İran sanksiyaların ləğvi müqabilində nüvə təsislərində yeni yoxlamalara hazırdır

İran sanksiyaların ləğvi müqabilində nüvə təsislərində yeni yoxlamalara hazırdır

Təfsilat
19 İyul 2019, 15:15 21184
İngiltərənin nüfuzlu The Guardian nəşri yazır ki, İran sanksiyaların ləğvi müqabilində nüvə təsislərində yeni yoxlamalara hazır olduğunu bəyan edib. AZƏRTAC qəzetin saytına istinadla xəbər verir ki, Tehran bununla bağlı Vaşinqtona təklif irəli sürüb.
Qəzet iddia edir ki, bu təklifi hazırda ABŞ-da səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif irəli sürüb. Söhbət Tehranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının əlavə Protokolunun ratifikasiyasından gedir. Həmin sənəddə göstərilir ki, İran hər hansı yeni nüvə obyektlərinin tikintisi ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini xəbərdar etməli, həmçinin mövcud obyektlərdə daha geniş yoxlamalara şərait yaratmalıdır.
The Guardian Zərifin sözlərini sitat gətirir: Əgər ABŞ Prezidenti Tramp indiki vəziyyətə qane olmursa, biz əlavə Protokolu ratifikasiya edə bilərik və o, əvəzində sanksiyaları aradan qaldırmalıdır”. Tərəflər arasında razılaşmaya görə, sözügedən Protokol 2023-cü ilədək İran parlamentində təsdiq olunmalıdır. İranlı nazir də sanksiyaların ləğvi müqabilində buna hazır olduqlarını bildirib.
Reuters agentliyinin məlumatına görə, ABŞ İranın bu təklifinə skeptik yanaşır və Tehranın bu bəyanatını sanksiyaları yumşaltmaq cəhdi kimi qiymətləndirir.