• şənbə, 20 Aprel, 15:14
  • Baku Bakı 23°C

İranda seçki günü qan tökülə bilər

31.05.13 09:18 2120
İranda seçki günü qan tökülə bilər
İranda prezident seçkiləri ilə bağlı gərginlik günbəgün artır. Hakimiyyət 2009-cu il seçkilərində baş verənlərin təkrarlanmaması üçün bütün gücünü işə salıb.
İyunun 14-də keçiriləcək növbəti prezident seçkilərində təhlükəsizlik məsələlərinin təmin edilməsi məqsədilə 300 min nəfər polis əməkdaşı prosesə cəlb olunacaq. Rəsmi məlumata görə, ölkə üzrə səsvermə məntəqələrində ümumilikdə 67 min ədəd seçki qutusu yerləşdiriləcək. Prezident seçkilərini işıqlandırmaq üçün 200 xarici jurnalist müraciət edib. Lakin rəsmilər təsdiq edilmiş müraciətlərin sayını açıqlamayıb. Hazırda İranda 120 xarici media agentliyinin nümayəndəsi fəaliyyət göstərir. İran hökuməti 2009-cu ildə prezident seçkilərindən sonra iğtişaşlar və etiraz nümayişləri zamanı ölkəyə xarici jurnalistlərin gəlişinə məhdudiyyətlər qoymuşdu.
Beləliklə, 2009-cu ilin kütləvi etiraz aksiyaları ilə müşayiət edilən prezident seçkilərindən sonra İranın ali ruhani rəhbəri ayətulla Əli Xameneyi ümid edə bilərdi ki, bu iyun seçkilərində öz müttəfiqini rahatlıqla hakimiyyət başına gətirə bilər. Lakin meydana çıxan gözlənilməz namizədlər buna yol verəcəkmi? Əgər onun rəqibləri məğlub olsa belə, Xameneyinin dəstəyini əldə edən namizədlərin ictimai marağa sahib olacaqları gözlənilir. Ali dini lider isə hələ ki sakitdir. O, deputatlar ilə görüşündə deyib ki, qarşıdan gələn prezident seçkisi təntənəli şəkildə keçirilsə, ölkənin milli təhlükəsizliyinin qorunmasına yardım edəcək, düşmənlərin təhdidlərinin önünü kəsəcək: “Dövlət teleradiosunda seçki kampaniyası aparan namizədlər xalqın səsini qazanmaq üçün etdikləri çıxışlarda qeyri-real vədlər verməmək üçün diqqətli olmalıdırlar. Onların dedikləri reallığa söykənməli, düzgün məlumatlara əsaslanmalı, səmimi olmalıdır. Heç bir namizəd digərinə qarşı təxribat aparmamalı, cəmiyyətin gerçəkliklərinə qarşı çıxmamalıdır”. Dini lider onun hansı namizədə səs verəcəyi, seçkidə kimə dəstək verəcəyi ilə bağlı cəmiyyətdə yayılan şayiələrə toxunub: “Mənim hansısa namizədin tərəfdarı olmağımla bağlı gəzən söz-söhbətlər düzgün deyil. Mənim də ölkənin digər vətəndaşları kimi bircə səsim var. Bu şayiələr həmişə olub və onun heç bir əsası yoxdur. Çünki ölkə rəhbərinin hansı namizədə səs verəcəyini heç kəs bilmir”. Son vaxtlarda İranda, o sıradan da ölkənin siyasi dairələrində ayətullah Əli Xamneyinin prezidentliyə namizəd, Ali Milli Təhlükəsizlik Şurasının rəisi Səid Cəliliyə dəstək verdiyi haqda söz-söhbətlər gəzir. Nüvə proqramına görə sanksiyalardan iztirab çəkən İran azsaylı müttəfiqlərindən biri olan Suriya prezidenti Bəşər Əsədi dəstəkləməklə siyasi sistemdə güclü və funksional bir qüdrətə malik olduğunu nümayiş etdirməyə çalışır.
Maraqlıdır ki, molla rejiminin seçkilərə hətta radikal baxışlı namizədləri buraxmasına baxmayaraq, onların da arasından hakimiyyəti sərt tənqid edənlər tapılır. Məsələn, prezidentliyə namizəd Əli Əkbər Vilayəti namizədliyimi heç kimin xeyrinə geri götürmək niyyətində olmadığını və axıra qədər səhnədə qalacağını deyib: “Prezident seçilsəm, hər yüz gündən bir hökumətin fəaliyyəti haqqında xalqa hesabat verəcəyəm. Bu gün xalqın güzəranı olduqca ağırdır. Xalqa demək olmaz ki, dözün və bir az səbirli olun. Xalq bizdən mövcud iqtisadi problemlərin ən qısa bir zamanda həllini tələb edir. Xalq məni prezident seçsə, hökumətlə parlament arasındakı münasibətlərin düzgün əsaslara söykənməsinə, iqtisadi islahatların aparılması ilə bağlı layihəyə növbədənkənar baxılmasına çalışacağam”. İran prezidentliyinə başqa namizəd Məhəmməd Baqir Qalibaf isə prezident seçildiyi təqdirdə iki il ərzində ölkə iqtisadiyyatına sabitliyi qaytarmağa söz verir. Tehran meri həmçinin bildirib ki, sosial, diskriminasiya, yoxsulluq, inflyasiya və işsizlik məsələlərin həlli ilə məşğul olacaq. O, deyib ki, favoritizm və ya siyasi mübahisələrlə məşğul olmadan qanun və Konstitusiya çərçivəsində hərəkət edəcək. Qalibaf həmçinin beynəlxalq münasibətlərdə milli maraqları müdafiə etməyə söz verib, və əlavə edib ki, bu yalnız milli birlik, sabitlik və təhlükəsizlik vasitəsilə ola bilər.Ən maraqlı xəbər isə bundan ibarətdir ki, İran prezidentliyinə namizədlər Əli Əkbər Vilayəti və Möhsün Rzayi Argentina-İsrail Müştərək Assosiasiyasının Buenos-Ayresdəki qərargahında 1994-cü ildə törədilmiş, 85 nəfərin ölümü və 300 nəfərin yaralanmasına səbəb olmuş bombalanmanın şübhəliləri sırasındadır. Bu isə hər iki namizəd üçün problem ola bilər. Əli Əkbər Vilayəti və Möhsün Rzayi 2007-ci ildən bəri İnterpolun Argentinada törədilmiş hadisələrlə bağlı axtarılanlar siyahısındadırlar. İran müdafiə naziri Əhməd Vahidi də bu siyahıdadır.
Seçkilərə qatılmış şəxslər isə bunlardır: Səid Cəlili - İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi. Xalq arasında kifayət qədər tərəfdarı olduğu bildirilir.
İkinci namizəd Məhəmmədhəsən Əbuturabifərdir. Vitse-spiker vəzifəsində çalışan bu şəxs 51 yaşından etibarən Tehranın bələdiyyə başçısı vəzifəsini yerinə yetirir.
İranın sabiq xarici işlər naziri Əli Əkbər Salehi. Bu şəxs İranın dini liderinə daha yaxın olan namizədlərdəndir.
Digər namizəd Qulaməli Həddad Adildir. O, Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviridir. Mühafizəkarların əsas təmsilçilərindən biri kimi tanınır. Qızı dini lider Xamneyinin oğlu ilə ailəli olduğundan, münasibətlərin böyük hissəsi qohumluq əlaqələrinə söykənir.
Möhsün Rzayi - İran Məsləhət Şurasının katibi də namizədlər sırasındadır. Uzun illər boyu yerinə yetirdiyi vəzifələrinə görə namizədliyinin Konstitusiya Qoruyucuları Şurası tərəfindən təsdiq olunduğunu nəzərə alsaq, rejimə sadiq namizədlərin biri olaraq qiymətləndirilir.
Həsən Ruhani, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəriдир. 2001-ci ildən etibarən İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini yerinə yetirir. Vacib bir din adamı olduğuna görə, 2010-ci ildən etibarən Mütəxəssislər Məclisinin (Hibregan) üzvüdür.
Digər namizəd Məhəmməd Bağıri Xərrazi isə “Hizbullah” partiyasının baş katibidir. 71 yaşlı Xərrazi dini lider Xamneyinin prezidentliyi dövründə İranda neft naziri olub. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə isə telekommunikasiya naziri vəzifəsini yerinə yetirib. Onun adı İranda yaxşı bir bürokrat kimi hallanır.
Sonuncu namizəd Məhəmməd Rza Arefdir. 61 yaşlı namizəd bir müddət Tehran Universitetinin rektoru vəzifəsini icra edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər