AZE | RUS | ENG |


İranın Rusiyadakı Sərdarı - Portret

İranın Rusiyadakı Sərdarı - Portret
Türkmən türkməni necə “kəşf” edib?


İran böyük futbol ölkəsi olmasa da, dünya futboluna istedadlı oyunçular bəxş edə bilib. Elə təkcə Əli Daeinin adını çəkmək kifayətdir. Cənub qonşumuzun millisinin sabiq üzvü Almaniyanın "Arminia” klubunda çıxış etdiyi zaman Avropa nəhəngi "Bavariya”nın diqqətini cəlb etməyi bacarmışdı. 1998-ci ildə bu komandaya transfer edilən azərbaycanlı hücumçu, bütün Avropaya İrandan da istedadlı futbolçuların çıxdığını sübut etmişdi. Daeidən sonra da İran Avropaya futbolçu ixracını davam etdirdi. Bu futbolçuların bir çoxu öz istedadı ilə seçilsə də, Avropanın top-komandalarının gözünü İranın futbol bazarına yönəldə bilmədilər. Ancaq deyəsən, iranlılar tezliklə bu istəklərinə çatacaqlar. Bu yaxınlarda Çempionlar Liqasının qrup mərhələsində Rusiyada yerli "Rostov” və Daeinin keçmiş komandası "Bavariya” arasında baş tutan oyunda meydan sahiblərinin hücumçusu almanların müdafiə xəttinə göz verib, işıq vermirdi. Sürətli oyunu ilə Münhen klubunun arxa xəttini daim gərginlikdə saxlayan gənc hücumçu, sonda həm özünü, həm də komandasını istəyinə çatdırdı. Söhbət "Rostov”un və İran millisinin gənc hücumçusu Sərdar Azmundan gedir. Bu yazıda sizə İran futbolunun gələcəyi hesab edilən 21 yaşlı hücumçudan bəhs edəcəyik.
 
 
Voleybolçuların futbolçu oğlu

 
İranda yeni il qeyd olumur. Dini qaydalarla idarə edilən bu ölkədə yanvarın 1-nin heç bir əhəmiyyəti yoxdur. İranın böyük ümidlər bəslədiyi Sərdar 1995-ci ilin məhz bu günü ölkənin şimal-şərqində yerləşən Günbədkavus şəhərində dünyaya göz açıb. Bu şəhər Qorqan divarı ilə məşhurdur. 155 km uzunluğundakı bu sədd Sasanilər imperiyasını şimaldan - ağ hunlardan gələcək hücumlardan qorumalı idi. Maraqlıdır ki, hazırda bu şəhərin əhalisinin əsasını hunların nəslindən olan türkmənlər təşkil edir. Elə yazımızın qəhrəmanı Sərdar da türkmən ailəsində dünyaya göz açıb. 
Sərdar idmançı ailəsində böyüyüb. Onun həm atası, həm də anası voleybolçu olub. Sərdarın atası Xəlil Azmun İranın voleybol millisində də çıxış edib. Azmunun bacısı hazırda İranın qadınlardan ibarət yığmasının şərəfini qoruyur. Sərdarın anası isə voleybol məşqçisidir. Ailə üzvlərindən fərqli olaraq, Sərdar topa əllə yox, ayaqla zərbə vurmağı daha üstün sayıb. Bu yolda ilk addımlarını isə yerli "Oqab Gümbede” komandasında atır. 9 yaşından 13 yaşına kimi bu komandada çıxış edən Azmun, 2008-ci ildə yaşadığı Gülüstan ostanlığının əsas şəhəri olan Gürganın "Şamuşak Gürgan” komandasına qoşulur. Daha sonra şəhərin "Etka Gürgan” komandasında çıxış etməyə başlayan Sərdar, 2011-ci ildə İranın köklü komandalarından "Sepahan”la anlaşır. Hələ "Sepahan”a gəlməmişdən İran millisinin aşağı yaş qruplarına çağırılan gənc hücumçu ölkə xaricində bir neçə klubun da diqqətini cəlb etmişdi.
 
 
Berdiyevin "kəşf”i

 
2012-ci ildə Sərdar İranın gənclərdən ibarət millisinin heyətində Rusiyada təşkil edilən ənənəvi "Birlik Kuboku”nda çıxış edir. Azmun bu turnirdə 7 qola imza ataraq, yarışın bombardiri olur. Bundan sonra ona olan maraq daha da çoxalır. Kazan "Rubin”i daha cəld tərpənərək, Sərdarı heyətinə cəlb edir. Cəmi 17 yaşında Tatarıstan klubu ilə anlaşan Azmun, ölkə xaricində çıxış edən ən gənc futbolçu kimi İran futbolunun tarixinə düşür.
Sərdarın "Rubin”dəki çıxışı heç də pis alınmır. O, ilk mövsümündə 17 oyunda 5 qola imza atır. Ancaq onun "Rubin”ə keçidində mühüm rol oynamış türkmənistanlı mütəxəssis Kurban Berdiyev klubdan ayrıldıqdan sonra Sərdar da Kazanda qalmır. Berdiyev onu öz yanına, "Rostov”a gətirir. Rostovlular Sərdarı icarəyə götürürlər. Burda çıxış etdiyi dövrdə özünü doğruldan 21 yaşlı hücumçu artıq müqavilə ilə də bu komandaya bağlıdır. Belə ki, "Rostov” bu yay 2,3 milyon avrosundan keçərək, Sərdarı heyətinə cəlb etdi. "Rostov” bu müqavilə ilə  bəlkə də, tarixinin ən sərfəli anlaşmasını etdi. Hazırda Sərdarla maraqlanan klubların siyahısına baxanda, rostovluların nə qədər doğru addım atdığını görmək mümkündür. Belə ki, Almaniyanın "Bayer" və "Şalke" klubları ilə yanaşı, "Anderlext", "Everton", "Liverpul" və "Marsel" kimi komandalar da gənc hücumçunun xidmətində maraqlıdır. Sərdarın "Rostov”la müqavilə müddətinin 2018-ci ilə kimi olduğunu nəzərə alsaq, ruslar gənc forvardı top-klublardan birinə transfer etməklə, yaxşı qazana bilərlər.
 
Futboldakı "atası”
 
Yuxarıda Azmunun "Rubin”ə və daha sonra "Rostov”a keçidindən bəhs etdik. Bu keçidlərin hər birində Kurban Berdıyevin xüsusi rolu var. Təcrübəli mütəxəssis Sərdardakı istedadı ilk görənlərdən idi. Ancaq Berdıyevin Sərdara simpatiyasına səbəb heç də hər ikisinin türkmən olması deyil. Berdıyev gənc hücumçudakı istedadı və əzmi görür və buna görə onu həmişə öz komandasında görmək istəyirdi. O, gənc futbolçunu özünə bənzədir. Buna baxmayaraq, təcrübəli mütəxəssis onu çox tərifləməyin əleyhinədir:
"Azmun - insan kimi mənə çox bənzəyir. Ona görə yox ki, o da mənim kimi türkməndir. O, çox istedadlıdır, ancaq hələ ki, ciddi heç bir şey etməyib. Buna baxmayaraq, onu çox tərifləyirlər. Bu ona lazım deyil. Nə vaxtsa o, çox yüksək səviyyəyə çatacaq, bax, onda bunu etmək olar. Sərdar hələ çox gəncdir, demək olar uşaqdır. Mən onunla digər oyunçularla müqayisədə daha sərt danışıram. Bu səlahiyyəti mənə onun atası verib”.
Sərdarın atasından söz düşmüşkən, o da Berdıyevin oğlunun karyerasındakı rolunu dərk edir. O, təcrübəli mütəxəssisi Sərdarın "futboldakı atası” adlandırır.
 
 
Voleybol millisindən də dəvət alıb

Sərdarın əsas hobbisi atlardı. Onun İranda - doğma Günbədkavus şəhərində 9 atı var. Şübhəsiz, onun bu həvəsi elə doğulduğu şəhərdən qaynaqlanır. Belə ki, əhalisinin əsası türkmənlərdən təşkil edilmiş şəhərdə atçılıq çox inkişaf edib. Azmunun digər hobbisi də voleyboldur. Bunda onun voleybolçu ailəsində doğulmasının da xüsusi rolu var. Sərdar voleybola yox, futbola üstünlük versə də, həvəskar səviyyədə olsa belə, valideynlərinin sevimli idman növü ilə məşğul olur. Hətta çox kiçik yaşlarında o, İranın voleybol millisinə də dəvət alıbmış. Sərdar indi də doğma şəhərinə yollananda voleybol oynamaq imkanını əldən vermir.  
Gənc futbolçu fars və türkmən dillərini mükəmməl bilir. Rus dilinə gəldikdə isə Azmun bir müddətdir bu dili öyrənməyə çalışsa da, hələ ki, buna müyəssər olmayıb. Sərdar valideynlərinə çox bağlıdır. O, hazırda Rostovda valideynləri ilə birgə qalır.
 
Messiyə bənzədilmək istəmir
 
Sərdarı "İranın Messi"si adlandırırlar. O özü isə bu müqayisəni xoşlamır. Niyə? Bunu özü belə izah edir:"Ümumiyyətlə, bilmirəm bu bənzətmə nədən qaynaqlanır. Messinin hansı xüsusiyyəti məndə var? Məndə o cür texnika yoxdur. Biz tamamilə fərqli oyunçularıq. Düzünə qalsa, belə bənzətmələri sevmirəm”.
Azmun bu cür bənzətməni sevməsə də, bir neçə gün öncə yenə eyni bənzətməyə tuş gəldi. Bunun əsas "günahkar”ı isə elə özüdür. Belə ki, Sərdar "Bavariya”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin ev oyununda rəqib müdafiəçi Jerom Boatenqi keçərkən, almaniyalı futbolçu müvazinətini qoruya bilməyərək, yerə yıxıldı. Sərdar həmin epizodu qolla tamamladı. Azmunun Boatenqi yıxılmağa məcbur etməsi "Barselona”nın hücumçusu Messinin alman müdafiəçi ilə bənzər qarşıdurmasını yada saldı. Belə ki, Messi də Boatenqlə qarşılaşmada onu oxşar formada geridə qoymuş, almaniyalı müdafiəçi müvazinətini itirərək yerə yıxılmışdı. Hər iki epizodun oxşar olması sosial şəbəkə istifadəçilərinə yaxşı mövzu verdi. Bir anda Messi və Sərdarın Boatenqi yerdə qoyduğu epizodun fotoları sosial şəbəkələri bəzədi.
Azmunun sevimli futbolçusu isə Zlatan İbrahimoviçdir. Sərdar "Mançester Yunayted”in hücumçusu barədə "onun oyun üslubunu çox bəyənirəm” deyir.  
 
DÇ-2018-i gözləyir
 
Sərdar 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyir. Özü də, mundialın oyunlarından bəziləri onun hazırda çıxış etdiyi Rostov şəhərində keçiriləcək. Gənc futbolçunun əsas arzularından biri də hazırda yaşadığı şəhərdə sevimli azarkeşləri önünə "Rostov” yox, İran millisinin formasında çıxmaqdır. Onun bu arzusunun gerçəkləşməsinin qarşısında isə ciddi maneə yoxdur. İran millisinin DÇ-2018-in seçmə mərhələsində işləri heç də pis getmir. Azmun da millinin əsas "qol silahı” hesab edilir. Qalır, püşkün İran millisini Rostova "yollaması”…      
 
Portreti
Gənc, istedadlı, əzmkar - Sərdarın portretini yaradarkən, onun bu xüsusiyyətlərini qabartmaq mümkündür. O, həm də İranın gələcək üçün əsas ümididir. Sərdar keçmişdə hansısa vilayəti, ərazini idarə edən şəxslərə deyilirdi. Bu gün isə bu adı daşıyan türkmən gənc İran futbolunu Rusiyada layiqincə təmsil edir.
 


  
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001