
İranlı fizikin qətli regionda gərginliyi artıracaq?
Siyasət
04 Dekabr 2020, 17:03
325
Neftin qiyməti 60 dollara kimi yüksəldə bilər
İranda
Co Baydenin ABŞ prezident seçilməsinin sevinci çox çəkmədi. Nüvə proqramının
"atası” hesab edilən Möhsün Fəxrizadənin gurultulu qətli ölkəni bir-birinə
vurmaqla yanaşı, bölgədə yeni gərginlik təhlükəsi yarada bilər. Baş verən
hadisə ötən ilin yanvarında general Qasim Süleymaninin qətlindən də ciddi
insidentdir. Və əksəriyyət hesab edir ki, bu qətlin qisası ağır ola bilər.
Proseslərin hansı axarda gedəcəyini proqnoz etmək çətindir. Belə bir fikir var
ki, İran gərginliyi artırmağa çalışmayacaq. Bu, birbaşa onun maraqlarına
ziddir. Qisas addımları atarsa, Birləşmiş Ştatlarla yenidən münasibətlər
gərginləşə bilər. Bir də ki, Qasim Süleymaninin qətlini birbaşa Birləşmiş
Ştatlar öz üzərinə götürmüşdü, Fəxrizadənin öldürülməsinə görə məsuliyyəti heç
kim öz üzərinə götürməyib. Beləliklə, görəsən bu qətlin siyasi, iqtisadi
nəticələri olacaqmı?
20 il izinə düşülən alim
Beləliklə,
noyabrın 27-də Tehran yaxınlığında törədilən sui-qəsd dünyanın diqqətini
yenidən bölgəyə yönəldib. Alimin olduğu avtomobil əvvəlcə partladılıb və daha
sonra maşın atəşə tutulub. Qərb ölkələrinin kəşfiyyat xidmətləri Fəxrizadənin
İranın hərbi nüvə proqramına rəhbərlik etməsini iddia edirdi, Tehran isə belə
bir proqramın varlığını qəti şəkildə inkar edib. Maraqlıdır ki, İranın nüvə
proqramının müəllifi kimi ad çıxaran Möhsün Fəxrizadəni 20 il ərzində dəfələrlə
öldürməyə cəhd ediblər, lakin uğursuz olub. Səbəb də o idi ki, İran kəşfiyyatı
həmişə Fəxrizadəyə hücum ehtimalını dəqiq şəkildə proqnozlaşdırıb. Bu dəfə isə
istədiklərinə nail oldular. Maraqlıdır ki, İran tərəfi rəsmən bəyan edib ki,
alimin öldürüləcəyi barədə əllərində yeni məlumat olsa da, bunu ciddiyə
almadılar. İranın hərbi nüvə proqramının memarı Möhsün Fəxrizadənin öldürülməsi
ölkəyə qarşı yürüdülən maksimum təzyiq kampaniyasında yeni bir zirvədir.
Bəziləri hesab edir ki, İranla gərginliyin yanvarın 20-dək artacağı ehtimal
olunur. Fəxrizadənin öldürülməsindən, ABŞ və İsrail tərəfindən İrana qarşı kəskin
addımlardan sonra Bayden administrasiyasının Tehranla əlaqələrini çətinləşdirə
biləcək daha mürəkkəb bir gerçəkliyin yaranması mümkündür. İranın BMT-dəki
səfiri Məcid Taxt Ravançi qətlə görə İsrailin məsuliyyət daşıdığını söyləsə də,
qarşı tərəf bunu təkzib edib. BMT baş katibinə ünvanlanan müraciətində səfir,
qətlə yetirilən alimin koronavirus infeksiyası ilə bağlı İran testinin
hazırlanmasında iştirak etdiyini vurğulayıb. Qərb nəşrləri bir ağızdan bəyan
edirlər ki, Fəxrizadənin öldürülməsi ABŞ-ın yeni seçilmiş prezidenti Co
Baydenin Tehranla münasibətləri yaxşılaşdırmaq yolunu çətinləşdirə bilər.
Bayden, prezident Donald Trampın pozduğu İranın nüvə anlaşmasını yenidən bərpa
edəcəyinə söz verib. Sözügedən anlaşma Tehranın nüvə silahı istehsalından
imtina etməsi müqabilində Qərbin tətbiq etdiyi sanksiyaların qismən
qaldırılmasını nəzərdə tuturdu.

İranla Baydenin üzləşdiyi sınaq
Yeri
gəlmişkən, İranda nüvə fizikinin qətlinin regiona, İranın nüvə proqramına
təsiri Qərb mediasının aparıcı mövzularından biridir. ABŞ
prezidenti Donald Tramp 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq
Tehrana sanksiyaları bərpa edib. Noyabrın 3-də prezident seçilmiş, sazişi
imzalananda Barak Obama administrasiyasında vitse-prezident olmuş Co
Bayden isə sənədə qayıtmaqdan danışır. "The Financial Times” qəzetində
David Qardner yazır ki, onsuz da çətin olan bu iş indi bir az da
qəlizləşir. "Əlahəzrət Tramp və Netanyahunun, eləcə də onların Körfəzdəki sünni
ərəb müttəfiqlərinin niyyəti də elə budur”, – yazan müəllifin fikrincə,
Trampın komandası gedər ayaqda Bayden administrasiyası üçün Yaxın Şərqdə
diplomatiyanın bərpasını çətinləşdirməyə çalışır. Bu yaxınlarda Trampın İranın
nüvə obyektlərinə zərbə endirməkdən ötrü müşavirlərindən məsləhət istədiyi
haqda da informasiya yayılmışdı. Məqalədə deyilir ki, indiyədək İrana qarşı
düşmənçilik kölgə müharibəsinə daşınırdı, İraqdan tutmuş Livana, Suriyadan
Yəmənədək proksi münaqişələrdə üzə çıxırdı. İndi isə real müharibənin
başlamayacağına ancaq ümid etmək qalır.
"Bayden
administrasiyası minalı sahəni idarə etməlidir. Bu, təkcə 2015-ci ildə cənab
Obamanın əldə etdiyi nüvə sazişinə aid deyil. Yeni prezident bu ilin yanvarında
Bağdadda qətlə yetirilmiş general Qasım Süleymaninin yarımhərbi, raketlə
silahlanmış dəstələri ilə məşğul olmağın yolunu tapmalıdır. Onlar Xəzər
dənizindən Aralıq dənizinə şiə İran dəhlizi qurublar”, – məqalədə
vurğulanır. "The New York Times” qəzetində Deyvid Sanqer də bildirir ki, İranda
nüvə fizikinin qətli Baydenin imkanlarını məhdudlaşdırır və məqsəd də elə
budur. Müəllif, növbəti bir neçə həftə ərzində İranın reaksiyasından çox şeyin
asılı olduğunu qeyd edir. Bu ilin əvvəlindən İrana qarşı üç dəfə yüksək
səviyyəli hücumlar təşkil olunub. Yanvarda Qüds qüvvələrinin komandiri Qasım
Süleymani Bağdadda ABŞ-ın dron zərbəsilə öldürülüb. İyulun əvvəlində
Natanz nüvə obyektində sirli partlayış olub. İndi də Fəxrizadənin qətli.
Məqalədə deyilir ki, İran ciddi reaksiya verməsə, nüvə proqramının başçısını
aradan götürmək kimi cəsarətli bir addım bəhrəsini vermiş olacaq. Yox, əgər
iranlılar cavab tədbiri görsələr, cənab Tramp yanvarda vəzifədən gedənəcən buna
görə cavab zərbəsi endirməyə bəhanə tapacaq. Bu halda Baydenə beşillik
diplomatik sənədin qalıqlarından daha böyük problemlər miras alacaq.
"The Washington Post” qəzetində Ceyson Rezayan
yazır ki, İranın siyasi isteblişmenti böyük bir iradə sınağı qarşısındadır. Elə
Co Bayden də. Müəllifin fikrincə, alimə qurulmuş pusqu İranın təhlükəsizlik
aparatı üçün ciddi uğursuzluqdur, görünür, aparat, rəsmiləri qoruya bilmir. Məqalədə
Trampın İranı vurmaq ideyasına kəşfiyyat rəsmilərinin və hərbi müşavirlərin
qarşı çıxdığı qeyd olunur. Amma dövlət katibi Mayk Pompeo öz bossu ilə eyni
fikirdədir və bu yaxınlarda regiona səfər etdi. Pompeo Səudiyyə Ərəbistanında vəliəhd
şahzadə Məhəmməd bin Salman, İsrailin Baş naziri Bencamin Netanyahu ilə
görüşdü. Müəllif onların üçünün də İrandakı rejimi devirmək həvəsi ilə alışıb
yandığını yazır.

Neftin
qiyməti arta bilər?
İran
ətrafında yaşanan son gərginlik dünya bazarına neftin çatdırılmasında ciddi
problemlərin yaranması riskini gündəmə gətirib. İranla bağlı yeni faktor neftin
qiymətinin artmasını da aktuallaşdırıb.
Beləliklə, əvvəlki vaxtlarda az qala 15 dollara kimi düşən neft, hərbi
əməliyyatların başlaması ilə sürətlə arta bilər. İran ətrafında yaranmış durum
Neft İxrac Edən Ölkələrin (OPEK) nazirlərinin görüşündə əsas müzakirə mövzusu
ola bilər. Regionda gərginliyin artmasının iqtisadi nəticələri ağır ola bilər.
İran hazırda öz imkanlarından az həcmdə neft tədarük edir. Oktyabrın
yekunlarına görə, bu ölkə gün ərzində 1,9 mln. barel neft istehsal edib və bu
da mövcud imkanlardan yarıbayarı azdır. Müqayisə üçün bildirək ki, 2005-ci ildə
ölkə gün ərzində 4 mln. barel neft istehsal edirdi. Bu gün neft istehsalında
azalma tək koronavirus böhranı və karbohidrogenlərə tələbatın azalması ilə
bağlı deyil. Həm də İrana qarşı ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi
sanksiyalarla bağlıdır. Trampın maksimal təzyiq strategiyası dağıdıcı oldu.
Valyuta kursunun kəskin aşağı düşməsi ilə yanaşı, İran neftinə zərbə vurdu.
İran prezidenti Həsən Ruhaninin ifadə etdiyi kimi, Tramp İran iqtisadiyyatını
"qəlpələrə” çevirib və yeni prezidentə ölkələr arasında münasibətləri bərpa
etmək "çox asan” olacaq. Co Bayden İranın nüvə sövdələşməsinə qayıtması
imkanlarından danışıb. Əgər bu baş verərsə, onda ölkə gün ərzində 2 mln.barel
neft istehsal edə biləcək.
"Pioneer Natural Resources” şirkətinin icraçı
direktoru Skott Şeffild hesab edir ki, belə olacağı təqdirdə, dünya neft bazarında
sürətli narahatlığa səbəb olmayacaq. O bildirib ki, bu prosesə 2022-ci ilin ilk
hadisəsi kimi baxır. Məhz həmin tarixdə İran gün ərzində bazara 1,5- 2 mln.
barel neft çatdıra biləcək. Hesab edir ki, bu müddət ərzində koronavirus
vaksini hesabına böhran başa çatacaq və İran nefti bazarları dolduracaq. Lakin
sanksiyaların ləğvi məsələsi indi çətin olacaq. Əgər İranın cavab addımları
İsrailə qarşı hərbi fəaliyyətə keçərsə, ABŞ öz maraqlarını qorumaq üçün formal
bəhanə əldə etmiş olacaq. Neftlə zəngin regionda münaqişə, neftin qiymətinin
artmasına gətirib çıxaracaq. Liviyanın istehsalçı dövlət kimi neft bazarından
çıxması, digər neft dövlətlərinin əl-qolunu açıb. Liviyanın bazardakı yerini ABŞ
və Səudiyyə Ərəbistanı tutub. Vəziyyət ona gətirib çıxaracaq ki, Çin bazarda ən
iri istehlakçı dövlət kimi daha cəlbedici qiymətlər seçəcək. Təsadüfi deyil ki,
Səudiyyə asiyalı müştəriləri üçün qiymətləri aşağı salıb. Əksər müşahidəçilər
bu qənaətdədirlər ki, İran ətrafında hadisələr hərbi ssenari ilə inkişaf
edərsə, onda neftin qiyməti hər barelə görə 50 dolları keçə bilər, hətta 60
dollar da ola bilər. Tehranın Oman körfəzini bağlamaq kimi təzyiq vasitələri də
var. Məhz buradan dünya neftinin 20 faizi keçir.

Beləliklə,
bu insidentin hansı nəticələrinin olacağı ilə bağlı ehtimallara bir daha nəzər
salaq. Ən əsası, iranlı alimin Tehranın mərkəzində qətli müharibə təhlükəsi və
Yaxın Şərqdə radikal dəyişikliklərə gətirib çıxara bilər. Belə bir fikir var
ki, alimin qətli İranda liberal qanad – Ruhani, Zərif və onlarla həmfikir
olanların hakimiyyətdən getməsinə səbəb olacaq. Əksəriyyət bu qənaətdədir ki,
bu qətl İrana ciddi ağır psixoloji zərbə olmaqla yanaşı, ölkə üçün ən təhlükəli
insidentdir. İranın da bu sınaqdan necə çıxacağı böyük əhəmiyyət kəsb edir.
Azər
NURİYEV
Digər xəbərlər