaşanın sonunda onların söhbətindən mənə aydın oldu ki, tələbə yoldaşlarının arasında ən yaşlısı sən demə Sultan Oğuz imiş.
Peşəkar aktyor üçün rolun böyüyü kiçiyi olmurmuş. İzlədiyim tamaşada mən bunun bir daha şahidi oldum. Belə ki, tamaşada Dincərliyin gözətçisi Usub kişi kiçik rol olsa da məni özünə valeh etdi. Əməkdar artist Vaqif Kərimovun gözəl ifasında Usub kişi rolu təbiiliyi, səhnədə sərbəst hərəkəti ilə tamaşaya bir dinamika, canlılıq gətirirdi.
Tamaşada məhkəmə sədri Qərinə xanım kişi xarakterli, iddialı qadındır, amma qadınlıq hisslərindən də məhrum deyil. Bu rolun ifaçısı Ruhiyyə Yəhyayeva da obrazı məhz belə təqdim etməyə çalışır. Biz onun Sultan Oğuzla görüşü səhnəsində hiss edirik ki, o da keçmiş tələbə yoldaşına biganə deyil. Qərinə xanımın məhkəmə sədri olması bizə dialoqlardan aydın olur. Halbuki aktrisa bunu ilk növbədə geyimi ilə büruzə verilməlidir deyə düşünürəm. Çünki onun əlbisəsi heç də məhkəmə sədrinin geyindiyi uniformalardan deyildi. Ziyafət əlbisəsini daha çox xatırladırdı.
Prokurorun müavini Emil – Ceyhun Əliyev də öz obrazı ilə maraq doğurdu. Amma nədənsə tamaşanın sonunda onun nə üçün öldürüldüyü tam aydın olmur. Sanki səhnənin bu hissəsi tamaşaçılar üçün tam olaraq açılmır. Kassada çalışan xanımla eşq macərası yaşayan Emil erməni xanıma vurulmaqla həyatının səhv addımını atır. Tamaşanın sonunda Süsən ona xəyanət edib, Emilin ölümünə səbəb olur. Tamaşa Emilin övladının ata deyə hayqırması ilə sona çatır. Və budur səhnədə yəni müsəlmanlar peyda olur. Rejissor tamaşanı xristianların uşaqlarını dünyaya gəlişi ilə başlasa da müsəlman övladının hayqırtısı ilə sona çatdırır. Sonda ağ geyimli insanlar - yəni bizimkilər səhnəyə çıxır və güllə səsləri eşidilməyə başlayır. Yeni doğulan körpəni qorumağa çalışan mələklər bir-bir güllə səsi ilə ölümə doğru gedirlər. Lakin tamaşanın qəhrəmanları uşağı - gələcəyimizi qoruya bilir, onu yaşadırlar. Səhnənin yuxarı hissəsində tamaşanın əsas qəhrəmanları - Sultan, Emil, və Firəngiz uşağı götürüb başları üstünə qaldırırlar.
Tamaşanın səhnə tərtibatına gəlincə isə görünür teatr dekorasiyaları öz daxili imkanlarına görə təyin ediblər. Arxa hissəsi qara fonla bağlanmış səhnədə bir neçə tarixi abidələrin şəkli yer almışdı. Səhnədə yerləşdirilən pilləkən iki hissəli idi. Bir hissəsi kassanın önü, digər hissəsi ilə idarəni təsvir edirdi. Səhnə fırlandıqca məkan da dəyişirdi. Janrı psixoloji-lirik dram kimi təyin olunan səhnə əsəri, öz süjet xətti ilə tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, tamaşada rolları Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva, Tural Tahir, Zəka Ziya, Rövşən Cəfərov, Niyaməddin Səfərəliyev, Əhliman Ərşadlı, Elşən Mehdizadə, Məryəm Qələndərova və Esmiralda Şahbazova ifa edirdilər.
P.S. 2007-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında eyniadlı tamaşaya şahidlik etmişdim. O zaman bu əsərə xalq artisti Ağakişi Kazımov quruluş vermişdi. Tamaşanın quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı isə Cavanşir Quliyev idi. Mərhum sənətkarımız İlham Əsgərov əsas rollardan birini canlandırırdı. Ondan əlavə Kazım Həsənquliyevin, Füzuli Hüseynovun, Rafael Dadaşovun oyunlarını izləmişdim. Tamaşa zamanı onların ifaları bir-bir göz önündən keçməyə başladı.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər