• cümə axşamı, 25 aprel, 12:40
  • Baku Bakı 23°C

İran XİN-in sözçüsü: “Trampın dünyadakı proseslərlə bağlı mövqeyini hələ bilmirik”

23.01.17 14:30 769
İran XİN-in sözçüsü: “Trampın dünyadakı proseslərlə bağlı mövqeyini hələ bilmirik”
"Astana görüşündə əsas məqsəd atəşkəsin davamlılığına nail olmaqdır”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib.
B. Qasimi xatırladıb ki, Astanada keçirilən görüş İran, Türkiyə və Rusiyanın səyləri nəticəsində baş tutur: "Prioritet məsələ atəşkəsin davamlı olmasıdır. Bu gün və sabah bu məsələ müzakirə olunacaq. Çətin ki, bu az vaxtda digər məsələlərin müzakirəsinə vaxt qalsın”.
B. Qasiminin fikrincə, görüşün əsas xüsusiyyətlərindən biri budur ki, orada məhdud sayda ölkə iştirak edir və təşkilatçılar regionun 3 əsas oyunçusudur: "Türkiyənin Astana görüşündə üç əsas ölkədən biri olaraq iştirakı önəmlidir. Türkiyənin regiondakı yerini nəzərə alaraq bu ölkənin danışıqlarda iştirakı Rusiya və İranla müştərək əməkdaşlıq çərçivəsində faydalı və konstruktiv ola bilər. Ümid edirəm ki, irəliləyiş əldə olunacaq və digər ölkələrin Suriyaya hərbi müdaxiləsinə ehtiyac qalmayacaq”.
ABŞ-ın yeni prezidenti Donald Trampın radikal islamla bağlı bəyanatlarını şərh edən B. Qasiminin sözlərinə görə, ABŞ-ın sabiq prezidentlərinin siyasətlərini əvvəlcədən müəyyən etmək olurdu, lakin Trampın siyasətini hələ də dəqiq dəyərləndirmək mümkün deyil: "Trampın dünyada baş verən proseslərlə bağlı dəqiq və aydın mövqeyini bilmirik. Gözləməliyik. Onun baxış bucaqlarını müəyyənləşdirdikdən və yeni hakimiyyətin mövqeyini öyrəndikdən sonra fikir bildirə bilərik”.
B. Qasimi Fransa xarici işlər nazirinin Tehrana səfərinin tezliklə baş tutacağını da söyləyib: "Fransa xarici işlər naziri iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədridir və onun səfəri zamanı komissiyanın iclası keçiriləcək. Yaxın bir həftə və ya on gün ərzində səfər baş tutacaq”.
banner

Oxşar Xəbərlər