• çərşənbə axşamı, 19 mart, 08:35
  • Baku Bakı 8°C

İran xalqı nədən Ruhaniyə üstünlük verdi?

23.05.17 09:00 1002
İran xalqı nədən Ruhaniyə üstünlük verdi?
Mayın 19-da İranda baş tutan prezident seçkiləri və onun nəticələri dünya mediasının aparıcı mövzularındandır.
Qərb mətbuatında dərc edilən məqalələrdə gedən əsas xətt budur ki, indiki prezident Həsən Ruhaninin qələbəsi sürpriz olmasa da, ciddi mətləblərdən xəbər verir. Xalqın bu seçimlə radikal xətdən üz döndərib, liberalizmə, Qərblə əməkdaşlığa üstünlük verdiyi üzə çıxıb. Həsən Ruhaninin yenidən seçilməsi göstərir ki, seçici ekstremizmi rədd edib kənar dünya ilə daha sıx əlaqələrə can atır. İnandırıcı qələbə mötədil prezidentə islahatlar və iqtisadiyyatın canlandırması üçün güclü mandat vermiş oldu. Elə Ruhani də deyib ki, "İran xalqı dünya ilə qarşılıqlı təması, ekstremizm və zorakılıqdan aralı keçən yolu seçib”.
Qeyd edək ki, 64 yaşlı Həsən Ruhani iyunun 14-ü prezident seçkilərində iştirak edən namizədlər arasında yeganə din xadimi olub.
İranın nüvə proqramı ilə bağlı dünya qüdrətlərilə sövdələşməyə nail olan Həsən Ruhaniyə toplam 26 milyon adam səs verib. Səsvermənin nəticələrinə əsasən hazırkı prezidentin mühafizəkar düşərgəsindən olan əsas rəqibi İbrahim Rəisi ikinci yerdə gəlir. Budəfəki seçkilər İranda xüsusi aktivliklə müşahidə olunub. Seçici kütləviliyi səbəbindən 18:00-da bitməli olan səsvermə 24:00-a qədər uzadılıb. Tehranda 5 milyon adam səs verib. Bu, 2013-cü ildəkinin iki qatıdır. Ekspertlər düşünür ki, bu, insanları həbsə atan, edam, sürgün edən, işdən qovan, qadınlara qarşı ayrı-seçkiliyə yol verən və hədə-qorxu gələn sərt xətt tərəfdarlarından intiqam almaq idi.
Hazırda prezident Ruhani islahatları davam etdirmək, ekstremizmə son qoymaq, iqtisadiyyatı canlandırmaq və kənar dünya ilə ünsiyyəti bərpa etmək üçün daha geniş mandata sahibdir. İranlılar xüsusilə də son həftələr ərzində fərdi və siyasi azadlıqların genişləndirilməsini və İnqilab Keşikçiləri kimi hakimiyyət mərkəzlərinin nəzarət altına alınacağını vəd edən prezident Ruhaniyə "Bəli!” deyiblər.
Nəticələrə ən çox diqqət ayıran Qərb mətbuatı olub. Məsələn, Kolumbiya Universitetinin professoruHəmid Dabaşi "Əl-Cəzirə”televiziyasının saytında yazır ki, bu səsvermə millətin dərindən kök salmış teokratik dövlət qurumlarına qarşı demokratik iradə sərgiləməsi oldu. "Demək, Ruhani ilbiz sürətiylə İslam Respublikasını hərbi islamçılığın ideoloji qalasından iqtisadi neoliberalizmin böyük regional dayağına transformasiyasını davam etdirəcək”, - deyə ekspert yazır. Müəllif yazır ki, indi millətin demokratik iradəsi Ruhani hökumətinin üzləşdiyi bəzi məqamlarla sınağa çəkiləcək: "Axı, o, dünya gücləri ilə imzalanmış nüvə sazişinin orta sinfə iqtisadi gəlir gətirməsinə, hələ ki, nail ola bilməyib”. "Donald Tramp ABŞ-ın İranla münasibətlərinin gələcəyinə inam və sabitlik vəd etmir. O, Səudiyyə Ərəbistanına daha çox silah satmağa, israilliləri, onların Şeldon Adelson kimi milyarder tərəfdarlarını sakitləşdirməyə meyllidir. Bütün bunlar Ruhaninin prezidentliyinə maliyyə əngəlləri yaradır. Amma bir məsələ də var ki, İranın İraq, Suriya və Livanda güclü rolu Birləşmiş Ştatların "İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasıyla mübarizəsində vacib amil sayılır”, - deyə müəllif yazır. Təhlildə o da vurğulanır ki, Ruhaninin qələbəsi bəzi regional məsələlərlə də sınanacaq. "İranın yerləşdiyi regionda heç bir ölkə öz sərhədləri çərçivəsində dayanmır, digər ölkələrin daxili işlərinə qarışır - Türkiyədən tutmuş Səudiyyəyə qədər. Bu səbəbdən Ruhaninin qələbəsinin regionun geosiyasətinə təsiri az ola bilər, lakin regional geosiyasət onun prezidentliyinə ciddi təsir göstərəcək.
Ruhani nə qədər çox xarici sərmayəni ölkəsinə dəvət edərsə, regionda gərginliyi azaltmağa çalışarsa, ölkə daxili problemləri də o qədər rahatlıqla həll edə bilər. Onun qələbəsi sağlam orta sinfin köhnələn teokratiyanı üstələməsidir. İslam Respublikası qlobal neoliberalizm mühitində mövcudluğunu qorumaq istəyisə, narahat orta sinfə məkan açmalıdır”, - deyə müəllif vurğulayır.
"Ruhaninin qələbəsi iranlılardan ötrü yaxşı, Tramp və onun sünni müttəfiqlərinə isə pis xəbərdir”.Bunu isə "The İndependent” qəzetindəRobert Fişkyazıb. Müəllifin fikrincə, onun seçilməsi Tramp rejimi üçün ona görə pis əlamətdir ki, Donald amerikalıların İran prezidentinə daha asanlıqla nifrət etməsi üçün həmin postda keçmiş ədliyyə qatilinin oturmasını istərdi. O, Ruhaninin rəqibi İbrahim Rəisinin əllərinin 1988-ci ildə 8 minədək siyasi məhbusun edam qərarına toxunduğunu qeyd edir.
Təbliğat kampaniyası zamanı ölkənin hər yerində rəğbətlə qarşılanan Ruhani siyasi məhbusları azad etmək, vətəndaş hüquqlarını təmin etmək və "xalqın ləyaqətini qaytarmaq” vədləri verirdi. Mitinq və televiziya mübahisələri zamanı o, əvvəllər yasaq sayılan mövzularda - nüvə problemi üzrə dünya birliyi ilə qarşıdurma, ölkənin təcrid olunması və beynəlxalq sanksiyaların dağıdıcı təsiri, iqtisadiyyatın ağır vəziyyəti haqqında danışıb.
Ruhani ABŞ-la 1979-cu ildən pozulmuş münasibətləri bərpa etməyə çağırır.
O, xüsusilə seçkilərdə fəal iştirak etməyin labüdlüyünü vurğulayırdı, çünki "mühafizəkarlar istəmirlər ki, siz səs verəsiniz, onlar mübarizəsiz qalib gəlmək istəyirlər”, deyirdi.
Xatırladaq ki, Həsən Ruhani 12 noyabr 1948-ci ildə anadan olub. Siyasətdə naşı deyil, lakin indiyədək praktik rəhbər deyil, daha çox ekspert kimi çıxış edib. 1992-ci ildən o, arası kəsilmədən Ali dini rəhbər nəzdində analitik və məsləhətçi orqan – İran Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri olub. İki dəfə Məclis üzvü seçilib, sədr müavini vəzifəsini tutub. 1989-2005-ci illərdə İran Milli Təhlükəsizlik Şurasının katibi olub. Diplomatik təcrübəsi var: Xatəminin prezidentliyi dövründə nüvə problemi üzrə danışıqlarda İranı təmsil edib. 1999-cu ildə liberal meylli qəzetin bağlanmasına qarşı tələbə nümayişləri zamanı Ruhani sərt mövqe tutub, təxribatçı fəaliyyət və dövlət əmlakını korlamaq ittihamı ilə tutulub saxlananların günahı təsdiqlənərsə, onları ölüm cəzası gözlədiyini bəyan etmişdi. Lakin daha sonra baxışları dəyişib və 2009-cu il prezident seçkilərindən sonra ehtimal olunan saxtakarlıqlar səbəbindən kütləvi etiraz aksiyaları başlayanda, vətəndaşların dinc yolla öz etirazlarını bildirməyə haqqı olduğunu bildirib. O, prezident Əhmədinejadı açıq tənqid edib, onun "məsuliyyətsiz və düşünülməmiş mülahizələrinin” ölkəyə baha oturduğunu bəyan edib. Yeni prezident çox bilikli şiə ilahiyyatçısı və hüquqşünasdır. Qlazqodakı Kaledoniya Universitetində doktorluq dissertasiyasını müdafiə edib, ingilis, alman, fransız, rus və ərəb dillərini bilir.
Azər
banner

Oxşar Xəbərlər